Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan - KTMT: Xoş mərama əsaslanmayan əməkdaşlıq

Ermənistan - KTMT: Xoş mərama əsaslanmayan əməkdaşlıq

24.11.2022 [09:59]

Forpost dövlətin KTMT-də üzvlüyü formal xarakter daşıyır və sırf təşkilatdan birtərəfli qaydada bəhrələnmək kimi çirkin niyyətə əsaslanır

Mübariz FEYİZLİ

Dünən İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurasının iclası keçirilib. Qurumun əsası 15 may 1992-ci ildə qoyulub. Burada Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan,Tacikistan və Belarus təmsil olunurlar. Qeyd edək ki, Ermənistanın KTMT-nin tədbirinə ev sahibliyi hüququ qazanması sırf prosedur qaydalarına görə baş verib. Əslində, KTMT-Ermənistan əməkdaşlığında diqqətçəkən çoxlu pərdəarxası məqamlar var.

Ermənistanın KTMT-nin əsas üzvü sayılan Rusiyaya xəyanəti

Ermənistanın indiki hakim komandasının Qərbə meyilli olması hər kəsə bəllidir. Baş nazir Nikol Paşinyan 2018-ci ildə məhz Qərbdən gələn güclü dəstək sayəsində Serj Sarkisyan iqtidarını devirməyə və hakimiyyətə gəlməyə müvəffəq oldu. Hakimiyyət dəyişikliyinin Qərb mətbəxində hazırlanan ssenari üzrə baş verdiyi Ermənistanın özündə də etiraf olunur, hətta baş nazirin özü də bir sıra hallarda etiraf edib və bununla bağlı siqnallar verib. Qərbin KTMT-nin aparıcı üzvü olan Rusiyaya münasibəti ortadadır. Bu münasibət ziddiyyətlidir. Buradan da Qərb-KTMT münasibətlərinin antaqonist səciyyə daşıdığı bəlli olur.

Ssenari  müəllifləri, təbii ki, etdiklərinin müqabilində N.Paşinyandan hesabat tələb edirlər. Ondan tələb olunan budur ki, ölkəsinin Rusiyanın təsir dairəsindən çıxmasını təmin etsin. Bu, avtomatik olaraq Ermənistan-KTMT münasibətlərinin zəifləməsi, hətta tamam qırılması anlamına gəlir. N.Paşinyan Qərbin tələblərinə müntəzir dayanmağa hazır bir simadır. Sadəcə, Rusiya-Ukrayna gərginliyi başlayanadək N.Paşinyan Rusiyaya qarşı fəaliyyətində açıq revanş etməyə cəsarət göstərmirdi. Çünki ölkəsində Rusiya böyük təsir rıçaqlarına malikdir. Ermənistanın bir sıra strateji sahələrinin idarəçiliyi Rusiyaya məxsusdur. Forpost dövlətin Türkiyə və İranla sərhədlərinin qorunması belə şimal qonşumuza həvalə olunub. Rusiya-Ukrayna gərginliyinin başlamasını isə N.Paşinyan ölkəsi üçün yeni fürsət kimi dəyərləndirib. Məhz məlum hadisələrdən sonra Ermənistan lideri Qərbə yaxınlaşmağı hədəfləyən davranışlarında daha cəsarətli görünür. N.Paşinyanın cəsarəti o həddə çatıb ki, hətta Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesinə də Qərbin strukturlarının üstün iştirakına nail olmağa çalışır. Ortada Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli Bəyanat var ikən sərhədlərdə müşahidələr aparmaq üçün Avropanın mülki missiyasının Ermənistana çağırılmasında məqsəd nədir, görəsən? Ermənistanın, onun liderinin fürsətçilliyinə, Rusiyaya xəyanətkarlığına dəlalət edən belə misalların sayı çoxdur.

