Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / CƏNAB PREZİDENT!

CƏNAB PREZİDENT!

13.12.2022 [10:59]

Siyasi xadimin özündən sonrakı təqdimatı

(eks-prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar)

Müasir Azərbaycan dövlətini Heydər Əliyevin dünyanın sinəsinə vurduğu yumruğun izi də adlandırmaq olar

“Yeni Azərbaycan” qəzetinin 19 il əvvəl, 13 dekabr tarixli sayında  “CƏNAB PREZİDENT” adlı yazı dərc olunmuşdu.  Müəllifi o dövrdə “Azadlıq” radiosunda fəaliyyət göstərirdi və bu məqaləni məxsusi olaraq qəzetimiz üçün qələmə almışdı. O gündən 19 il keçib - Ulu Öndər haqqında məqalələr, xatirələr, memuarlar yazılıb. Seçdiyimiz ən yaxşı məqaləni  yenidən oxucularımıza təqdim edirik.

PROLOQ

Bu dünyadan bir Heydər Əliyev keçdi. Əslində bunu keçid adlandırmaq o qədər də düzgün olmaz. Bu, harasa daha möhtəşəm məkana tələsən bir Varlığın yolüstü baş çəkdiyi yerdə qayda-qanun, nizam-intizam, əmin-amanlıq yaratması üçün xeyli ləngiməsi idi. Ləngidi və bunu heç də təsadüfən etmədiyini hamıya anladıb getdi...

Gəlişi kimi gedişi də möhtəşəm oldu. Bir vaxtlar Bakıya qayıdışına mane olanlar az deyildi. Hər vəchlə yolunu kəsməyə çalışırdılar. Qorxudan, qısqanclıqdan belə edirdilər. Amma o gəldi...

Elə, Respublika Sarayından Fəxri Xiyabana da asanlıqla gedib çıxmadı. Ancaq bu dəfə mane olanlar istəkdən və təəssüfdə belə edirlər (BAŞIMIZ SAĞ OLSUN).

Hamı bilirdi ki, bu, Heydər Əliyevin Bakı küçələrində sonuncu gəzintisidir. Həmişəki kimi körpələri qucağına alıb başlarını sığallamayacağını, sosial təbəqəsinə və siyasi mənsubiyyətinə fərq qoymadan insanlarla şirin söhbətinin, duzlu zarafatlarının olmayacağını adamlar yaxşı anlasalar da, hamı Ona mümkün qədər yaxın olmağa çalışırdı. Çünki bu, küçə boyu düzülərək öz rəhbərini yola salıb-qarşılamağa adət etmiş xalqın Onun birbaşa özünə ehtiramını ifadə eləmək üçün sonuncu şansı, ayrı-ayrı adamlarınsa, gələcəkdə yeni nəslə Heydər Əliyev haqda danışacaqları hekayətin son epizodu idi...             

Sözsüz ki, O, yenə qayıdacaq. Azərbaycan diplomatiyasının dünyaya öz maraqlarını diktə etdiyi məqamlarda, gələcək nəslin kimlərəsə nəyisə sübut etməyə çalışdığı anlarda möhtəşəm keçmiş kimi xatırlanacaq, nəhəng tarixi faktor kimi qayıdacaq. Qayıdacaq və əlini özü qurduğu dövlətin diplomatının kürəyinə qoyub - ürəkli ol, qarşındakıların hamısı sənin arxalandığın filosofun fəlsəfəsindən hələ də öyrənirlər - deyəcək... 

FAKT

Bugünkü Azərbaycan dövlətini Heydər Əliyevin dünyanın sinəsinə vurduğu möhkəm yumruğun izi də adlandırmaq olar. Bu elə bir yumruq idi ki, onun zərbəsinin əsl təsirini çoxları - xüsusilə də regionun bəzi dövlətləri hələ uzun illər öz canlarında hiss edəcəklər. Əsl həqiqəti anlayanda isə yəqin ki, çoxları bu müdrik siyasətçinin nəyə işarə etdiyini vaxtında anlamadıqlarına, tövsiyə və təkliflərini yetərincə qiymətləndirə bilmədiklərinə görə peşman da olacaqlar.

