Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / General təxribatçıya necə satılıb?

General təxribatçıya necə satılıb?

14.12.2022 [10:50]

Ermənilər azərbaycanlıların dinc aksiyasını dünyaya yanlış formada çatdırmağa çalışır

Nardar BAYRAMLI

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının məsuliyyət zonasında son günlər gərginlik artıb. Bunun səbəbi isə Qarabağdakı erməni separatçılarının xarici şirkətlərlə bərabər Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməsidir. Belə ki, həmin ərazilərdəki Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının talanması və ekologiyamıza ciddi ziyan vurulması ictimaiyyət tərəfindən kəskin etirazla qarşılanır. Azərbaycanın müvafiq qurumlarından ibarət nümayəndə heyəti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə monitorinq aparmaq istəsə də, sülhməramlılarla erməni separatçılarının işbirliyi buna mane olub. Belə ki, monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsə də, hər iki istiqamətdə təxribatla üzləşib. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

Rəsmi Bakı sülhməramlıların bu davranışı ilə bağlı Rusiyaya nota verib və belə halların yolverilməz olduğu diqqətə çatdırılıb. Lakin Rusiya sülhməramlıların dövlətimizin tələblərinə riayət etməməsi ilə əlaqədar Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəallar Laçın-Xankəndi yolunda etiraz aksiyasına başlayıblar. Etirazçılar bildirirlər ki, aksiya rus sülhməramlılarının komandanı, general Volkovun onlarla görüşə  gəlməsinə və tələblərinin yerinə yetirilməsinə qədər davam edəcək.

Lakin Ermənistan və Qarabağ separatçıları QHT təmsilçilərimizin və ictimai fəalların dinc etiraz aksiyasını dünyaya fərqli şəkildə təqdim etməyə çalışırlar. Onların iddiasına görə, guya Laçın yolunda, ümumiyyətlə, ekoloqlar yoxdur, aksiyada keçmiş hərbçilər, müxtəlif peşə sahibləri yer alıb. O da iddia edilir ki, aksiya Qarabağda yaşayan ermənilərə təzyiq, onların blokadaya alınması məqsədi güdür və s. Əlbəttə ki, bütün bunların heç bir əsası yoxdur. İlk növbədə, qeyd olunmalıdır ki, aksiya Laçın-Xankəndi yolunda, Şuşa şəhərinin girişində Rusiya sülhməramlılarının postu qarşısında keçirilir. Bu yol artıq ermənilər üçün dəhliz deyil. Çünki hələ avqust ayında Laçın şəhərindən yan keçən yeni yol tikilib istifadəyə verilib ki, ermənilər bu dəhlizdən istifadə etməlidir. Digər tərəfdən, aksiya iştirakçıları arasında erməni dilini bilən  keçmiş hərbçinin olmasında da təəccüblü heç nə yoxdur. Vaxtilə hərbçi olmuş bir şəxsin indi QHT sektorunda çalışması və ya ictimai fəallıq göstərməsi təbii haldır. Amma qəbulolunmaz hal Rusiya sülhməramlıları adı altında bu kontingentdə  erməni hərbçilərin yerləşdirilməsidir. Belə ki, aksiya iştirakçıları arasında erməni dilini bilən ictimai fəalın sayəsində sülhməramlıların arasında ermənilərin də olması aşkarlanıb. Bu fakt Rusiya sülhməramlı kontingentinin rəhbərliyinin öz mandatına tam zidd fəaliyyət göstərməsini təsdiqləyir.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən   hərbi ekspert Ədalət Verdiyev bildirib ki, ümumilikdə erməni tərəfi  üçtərəfli bəyanatlarda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ona görə də, ermənilərin bu etiraz aksiyası ilə bağlı hay-küy yaratmalarının heç bir əsası yoxdur. Onun sözlərinə görə, Azərbaycan tezliklə sülh sazişinin imzalanmasının tərəfdarıdır. Bununla belə, ekspert hesab edir ki, həm Ermənistanın, həm də Qarabağ separatçılarının tez-tez təxribatlar törətməsi qarşı tərəfin sülhə maraqlı olmadığını göstərir. Bu vəziyyət məğlub olan tərəf üçün məntiqli görünməsə də, reallıq ermənilərin hələ də iddialarından əl çəkmədiyinə işarədir. Bu halda isə Azərbaycan qalib tərəf kimi daha səbir və təmkin nümayiş etdirməməlidir. “Təxribatların harada olmasından asılı olmayaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqe üzərində nəzarəti bərqərar etməyə və bayrağımızı qaldırmağa tam hüququ var. Bu, ermənilərin destruktiv davranışına daha təsirli cavab olacaq”, - deyən Ə.Verdiyevin fikrincə, Rusiya sülhməramlı kontingenti və erməni separatçılarının qalıqları Xankəndi və Ağdərə istiqamətində azərbaycanlı ekoloqların fəaliyyətinə maneələr yaratmaqda davam edərsə, Azərbaycan xüsusi təyinatlıları Sarıbaba istiqamətində yüksəkliklərin  azad edilməsi təcrübəsini davam etdirməlidir.

