Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sadəcə Kissencer...

Sadəcə Kissencer...

01.12.2023 [10:35]

100 yaşlı mərhum “siyasət brendi”

II Dünya müharibəsinin bitməsindən cəmisi 10-15 il ötürdü və yeni siyasi nizamın formalaşması və ya formalaşdırılması üçün bütün ölkələr, güclər fürsət axtarırdı. SSRİ-nin Mərkəzi Avropa və Mərkəzi Amerikada apardığı “qırmızılaşdırma” siyasəti çoxlarında qıcıq yaradırdı. ABŞ isə özünü Uzaq Cənub Şərq meşələrində əməlli-başlı çətinə salmışdı. Vyetnam müharbəsi ABŞ siyasətinin açıq səhnədəki fiasko tamaşasının premyerasına çevrilmişdi.

Belə bir anda ABŞ-ın qısa zamanda toparlanacağına, dünyanın siyasi brendinə çevriləcəyinə, hətta qütb səlahiyyətlərini “dövr alacağına” inam nəinki az idi, demək olar ki, yox idi. Amma bir nəfər nəinki buna inanırdı, bunu həyata keçirmək üçün konsepsiyaya belə malik idi...

Nüvə müharibəsinin “banisi”...

Noyabrın 29-da, 100 yaşında dünyasını dəyişmiş Henri Kissenceri yalnız ABŞ-ın keçmiş dövlət katibi kimi təqdim etmək doğru və ən əsası ədalətli olmazdı. Kissencerin siyasi dühası hər zaman qlobal proseslərin qarşıdakı uzunmüddətli perspektivini müəyyənləşdirirdi - bunun üçün də söylədiyi fikirlər bəzən “yüzilliyin siyasi proqnozu” kimi xarakterizə olunurdu. Bəzən onu haqlı amma qeyri-standart olaraq həmyerlisi Fridrex Nitşenin “Zərdüşt belə deyirdi” kitabı ilə müqayisə edirdilər - necə ki, “Zərdüşt belə deyirdi” ən dərin kitab idisə, “Kissencerin dedikləri” də gələcəyə işıq tutan yolu müəyyənləşdirirdi.

Cəmisi 15 yaşında ikən nasist təqibindən qaçaraq “yeni dünyaya” sığınan Henri Kissencer müharibədən sonra Amaniyaya fərqli “libasda” - Avropa Komanda Kəşfiyyat məktəbinin müəllimi kimi qayıtdı. 1945-ci ildə H. Kissincer Almaniyanın Hannover şəhərində Gestapo üzvlərinin və faşist təxribatçılarının zərərsizləşdirilməsindəki xidmətlərinə görə Bürünc Ulduz medalı ilə də təltif edilmişdi. Bu, özünün də yazdığına görə onun gələcəyini müəyyənlədirən ilk addım kimi ömrünə yazıldı.

Kissencer Harvardda təhsil almışdı. Dissertasiya işi isə “Bərpa olunmuş dünya nizamı - Kasri, Metternix və sülhün bərpası” adlanırdı. Onun “Nüvə silahı və xarici siyasət” adlı monoqrafiyası istər ABŞ, istərsə də, onun sərhədləri xaricində məşhurluq qazanır və sözügedən monoqrafiyasına görə o V. Vilson mükafatına layiq görülür. Kissincer nüvə silahından istifadədə müxtəlif yanaşmalardan çıxış edirdi - Kissincerə görə, məhdud nüvə müharibəsi atom silahına, yaxud böyük hərbi və canlı qüvvəyə malik olan digər böyük dövlətlərə qarşı mübarizədə effektiv strategiya ola bilər. Bəlkə də həmin dövrdə Henrinin ağlına da gəlməzdi ki, qarşıdakı illərdə ABŞ-la SSRİ arasındakı nüvə mübarizəsinin əsasını qoyan siyasət professoru “titulunu” qazanacaq.  

Vyetnamda məğlubiyyət” tamaşasının Nobel “finalı”...