Heydər Əliyevin özünün vaxtında qiymətləndirilməsi məsələsinə gəlincə, kimin nə deməsindən asılı olmayaraq bəlkə də O, bu dünyada qiyməti sağlığında (verilən yox) etiraf edilən yeganə şəxsiyyətlərdəndir. Onun özünün ehtiyacı olmadığı halda hətta əleyhdarları belə (dilə gətirməsələr də), Heydər Əliyev faktorunu içlərində çoxdan etiraf etmişdilər. Evin içində bu etiraf bəzən özünü həsəd, qısqanclıq, hətta qəzəb şəklində büruzə versə də, bayırda, ölkə kənarında o daha çox təmkin, fəxr, qürur ifadə edən təbəssüm formasında ortaya çıxırdı.

Əslində bugünkü Azərbaycan dövlətinin beynəlxalq arenada Heydər Əliyevə görə tanınmasında da təəccüblü bir şey yox idi. Çünki yaşca Heydər Əliyevdən yeddi dəfə kiçik olan bu dövlətin idarəçilik sistemi, həqiqi diplomatiyası onun gözləri qarşısında ayaq tutub yerimiş, dizləri üstündə böyümüşdü. Elə Heydər Əliyev qonağı olduğu müddətdə bu dünyanın özünün də başına az sığal çəkməmişdi. Əlbəttə ki, bu sığaldan təkcə sevinənlər yox, üşüyənlər də oldu. Amma hər halda nə vaxt necə təsir etməsindən asılı olmayaraq dünya o sığalı yetərincə hiss elədi və zaman-zaman dəfələrlə edəcək.

Bu gün onun vəfatını hər kəs öz səviyyəsinə, dünyagörüşünə və ən başlıcası isə təfəkkür tərzinə uyğun şəkildə qiymətləndirir. Yanaşma tərzləri müxtəlif olsa da, hər halda ölkədə uşaqdan böyüyə hamının məhz bu barədə danışması da onun şəxsiyyətinin inkaredilməzliyini bir daha ortaya qoyur. Təəssüf ki, nə danışdığını düşünməyən bəziləri bu hadisəni mərhum eks-prezident Əbülfəz Elçibəyin vəfatı ilə bir araya gətirib müqayisə etməyə və bunun fonunda kiminsə üstünlüyünü sübut eləməyə çalışırlar. Ancaq bu, nəinki düzgün hərəkət deyil, hətta müasir Azərbaycan tarixində özünəməxsus yerləri ilə fərqlənən hər iki şəxsiyyətə hörmətsizlikdir. O şeyi ki, zaman və müqayisə edilən şəxslərin özləri müəyyənləşdiriblər, barəsində mübahisə yersizdir, cənablar! Bir də ki, axı Əbülfəz Elçibəy Heydər Əliyevin qiymətini hələ onu təkidlə Bakıya dəvət etməmişdən xeyli əvvəl - sovetlər dönəmində şəklini evində saxlayarkən vermişdi. Çox güman ki, elə indi də əgər mərhum Əbülfəz bəyə bir anlıq uyuduğu yerdən (QƏBRİ NURLA DOLSUN) qalxıb Fəxri Xiyabanı seyr etmək imkanı verilsəydi, O, məhz Heydər Əliyevin məzarı önündə dayanardı. Özü də yalnız hörmət əlaməti olaraq yox. Həm də ona görə ki, bir zaman Bakıya dönməsini təkid etdiyi məhz bu Adam onun həsrətində olduğu müstəqil Azərbaycanı qoruyub saxlaya bilmişdi.

Elə Heydər Əliyevin 2000-ci ilin avqustunda Əbülfəz Elçibəyin cənazəsi qarşısında ehtiram nümayiş etdirən əzəmətli görkəmi ilə dayanması da əbəs yerə deyildi. O, təkcə qoruduğu dövlətin keçmişinə hörmət eləməyi yox, həm də bu dövlətin gələcəyinə siyasi rəqibə ehtiram göstərmək üçün hörmətsizlikdən çəkinməmək cəsarətini öyrədir, bəsit və məntiqsiz ehtirasların coşduğu mühitdə təmkinin necə zəruri keyfiyyət olduğunu anladırdı...

