Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 28 apreldə Azərbaycan işğal olunub...

28 apreldə Azərbaycan işğal olunub...

30.08.2023 [10:10]

Azərbaycan Demokratik Respublikası zorakılıqla ləğv olunub. Əgər biz bunu qeyd etməsək, yenə də xalqın qarşısında ikiüzlü olarıq. Mənim fikrim budur!

30 avqust 1991

Artıq 30 ildən çoxdur ki, Azərbaycan müstəqil dövlət kimi inkişaf edir. Üçrəngli bayrağımız BMT-nin, digər nüfuzlu beynəlxalq təşkilatların önündə əzəmətlə dalğalanır. Müstəqil dövləti olmaq hər bir xalq üçün böyük xoşbəxtlikdir. Yer üzündə xalqların sayı çox olsa da, müstəqil dövlətlərin sayı bundan xeyli azdır.

Azərbaycan xalqının müstəqilliyə gedən yolu heç də hamar olmayıb. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamızda müstəqillik uğrunda hərəkatda müşahidə edilən proseslər kifayət qədər ziddiyyətli idi. Belə ziddiyyətli proseslərdə yer alan siyasi qruplar və şəxslər sırasında Heydər Əliyevin aydın fikirləri, prinsipial, güzəştsiz mövqeyi xüsusilə diqqət çəkirdi. Düzdür, o vaxtlarda respublikanın rəhbərliyi və müstəqillik hərəkatına qoşulan qüvvələr Heydər Əliyevin gələcək müstəqilliyimiz üçün verə biləcəyi töhfələri, Onun bu tarixi prosesdə rolunu lazımınca qiymətləndirmirdilər və yaxud bunu istəmirdilər. Belə münasibətə baxmayaraq, Ulu Öndər düzgün hesab etdiyi yoldan - müstəqillik yolundan geri çəkilmir və bu məqsədlə sözün əsl mənasında fədakarlıqlar sərgiləyirdi. Bu baxımdan Ulu Öndərin respublika Ali Sovetinin  30 avqust 1990-cı il tarixində  baş tutan sessiyasındakı çıxışı xüsusilə xarakterikdir.

Ulu Öndər 1969-cu ildən etibarən müəyyən fasilələrlə fərqli ideoloji sistemlər çərçivəsində iki dəfə Azərbaycana rəhbərlik edib. Ancaq ideoloji-siyasi sistemlər nə qədər fərqli olsa da, müstəsna idarəçilik, təşkilatçılıq qabiliyyətini özündə cəmləşdirən və düşüncələri ilə həmişə zamanı qabaqlayan Heydər Əliyev həm keçmiş sovet dönəmində, həm də SSRİ-nin süqutundan sonrakı mərhələdə Azərbaycanın müstəqilliyi üçün fundamental əsaslar yaratmağa nail olan nadir tarixi şəxsiyyətdir. Keçmiş sovet dönəmi sərt qadağaları və məhdudiyyətləri ilə fərqlənirdi. Bu sistem daxilində milli kimliyin qabardılması, önə çəkilməsi yasaq idi. Belə bir şəraitdə Heydər Əliyev respublikanın rəhbəri kimi, təbii ki, açıq şəkildə müstəqillik ideyalarını təbliğ edə bilməzdi. Ancaq O, süni yaradılan ittifaq dövlətinin aqibətini yaxşı təsəvvür edirdi, buna görə də gələcəyi düşünərək, nə vaxtsa Azərbaycanın da yenidən müstəqilliyə qovuşacağına inanaraq bunun üçün zəruri olan iqtisadi zəmin yaratdı. Eyni zamanda, Ulu Öndərin azərbaycançılıq fəlsəfəsi, milli mədəniyyətimizə, ənənələrimizə, dilimizə qayğısı, xaricdə yaşayan soydaşlarımızla əlaqələrin genişlənməsi hər bir azərbaycanlıda milli mənlik şürunu, milli kimliyinə görə qürur hissini gücləndirdi ki, bu ideoloji baza olmadan müstəqillik barədə düşünmək belə absurddur.

Sonrakı mərhələdə Heydər Əliyev Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsini açıq müstəviyə keçirdi. Məlumdur ki, keçmiş ittifaq rəhbərliyinin getdikcə artan təzyiqləri ilə üzləşən Ulu Öndər 1990-cı ildə Moskvadan Bakıya qayıtmaq məcburiyyətində qaldı. Lakin imperiya nökərləri-bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin Bakıya qayıdışını kresloları üçün təhlükə hesab edərək Onun paytaxtda qalmasını əngəllədilər. Ulu Öndər doğulduğu Naxçıvana üz tutdu və burada insanlar Onu böyük sayğı ilə qarşıladılar. Ulu Öndər həyatının və fəaliyyətinin Naxçıvan dövründə müstəqilliyimiz üçün zəruri olan bir sıra addımların atılmasına nail oldu. Muxtar Respublikanın Ali Sovetinin Heydər Əlyevin sədrliyi ilə 17 noyabr 1990-cı il tarixində keçirilən sessiyasında Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək onun Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.

