Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Möhkəm təməlli iki dost ölkə...

Möhkəm təməlli iki dost ölkə...

19.08.2023 [10:20]

Azərbaycan-Özbəkistan

Son vaxtlarda KİV-in manşetlərində Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin isə Azərbaycana səfər edəcəklərinə dair xəbərlər tez-tez yayılır. Bir qayda olaraq İlham Əliyev Özbəkistanda, Şavkat Mirziyoyev Azərbaycanda əziz qonaq kimi qarşılanırlar və onlar məmnuniyyətlə bildirirlər ki, bu səfərlər zamanı özlərini evlərindəki kimi hiss edirlər. İki dost ölkənin liderləri müxtəlif beynəlxalq və regional platformalarda da müntəzəm olaraq görüşür, aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparır, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı yeni təşəbbüslər irəli sürürlər. Xatırladaq ki, bir qədər bundan əvvəl Şavkat Mirziyoyev qələbə qazanaraq növbəti dəfə Özbəkistanın Prezidenti seçildikdən sonra ona ilk telefon açan və səmimi təbriklərini çatdıran dövlət başçısı məhz Azərbaycan Prezidenti oldu. Eyni zamanda, Şavkat Mirziyoyev dövlət başçısı seçildikdən sonra xarici ölkələrə ilk səfərini məhz Azərbaycana edəcək - yaxın günlərdə onun ölkəmizə səfərə gələcəyi gözlənilir. Bütün bunlar Azərbaycanda və Özbəkistanda həm liderlər, həm də cəmiyyətlər səviyyəsində qarşılıqlı münasibətlərin dərinləşməsinə necə böyük  önəm verildiyini əyani şəkildə təsdiqləyir.

Getdikcə genişlənən iqtisadi əməkdaşlıq

Azərbaycanla Özbəkistan arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da genişlənir. “Azərbaycan Cənubi Qafqazda Özbəkistanın əsas tərəfdaşıdır”. Bu fikri Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini Şerzod Fayziyev Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda keçirilən “Dəyirmi masa”da ifadə edib. O vurğulayıb ki, Özbəkistan və Azərbaycan ticarət-iqtisadi və nəqliyyat layihələrində sıx əməkdaşlıq edir. Əməkdaşlığımız bundan sonra yalnız daha da güclənəcək. Ş.Fayziyev Azərbaycanın sürətlə inkişaf etdiyini, beynəlxalq nüfuzunun artdığını və bunda Prezident İlham Əliyevin əsas rol oynadığını bildirib.

Özbəkistan ilə ticarətimizdəki 64.0 faizlik artım birgə dövriyyəmizi 111milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb. Hazırda Özbəkistanda Azərbaycan kapitalına malik 204 şirkət fəaliyyət göstərir. Respublikamız dost ölkənin iqtisadiyyatına 12 milyon ABŞ dolları investisiya qoyub. Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin direktor müavini Muxsinjon Xolmuxamedovun verdiyi məlumata əsasən Azərbaycan şirkətlərinin Özbəkistanda əsas fəaliyyət sferaları maşınqayırma və metallurgiya, yüngül sənaye, qida məhsullarının istehsalı, yaşayış evlərinin tikintisi, xidmət və digər sahələrdir. M.Xolmuxammedovun fikrincə, Azərbaycan bazarı da öz növbəsində Özbəkistan üçün xüsusi maraq kəsb edir. “Kənd təsərrüfatı istiqamətində, xüsusən EKTİS (Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi) layihəsi çərçivəsində əməkdaşlığı genişləndirə bilərik. EKTİS kimyəvi və neft emalı sahələrində birgə layihələrin işlənildiyi elektron informasiya sistemidir”, - deyə o əlavə edib.