Kissencer cəmisi 4 il dövlət katibi postunu tutdu - amma ABŞ-ın dünya hegomonluğu üçün 70 ilə yaxın aktiv fəaliyyət göstərdi. Kissenceri dövrünün siyasətçiləri ilə fərqləndirən əsas xüsusiyyət məğlubiyyəti rahat qəbul etmək bacarığı idi - sonradan ona Nobel mükafatını qazandıran Vyetnamda sülhə nail olmaq bacarığı bəlkə də ABŞ-ın Şərq cəngəlliyindən xilası idi.

Yaxın Şərq siyasəti Kissencerin siyasi karyerasında qalın xətt kimi keçir - Kissincer sübut etməyə çalışırdı ki, hələ o dövrlərdə Ərəb-İsrail konfliktinin qısa müddət ərzində həll edilməsi ABŞ üçün əhəmiyyət daşımır. Kissineer hesab edirdi ki, nə sülh, nə müharibə vəziyyətini dəstəkləməklə ABŞ ərəb ölkələrinə qarşı ciddi təsir göstərə bilər. Onun fikincə belə siyasət yürütmənin nəticəsində ərəb ölkələri bu mübarizədən əl çəkərək SSRİ ilə münasibətləri korlayıb ABŞ və İsrailin qarşısında təslim olacaqlar. Misirin İsrailə qarşı çıxan ərəb ölkələri siyahısından çıxması da elə Kissencerin siyasi qabiliyyətinin məhsulu idi...

Təkbaşına nizam yaratmaq müdrikliyi yoxdur...

Kissincer özünün “Dünya nizamı” adlı kitabında dünya nizamının qurulması üçün 1648-ci ilin Vestfal sülh sazişini istinad sistemi kimi göstərirdi. O, fikrini bununla əsaslandırırdı ki, Mərkəzi Avropa əhalisinin, demək olar ki, dörddə birinin müharibələr, xəstəliklər və aclıqdan ölməsindən sonra imzalanan Vestfal sazişi heç də ali mənəvi dəyərlərə yox, bir-birilə ortaq dil tapmaq zərurətinə əsaslanırdı. Bununla da, müstəqil dövlətlər digər dövlətlərin işlərinə qarışmamağı qərara aldılar və bu gün ehtiyac duyulan qüvvələr balansını yaratdılar.

Artıq mərhum diplomatın fikrincə, dünya yeni nizama doğru iki yolla - xaos və dərrakə yolu ilə gedə bilərdi. Onun fikrincə, nüvə silahlarının yayılması, iqlim dəyişikliyi və terrorizm təhlükələri qlobal miqyasda ortaq mövqe yaratmaq və bununla da xaosdan çəkinmək üçün kifayətdir. Dünya nizamının formalaşmasında ABŞ-ın roluna gəlincə, Kissincer hesab edirdi ki, öz gücü və dəyərləri sayəsində ABŞ bu prosesdə əsas rolu icra edəcək, lakin heç bir dövlət təkbaşına dünya nizamı yaratmaq üçün kifayət qədər güclü, yaxud müdrik deyil...

907-ci düzəlişi dayandırdı...

Kissencer 2002-ci ildə prezident Corc Buşun ABŞ-ın Azərbaycana birbaşa hərbi yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişinin dayandırılmasında da mühüm rol oynamışdı. Mərhum diplomat müsahibələrindən birində ABŞ-ın bu düzəlişi qəbul etməsini səhv addım kimi dəyərləndirmişdi - etiraf etmişdi ki, bunda erməni lobbisinin təsiri və gücü əsas rol oynayıb.

Bəli, ABŞ-ın son 70 illik tarixinin ən mühüm səhifələrini yazmış bir siyasətçi əbədiyyətə qovuşdu. Kissencer ABŞ-ı qarşısına qoyduğu məqsədə çatdırdı - dünya qütbü etdi. Amma öz şəxsi məqsədlərinə, hədəflərinə elə də asan çata bilmədi. Siyasətin ustası 100 illik yaşamına ancaq siyasi qələbələr sığdıra bildi...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 240 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31