Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İslam terrorla niyə eyniləşdirilir?

İslam terrorla niyə eyniləşdirilir?

08.07.2023 [10:32]

Azərbaycan dövləti və cəmiyyəti mənsub olduğumuz İslam dini və dəyərləri ilə qürur duyur. Respublikamızın ərazisində əsrlərin yadigarları olan çoxlu sayda İslam mədəniyyətinə aid abidələr var. Həmin abidələr dövlət tərəfindən qorunur, həmçinin yeni ibadət evləri inşa olunaraq inanclı insanların istifadəsinə verilir. Ölkəmizin dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi davamlı töhfələr bütün müsəlman aləmində yüksək dəyərləndirilir. Eyni zamanda, özünün milli-mənəvi dəyərləri ilə qürur duyan Azərbaycan ayrı-ayrı ölkələrdə İslam dininə artan hücumlardan narahatlıq ifadə edir. Bu xüsusda Prezident İlham Əliyev iyulun 5-də Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında danışıb və ölkəmizin birmənalı mövqeyini diqqətə çatdırıb. “Fikrimizcə, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır. Biz geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatıq. Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması, təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

İslam terror dini deyil

Terrorun dini, milli, coğrafi bağlılığı yoxdur. Bununla belə, son vaxtlarda dünyada, xüsusilə də Avropada təhlükəli tendensiya yaranıb: İslam dövlətləri, müsəlman xalqları terrorla eyniləşdirilir. Onların mədəniyyətləri və dəyərləri inkar olunur. Bu, zərərli bir tendensiyadır. Əsrlərin sınağından çıxan, bəşər sivilizasiyasının zənginləşməsində mühüm rol oynayan böyük İslam mədəniyyətinin terrorla eyniləşdirilməsi çirkin məqsədlərə xidmət edir. Bunlar ilk növbədə islamafob dairələrin ssenarilərinin tərkib hissəsidir.

Son illərdə dünyanın ayrı-ayrı ölkələrində çoxlu sayda insanın ölmu və böyük dağıntılarla müşayiət olunan dəhşətli terror hadisələri ilə silkələnib. 2001-cı il sentyabrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. Faciə nəticəsində təxminən 3 min insan həlak olub. Rəsmi məlumata əsasən, həmin gün səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb. “Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. “American Airlines” və “United Airlines” aviakompaniyalarına məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilir. Terror aktı nəticəsində Nyu-York şəhərinə dəyən zərərin ümumi həcmi 36 milyard dollar təşkil edib.  

Bəhs olunan terror aktında “Əl-Qaidə” təşkilatı ittiham olunub. Zaman-zaman dünyanı  silkələyən terror aktlarının törədilməsində həmçinin “Taliban”, “İŞID” kimi təşkilatların da adı çəkilir. Məqsədimiz bu və ya digər terror aktının hansı qruplaşma tərəfindən reallaşdırlmasının təfərrüatlarına varmaq deyil. Məsələ burasındadır ki, bütün dünya tərəfindən haqlı olaraq nifrətlə xatırlanan və qınanılan terror aktlarını törədən “Əl-Qaidə”, “İŞID” kimi təşkilatların məhz İslam dininə aid olduğu barədə iddialar dövriyyəyə buraxılır. Bəhs etdiyimiz 11 sentyabr terror aktını dünyada ən güclülərindən sayılan ABŞ kəşfiyyatı araşdırıb. Ancaq dəhşətli terror əməlini törədən təşkilatın İslam dininə aid olduğunu isbatlayan heç bir fakt aşkarlanmayıb. Bəli, terror hadisələrində yer alanların bir çoxu İslam dininə “etiqad” bəsləyən insanlardırlar. Ancaq soyad, hansısa bir terrorçunun müsəlman olması heç də geniş mənada İslamın terrorla əlaqələndirilməsinə əsas ola bilməz. 

Sübut olunmuş həqiqətdir: Silsilə terrorlar törədən və İslam dininə aid olduğu bildirilən təşkilatları əksər hallarda islamafob dairələr, hətta ayrı-ayrı dövlətlər maliyyələşdirirlər. Burada geosiyasi amillər də az rol oynamır.

