Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qarabağa yardım karvanı yollandı

Qarabağa yardım karvanı yollandı

30.08.2023 [10:20]

Ölkəmiz erməni əsilli vətəndaşlarımızın təminatını üzərinə götürmək iqtidarındadır

44 günlük Vətən müharibəsində qazanılan zəfər Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı yeni siyasi situasiya formalaşdırdı. Azərbaycan özünün suveren ərazilərinə hakim olmaqla, nəzarət etməklə yanaşı, beynəlxalq hüququn aliliyini də təmin etmiş oldu. İlk növbədə BMT TŞ-nın məlum 4 qətnaməsi 30 ilə yaxın müddətdən sonra icra olundu. Sonrakı mərhələdə isə regionda sülhün formalaşdırılması istiqamətində Ermənistan ilə danışıqlar prosesinə start verildi. Təəssüfləndirici haldır ki, İrəvanın qeyri-konstruktiv davranışları bu mərhələnin də uğurla yekunlaşmasına mane olur. Ermənistan yürütdüyü ikiüzlü siyasət ilə prosesin tez bir zamanda bitməsini ləngidir. Vaxtilə Azərbaycan torpaqlarında mövxcud olmuş separatçı qondarma rejim və Qarabağdakı erməni əhalinin “hüquqları” məsələsi isə İrəvanın siyasi spekulyasiya vasitələrindən birinə çevrilib. Tez-tez bu mözular üzərindən ölkəmizə qarşı manipulyasiya həyata keçirən Ermənistanın yeni oyunları isə bu ilin aprelində Laçın rayonu ərazisində formalaşdırılan dövlət sərhəd buraxılış məntəqəsinin üzərinə qurulub. Aylardır ki, bu postun fəaliyyətini “qeyri-qanuni” elan etmək üçün bütün vasitələrə əl atan Ermənistanın apardığı siyasət fiaskoya uğradı. Hətta xarici havadarlarının əli ilə başlatdığı “humanitsar blokada” oyunu da baş tutmadı - BMT TŞ-nın avqustun 16-da keçirilən müzakirələrində ortaya çıxan beynəlxalq rəy Azərbaycanın irəli sürdüyü təkliflərin dəstəklənməsini təmin etdi. Beləliklə, “humanitar blokada” oyunu da baş tutmadı.

Qarabağın erməni əhalisi Azərbaycan vətəndaşlarıdır

Azərbaycan atdığı bütün addımlarda beynəlxalq hüquqa söykənir. Ölkəmizin Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması təklifi də bu amilə əsaslanır. Nəzərə alınmalıdır ki, ötən 4 ay ərzində Ermənistan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıyıb. Bu, həm də Xankəndi də daxil olmaqla Qarabağın bütövlükdə ölkəmizin suveren ərazisi kimi tanınması deməkdir. Beləliklə, Azərbaycanın irəli sürdüyü təkliflər tam şəkildə beynəlxalq konvensiyalara uyğundur. Bu, həm də ona dəlalət edir ki, Qarabağda yaşayan erməni əsilli əhali də Azərbaycan vətəndaşları kimi tanınır. Bunları göz önünə alaraq əsas məsələyə diqqət yetirmək lazımdır - bu gün Cənubi Qafqazın lider dövləti, aparıcı iqtisadiyyata malik ölkəsi və əsas güc mərkəzi kimi çıxış edən Azərbaycan özünün vətəndaşlarını bütün müstəvilərdə təmin etmək iqtidarındadır. Yəni, hər hansı bir “humanitar” yardıma ehtiyac yoxdur - ölkəmiz Qarabağdakı erməniləri ən yüksək səviyyədə təmin etmək gücündədir.

Qızıl Aypara 40 ton taxıl yolladı

Yeri gəlmişkən, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında bizim humanitar karvanımızın yola düşdüyünü dilə gətirib. O vurğulayıb ki, humanitar karvan Ağdam-Xankəndi yolu ilə yollanıb. Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndərilib: “Bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.

Burada diqqətçəkən məqamlardan biri Azərbaycan tərəfinin erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək təklifidir. Dövlətimiz Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə yenidən inteqrasiyasında qərarlıdır. Bu xüsusda, dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq üzrə Ermənistan öz öhdəliklərinə ciddi şəkildə riayət etməlidir.