Azərbaycanla Özbəkistan arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsindən söhbət açarkən birgə hökumətlərarası komissiyanın uğurlu fəaliyyətinin önəmini xüsusi qeyd edə bilərik. Cari il iyulun 18-də mədəniyyət paytaxtımız Şuşada Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyanın 12-ci iclası keçirilib. Tədbirdə bildirilib ki, iqtisadi əlaqələrin inkişafında mühüm platforma olan Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti qarşılıqlı səylərlə daha da aktivləşdirilib. Qonaqlara  Azərbaycanın əlverişli biznes və investisiya mühiti, azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma və bərpa, həmçinin biznesin dirçəldilməsi işləri, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib, özbəkistanlı investorlar ölkəmizdə yaradılan işgüzar mühitdən yararlanmağa dəvət ediliblər. Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri barədə məlumat verən iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, iqtisadi-ticarət, investisiya tərəfdaşlığımız genişlənir. Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması da investisiya əməkdaşlığının, işgüzar dairələr arasında dialoqun inkişafına yeni təkan verəcək. Bundan başqa, enerji, regionlararası əməkdaşlıq, sənaye, xüsusilə avtomobil sənayesi, tekstil, kənd-təsərrüfatı, nəqliyyat-tranzit, səhiyyə, turizm, humanitar və digər sahələr üzrə əlaqələrin inkişafı iqtisadi əməkdaşlığımızın gündəliyində olan məsələlərdəndir.

Mədəniyyət paytaxtımızda baş tutan iclasın sonunda Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədə əsasən iqtisadi-ticarət, enerji, nəqliyyat, innovasiyalar və startaplar, səhiyyə, kənd təsərrüfatı, qida təhlükəsizliyi, su təsərrüfatı, turizm, humanitar və sosial sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Tədbirdə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın Yenidənqurma və İnkişaf Fondu arasında Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında saziş, həmçinin energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənədlər imzalanıb.

Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyanın iclasında həmçinin Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) təqdimatı olub. ƏAİZ-nın Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov iclas iştirakçılarına Ələt Azad İqtisadi Zonasının strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, habelə ƏAİZ-də investorlara təqdim edilən istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri və maliyyə və qeyri-maliyyə imtiyazlar paketi haqqında geniş məlumat verib. 

Tarixi bağlılıq əsasında qurulan möhkəm dostluq münasibətləri

Getdikcə dərinləşən Azərbaycan-Özbəkistan əlaqələrini sıx bağlılıq əsasında qurulan möhkəm dostluq münasibətləri kimi səciyyələndirə bilərik. Bu münasibətlər qədim tarixə malikdir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.

Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyədək iki ölkə arasında 154 sənəd imzalanıb.

Azərbaycanla Özbəkistan arasında getdikcə genişlənən münasibətlər ilk növbədə çoxvektorlu olması ilə diqqət çəkir. Təqdirəlayiq haldır ki, ölkələrimizin daha da yaxınlaşmasına həm dövlətlər və liderlər güclü siyasi iradə sərgiləyirlər, həm də buna cəmiyyətlər səviyyəsində böyük istək var. Liderlər arasındakı səmimi münasibətlərdən də göründüyü kimi, iki ölkə arasında siyasi dialoq öz intensivliyi ilə səciyyələnir.

Ötən ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana baş tutan uğurlu dövlət səfəri çərçivəsində iki ölkənin prezidentləri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”ni imzalayıblar. Prezident İlham Əliyev mətbuata verdiyi Bəyanatında sənədin qlobal xarakter daşıdığını deyərək vurğulayıb ki,  bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir. Eyni zamanda, Özbəkistan Prezidentinin respublikamıza gözlənilən səfərinin qarşılıqlı münasibətlərdə yeni bir səhifə açacağına böyük əminlik var.

Perspektivli əməkdaşlıq istiqamətləri

Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın bir sıra perspektivli istiqamətlərini sadalamaq mümkündür. Məsələn, Özbəkistan Azərbaycana bu ölkənin müəssisələrinin bazasında dəmir yolu vaqonlarının tikintisini və təmirini təklif edib. Özbəkistan Nəqliyyat Nazirliyinin mətbuat xidməti bu barədə bir neçə gün bundan əvvəl məlumat yayıb. Bildirilir ki, 2001-ci ildə Özbəkistan Dəmir Yollarının strukturunda sərnişin vaqonlarının tikintisi və təmiri üzrə Daşkənd zavodu tikilib. Müəssisə ildə 450 vaqonun əsaslı təmirinə və 40-a qədər yeni vaqon yığılmasına imkan verir.  2013-cü ilin sentyabr ayında şirkət “Töküm-mexanika zavodu”nda ümumi dəyəri 150 milyon ABŞ dolları olan vaqonların təmiri bazasının modernləşdirilməsini və yük vaqonlarının tikintisinin təşkilini həyata keçirib. Hər iki müəssisənin məhsullarına Avrasiya İqtisadi İttifaqının uyğunluq sertifikatları var.