KTMT-nin imicinə xələl gətirmək cəhdləri

İrəvanın KTMT ilə münasibətləri heç də xoş mərama əsaslanmır. Ermənistan KTMT-də təmsilçiliklə qurumun fəaliyyətinə hansısa töhfələr vermək iqtidarında olmayan bir ölkədir. Forpost dövlətin KTMT-də üzvlüyü formal xarakter daşıyır və sırf təşkilatdan birtərəfli qaydada bəhrələnmək kimi çirkin bir niyyətə əsaslanır. Belə bir qənaət Ermənistanın KTMT-yə əslində, düşmənçilik, qurumun imicinə xələl gətirilməsinə hesablanan davranışlarından qaynaqlanır. Qərb layihəsi olan N.Paşinyanın KTMT-yə ilk zərbəsi özünü çox gözlətmədi. N.Paşinyan hakimiyyətə gələndən az sonra - 2018-ci ilin iyulunda KTMT-nin Baş katibi Yuri Xaçaturova cinayət işi açıldı, o, həbs edildi. İrəvanın istəyi ilə 2018-ci il noyabrın 2-də Xaçaturov KTMT-nin Baş katibi postundan azad olundu. Ekspertlər o qənaəti ifadə edirlər ki, Xaçaturovun vəzifəsini icra edən zaman saxlanılması və həbs edilməsi heç də sırf Ermənistanda izlənilən daxili proseslərə görə baş verməmişdi. Bu daha çox Paşinyanın KTMT-ni nüfuzdan salmağa, Qərb ölkələri qarşısında xal qazanmağa hesablanmış siyasi gedişi idi. KTMT-yə üzv ölkələri, o cümlədən Moskvanı məlumatlandırmadan təşkilatın işini koordinasiya edən şəxsin həbsi əslində, quruma, əsasən də, Kremlə qarşı hörmətsizlik və saymazlıq jesti idi. Bu, o dövrdə böyük gərginliyə səbəb oldu. Yuri Xaçaturovun cəzalandırılmasını daha sivil qaydada həyata keçirmək mümkün idi. N.Paşinyan isə bunu KTMT-nin nüfuzuna xələl gətirmək yolunu seçməklə etdi.

Cəhənnəmə gedən özünə yoldaş axtarar

Sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törədilən genişmiqyaslı təxribatın bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. İki ölkə arasındakı dövlət sərhədində hərbi toqquşmaya məhz Ermənistanın hərbi birləşmələrinin törətdiyi təxribatlar səbəb olub.  Azərbaycan Ordusu isə bu təxribatların qarşısını almaq məqsədilə “Qətiyyətli cavab” əməliyyatı həyata keçirib. Ermənistanın siyasi rəhbərliyi sərhəddə yaşanan və hər iki tərəfdən itkilərlə müşayiət olunan hərbi toqquşmanın məsuliyyətindən yayınmaq üçün müxtəlif manipulyasiyalara əl atır, o cümlədən xarici ölkələrdən və beynəlxalq təşkilatlardan kömək istəyir. N.Paşinyan komandasının kömək üçün yalvarışlarla üz tutduğu təşkilatlardan biri də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır.

