Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Afrika Fransaya qarşı...

Afrika Fransaya qarşı...

13.12.2023 [10:25]

XXI əsrdə müstəmləkəçiliyi ağıla gətirmək belə çətindir. Ancaq yeri gəldi-gəlmədi demokratik ənənələrindən, insan hüquq və azadlıqlarından danışan, bu barədə az qala bütün dünyaya dərs vermək iddiaları sərgiləyən Fransa hələ də kolonializm və sümürmə kimi üzqarası siyasətindən əl çəkmək istəmir. Bu ölkə ənənəvi müstəmləkəçilik siyasətini formaca dəyişib yeni kolonializmlə əvəzləsə də, mahiyyət eyni olaraq qalır, şərtlər getdikcə daha da ağırlaşdırılır. Ancaq artıq yüz illər boyunca məcburi qaydada Fransadan asılı vəsiyyətdə saxlanılan, sərvətləri talanan, ən adi insan hüquqları belə kobud şəkildə pozulan, ənənələrinə və milli kimliklərinə hörmətsiz münasibət bəslənilən Afrika ölkələri daha belə yaşamaq istəmirlər və öz etirazlarını getdikcə artırırlar. Qitənin gah bu, gah da digər ölkəsində tez-tez “Rədd ol, Fransa” şüarları səsləndirilir.

500 illik işğalın acı meyvələri

Son vaxtlarda anti-Fransa əhval-ruhiyyəsinin güclənməsi, açıq etirazların kütləvi hal alması fonunda deyə bilərik ki, bu ölkə Afrikada özünün qürub çağını yaşamaqdadır. İndi Fransa 500 illik qatı müstəmləkəçilik siyasətinin acı meyvələrini dadır.

Fransanın müstəmləkəçilik tarixinin 1524-cü ildən  başladığı bildirilir. Fransa Afrikanın qərbində və şimalında 20-dən çox ölkədə hökmranlıq qurmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində Fransanın nəzarətində qalıb.

Demokratik dəyərləri ilə öyünən Fransa özünün ağır şərtləri ilə fərqlənən müstəmləkə şəbəkəsinə daxil etdiyi Afrika ölkələrinə yaxşı heç nə gətirməyib. Əksinə, ən qəddar vasitələrlə ram edilən ölkələr sivilizasiya ilə bir araya sığmayan mühafizəkar qanunlarla idarə olunub, təbii sərvətlər talanıb, baş qaldıran etirazlar ən sərt və qəddar müdaxilələrlə yatırılıb.  Fransa, Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırım üçün məsuliyyət daşıyır. Tarixi sənədlərdə də öz əksini tapdığı kimi, 1945-ci il mayın 8-i Fransanın Əlcəzairdə soyqırımının başladığı tarixdir. Bu soyqırımda 5 milyondan çox müsəlman əlcəzairli həyatını itirib. 1994-cü ildə fransızlar Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçiriblər. Həmin əməliyyat zamanı yerli tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib. Fransa qoşunlarının Çadda keçirdikləri “Epervier”, Fildişi Sahilində “Licorne” hərbi əməliyyatları da çox sayda insan tələfatı ilə nəticələnib. Fransa hələ 1945-ci ildən etibarən Afrikada Fransız Müstəmləkələri frankı (CFA) adlı pul vahidini dövriyyəyə buraxıb. Məhz bu pul vahidinin sayəsində Fransa Afrika ölkələrini istismar edir, onların sərvətlərini mənimsəyir. Məlum olduğu kimi, Afrikanın Sahil regionu ölkələri, habelə Fildişi Sahili və Malidə baş verən münaqişələrin əsas səbəbi CFA-ya alternativ valyuta seçmək cəhdləri olub.