“Nəqliyyat Nazirliyi tərəfindən Özbəkistanda Azərbaycanın dəmir yolu vaqonlarının tikintisi və təmiri təklif olunub”, - Mərkəzi Asiya Respublikasının Nəqliyyat Nazirliyinin saytında yerləşdirilən məlumatda belə deyilir.  Nazirlikdən əlavə ediblər ki, tərəflər, həmçinin nəqliyyat və logistika sahəsində ikitərəfli əməkdaşlığın gələcək inkişafı məqsədi ilə 2023-2024-cü illər üçün birgə yol xəritəsinin hazırlanması barədə razılığa gəliblər.

Azərbaycanın və Özbəkistanın müvafiq  nazirliklərinin nümayəndələri iki ölkə arasında “E-Permit” elektron icazə mübadiləsinin tətbiqi təklifi ilə çıxış ediblər. Həmçinin sistemin avtomobil nəqliyyatı ilə yüklərin daşınmasının asanlaşdırılmasında və ilkin məlumatların mübadiləsində rolu xüsusi qeyd edilib.

Yaşıl enerji” gündəliyi

İki dost ölkə arasında “yaşıl enerji” əməkdaşlığı da kifayət qədər cəlbedici görünür. Hazırda “yaşıl iqtisadiyyat”a keçid bütün dünyada böyük aktuallıq daşıyan çağırışlardan biridir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2024-cü ilə qədər dünyada bərpa olunan mənbələr hesabına enerji istehsalı 2018-ci illə müqayisədə 50 faiz artacaq və 2025-ci ildə dünya üzrə elektrik istehsalının 33 faizini təşkil edəcək. Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi bərpaolunan enerji mənbələrinin payına düşəcək. Ən çox artım isə günəş və külək enerjisi istehsalında gözlənilir - müvafiq olaraq 60 və 30 faiz səviyyəsində.

Karbohidrogen resursları ilə zəngin olan Azərbaycan da elektrik enerjisi istehsalında “yaşıl enerji”nin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, respublikamız bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngin olan bir diyardır. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən, külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Azərbaycan dövləti  bu potensialdan daha səmərəli istifadə olunmasına güclü siyasi iradə nümayiş etdirir. Hazırda Abşeron yarımadasında və işğaldan azad olunmuş ərazilərdə müvafiq layihələr uğurla icra edilməkdədir.

Eyni zamanda, dinamik inkişaf yolunda olan Özbəkistan da yaşıl iqtisadiyyata sürətli keçid etməyi hədəfləyib. Bu ölkə qarşıdakı bir neçə ildə bərpa olunan enerji istehsalını 25 min meqavata çatdırmaq niyyətindədir. Burada 2025-ci ilə qədər 10 günəş və külək elektrik stansiyasının tikintisi gözlənilir. 2026-cı ilə qədər isə təxminən 3 qiqavata qədər enerji istehsalı planlaşdırılır. 2030-cu ildə bu rəqəmin 8 qiqavatadək artırılması hədəflənib.

“Azərbaycan və Özbəkistan bərpa olunan enerji mənbələri üçün komponentlərin istehsalı üzrə birgə müəssisə yarada bilər”. Bunu Bakıda keçirilən “Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri” adlı “Dəyirmi masa”da Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun rəhbəri Milana Bazarova deyib. Onun sözlərinə görə, Azərbaycan və Özbəkistanın bu istiqamətdə böyük potensialı var və bu təşəbbüs qarşıya qoyulan məqsədlərə nail olmağa kömək edəcək. Fikirlərinə davam edən M.Bazarova vurğulayıb ki, bərpa olunan enerji sektoru həm Özbəkistan, həm də Azərbaycan üçün strateji inkişaf istiqaməti kimi aktualdır: Bunu nəzərə alsaq, komponentlərin istehsalı üzrə birgə müəssisənin yaradılması məqsədəuyğun olardı. Onun sözlərinə görə, ölkələr dünyada getdikcə populyarlaşan “hidrogen iqtisadiyyatı” sahəsində də əməkdaşlıq edə bilər.