Ona görə də, əgər bu gün Heydər Əliyevdən danışırıqsa, gərək lazımsız və yersiz haşiyələrə çıxmayaq. Çünki bu gün məhz Onun - Heydər Əliyevin günüdür.

O Heydər Əliyevin ki, heç vaxt məğlub olmadı. O qədər qalib gəldi ki, hətta bağışladıqları da neçə dəfə ona məğlub olduqlarını dəqiq bilmədilər. Bəziləri isə ona çoxdan məğlub olduqlarını hələ çox-çox sonralar anlayacaqlar (o boyda Sovet İmperiyasının yıxa bilmədiyi bir adama balaca Azərbaycanda kimlərinsə qalib gəlmək cəhdləri kənardan nə qədər bəsit görünürdü). Ölkə daxilində tutarlı rəqibi olmayan Heydər Əliyev əks qütbün yaratdığı boşluğu adətən region dövlətlərinin diplomatiyası, hərbi cığallıqları üzərində özü üçün xırda, ancaq uğurlu, həmin dövlətlər üçünsə gözlənilməz manevrlər etməklə doldururdu.

Heydər Əliyev çox böyük dövlətçilik tarixinə və hərbi texnologiyalara malik Rus imperiyasına, qədim dövlətçilik ənənələrinə və dini ideologiyaya söykənən güclü İran dövlətinə, dünyanın üç ən nüfuzlu lobbisindən birinə malik olan işğalçı Ermənistana və onun planetin idarə olunmasında xüsusi çəkiyə malik himayədarlarına qarşı heç bir siyasi ənənəyə və lobbiyə malik olmayan Azərbaycanın maraqlarını qoruyarkən nəinki tək dayanmağı, hətta tarixi prosesləri onların yox, məhz bizim arzuladığımız istiqamətə yönəltməyi bacardı. Bunun nə demək olduğunu regional siyasətdən azacıq başı çıxan adam çox asanlıqla anlaya bilər. Etiraf etməyə gəlincə, bu artıq vicdan məsələsidir.

O, təkcə tərəfdarlarına deyil, özünü ona rəqib sayanlara da çox şey öyrətdi. Sözsüz ki, bunu etiraf edənlər də olacaq, etməyənlər də. Ancaq hər halda nəsə öyrənə bilənlərin öyrənə bilməyənlər üzərində həmişə qələbə qazanacaqları şübhəsizdir. Və buna görə onların həmişə məhz bir nəfərə minnətdarlıq borcu olacaq. Heydər Əliyevə.

Gələcək nəsil məhz Onun həqiqətini tarix sayacaq. Çünki yaxşı yaşayan nəslin - varlı, qüdrətli dövlətin vətəndaşlarının həmişə öz tarixləri ilə qürrələnməyə də ehtiyacları olur. Sovet İmperiyası dağılandan sonra Heydər Əliyevə qədər tarix yazmaq şansı olanlar isə hər şeyi ya düz eləmək istəmədilər, ya da eləyə bilmədilər (Tanrı Əbülfəz Elçibəyə xəyanət edən silahdaşlarının cəzasını verib, verir və verəcək). O ki qaldı sonrakılara, onlar əlbəttə ki, nə qədər böyük işlər görsələr də, bunu məhz Heydər Əliyevin qurduğunun üzərində edəcəklər.

Haşiyə

Bir anlıq onilliklər sonra (dünyanı müharibədən tamamilə imtina edən nəsillər idarə edəndə) 20-ci əsrdə Qafqaz kimi mürəkkəb və qanın qaynadığı regionda müharibəni dayandırmağa cəsarət edən və bunu bacaran şəxs haqqında sülh insanlarının nə düşündüklərini təsəvvür edin...

O, dövlət qurarkən, onu necə idarə etməyi öyrədirkən bizlər (mən, sən, o, biz, siz, onlar) bildik-bilmədik, yeri gəldi-gəlmədi elə hey filosofluq elədik. Ancaq sabaha həvəslə bədbin proqnozlar verənlər ağıllarına da gətirmədilər ki, həmin o sabahların birində Heydər Əliyev dünyasını dəyişəcək. Və bunu görən səmimi əleyhdarları, hətta laqeydlər içlərində çoxdan hiss etdikləri Heydər Əliyev gerçəkliyini etiraf şəklində çölə çıxaracaqlar.