Lakin bunlar artıq keçmişdir. Fransaya qarşı etirazlar dalğası 2023-cü ildə daha da genişlənib. Cari İldə Nigerdə Fransaya bağlı olan hökumət devrildi. Müstəmləkəçiliyə qarşı kəskin etirazlara Qabon, Yeni Kaledoniya və digər ölkələr də qoşuldu. İlin sonuna doğru hərəkat daha da intensivləşib. Fransanın keçmiş müstəmləkələri Seneqal, Niger, Burkina-Faso və Malidə Parisə qarşı etirazlar artır. Bu günlərdə bəhs olunan ölkələrdə Fransanın Qərbi Afrikada siyasətinə qarşı mitinqlər təşkil edilib. Seneqalda “Total” kompaniyasının yanacaqdoldurma məntəqələrinə və fransız sərmayəli mağazalara hücumlar olub. Fransızların Afrikanın Sahil regionunda uğursuz hərbi əməliyyatlarından sonra Mali və Burkina-Fasoda baş vermiş hərbi çevrilişlər də Fransanın onsuz da pis olan imicinə ciddi zərbə vurub. Dekabrın 4-də isə Burkina-Faso hökumətinin sözçüsü kin və nifrət yaydığı səbəbindən RFI radio kanalının yayımının dayandırıldığını bəyan edib.

Afrika məsələləri üzrə analitiklərə görə, Fransa prezidenti Emmanuell Makronun sözügedən ölkələrə səfərləri də heç bir nəticə verməyib. Onlar hesab edirlər ki, Mali və Burkina-Fasoda hərbi çevrilişlərdən sonra Afrikanın Sahil regionunda Rusiya və Çinin təsiri daha da artıb.

Fransa həmçinin Asiyadan da sıxışdırılır. Ərəb ölkələrinin çoxu uzun illərdir əlaqələrdə üstünlüyü ABŞ, Böyük Britaniya, Çin və Türkiyəyə verirlər. Fransanın Livandakı əməlləri onun ərəb dünyasında da siyasətinin uğursuzluğunu təsdiqləyir. Vyetnam, Kamboca, Laos kimi keçmiş müstəmləkə əraziləri də Fransadan imtina ediblər. Bu ölkələr də ABŞ, Avstraliya, Çin və Yaponiya ilə əməkdaşlığa üstünlük verirlər.

E.Makronun Afrika siyasətinə Fransanın özündə də kəskin etirazlar bildirilir. Xatırladaq ki, bir qədər bundan əvvəl Fransanın 94 senatoru məktub yazaraq prezident Em?anuell Makronun Afrika siyasətinin iflasa uğradığını bildiriblər. Onlar Afrikanın Fransa ilə əlaqələrdən imtina etdiyini və bütün bəlalara görə məsuliyyəti E.Makronun daşıdığını vurğulayıblar. Senatorlar qeyd ediblər ki, Mali, Mərkəzi Afrika Respublikası, Burkina-Faso, Niger Fransadan, onun şirkətlərindən və ordusundan imtina edir, ölkələrdə anti-Fransa nümayişləri keçirilir. Senatorlar baş verənlərə - Fransanın Afrikada nüfuzunun yerlə bir edilməsinə görə Makrondan hesabat verməsini istəyiblər. 

Fransanın Nigerdən qovulması

Niger xalqı 1960-cı ildən etibarən avqustun 3-nü müstəqillik bayramı kimi qeyd edir. Həmin tarixədək isə bu ölkə Fransanın müstəmləkəsi olub. Niger uzun illər ərzində sərt müstəmləkəçilik dövrü yaşayıb. Burada yerli insanların ən adi hüquqları belə tapdanıb, ölkənin milli sərvətləri amansızcasına istismar edilərək daşınıb.

Niger 1960-cı ildə müstəqilliyini elan etsə də, Fransa burada öz mövcudluğunu cari ilədək müxtəlif sahələrdə davam etdirib. Əslində, Fransanın Nigerin müstəqilliyi dövründə də buradan çıxmaması, əksinə təsir imkanlarını artırmağa çalışması neokolonializm anlamına gəlir. Bu ölkə çətin iqtisadi durumu fürsət kimi dəyərləndirərək Nigeri kredit aslılığında qoyub. Təkcə 2022-ci ildə Fransanın İnkişaf Agentliyi Nigerə 60 milyon avro kredit verib. Niger Seneqaldan sonra Fransanın İnkişaf Agentliyindən ən çox kredit alan ölkədir. Bu kreditlərin şərtləri isə çox ağırdır - Niger məcburiyyət qarşısında qalıb aldığı maliyyə vəsaitlərinə görə yüksək faizlər ödəyir və borclanmanın səviyyəsi yüksəlirdi. Fransanın Niger üçün strateji önəm daşıyan uran sənayesini bütünlüklə inhisara götürdüyü fikrini tam qətiyyətlə ifadə edə bilərik.  Bu ölkənin uran yataqlarında dominantlıq məhz Fransanın “Orano” şirkətinə məxsus olub. “Orano” burada 50 ildən çox müddətdə iş başında dayanıb. 2021-ci ildə şirkət fəaliyyət göstərdiyi 2 yataqdan 2186 ton uran çıxardıb. Normaları aşan istismar yataqların ehtiyatlarının tamam tükənməsi ilə nəticələnib. Yataqlar ekologiyaya vurulan ziyan bərpa olunmadan tərk edilib. Köhnə yataqlarda arxasənca “ölü zonalar” qoyan Fransa şirkəti Nigerdəki yeni uran yataqlarının ələ keçirilməsi barədə planlar qururdu.