Azərbaycan təminatı öz üzərinə götürməyə hazırdır...

Ən əsası isə dövlətimiz Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını və təminatını da öz üzərinə götürməyə hazırdır. Bu məsələ Azərbaycan tərəifndən hər zaman bəyan edilib ki, Ağdam-Xankəndi yolu ilə humanitar missiyanı reallaşdırmaq tam mümkündür - bu proses məhz dövlətimizin dəstəyi ilə baş tutmalıdır. Çünki kənar dəstək, Ermənistanın dəstəyi ilə humanitar yardımlar siyasi məqsəd daşıyır. Azərbaycanın mövqeyi budur ki, Qarabağ ermənilərinin cəmiyyətimizə reinteqrasiya prosesi sürətləndirilsin, bölgəni hərbisizləşdirilməklə dayanıqlı sülh təmin olunsun. Əks təqdirdə, biz görürük ki, Ermənistan vəziyyətdən sui-istifadə edir, Azərbaycanın humanist jestinə qarşı atəş açır, mövqelərimiz atəşə tutulur.

Xatırladaq ki, münaqişədən əvvəl Bakı-Ağdam-Xankəndi-Şuşa avtomobil yolu və Bakı-Ağdam-Xankəndi dəmir yolu xətti Qarabağın inkişafında önəmli rol oynayırdı. Münaqişə dövründə dəmir yolu xətti sıradan çıxsa da, avtomobil yolu ilə gediş-gəliş tamamilə mümkündür. Ona görə də, ermənilərin hər hansı bəhanəsinə yer yoxdur. Qeyd edilən yol həm logistik baxımdan, həm də effektivlik baxımından Laçın-Xankəndi yolu ilə paralellik təşkil edir. Bu yol ən müasir standartlarla hazırlanıb. 26 kilometr uzunluğa malik yolun təmiri ən qısa müddətdə və ən yüksək keyfiyyətlə həyata keçirilib. Bu yoldan istifadə həm də bütövlükdə reinteqrasiya prosesinə müsbət təsir göstərmək imkanındadır. Çünki Ağdam-Xankəndi yolu Bərdə-Ağdam yolunun davamıdır. Hazırda Bərdə-Ağdam avtomobil yolunun tikintisi də yekunlaşmaq üzrədir. Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 km təşkil edir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilib. Beləliklə, Azərbaycan bir neçə yol vasitəsilə Qarabağla təmasını formalaşdıracaq.  

Beynəlxalq aləmin ortaq rəyi: reinteqrasiyanı Ermənistan əngəlləyir

Beynəlxalq aləm artıq Ermənistanın qeyri-adekvat addımlarını, mövqeyini görür və lazımi şəkildə dəyərləndirir. Bu ayın əvvəlində 15 xarici vətəndaş cəmiyyəti təşkilatının Azərbaycan Respublikasının Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyasının Ermənistan Respublikası tərəfindən əngəllənməsi haqqında bəyanatı da buna misaldır. Bəyanatda qeyd edilirdi ki, çoxmillətli ölkə olan Azərbaycan ərazisində yaşayan ermənilərin və digər etnik azlıqların bərabər hüquqlar çərçivəsində, dinc şəkildə yaşaya və işləyə bilməsi üçün əlverişli mühit yaradır. Azərbaycan Respublikasının Konstitusiyası etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar şamil edir. sənəddə bildirilirdi ki, Azərbaycan Qarabağda su təchizatı, nəqliyyat və elektrik təchizatı ilə bağlı problemləri həll etmək üçün ixtisaslı şirkətləri cəlb etməklə uğurlu layihələr həyata keçirib. 2020-ci il müharibəsinin ardınca Azərbaycan yerli ermənilərin də istifadə etdiyi yeni, müasir tələblərə cavab verən Laçın yolunu çəkdi. Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyası eyni zamanda onların yaşayış standartlarını da yüksəldəcək.

Avqustun 16-da BMT TŞ müstəvisində keçirilmiş müzakirələr isə məsələyə demək olar ki, son nöqtəni qoydu. Aparıcı dövlətlər, hətta Ermənistana yaxınlığı ilə seçilən ölkə və təşkilatlar da Azərbaycanın haqlı mövqeyini dəstəklədi. Bu, regionla bağlı yeni reallıqların qəbul olunması deməkdir...

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 508 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31