Qarabağda Özbəkistan məktəbi

Özbəkistanı “daim Azərbaycanın yanında olan ölkə” kimi də adlandıra bilərik. Özbəkistan keçmiş Qarabağ münaqişəsi ilə bağlı məsələdə həmişə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Vətən müharibəsi dövründə Özbəkistan Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə, münaqişəni sülh yolu ilə həll etmək üçün diplomatik danışıqlara başlamağa çağırıb. Özbəkistan tərəfi Müstəqil Dövlətlər Birliyinin sədri kimi dostluq, mehriban qonşuluq və qarşılıqlı etimad münasibətlərinin möhkəmləndirilməsinin, MDB məkanındakı mübahisələrin beynəlxalq hüququn normalarına uyğun olaraq sülh yolu ilə həllinin vacibliyini bir daha təsdiqləyib.

Türk Dövlətləri Təşkilatının 2021-ci il 31 mart tarixində (həmin vaxt Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlanırdı) keçirilən videokonfrans formatında qeyri-formal Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı “Dağlıq Qarabağın qaytarılması və tarixi ədalətin bərpası” münasibətilə təbrik edib.

Qeyd etməliyik ki, Özbəkistan hələ 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub.

2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirib. Hazırda  960 şagird yerlik həmin məktəb binasının tikintisi tamamlanmaq üzrədir. Ehtimal olunur ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizə növbəti səfəri çərçivəsində Prezident İlham Əliyevlə birlikdə Füzuliyə gedəcək və məktəbin açılışına qatılacaq.

Özbəkistandakı Heydər Əliyev adına AMM-nin uğurlu layihəsi

Azərbaycanı və Özbəkistanı həm də möhkəm mədəni əlaqələr bağlayır. Cari ilin iyun ayında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi və təşkilatçılığı ilə Daşkənd və Səmərqənd şəhərlərində “Azərbaycan musiqisi günləri” keçirilib.

Özbəkistan Dövlət Konservatoriyasında təşkil olunan tədbirdə dövlət və hökumət nümayəndələri, diplomatlar, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar iştirak ediblər.

AMM-in direktoru Samir Abbasov çıxış edərək “Azərbaycan musiqisi günləri”nin ulu öndər Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edildiyini bildirib. O, Azərbaycanın zəngin mədəniyyəti, dünya sivilizasiyasına verdiyi töhfələr, milli musiqimiz, muğam sənətimiz haqqında məlumat verib, Azərbaycan və özbək xalqlarının tarixi yaxınlığı, dövlətlərimiz arasında günü-gündən inkişaf edən münasibətlərdən danışıb.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov Heydər Əliyevin Özbəkistanla Azərbaycan arasındakı əlaqələrin inkişafındakı müstəsna xidmətləri barədə söz açaraq Ulu Öndərin anadan olmasının 100 illiyinin yalnız Azərbaycanda deyil, Türk dünyasının müxtəlif ölkələrində, o cümlədən Özbəkistanda da geniş qeyd olunduğunu diqqətə çatdırıb.

Daha sonra layihə çərçivəsində Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova “Can Azərbaycandan can Özbəkistana sevgilərlə” adlı konsert proqramı ilə çıxış edib. Azərbaycan və özbək mahnılarını ifa edən xanəndənin çıxışı alqışlarla qarşılanıb.

Konsertdə özbək estradasının ulduzu, əfsanəvi “Yalla” qrupunun solisti, Xalq artisti Fərrux Zakirov səhnəyə çıxaraq Gülyanaq Məmmədova ilə birgə Azərbaycan və özbək mahnılarını ifa edib. Özbəkistanda yaşayan tanınmış aşıq İlham Abdullayev milli oyun havalarımızı səsləndirib. AMM-in rəqs kollektivi isə milli rəqslərimizi təqdim edib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 222 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünyaya sülh gərək!

21 Sentyabr 11:45

İqtisadiyyat

MEDİA

Vətən naminə...

21 Sentyabr 11:35

Xəbər lenti

Xəbər lenti

Antiterror tədbirləri

21 Sentyabr 11:20

Siyasət

Xarici siyasət

İrəvan qarışıb

21 Sentyabr 11:12

Siyasət

Xəbər lenti

3 bəyanat, 1 hesabat...

21 Sentyabr 11:07

Xəbər lenti

Siyasət

Yevlax görüşü...

21 Sentyabr 10:36

Siyasət

Növbəti ikili standart

21 Sentyabr 10:22

Siyasət

Əsrə bərabər 1 gün!

21 Sentyabr 10:01

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30