Nigerdə Fransa hərbçilərinə yer yoxdur

Bütün etirazlara baxmayaraq, Fransa özünün bir sıra keçmiş müstəmləkələrində olduğu kimi, Nigerdə də hərbi mövcudluğuna da nail olmuşdu. Bu ölkə neokolonializm siyasətinə uyğun olaraq öz ordusunu terrorizmə, təmayülçülüyə qarşı mübarizə adı altında 2014-cü ildə Nigerə yeridib. Bununla belə, Fransa ordusunun Nigerə gəlməsi burada terrorçuluğun miqyasını azaltmayıb. Nigerin yeni hökumətindəki mənbələr bildiriblər ki, Fransanın özü ölkədə müxtəlif yollarla terrorçuluğun artmasına rəvac verib. Məsələn, Nigerin keçid hökumətinin başçısı, Vətənin Müdafiəsi üzrə Milli Şuranın sədri Abdurahman Çiani Fransa hakimiyyətini ölkədəki terror qruplaşmalarını dəstəkləməkdə ittiham edib. O vurğulayıb ki, yanğını benzin tökməklə söndürmək olmaz. “Terrorun atəşi Fransanın göstərdiyi yardım sayəsində alovlanır”, - deyə Abdurahman Çiani bildirib.

Cari ildə Nigerdə baş verən hərbi çevrilişdən sonra gündəmə gələn sərt tələblərdən biri də Fransanın bu ölkədə hərbi mövcudluğuna son qoyulması ilə bağlıdır. Keçid hökumətindən verilən məlumatda bildirilir kİ,  Fransa qoşunlarının Niger ərazisində qalmasına icazə verən razılaşmaların ləğvi səbəbindən fransız hərbçilərinin burada olması qeyri-qanunidir. Qeyd edək ki, Nigerdə təxminən 1500 fransız əsgəri var. Avqustun 3-də bu ölkənin yüksəkrütbəli hərbçiləri Fransa ilə hərbi müqavilələri ləğv etdiklərini elan ediblər.

E.Makron hakimiyyəti başlanğıcda hərbiçilərinin Nigerdən çıxarılması tələbinmə etiraz etsə də, sonda geri çəkilmək məcburiyyətində qalıb. Xatırladaq ki, Emanuell Makron fransız hərbçilərin bu ilin sonuna qədər Nigerdən çıxarılması barədə planları açıqlayıb.

Fransa hərbi kontingentinin Nigerdən çıxarılması yarım il çəkə bilər. Bu barədə “Agence France-Presse” (AFP) agentliyi ordudakı mənbəyə istinadən məlumat yayıb. Buna səbəb kimi maddi-texniki problemlər göstərilib. Fransa öz hərbçilərini Nigerdən çıxarmaqda logistik çətinliklərlə üzləşir, buna görə də proses altı aya qədər çəkə bilər. Hərbçilərin Nigerdən Çada göndərilməsi üçün Fransa kifayət qədər hərbi təyyarəyə malik deyil, belə ki, xeyli sayda hərbi texnikanın daşınması zərurəti yaranıb. Bildirilib ki, Fransa qoşunlarının köçürülməsi üçün 2000 konteynerdən ibarət yük daşınmalıdır və bunun üçün Fransa Hərbi Hava Qüvvələrinin demək olar ki, bütün nəqliyyat təyyarələri səfərbər edilməlidir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 529 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31