Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mina terroru davam edir...

Mina terroru davam edir...

16.12.2022 [10:07]

Beynəlxalq birlik rəsmi İrəvana təzyiq göstərməlidir

Nardar BAYRAMLI

Ermənistanın mina terrorunu  davam etdirməsi nəticəsində bu terrorun qurbanlarının sayı artmaqdadır. Belə ki, Baş Prokurorluq, Müdafiə və Daxili İşlər nazirliklərinin birgə məlumatına görə,  dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb. Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Eyni zamanda, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə dünyasını dəyişib. Həlak olan şəxs Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir  Hümbətov Zöhrab Məhəmməd oğludur.

Artıq Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın növbəti mina terroruna münasibət bildirib. Belə ki, nazirliyin tvitterdəki paylaşımında deyilir ki, Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır. Paylaşımda qeyd edilib ki, “2020-ci ildə müharibə başa çatdıqdan sonra mina qurbanlarının sayı 276-ya çatıb. Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır”. Ümumiyyətlə, Azərbaycan Ermənistanın mina terrorunun ağır nəticələrini daim beynəlxalq birliyin diqqətinə çatdırır, bütün platformalarda bəyan edir.

Dekabrın 12-də Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov bu problemi xüsusi vurğulayıb. Nazir Azərbaycan tərəfindən sülhün təmin olunması sahəsində səylərə baxmayaraq, Ermənistanın hələ də üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmədiyini diqqətə çatdırıb. Ceyhun Bayramov azad olunmuş ərazilərdə mina təhlükəsinə diqqəti cəlb edib və Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsinin vacibliyini səsləndirib. Ermənistanın Azərbaycan ərazilərində kütləvi şəkildə yeni minalar yerləşdirməkdə davam etdiyi vurğulanıb. Bu ilin avqust ayından etibarən Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2728 piyada əleyhinə mina aşkar edildiyi bildirilib. Minaların Azərbaycan ərazisinə gətirilməsinin yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın dəhlizindən sui-istifadə edilməsi olduğu diqqətə çatdırılıb. Problemin miqyasını və ciddiliyini nəzərə alaraq, onunla mübarizədə beynəlxalq həmrəylik və dəstəyin mühüm əhəmiyyət daşıdığı nazir tərəfindən qeyd olunub.

Dekabrın 13-də isə Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin iclasında Ceyhun Bayramov bu məsələni bir daha gündəmə gətirərək deyib ki, Ermənistan və Azərbaycan arasında münaqişənin başa çatmasından 30 illik işğalın ağır nəticələrinin aradan qaldırılması və öz yurdlarından didərgin düşmüş vətəndaşlarımızın təhlükəsiz və ləyaqətli geri qayıdışının təmin edilməsi Azərbaycan üçün ən vacib prioritetdir. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdıran nazir deyib: “Əlamətdar haldır ki, bu il keçmiş məcburi köçkünlərin ilk qrupunun öz yurdlarına qayıtması artıq baş tutub. Bu, 700 minə yaxın azərbaycanlı məcburi köçkünü əhatə edəcək “Böyük Qayıdış” proqramının praktiki icrası istiqamətində ilk addımdır”. Ceyhun Bayramov vurğulayıb ki, ərazilərin minalar və digər partlayıcılarla çirkləndirilməsi bərpa və quruculuq işləri üçün ən ciddi əngəl təşkil edir. Ermənistan tərəfindən bütün mina sahələrinə dair tam və dəqiq məlumatların Azərbaycana verilməməsi, əksinə, ərazilərimizdə yeni minaların basdırılmasının davam etdirilməsi Ermənistanın sülhün təmin edilməsində maraqlı olmadığının əlavə sübutu kimi ciddi narahatlıq doğurur.

Beynəlxalq ictimaiyyətə müraciət

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva isə Kəlbəcərdəki mina partlayışı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib. Müraciətdə bildirilir ki, Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunda piyada əleyhinə minanın partlaması nəticəsində 4-ü mülki şəxs, 4-ü hərbçi olmaqla, ümumilikdə 8 nəfər Ermənistanın mina terrorunun növbəti qurbanlarına çevrilib: “Belə ki, təmir işləri ilə məşğul olan mülki şəxslər minaya düşdükdən sonra onların təxliyəsi məqsədilə əraziyə gələn hərbçilər də minaya düşüb və onlardan biri aldığı xəsarətlərdən həlak olub. 30 ilə yaxın işğal müddətində Azərbaycan ərazilərində basdırılan minaların xəritələri haqqında dəqiq məlumatın verilməməsi, münaqişə bitdikdən sonra təxribatların davam etdirilməsi, işğaldan azad edilmiş ərazilərin yenidən minalarla çirkləndirilməsi və nəticədə mülki şəxslərin və hərbçilərin həyatına qəsd edən, onların əlilliyinə səbəb olan bu kimi cinayətkar əməlləri törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb edir, beynəlxalq ictimaiyyəti bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq”.

Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Çünki müharibənin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, çox sayda insan mina qurbanı olub. Ona görə də, beynəlxalq birlik bu məsələdə Ermənistana ciddi təzyiq göstərməli, minaların dəqiq xəritələrinin verilməsini tələb etməlidir.

Paylaş:
Baxılıb: 233 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Xəbər lenti

Siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Analitik

İqtisadiyyat

Gündəm

Gündəm

Xəbər lenti

3№-li protokol

23 Fevral 22:28  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29