Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sülhə mane olan səbəblər...

Sülhə mane olan səbəblər...

29.12.2022 [10:28]

Ermənistan qeyri-konstruktiv mövqeyi ilə təhdid yaratmaqda davam edir 

İki ildən artıqdır davam edən Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması, başqa sözlə sülh prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır.

Belə ki, ötən ilin dekabrından başlayaraq sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin, eyni zamanda Rusiyanın iştirakı ilə keçirilən üçtərəfli görüşlərdə əldə olunan razılıqlara əməl olunmamasının əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bunu həm zaman, həm də proseslərin inkişafı göstərir. Bu ölkə ikiüzlü siyasətini davam etdirməklə nələrəsə nail olmaq və ya ən azından qeyri-müəyyən və bitməyən proses formalaşdırmaq fikrindədir. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistanın siyasi rəhbərliyi sonradan tamam fərqli “kontekstdə” danışır. Bir tərəfdə sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan rəsmi İrəvan digər tərəfdə fərqli mövqe tutur. Bu qeyri-müəyyənlik isə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir.

Ermənistanın mövqesizliyi, yoxsa...

Azərbaycan dövləti danışıqlar prosesini inkişaf etdirmək üçün 5 baza prinsipi təqdim etmişdi. İrəli sürülən bu baza prinsipləri iki dövlətin intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar aparması, ikitərəfli sülh sazişini yekunlaşdıra bilməsi üçün münbit zəmin formalaşdırır. Çünki 5 baza prinsipi beynəlxalq hüquq normalarına və dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının beynəlxalq təcrübəsinə söykənir. Hətta ilkin mərhələdə Ermənistan da bu baza prinsiplərini məqbul hesab etmişdi. Amma sonradan...

Xarici işlər naziri Ceyhun Bayramov da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan ziddiyyətli məqamları açıqlayıb. XİN rəhbəri bildirib ki, həmin 5 baza prinsipi çox ədalətli idi: “Bu 5 prinsipdən sonra görüşlər oldu. Baxmayaraq ki, həmin görüşlər nəticəsində hansısa yeni sənədlər qəbul edilmədi, ancaq 5 baza prinsipini daha da inkişaf etdirən razılaşmalar əldə edilmişdi. Bunlar Ermənistan tərəfindən məqbul sayılmışdı. Ermənistan tərəfi bunu öz cəmiyyətinə də açıqlamışdı. Ermənistan tərəfdən danışıqlar prosesində biz bəzi şərhlərə baxanda öncə əldə olunmuş razılaşmalardan geriyə addımları görürük. Hesab edirik ki, bu çox ziyanlı tendensiyadır”, - deyə Ceyhun Bayramov qeyd edib.

Görünən budur ki, Ermənistan bu prisnpilərdən imtina etməklə danışıqlar prosesini ən yaxşı halda ləngidir. Təbii ki, rəsmi İrəvan bununla regionda davamlı sülhün və təhlükəsizliyin təmini prosesinə yenidən təhdid yaradır. Bu isə, növbəti mərhələ üçün də danışıqların intensivliyini sual altına almış olur.

Azərbaycan ilkin şərt qoymur...

Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlib - Ermənistan isə kapitulyasiya imzalayıb. Bununla belə, Azərbaycan dövləti hər hansı ilkin şərt qoymadan çərçivə sənədinin layihəsinin hazırlanmasına təşəbbüs göstərir. Amma Ermənistanın bu məsələdə də mövqeyi fərqlidir. Belə ki, rəsmi İrəvan irəli sürdüyü layihə ilə sənədin mahiyyətini dəyişməyə cəhd göstərir. Bunu açıqlamasında vurğulayan XİN rəhbəri C.Bayramov Azərbaycanın sülh müqaviləsi üçün ilkin şərt qoymadığını diqqətə çatdırıb. “Biz sülh müqaviləsinin qəbulu üçün axırıncı erməni qanunsuz silahlı birləşmə üzvünün Qarabağdan çıxarılması tələbini qoysaq, bu əlavə şərtdir. Biz nəqliyyat kommunikasiyalarının açılmasını şərt kimi qoysaq, əlavə şərtdir. Biz nəyi əldə edə biliriksə, onu əldə etməyə çalışırdıq”, - nazir vurğulayıb.

