Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-ŞKTC

Azərbaycan-ŞKTC

17.10.2023 [09:52]

Xalqlarımız arasında əlaqələr inkişaf edir

NARDAR

Oktyabrın 12-də Azərbaycana səfər etmiş Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar Bakıda bir sıra görüşlər keçirib və tədbirlərdə iştirak edib. Ersin Tatar səfər çərçivəsində “ŞKTC Mədəniyyət və Tanıtım Günləri” tədbirinin açılışına qatılıb, ADA Universitetində keçirilən konfransda çıxış edib, eləcə də kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirib. Bundan əlavə, ŞKTC-nin lideri Heydər Əliyev Mərkəzini, Hərbi Qənimətlər Parkını da ziyarət edib.

Oktyabrın 14-də isə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib. Görüşdə Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsindən və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olmasından məmnunluq ifadə edilib. Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatı çərçivəsində müşahidəçi üzv kimi fəaliyyətindən də danışılıb. Qeyd edilib ki, Şimali Kipr Türk Cümhuriyyəti artıq uzun müddətdir İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı yanında müşahidəçi statusuna malikdir. Ona görə də Türk Dövlətləri Təşkilatı yanında da Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunun olması tam məntiqlidir.

Görüşdə turizm, elm, təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Xatırladaq ki, ötən ilin noyabrında TDT-nin Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə  Şimali Kipr Türk Cümhuriyyəti təşkilata müşahidəçi statusunda üzv qəbul edilib. Bununla da, türk dövlətləri eyni zamanda öz iradələrini bütün dünyaya nümayiş etdirdilər. Bundan əvvəl isə ŞKTC İqtisadi Əməkdaşlıq Təşkilatının və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi statutusunda üzvü seçilmişdi. Bu faktlar onu göstərir ki, Şimali Kipr dünyaya inteqrasiya edir. Yeri gəlmişkən, oktyabrın 10-da Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Şurasının 27-ci iclasında Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu da iştirak etmişdi.

Ümumiyyətlə, Azərbaycanla ŞKTC arasında müxtəlif sahələr üzrə əlaqələr mövcuddur. İqtisadi-ticarət, xüsusilə humanitar-mədəni əlaqələr inkişaf etməkdədir. Ötən dövrdə ŞKTC təhsil sahəsində böyük nailiyyətlər qazanıb. Şimali Kipr müstəqil dövlət kimi beynəlxalq müstəvidə tanınmasa da, Cümhuriyyətdə fəaliyyət göstərən bir sıra universitetlər dünyaca məşhurdur və diplomları bütün ölkələrdə tanınır. Həmin ali məktəblərdə müxtəlif ölkələri təmsil edən çoxsaylı gənclər, o cümlədən azərbaycanlı tələbələr təhsil alırlar. Bu təhsil müəssisələrindən  Doğu Akdeniz Universitetinin, Uluslararası Kıbrıs Universitetinin, Girne Amerikan Universitetinin, Yakın Doğu Universitetinin,  Lefke Avrupa Universitetinin adını çəkmək olar.

Qeyd edək ki, uzun illərdir ki, Bakıda ŞKTC-nin nümayəndəliyi fəaliyyət göstərir. ŞKTC-nin prezidenti Ersin Tatarın ölkəmizə səfəri, Bakıda “ŞKTC Mədəniyyət və Tanıtım Günləri”nin keçirilməsi də xalqlarımız arasında əlaqələrin gücləndirilməsinin göstəricisidir.

Paylaş:
Baxılıb: 514 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31