Baş verənlər fonunda Ermənistanın KTMT-yə güvənməyə yeganə əsası bu ölkənin qurumda təmsilçiliyidir. Postmüharibə dövründə regionda sülh prosesinə əngəllər yaradan Ermənistan qurumda təmsilçiliyindən sui-istifadə edərək ətrafına, necə deyərlər, müttəfiqlər toplamaq və istəyinə onların köməyi ilə çatmaq niyyəti güdür. Əslində isə, işğalçı ölkənin bu niyyəti yada “cəhənnəmə gedən özünə yoldaş axtarır” zərb-məsəlini salır. KTMT hərbi ittifaq olsa da, indiki halda qurumun proseslərə müdaxilə etmək ehtimalı sıfıra bərabərdir və bu, bir sıra amillərlə şərtlənir. Bəli, təşkilatın nizamnaməsində üzv dövlətlərə kollektiv hərbi dəstəyin göstərilməsi ilə bağlı müddəa yer alıb. Ancaq hansı halda? Nizamnamədə buna aydınlıq gətirilir-həmin üzv dövlətə xarici təcavüz qeydə alındıqda. İndiki halda törədilən təxribatlar Ermənistanın son 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasətinin davamıdır. Bu ölkəyə qarşı Azərbaycanın hər hansı bir təcavüz planı olmayıb. Aranı qatan, təxribatlar törədən və yenə də torpaq iddiaları səsləndirən məhz Ermənistandır. Bu halda KTMT hansı əsasla Ermənistanın müdafiəsinə qalxa bilər? Digər tərəfdən, KTMT regional təşkilat olaraq BMT Baş Assambleyasında müşahidəçi qismində qeydə alınıb. Müşahidəçi təşkilatın isə münaqişə tərəflərindən birinə hansısa bir formada hərbi dəstək verməsi beynəlxalq hüquqa ziddir.

KTMT-dən Ermənistanın “hərbi kömək” müraciətinə gözlənildiyi kimi “yox” cavabı gəldi. KTMT-nin yanaşması oktyabrın 28-də qurumun Təhlükəsizlik Şurasının növbədənkənar iclasında da özünü göstərdi. Belarus Prezidenti Aleksandr Lukaşenko təşkilata üzv ölkələrin Azərbaycanla ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu dedi və Ermənistanın baş naziri Nikol Paşinyanı sərt tənqid etdi: “Siz bizdən (KTMT) mövqeyimizi müəyyənləşdirməyi tələb etdiniz. Siz məgər bizim mövqeyimizi bilmirsiniz? Biz istərdik ki, qonşu dövlətlər arasında münaqişə sülh yolu ilə həll olunsun”.

Belarus lideri Ermənistanın KTMT ilə Azərbaycanı üzbəüz qoymaq cəhdlərini tənqid edərək Azərbaycanın təşkilata düşmən olmadığını bir daha xatırlatdı.

KTMT-yə qarşı “qara piar”

KTMT-nin Ermənistana “yox” cavabından sonra bu ölkə quruma qarşı açıq müstəvidə  “qara piar” təbliğatına başlayıb. Cəmiyyətə N.Paşinyan və tərəfdarları tərəfindən KTMT-nin lazımsız qurum olması, Ermənistan qarşısında öhdəliklərini icra etməməsi mesajları ötürülür. Paralel olaraq, Rusiyanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının 2044-cü ilə qədər fəaliyyət göstərməsi barədə razılaşmanın ləğv olunması və ölkədən çıxarılması tələbləri daha gur səslənir.

N.Paşinyan KTMT-dən incikliyini ev sahibliyi etdiyi tədbirdə də gizlətməyib. “Ermənistanın KTMT-də üzvlüyü Azərbaycanı bu ölkəyə qarşı təcavüzdən çəkindirmədi”. Heç bir əndazəyə sığmayan bu çirkin fikri N.Paşinyan İravanda baş tutan iclasda səsləndirib. Ermənistan lideri KTMT üzvlərini Azərbaycana qarşı fəaliyyətdə hələ də ortaq məxrəcə gəlməməkdə ittiham edib. Onun qənaətinə görə, bu cür davranışlar Ermənistanda və onun hüdudlarından kənarda KTMT-nin imicinə zərbə vurur. Ermənistan lideri əlavə edib ki, bu il KTMT-nın yaranmasının 20 illik yubileyi tamam olsa da, əhvali-ruhiyyə bayram ovqatı deyil.

Əlavə şərhə ehtiyac yoxdur. Bu, əsl erməni riyakarlığıdır. Belə görünür ki, N.Paşinyanın KTMT-nin timsalında özünə və ölkəsinə “cəhənnəm yoldaşı” tapmaq xəyalları da suya düşərək əriyib.

Paylaş:
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31