O dövrdə Ulu Öndərin atdığı bu kimi addımlar böyük cəsarət nümunəsi idi. Qeyd etmək yerinə düşər ki, bəhs olunan dövrdə hələ sovet ittifaqı çökməmişdi, kommunist partiyası fəaliyyət göstərirdi. Heydər Əliyev isə təhdidlərdən, Özü və ailəsi üçün yarana biləcək təhlükələrdən çəkinməyərək respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail oldu. Eyni zamanda, Ulu Öndər xalqda müstəqillik uğrunda mübarizə əzmini möhkəmləndirməyə çalışırdı. Onun çağırışı ilə Naxçıvanın  1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda qarşısıalınmaz mübarizə əzmi yaratdı.

Heydər Əliyevin Azərbaycanın müstəqilliyinə nail olunması uğrunda fəaliyyəti və mübarizəsi respublikanın o vaxtkı rəhbərliyini və hansısa məqsədlər naminə müstəqillik hərəkatında yer alan qüvvələri qane etmirdi. Hələ də ittifaq mərkəzindən gələn qərarları sözsüz yerinə yetirməyi özünə borc sanan keçmiş hakimiyyət kreslosu, hərəkata soxulmuş qüvvələr isə öz ambisiyaları naminə “kənar qüvvəni” - Heydər Əliyevi proseslərdən uzaqlaşdırmağa çalışırdılar. Elə respublika Ali Sovetinin bəhs etdiyimiz sessiyasında da Heydər Əliyevin çıxışına maneçilk törətməyə cəhdlər göstərildi. İclas zalındakı deputatların bir qismi hay-küy salmaqla, əsassız mövzuları gündəmə gətirməklə, ayaqlarını döşəməyə vurmaqla Heydər Əliyevin müstəqilliklə bağlı fikirlərini ifadə etməsinə maneçilik törətməyə çalışırdılar.  Ancaq dəmir iradəyə malik  Heydər Əliyev törədilən süni maneələrə baxmayaraq, sessiyada tarixi çıxışını etdi, bununla da uzaqgörənliyini və cəsarətini, xalqına və müstəqilliyimizə sarsılmaz sədaqətini növbəti dəfə ortaya qoydu. Tarixi əhəmiyyətini nəzərə alaraq həmin çıxışı təqdim edirik.

AZƏRBAYCANIN MÜSTƏQİLLİK BƏYANNAMƏSİ İLƏ BAĞLI AZƏRBAYCAN ALİ SOVETİNİN

30 AVQUST 1991-Cİ İL TARİXLİ SESSİYASINDA

HEYDƏR ƏLİYEVİN ÇIXIŞI

Çox mühüm məsələ həll olunur, Tarixi məsələdir. Bunu tələm-tələsik həll etmək olmaz. Azərbaycan xalqı qarşısında parlament tərəfindən öz üzərinə böyük məsuliyyət götürmək deməkdir. Tofiq Köçərlinin durub hər suala cavab verməsinə, səlahiyyəti yoxdur.

BİRİNCİ. Mən hesab edirəm ki, bu məsələ müzakirə olunmalıdır. Yenə də deyirəm, bunu belə tələm-tələsik keçirmək olmaz. Bu barədə iki, üç kəlimə demək istəyirəm. Çox qəribədir, martın 7-dən 10-na qədər keçirilən Ali Sovetin sessiyasında bir çox deputatlar, o cümlədən mən də Azərbaycanın müstəqilliyini təklif edərkən bizim əleyhimizə cürbəcür hücumlar başlandı. Və A.Mütəllibovun o qədər də dərin mənalı olmayan əsassız çıxışından sonra hamı hay-küylə səs verdi ki, Azərbaycanın müstəqilliyi ola bilməz və bir referenduma getməliyik, yəni ittifaq müqaviləsini imzalamalıyıq (salonda səs küy).

Xahiş edirəm, Elmira xanım, şərait yaradın, sözümü deyim. Xahiş edirəm (səs-küy). Mən xahiş edirəm. Mənim deputatlıq... (səs-küy).

Tələm-tələsik referendum keçirildi. Azərbaycanın ittifaq müqaviləsinə getməsi haqqında qərar qəbul olundu, belə olan halda indi xalqın iradəsi olmadan bu cür qərarın ya bəyanatım qəbul olunması qanunu pozmaq deməkdir. Mən bu bəyanatın qəbul olunmasının əleyhinə deyiləm, ancaq bu bəyanatı indi qəbul edib xalqa müraciət etmək lazımdır. Qısa müddətdə, 3-4 gün içərisində referendum keçirmək lazımdır və referendumun nəticəsinə görə sessiya yığışıb bu qərarı qəbul etməlidir. Bağışlayın, fikrimi deyirəm.

İKİNCİ. Mən mart ayında da demişdim. İkiüzlü siyasət aparmaq olmaz. Bu qərar bu gün konyunktur xarakter daşıyır, başqa yerlərdə qərar qəbul olunur. Demək, biz də qərar qəbul etməliyik.

Biz artıq gecikmişik. Bu bəyanatın mətninə mütləq əlavə olunmalıdır ki, 1920-ci il aprelin 28-də Azərbaycan işğal olunub. Mən Azərbaycan Kommunist Partiyasına 14 ilə yaxın rəhbərlik etmişəm, 28 aprel inqilabını ömrüm boyu tərənnüm etmişəm və mən tam qətiyyətlə deyirəm, 28 apreldə Azərbaycan işğal olunub. Azərbaycan Demokratik Respublikası zorakılıqla ləğv olunub. Əgər biz bunu qeyd etməsək, yenə də xalqın qarşısında ikiüzlü olarıq.

Mənim fikrim budur.

Paylaş:
Baxılıb: 442 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31