Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 31 avqust Brüssel danışıqları

31 avqust Brüssel danışıqları

31.08.2023 [10:50]

İlk dəfə idi ki...

Ermənistan ilə Azərbaycanın arasında münasibətlərin normallaşması ilə bağlı proses artıq iki ilə yaxındır ki, davam edir. Ötən dövrdə keçirilən görüşlər, təmaslar bir neçə nüansı ilə xüsusilə seçilib. Məsələn, bu ilin mayında və daha sonra baş tutan görüşlərdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanımışdı. Ötən ilin bu günündə, yəni 2022-ci ilin avqustun 31-də baş tutan Brüssel görüşü də bir sıra məqamları ilə yaddaqalan olmuşdu.

Azərbaycanın sülh təşəbbüsləri...

Qeyd edildiyi kimi ötən ilin bu günündə Avropanın siyasi mərkəzi sayılan Brüsseldə Aİ Şurasının vasitəçiliyi ilə baş tutan və təxminən 4 saat davam etmiş Azərbaycanla Ermənistan arasında danışıqlar raundu bir sıra vacib detalları ilə yadda qalmışdı. Görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata bəyanatında görüşün səmərəli keçməsi ilə yanaşı, müzakirələrdə gündəlikdəki əsas predmetlərin hamısının əhatə olunduğunu bildirmişdi - Azərbaycan danışıqların bu raunduna da sülh prosesinə sadiq dövlət kimi gəlmişdi. 30 ilə yaxın müddətdə 20 faizə qədər torpağımızı işğal altında saxlayan, 2020-ci ildə baş vermiş 44 günlük müharibədə məğlub olan Ermənistandan fərqli olaraq Azərbaycan daim sülh təşəbbüsləri ilə seçilirdi - həmin görüşdə də ənənəvi sülhə sədaqət prinsipi bizim üçün prioritet təşkil edirdi. Sülh müqaviləsinin imzalanması regionda etimad mühitinin formalaşması və davamlı təhlükəsizliyin təmin olunması üçün isə Azərbaycanın İrəvana təklif etdiyi 5 bənddən ibarət təkliflər paketi masada idi. Təkliflər sırf beynəlxalq prinsiplərə istinad olunmaqla hazırlanmışdı və bu gün də aktuallığını qoruyub saxlayır. Təəssüfləndirici haldır ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi ötən bir il ərzində sülhün imzalanmasına əngəl törədib. Düzdür, bu bir ildə bir sıra irəliləyişlər nəzərə çarpıb - amma, regionda davamlı sülhün formalaşdırılması üçün zəmin yaransa da, Ermənistan bunun reallaşmasına mane olub.

“Dağlıq Qarabağ” ifadəsi işlədilmədi, “Minsk qrupu”na istinad olunmadı

2022-ci ilin 31 avqust danışıqları bir məqamı ilə də yaddaqalan olmuşdu - Şarl Mişelin görüşlə bağlı bəyanatında “Dağlıq Qarabağ” ifadəsi işlədilməmişdi, o cümlədən “ATƏT-in Minsk qrupu”na bu və ya digər şəkildə nə istinad edilmişdi, nə də prosesdə rolu haqqında danışılmışdı. Təbii ki, bunun da altında mühüm məqamlar yatırdı. Belə ki, 44 günlük müharibədə Qələbə qazanan Azərbaycan öz ərazilərini işğaldan azad etməklə yeni reallıqlar formalaşdırmışdı. Bu reallığın ən mühüm elementi isə heç şübhəsiz ki, “Dağlıq Qarabağ” münaqişəsinin birdəfəlik aradan qaldırılması olmuşdu.

Və yaxud ATƏT-in Minsk qrupuna gəldikdə, Ermənistanın təcavüzünün 30 il uzanmasının ən böyük baiskarlarından birisi məhz ATƏT-in Minsk qrupu sayılırdı. Ötən 30 il ərzində bu qurumun təmsilçilərinin fəaliyyəti bölgəyə turist səfərindən uzağa getməmişdi. Qurumun illər ərzində qeyri-prinsipial mövqe tutması, işğalçını öz adı ilə çağırmaması, təcəvüzkarla işğala məruz qalan tərəf arasında bərabərlik işarəsi qoyması bu nəticəyə yol açmışdı - Azərbaycan münaqişəni bu qurumun köməyi, dəstəyi olmadan özü həll etdi. Belə olan halda bəzi qüvvələrin, o cümlədən də Ermənistanın ATƏT-in Minsk qrupuna istinad etmələri ölü cana nəfəs vermək cəhdinə bənzəyərdi ki, Aİ Şurası Prezidenti buna imkan vermədi. Şarl Mişel öz bəyanatında qətiyyən ATƏT-in Minsk qrupuna istinad etmədi və “Dağlıq Qarabağ” sözü işlətmədi. Bu isə onu deməyə əsas verirdi ki, artıq Bakının irəli sürdüyü şərtlər danışıqların əsas yönverici amilinə çevrilib. Eyni zamanda, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində Aİ-nin vasitəçilik formatı var və Azərbaycanın daxili işi olan Qarabağ mövzusu müzakirə predmeti sayıla bilməz.

Ötən bir ildə...

Qeyd edildiyi kimi. Ötən 1 ildə bir sıra yeni reallıqlar meydana çıxıb. Laçın dövlət sərhəd buraxılış məntəqəsinin qurulması, Azərbaycanın öz suveren ərazilərinə nəzarət funksiyasına sahib olmaq uğrunda apardığı uğurlu fəaliyyət, eyni zamanda, ermənipərəst mərkəzlərin beynəlxalq aləmi aldatmaq cəhdlərinin fiaskoya uğraması cəhdləri ölkəmizin apardığı siyasətin düzgün istiqamətləndiyini təsdiqləyir. Ötən bir ildə Azərbaycan prosesə daha çox hakim olub - Ermənistan Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıyıb. Bu isə, İrəvanın həm də Xankəndini Azərbaycanın suveren ərazisi kimi tanıması deməkdir. Qət olunan bu yol böyük zəhmət sayəsində aşılıb - indiki mərhələdə hədəf 2023-cü ili sülh ili kimi tarixə salmaq niyyətidir. Ermənistan və bir sıra ermənipərəst dövlətlərin “israr”ına baxmayaraq ölkəmiz buna da nail olacaq - prosesin inkişafı buna doğru yol alıb...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 553 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31