Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Cənubi Qafqaza sülh...

Cənubi Qafqaza sülh...

17.06.2023 [10:37]

Bakının şərtləri ilə daxil olacaq

Yeni dünya düzənində vacib siyasi-hərbi konfiqurasiya formalaşacaq

Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən prosesin Ermənistan tərəfindən pozulduğu növbəti dəfə faktlarla sübut edildi. Son bir neçə gündə yenidən hərbi təxribatlara əl atılması onu göstərir ki, Ermənistan yenidən siyasi manipulyasiya axtarışındadır. Belə ki, son dövrlərdə sülyaratma prosesi ilə bağlı ard-arda görüşlərin keçirilməsi, vasitəçilərin pozitiv impulslarla bağlı fikirləri, hətta Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması kimi hallar prosesin inkişafı ilə bağlı müəyyən ümidlər formalaşdırmışdı - indiki halda, Ermənistanın yenidən destruktiv yolu seçməsi onu göstərir ki, onlar süni maneələrlə vaxt uzatmaq istəyindədirlər...

Siyasi balans xeyrimizə dəyişib

Əslində, Ermənistanın hazırkı mövqeyinin əsas hədəfləri bəllidir. Rəsmi İrəvan masa arxasında da Azərbaycanın gücünü və qətiyyətini görür. Eyni zamanda, iki ölkə arasında münasibətlərin normallaşmasını istəməyən bəzi qüvvələr də anlayırlar ki, Cənubi Qafqaza sülh Azərbaycanın şərtləri və arzuları müstəvisində gələcək. Bu isə qarşıdakı dövr üçün bir sıra mühüm perspektivlər vəd edir. Baş verənlər həm də bu perspektivin qarşısını almaq üçün İrəvandan istifadə halları kimi də qiymətləndirilə bilər. Ermənistan və “dəstəvuzçuları” Azərbaycana qarşı “təzyiq” formalaşdırmağa çalışır ki, buna nail ola bilmir. Həm beynəlxalq müstəvidə, həm də regional çərçivədə Azərbaycan mühüm əməkdaşlıq platformaları yaradır. Son dövrlərdə Türkiyənin siyasi-hərbi aktor kimi nüfuzunun daha da artması, “Şuşa Bəyənnaməsi” ilə bağlı əməli fəaliyyətlərə start verilməsi, hətta Prezident Ərdoğanın Bakı səfəri çərçivəsində yeni və çoxsaylı hərbi təlimlərlə bağlı fikirlərin səsləndirilməsi bəzi reallıqları açıq şəkildə ortaya qoyur:

- Azərbaycan yeni dövr üçün Şərq-Qərb marşrutunun “iqtisadi mayakı” olmaqla yanaşı, siyasi mərkəzi statusunu da qazanmaqdadır;

- Beynəlxalq təşkilatların öz fikirlərini və düsturlarını Azərbaycanın mövqeyi ilə uzlaşdırması onu göstərir ki, saatlar “Bakı vaxtı” ilə qurulur;

- Azərbaycan yeni mərhələdə nəinki yalnız Cənubi Qafqaz, eyni zamanda, Ön Asiya, Yaxın Şərqlə bağlı planların əsas təşəbbüsçüsü və icraçısıdır.

Bundan ehtiyat edən qüvvələr anlayırlar ki, Cənubi Qafqazda formalaşacaq sülh yeni dünya düzənində olduqca vacib siyasi-hərbi konfiqurasiyanın əsasını qoyacaq. Bu dəfə daha qlobal xarakter daşıyacaq şəkilləndirmədə isə Azərbaycanın rolu olduqca yüksəkdir...

Yeni siyasi reallıqlar kimlərin mənafeyinə ziddir?

Qeyd olunan məsələlər real faktlara söykənir - qısa zaman kəsiyində İsrailin və Türkiyənin dövlət başçılarının, ardından isə Pakistanın Baş nazirinin Bakıya səfər etməsi deyilənləri təsdiqləyir. İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişafında yeni mərhələ açıb. Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıq xüsusi tarixə və əhəmiyyətə malikdir. İkinci Qarabağ müharibəsi vaxtı İsrailin Azərbaycanın yanında olması faktı həm Azərbaycan, həm də İsrail dövləti üçün əlverişli imkanlar yaratdı. Bu gün regionun ən aparıcı dövlətləri sayılan Türkiyə və İsrail Azərbaycanla yaxın əlaqələrə malikdirlər, bu dövlətlər arasında əməkdaşlığın formalaşması ölkəmizin də marağındadır. İsrail - Türkiyə - Azərbaycan arasındakı əməkdaşlıq üçbucağı regionda yeni iqtisadi reallıqlar yaratmaqla yanaşı, siyasi mənzərəyə də mühüm çalarlar əlavə edə bilər. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni siyasi-iqtisadi konfiqurasiyanın əsasını qoyur. Eyni zamanda, bu əməkdaşlıq üçbucağı regionda təhdid yaradan qüvvələrin də zərərsizləşdirilməsinə mühüm töhfələr verə bilər. Bir sıra destruktiv ölkələrin regional təhlükəsizliyə nail olunmasına maneçilik törətməsi halları məhz bu yolla zərərsizləşdiriləcək. Çünki yeni dünya düzəni yalnız və yalnız yaxın əməkdaşlığa, bütün sahələr üzrə tərəfdaşlığa əsaslanır.