10 noyabr 2020-ci il üçtərəfli razılaşması ilə Ermənistan üzərinə bir sıra öhdəliklər götürüb. Həmin öhdəliklərdən biri də Ermənistan silahlılarının Azərbaycan torpaqlarını tam şəkildə tərk etməsindən ibarətdir. Amma ötən iki ildən artıq zaman kəsiyində Ermənistan bu öhdəliyini yerinə yetirmir. Hətta həmin silahlı birləşmələr Azərbaycan Ordusunun mövqelərinə qarşı təxribat hərəkətləri belə edir.

Digər məsələ - nəqliyyat kommunikasiyalarının açılması da Ermənistanın özünün üzərinə götürdüyü öhdəlikdir. Belə ki, üçtərəfli razılaşmanın müvafiq bəndinə görə, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Amma hələ də Ermənistan üzərinə götürdüyü bu öhdəlikləri yerinə yetirməyib. Azərbaycan iki dövlət arasında münasibətlərin normallaşması prosesinin tez zamanda həlli üçün münbit zəmin formalaşdırmağa çalışır. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi hər zamankı kimi maneə rolunu oynamaqdadır. Rəsmi İrəvan regionda sabitliyin formalaşmasına imkan vermək istəmir...

Gizliliyin qorunmaması Ermənistanın marağındadır

XİN başçısı öz açıqlamasında danışıqlar prosesinə mənfi təsir edən daha bir xüsusi məqamla bağlı söz açıb. Belə ki, danışıqlar prosesi Ermənistan tərəfindən ictimai məkana sızdırılır. “Prosesə çox mənfi təsir edən məqam yalnız sülh müqaviləsi ilə bağlı deyil. Ermənistan danışıqlar prosesində müzakirə predmeti olan məqamlarla bağlı ictimai məkana informasiyalar sızdırır. Bu, sosial şəbəkələr vasitəsilə edilir. Birincisi, bunu sızdırmaq danışıqlar prosesində çox ziyanlıdır. İkincisi isə bu, qarşı tərəfin mövqeyini əks etdirmir. Bizdən fərqli olaraq, vasitəçilər Ermənistanı bu məsələdə açıq-aşkar günahlandırmır. Biz bunun çox zərərli olduğunu bildirmişik. Vasitəçilər də bunu görür”, - nazir deyib.

Ermənistanın bu məsələdəki marağı da bəllidir - həmin informasiyaların sızdırılması fərqli qüvvələrin maraqlarına xidmətə hədəflənib. Hazırda regionda maraq mübarizəsinin ən aktiv formaya çatması sirr deyil. Hətta bəzi məqamlarda, Qərb və ya digər qüvvələr arasında region uğrunda gedən nüfuz savaşının ştrixləri daha aydın şəkildə sezilməkdədir. Ermənistan bu faktordan guya öz xeyrinə istifadə etməyə, başqa sözlə manipulyasiya etməyə çalışır. O, danışıqların predmetlərini sızdırmaqla özünə “dəstək” axtarır. Bununla Ermənistan həm də fərqli maraqların maşası olduğunu aşkar şəkildə ortaya qoyur. Rəsmi İrəvan prosesdə özünün maraqlarını qorumağı fikirləşmir - belə olsaydı, bu ölkə onlar üçün ən yaxşı situasiyanın sülh olduğunu anlayar və bu istiqamətdə fəaliyyət göstərərdi. Prosesin gedişi bir daha göstərir ki, Ermənistan üçün əsas olan üzərindəki “çətirin” maraqlarını qorumaqdır...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 126 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Bir əsr, 32 il...

02 Fevral 11:00

Xəbər lenti

Regionda birinci...

02 Fevral 10:59

Xarici siyasət

Analitik

Xəbər lenti

Siyasət

Gündəm

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28