Ekspert deyib ki, sülhməramlılar dünyanın hər yerindən gələn ermənipərəst jurnalistləri, siyasətçiləri Azərbaycanın icazəsi olmadan Qarabağa buraxır. Eləcə də, İrandan gələn diversantlar, silah-sursat bu əraziyə daşınır. Əgər rus hərbçiləri Qarabağa qanunsuz olaraq hərbi silah-sursat buraxmasalar, separatçılar hansı silahla mövqelərimizə atəş aça bilər? Sülhməramlıların müddətinin iki il sonra bitəcəyini deyən Ə.Verdiyevin sözlərinə görə, bu müddət ərzində ya onlar, ya da biz qanunsuz erməni silahlı dəstələrini təmizləməliyik: “Bu məsələni uzada bilmərik. Dövlətimizə lazımdır ki, 10 noyabr birgə bəyanat yerinə yetirilsin, bizim razılığımız olmadan heç kim o ərazilərə girməməlidir, qanusuz silahlı dəstələr çıxarılmalıdır. Eləcə də, necə ki, Ermənistan vətəndaşları Xankəndiyə gəlib gedir, Azərbaycan vətəndaşlarının da gediş-gəlişi üçün problem olmamalıdır. Qarabağdakı təbii sərvətlərimiz sülhməramlıların nəzarətində olan yolla kənara daşınır. Vardanyan Qarabağa gələndən sonra burada vəziyyət daha da gərginləşib”.

Son aylar ərzində Rusiya sülhməramlılarının fəaliyyətinin Azərbaycanı  heç bir halda qane etmədiyini deyən Ə.Vəliyev söyləyib ki, hərbi texnikaların, silahların Qarabağa daşınması yolverilməzdir: “Kontingentin komandanı Volkov aksiya iştirakçılarından niyə gizlənir? O, bir polkovniki hadisə yerinə göndərib. Hiss olunur ki, həmin polkovnik sərxoş vəziyyətdədir, aksiya iştirakçılarının fikirlərinə heç bir reaksiya vermir. Orada qanunsuz erməni silahlıları da rus sülhməramlıları ilə birgə azərbaycanlıların qarşısına çıxarılır. Bu, ondan xəbər verir ki, rus sülhməramlılar nəinki vəzifələrini yerinə yetirmir, əksinə, Qarabağdan çıxarmalı olduğu qanunsuz erməni silahlıları ilə əməkdaşlıq edir. Biz şahidi olduq  ki, bəzi ermənilər sülhməramlı formasında həmin yerdədir. Eləcə də, əvvəlki aksiyalar zamanı da erməni hərbçiləri ərazidə idi. Erməni hərbçinin alnında Rusiya bayrağı var idi, çünki məqsəd alnındakı separatçı rejimin gerbini gizlətmək idi. Onun üstünü örtmək üçün rus bayrağını vurmuşdular.  Bütün bunlar göstərir ki, general Volkovun məqsədi  vəziyyəti gərginləşdirmək, insanları təxribatlara sövq etməkdir”.

Həmsöhbətimizin fikrincə, Rusiya hərbçiləri üçün “sülhməramlı” ifadəsini işlətmək ictimaiyyətimizdə böyük qıcığa səbəb olur. Çünki vətəndaşlarımız onları sülhməramlı olaraq qəbul etmir. Rus hərbçilər neytrallığı kənara qoyub, ermənilərin dili ilə danışırlar. Ə.Verdiyev qeyd edib ki, bir neçə gün öncə müvafiq dövlət qurumlarının nümayəndələrinin monitorinq aparmaq üçün yataqların ərazisinə buraxılmaması Volkovla Vardanyanın işbirliyinin nəticəsidir: “Çünki nümayəndə heyətimizin həmin əraziyə nə vaxt gedəcəyini yalnız sülhməramlıların  komandanlığı bilirdi. Necə oldu ki, həmin yerlərdə əvvəlcədən ermənilər toplaşıb aksiya keçirdi? Bütün bunlar göstərir ki,  Volkov Vardanyana satılıb və Qarabağda erməni maraqlarını həyata keçirməyə çalışır. Azərbaycan dövləti  bunu qəbul edə bilməz”. 

Paylaş:
Baxılıb: 291 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Xəbər lenti

Siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Analitik

İqtisadiyyat

Gündəm

Gündəm

Xəbər lenti

3№-li protokol

23 Fevral 22:28  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29