Pakistan isə Uzaq Şərqin ən əsas siyasi-hərbi dövlətlərindən biridir. Hərbi cəhətdən yüksək inkişafa malik bu dövlət bütün dövrlərdə Azərbaycanla dostluğunu yüksək dəyərləndirib - hətta özünün siyasi əlaqələrini belə Azərbaycanın maraqları əsasında tənzimləyib. Yeni iqtisadi-siyasi münasibətlər kontekstində olduqca vacib yerə malik Pakistanın Azərbaycanı hər mənada dəstəkləməsi olduqca mühüm və vacib şərtdir.

Ermənistan tarixi fürsətdən imtina edir?

Nəticə etibarı ilə İrəvanın regionda yaratmağa çalışdığı qeyri-adekvat mənzərə özünə qarşı bumeranq effekti yaradır - qlobal dünya baş verənləri görür və dəyərləndirir. Regionla bağlı Azərbaycanın humanist mövqeyi yüksək qiymətləndirilir. Sülhün və təhlükəsizliyin təmin edilməməsinin günahkarının rəsmi Bakı olmadığı etiraf olunur. Ermənistanın “Qərb yolu” adı altında oynamağa çalışdığı oyunlar isə artıq ifşa olunub - Ermənistanın regionda fərqli maraqların təmini üçün çalışdığı gün kimi aydındır. Beləliklə, Ermənistanın oyun qaydalarını pozduğunu hər kəs görür - hətta münasibətlərin normallaşmasında maraqlı olan bəzi vasitəçilər bunu açıq dillə ifadə edirlər. Ermənistanın bu kimi oyunlarla heç nəyə nail ola bilməyəcəyi isə tam şəkildə ortadadır - Laçın buraxılış məntəqəsi yaranan fors-major situasiya səbəbindən ermənilərin üzünə bağlandı. Yayılan informasiyaya görə, yolun bağlanması ilə Qarabağdan erməni əhalisinin Ermənistana gedişi və geri qayıtması, o cümlədən yüklərin daşınması təxirə salınıb. İrəvan sonuncu təxribata görə məsuliyyəti üzərinə götürməyənə, baş verənlərlə bağlı tədqiqat aparılmayana qədər yol açılmayacaq.

Nəticə etibarı ilə, Ermənistan əlinə düşən tarixi fürsətdən sanki imtina edir - İrəvanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, bu dövlətin gələcək inkişafını da sual altına qoyur. Halbuki, Azərbaycanla münasibətlərin normallaşması Ermənistanın inkişafı üçün yeni bir mərhələ formalaşdıra bilər. Azərbaycan bu gün Şərq-Qərb marşrutunun ən mühüm mərkəzlərindən sayılır və yeni iqtisadi nizamda, konfiqurasiyada özünün xüsusi yeri var. Ermənsitan isə uzun illər apardığı işğalçı siyasətlə bu konfiqurasiyadan uzaqda qalıb. İndiki halda regionda sabitliyin formalaşdırılması istiqamətində atacağı önəmli addımlar İrəvana bu konfiqurasiyada yer almaq şansları qazandıra bilər.

Ordunun xəyanəti ehtimalı - Paşinyandan nəyin heyfini çıxırlar?

Bəzi siyasi ekspertlər baş verənlərin Paşinyan üçün qurulmuş “tələ” ehtimalını da irəli sürür. Qeyd edək ki, son dövrlərdə Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması siyasi rəqiblərini ona qarşı daha da aqressivləşdirmişdi. Bu da sirr deyil ki, Ermənistan müxalifətinin mühüm kəsimi, ordunun ən yüksək rütbəli zabitləri, eyni zamanda qondarma separatçıların rəhbərləri belə bir sıra xarici təsirlər altındadırlar. Hətta Nikol Paşinyan 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı da bildirmişdi ki, biz ordu üçün heç nəyi əsirgəmədik və ordumuza güvəndik: “Üstəlik, biz bəzi siyasi əlaqələri bilirdik, bəzi şeylərə göz yumurduq. 2018-ci ildən bu günə kimi ordumuzda hökumət “pul yoxdur” dediyi üçün nəsə baş veribmi? Qətiyyən yox. Bəlkə, bizim ən böyük səhvimiz elə orduya inam olub?”.

Paşinyanın Ermənistan ordusunun “bəzi siyasi əlaqələri” dedikdə hansı nöqtələri vurması bəlli olur. Ermənistan ordusuna rəhbərlik edən zabitlər arasında hələ də Sarkisyan-Koçaryan rejimlərinin “kadrları” mövcuddur. Paşinyan bu ilin əvvəlindən başlayaraq ordunu da “özününküləşdirməkdə” israrlı görünür - məsələn, bu ilin martında Ermənistan-Rusiya birləşmiş qoşunlar qrupunun komandanı Tiqran Pırvanyan tutduğu vəzifədən azad edilib. Xatırladaq ki, Pırvanyan bu vəzifəyə 2018-ci ildə Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə təyin edilmişdi.

Qarabağ Azərbaycandır!

Proseslərin gedişi hər şeyi açıq şəkildə ortaya çıxarır - separatçı rejim, onları dəstəkləyən Ermənistan müxalifəti gedişatdan narahatdır. Bu baxımdan da, hərbi təxribatlara əl atılması bütövlükdə həmin “cameənin” son çırpınışları kimi dəyərləndirilə bilər. Azərbaycanın mövqeyinin qətilyi və dəyişməz olması onlara məlumdur -  ötən 30 illik işğal dövründə də, eyni zamanda, II Qarabağ Müharibəsi dövründə də Azərbaycanın mövqeyi birmənalı və qəti olub - Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağda yaşayan ermənilər isə bizim vətəndaşlarımızdır və onların Azərbaycan qanunları çərçivəsində reinteqrasiyası prosesi aparılmalıdır. Dövlətimiz hər zaman bəyan edib ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası hər zaman aktuallığını qoruyur...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 631 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31