Ola bilsin ki, yazını oxuyanlar arasında bütün bunlara kinayə ilə yanaşanlar da tapılacaq. Kimlər ki, bunu qəzəbdən edəcəklər, onları başa düşmək olar. Belələri ya vaxtında ölkəni idarə edə bilməyib hakimiyyəti Heydər Əliyevə ötürmək məcburiyyətində qalanlar, ya da bəxtlərinə Heydər Əliyev iqtidarına şanssız müxalifət olmaq yazılanlardır. Əlbəttə ki, onlar zəif olduqları ilə barışmaq istəmədiklərindən belə edirlər. Ancaq kimlər ki, ümumiyyətlə Heydər Əliyevin kimliyini hələ də anlamır və 2003-cü il dekabrın 12-də nə baş verdiyini dərk eləmir, onlar üçün çətin olacaq.

Yəqin ki, bəzən - xüsusilə də tarixi şəxsiyyətlərimizə münasibətdə özümüzü yaxşı apara bilmədiyimiz üçün bizim gələcək nəsillərdən bir üzr istəmək borcumuz da var. Çünki gələcək nəsillər bizim kimliyimizi məhz belə məqamlardan öyrənməyə çalışacaq.  

Filosoflardan biri deyir ki, “bizim hamımız cahillik dövrünü keçirik, amma aqillik dövrünə hamımız çatmırıq”. Bəzən ətrafında baş verənləri müşahidə edəndə qeyri-ixtiyarı düşünürsən ki, bəlkə də yaxşıdır ki, hamı kamilləşə bilmir. Yoxsa millət çox mətləbləri anlayıb özündən bədgüman olar...

Tanrı Kamal Atatürkü nədən ötrü yaratdığını 1923-cü ildə türklərə anlatdığı kimi, ondan düz 70 il sonra, oxşar tarixi rəqəmlərdə - 1993-cü ildə də (əvvəllər nə qədər böyük işlər görməsinə baxmayaraq) Heydər Əliyevi niyə yaratdığını azərbaycanlılara anlatdı...

Haşiyə

Ötən əsrin 21-ci ilində Mustafa Kamal Atatürk Sakarya döyüşü öncəsi atın gözlənilməz sıçrayışı nəticəsində yıxılır və qabırğası sınır. Sınmış qabırğa onun ağ ciyərinə təsir edib nəfəs almasını çətinləşdirir. Həkimlərin təkidinə baxmayaraq az sonra Atatürk yenidən əsgərləri qarşısına çıxır və - qabırğam sınan yerdə düşmənin müqaviməti qırılacaq - deyir. Bununla Atatürk əsgərlərin döyüş əzmini sarsılmağa qoymur. Sonradan tarixə “Sakarya meydan döyüşü” adı ilə düşəcək bu məşhur döyüşdə Türk Ordusu həlledici qələbə qazanır...

Təxminən eyni rəqəmlərin iştirakı ilə yaranan başqa bir tarixdə - 2003-cü il aprelin 21-də prezident Heydər Əliyev Cəmşid Naxçıvanski adına hərbi məktəbin 30 illiyi ilə əlaqədar kursantlar qarşısında çıxış edərkən oxşar hadisə baş verir. Həkimlərin təkidinə baxmayaraq o da qayıdır və Azərbaycan əsgəri qarşısında dayanaraq bir az əvvəl yarımçıq qalmış fikrini tamamlayır...

Çox maraqlıdır ki, asanlıqla öz düşmənlərinin müəlliminə çevrilən bu Adam, ömrünün sonuna hələ çox qalmış öz müəllimlərinin atasına çevrilməyi də bacarmışdı. Ölkədə yetərincə ağsaqqal olduğu halda hamı (həmin ağsaqqaların özləri də) məhz Onu böyük hesab edirdi. Yaşca Ondan böyük olanların tez-tez “Heydər Baba” ifadəsini işlətmələri də bu sayğının nəticəsi idi...