İslam dininin əxlaq qaydaları, kodeksi “Quran”da əks olunub. Bu kitab başdan ayağa insanları saflığa, humanizmə, birgəyaşayışa çağıran, nifrətə, qarşıdurmaya, nifaqa “yox” deyən ibrətamiz kəlamlardan ibarətdir. İslam dininin məqsədi kamil insan yetişdirmək, hüzur və sülh şəraitində yaşayan cəmiyyət meydana gətirməkdir. Bunun üçün müqəddəs dinimiz sevgini, mərhəməti, ədaləti, qardaşlığı, həmrəyliyi, yardımlaşmağı, ehtiyacı olana əl tutmağı təbliğ edir. Belə bir humanist dinin terrorla nə əlaqəsi ola bilər? Ümumiyyətlə, İslam fəlsəfəsində qisas zəminində zorakılıq yolu ilə insanlara işgəncə verməyə və ya onların yaşamaq hüqunu əlindən almağa qadağa qoyulub. Məhəmməd Peyğəmbər buyurur ki: “Mərhəmət edənə Allah da mərhəmət edər. Siz yer üzündəkilərə, bütün canlılara mərhəmət edin ki, göy üzündəkilər də (Allah və mələklər) sizə mərhəmət etsin” (“Səhihi-Tirmizi”). Digər hədisində isə “Quran” “Müsəlman əlindən və dilindən kimsənin zərər görmədiyi, insanların hər mövzuda ondan əmin olduqları kimsədir” (“Səhihi-Buxari”) - buyuraraq, şiddət və terrorun kökünü kəsəcək prinsipləri ortaya qoyur. Əsl İslam saxtakarlıqdan uzaqdır. İslamın mənəvi daşıyıcıları ona sədaqətlə xidmət göstərirlər. Qeyd olunan fundamental dəyərlərin fonunda İslamın terrorla eyniləşdirilməsi ən azından vicdansızlıqdır. İslama çamur atan cəmiyyətlər əslində müəyyən siyasi dairələrin və qüvvələrin girovluğunda qalıblar. Belə cəmiyyətlərdə insanların beyinləri zərərli təbliğatlarla “yuyulur” və onlara İslam etiqadına sığınan insanlara nifrət aşılanır. Bunun günahı isə İslam mədəniyyətində deyil.

Quran”ın yandırılması yolverilməzdir

Son vaxtlarda “qoca qitə”nin ayrı-ayrı ölkələrində “Quran”ın yandırılması kimi pis ənənə geniş intişar tapıb. Ötən il və cari ilin əvvəlindən bəri müqəddəs kitabımız İsveçdə, Danimarkada, Niderlandda yandırılıb və bu cinayət dövlətlərin təmsilçilərinin - hüquq-mühafizə orqanlarının əməkdaşlarının gözü önündə törədilib. Müqəddəs kitabımıza əl uzadanları heç kim dayandırmağa cəhd göstərməyib, onlara cəza kəsilməyib. Avropada İslam dəyərlərini aşağılayan ölkələrin siyahısında özünü “demokratiya beşiyi” adlandıran Fransa da yer alır.  Bu ölkədə nəşr olunan və hakimiyyətin siyasi sifarişlərini yerinə yetirən “Charlie Hebdo” jurnalının səhifələrində dəfələrlə İslam dinini, Məhəmməd Peyğəmbəri ələ salan karikaturalar yerləşdirilib. İslam dininin fundamental dəyərlərinə hörmətsiz münasibət həmçinin Hindistanda da vaxtaşırı təkrarlanır. Ötən il mayın sonunda Hindistanın hakim Bharatiya Janata Partiyasının (BJP) sözçüsü Nupur Şarma televiziyada debatda çıxış edərək Məhəmməd Peyğəmbər haqda təhqiramiz ifadələr işlədib. Partiyanın digər üzvü Kumar Cindal da “Twitter” səhifəsində Peyğəmbər haqqında bəzi aşağılayıcı ifadələr söyləyib.

Azərbaycanın dövlət başçısı ayrı-ayrı ölkələrdə ksenofobiyanın, İslama qarşı hücumların genişlənməsindən narahatlığını dilə gətirməklə əslində həmin ölkələrin cəmiyyətlərinə və dövlətlərinə çağırış edib. “Quran”ın yandırılmasının, Məhəmməd Peyğəmbərin təhqir edilməsinin, bütövlükdə İslamın aşağılanmasının demokratik dəyərlərlə bir araya sığdığını hansı məntiqlə əsaslandırmaq mümkündür? Burada sağlam məntiq anlayışından danışmaq mümkün deyil.

Sonda böyük İslam mədəniyyətini, “Quran” və Məhəmməd Peyğəmbəri hədəf alanlara, gözəl, nəcib dinimizi terrorla eyniləşdirənlərə zəruri bir xatırlatma etmək istərdik. Məhəmməd Peyğəmbər ona əzab-əziyyət verənləri, hətta sui-qəsd etməyə cəhd göstərənləri belə bağışlayıb, insanlarla daim təmkinlə və anlayışla davranıb. Müqəddəs kitabımızın “Ali İmran” surəsinin 159-cu ayəsində Allah Rəsulunun bu tolerant davranışına işarə edilərək buyurub: (“Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər...”.

İslamı terrorla eyniləşdirməyə cəhd göstərənlərin çirkin əməllərinə rəğmən, müqəddəs dinimizə atılan ləkələr ona qətiyyən yapışmır. Dünyada İslam dininə və mədəniyyətinə sığınan insanların sayı durmadan artır. Nicat, xilas yolu da budur! İnsanların İslamın cazibə dairəsinə düşmələrinin və bundan özlərini xoşbəxt sanmalarının sirri isə dinimizin saflığında və humanistliyindədir.

MÜBARİZ

Paylaş:
Baxılıb: 549 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31