Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Məğlub ölkədə Qərb və Rusiya cəbhələri

Məğlub ölkədə Qərb və Rusiya cəbhələri

22.09.2023 [10:36]

Mübariz FEYİZLİ

Ermənistanın riyakar siyasət apardığı bütün dünyaca məşhurdur. Məlum erməni xislətinə uyğun olaraq Ermənistan dövləti də öz siyasətində buqələmun kimi cilddən-cildə girməyi, mövqeyini və oriyentasiyasını tez-tez dəyişməyi adi hal sayır. İzlənilən proseslərə istinadən deyə bilərik ki, “daimi dostlar və yaxud müttəfiqlər” anlayişı Ermənistan üçün ümumiyyətlə yaddır. Bu ölkənin siyasəti sırf klanların maraqları üzərində qurulub. Ermənistanın özü kimə isə fayda verməyən bir subyektdir. Bu subyektin digərlərindən gözləntiləri, sümürüb almaq istədikləri isə nəhayətsizdir. Biz zaman-zaman Ermənistan iqtidarının müxtəlif çətirlər altına sığındığının şahidi olmuşuq. Belə təəssürat yaranır ki, ermənilər məhz başqalarının himayəsi altında olanda, arxalarında daha güclülərin dayandığını görəndə özlərini xoşbəxt sanırlar.

İndiki halda məğlub ölkədə proseslərə təsir göstərə biləcək qüvvələrin iki cəbhədə cəmləşdiyi fikrini ifadə edə bilərik. Bunlar Qərb və Rusiya cəbhələridir. Nikol Paşinyan iqtidarı Qərbə bağlıdır. O məhz Qərbin hazırladığı inqilab ssenarisi ilə hakimiyyətə gəlib və hazırda da bağlı olduğu qüvvələrə maşalıq etməyi özünün ən şərəfli missiyası sanır. Bundan ötrü Nikol Paşinyan Qərbin geosiyasi məsələlərdə dərin ədavətdə olduğu Rusiyaya qarşı cəbhə açıb. Bu ssenarinin perspektivi forpost ölkə üçün yaxşı heç nə vəd etmir. Əslində, bir vaxtlar Ermənistanın Rusiyaya asi çıxacağını heç təsəvvürə gətirmək də mümkün deyildi. Bu ölkə indiyədək bir dövlət kimi mövcudluğuna görə məhz Rusiyaya borcludur. Mənbələr təkzibolunmaz faktlarla sübut edir ki, Ermənistan zamanında indiki coğrafiyada – tarixi Azərbaycan ərazilərində məhz Rusiyanın hakim dairələrində çızılan ssenarilər əsasında yaradılıb və xüsusi məqsədlərlə həmişə şimal qonşumuz tərəfindən himayə olunub. Rusiya ilk növbədə geosiyasi maraqlarından çıxış etməklə Ermənistanın təhlükəsizliyinə təminatlar yaradıb, öz çətiri altında erməni xalqının xoşbəxtliyini təmin edib. Sonradan çoxsaylı mübahisələrə, onilliklər boyunca davam edən, öz arxasınca dərin humanitar böhran gətirən Qarabağda ermənilərə muxtariyyət verilməsi də məhz Kremlin təkidi ilə baş tutmuşdu. Eyni ssenarinin tərkib hissəsi olaraq yüz minlərlə azərbaycanlı indiki Ermənistan ərazisindən zorla deportasiya edilib və onların çıxarıldıqları ərazilərdə xaricdən köçürülən ermənilər məskunlaşdırılıblar.

Rusiyanın Ermənistana tarixdən gələn himayəçiliyi günümüzdək davam edib. Hazırda bu ölkənin iqtisadiyyatı, enerji təhlükəsizliyi böyük dərəcədə Rusiyadan asılıdır. Postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində vasitəçilik missiyasını həyata keçirən ölkələrdən biri Rusiyadır. Xatırladaq ki, məlum üçtərəfli Bəyanat – Ermənistanın kapitulyasiyası və həm də xilası sənədi -  məhz bu ölkənin təşəbbüsü və səyləri sayəsində imzalanıb. Müharibənin başa çatmasından sonrakı dövrdə Rusiyanın dövlət başçısının və digər yüksəksəviyyəli rəsmilərinin iştirakı ilə Moskvada və Soçidə bir neçə dəfə üçtərəfli formatda görüşlər keçirilib. Eyni zamanda, hazırda Ermənistanın Türkiyə və İranla olan dövlət sərhədlərini də Rusiya hərbiçiləri qoruyurlar. Ermənistanda dislokasiya olunan 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. Bu ölkə Rusiyaya məxsus hərbi bazanın öz ərazisində  2044-cü ilə kimi qalmasına icazə verib.

Bu kimi faktların sayını artırmaq da mümkündür. Ancaq sadalananlar da Ermənistanın Rusiyadan hansı səviyyədə asılı olduğu barədə konkret təsəvvür yaradır. Lakin Ermənistanın, necə deyərlər, çörəyi dizinin üstündədir. Nikol Paşinyan iqtidarının ölkənin Rusiya ilə tarixi yaxınlıq münasibətlərini sırf hakimiyyət maraqlarına qurban vermək istəyi ortadadır. Bu ölkə şimal qonşumuzun üzləşdiyi çətinlikləri ondan qopmaq üçün fürsət kimi dəyərləndirərək Qərbə intensiv inteqrasiya xəttini özünün əsas prioriteti kimi bəyan edib. Nikol Paşinyan iqtidarının bu sürüşkənliyi Cənubi Qafqazda Rusiyanın mövqelərini zəiflətməyə çalışan Qərbin maraqları ilə üst-üstə düşür və rəğbətlə qarşılanır.

Hazırda Ermənistanın siyasi mənzərəsi də məhz bu iki cəbhədən gələn sifarişlər əsasında formalaşır. Ermənistanın Qarabağ siyasətinin iflasa uğraması, 44 günlük müharibəni uduzması fonunda ölkədəki Rusiyaya bağlı qüvvələr daha üstün mövqedə görünürlər. Ancaq Nikol Pakinyan müharibədən sonrakı iki il yarımda müxtəlif manevrlər etməklə, o cümlədən də acınacaqlı məğlubiyyətin məsuliyyətini ondan əvvəlki iqtidar komandalarının üzərinə atmaqla öz hakimiyyətini  qorumağa nail olub. Son günlərdə baş verənlər isə onun komandası üçün “X” gününün yaxınlaşdığı ehtimallarını əhəmiyyətli dərəcədə gücləndirib.

Paylaş:
Baxılıb: 503 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31