MÜƏMMA

Nəhayətsiz enerji və peşəkarlıqla dəf etdiyi maneələri, keçdiyi təhlükələri xatırlayanda belə bir adamın sadəcə ölümə təslim olması inandırıcı görünmür. İstər-istəməz düşünürsən ki, yox, Heydər Əliyev ölümə təslim ola bilməzdi. Çox güman ki, onlar sadəcə mübarizənin məlum məqamında mahiyyətini bizim heç vaxt anlaya bilməyəcəyimiz (hər iki tərəfi qane edən) hansısa bir razılığa gəliblər. Əlbəttə ki, bu, uzun-uzadı mübahisələr doğuran ayrıca bir fəlsəfədir. Məntiq və mahiyyətini həmin təkbətək razılaşmanın iştirakçılarından başqa kimsənin bilməyəcəyi müəmmalı, müəmması qədər də maraqlı fəlsəfə...

TÖVSİYƏ

Sən!

Vətən oğlu!

Əgər 2003-cü ilin dekabr günlərində ölkədə nə baş verdiyini hələ də anlamırsansa, axşam evinə yaxın parka çıx. Evlisənsə ailəni də götür. Çəkənsənsə bir siqaret yandır. Tələsmədən, bir az arxayın, bir az təmkinlə gəz mürgüləyən şəhərinin (körpələrin qayğısız oynaşdığı, qocaların heç bir təhlükə hiss etmədən arxayın dincəldiyi) oyaq hissəsini. Gəz və bu arxayınlığın səbəbini tapmağa çalış. Əgər anlamasan, onda bil ki, bunu sənə məhz Cənab Prezident - Heydər Əliyev verib. Gördüyün kimi hamının işinə yarayırdı. Elə sənin də. Yoxsa bir vaxtlar hava qaralandan sonra parka çıxmağa ehtiyat etdiyini unutmusan?

EPİLOQ

1969-cu ildən bu yana Bakıda yalnız Azərbaycanın rəhbəri kimi yaşayan bu nəhəng tarixi şəxsiyyəti son mənzilə yola salan həmişə hay-küylü, möhtəşəm Respublika Sarayı həmin gün nə qədər miskin və zavallı görünürdüsə, Onu qəbul etməyə hazırlaşan daima həzin və təmkinli Fəxri Xiyaban o qədər möhtəşəm və canlı görünürdü. Səbəb aydın idi. Əgər Saray özünün ən sanballı natiqini və tamaşaçısını sonuncu dəfə qarşılayıb yola salırdısa, Xiyaban müasir Azərbaycan tarixinin ən qüdrətli şəxsiyyətini əbədiyyət üçün qəbul edirdi...

Həmin gün Respublika Sarayının səhnəsində yalnız Heydər Əliyev idi. Ancaq əvvəlki kimi nə şirin zarafatları, nə də möhtəşəm nitqi oldu. Elə tamaşaçılar da heç vaxt heç kim obrazını yarada bilməyəcəyi bu nəhəng tarixi şəxsiyyətin şəninə əl çalmırdılar. Həmin gün ümumiyyətlə əl çalınmırdı. Həmin gün ümumiyyətlə səs eləmək olmazdı. Çünki həmin gün, demək olar ki, bütün ömrüboyu təkcə öz həyatı üçün yox, həm də qurmağa çalışdığı dövlətin taleyi uğrunda çarpışan, mübarizə aparan bir İnsan axır ki, dincəlməyə qərar vermişdi. Səssiz, səmirsiz...

...Bu dünyadan bir Heydər Əliyev keçdi. Əslində bunu keçid adlandırmaq o qədər də düzgün olmazdı. Bu, harasa daha möhtəşəm məkana tələsən bir Varlığın yolüstü baş çəkdiyi yerdə qayda-qanun, nizam-intizam, əmin-amanlıq yaratması üçün xeyli ləngiməsi idi. Ləngidi və bunu heç də təsadüfən etmədiyini hamıya anladıb getdi...

Bakı, dekabr - 2003

İlqar Rəsul

(“Yeni Azərbaycan” qəzeti - dekabr - 2003)

Paylaş:
Baxılıb: 327 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Xəbər lenti

Siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Analitik

İqtisadiyyat

Gündəm

Gündəm

Xəbər lenti

3№-li protokol

23 Fevral 22:28  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29