Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Aİ missiyası Cənubi Qafqazda nə axtarır?

Aİ missiyası Cənubi Qafqazda nə axtarır?

14.12.2023 [11:00]

Azərbaycan Cənubi Qafqaz regionunda tezliklə  sülhün və sabitliyin təmin olunmasında maraqlıdır. Bu səbəbdən də, dövlətimiz Ermənistanla tezliklə sülh sazişinin imzalanmasına tərəfdardır. Məlumdur ki, ölkəmiz sülh sazişi imzalamaq üçün qarşı tərəfə 5 bənddən ibarət təkliflərini təqdim edib. Bu  baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.

Aİ missiyasının gerçək niyyəti nədir?

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri ciddi narahat edir. Həmin dairələr sülhə mane olmaq üçün müxtəlif variantlara əl atırlar. Tərəflər arasında vasitəçilik edənlərdən biri Avropa İttifaqı olsa da, bu birliyin daxilində müəyyən qüvvələr Cənubi Qafqazda gərginliyin artmasında maraqlıdır. Avropa İttifaqının mülki müşahidə missiyası adı altında öz emmissarlarını Ermənistana göndərməsi də buna dəlalət edir. Xatırladaq ki, ötən ay İrəvanda Ermənistan və Avropa İttifaqı (Aİ) arasında Aİ-nin monitorinq missiyasının statusuna dair saziş imzalanıb. Sənədi Aİ-nin Ermənistandakı nümayəndəsi, səfir Vasilis Maraqos və Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan imzalayıblar. Bu saziş Aİ-nin Ermənistandakı missiyasının  hüquqi statusunu tənzimləyir. Bu barədə məlumatı Aİ-nin Ermənistandakı nümayəndəliyi yayıb. Nümayəndəlik xatırladıb ki, missiya 2023-cü il fevralın 20-də ikiillik mandatla fəaliyyətə başlayıb və Aİ ekspertləri və üzv ölkələrindən olan müşahidəçilər də daxil olmaqla 103 nəfərdən ibarət beynəlxalq heyətdən ibarətdir. Amma “103” rəqəmi ötən aya aid idi. Hazırda bu rəqəm 138-dir, amma missiyanın tərkibinin artırılaraq 209-a çatdırılması nəzərdə tutulur. Bununla bağlı Brüsseldə keçirilən Aİ-nin Xarici Əlaqələr Şurasının iclasında razılığa gəlinib. İclasdan sonra Aİ rəsmisi Cozep Borrel keçirdiyi mətbuat konfransında bu faktı təsdiqləyib: “Sərhədin təhlükəli hissələrində daha çox müşahidəçi və daha çox patrul olacaq”.

Rəsmi İrəvan da bu faktı təsdiqləyib. Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib ki, Avropa İttifaqının monitorinq missiyasının üzvlərinin sayının artırılması ilə bağlı razılaşma var.

Qaluzin: Aİ missiyasının genişləndirilməsi Cənubi Qafqazda gərginliyi artıracaq

Xatırladaq ki, belə bir planın olduğunu təxminən iki ay öncə missiyanın rəhbəri Markus Ritter erməni mediasına açıqlamasında demişdi. Ritter hazırda müşahidə missiyasına Aİ üzvlərindən 23 ölkənin nümayəndələrinin daxil olduğunu vurğulayaraq, missiyanın Aİ-yə üzv olan 27 ölkənin hamısının nümayəndələrinin daxil olması ehtimalının olduğunu əlavə edib. Aİ-yə üzv olmayan üçüncü ölkənin Ermənistandakı missiyasına qoşulmasının mümkünlüyü məsələsinə toxunan Markus Ritter Kanadanın Aİ-nin müşahidə missiyasına qoşulma qərarını xatırladaraq digər ölkələrdən də analoji marağın olacağı halda bu məsələnin Brüsseldə müzakirə olunacağını deyib.

Göründüyü kimi, Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən missiyası ilə bağlı yeni proseslər baş verir. Bu, heç də müsbət hal deyil. Missiya “mülki” adlandırılsa da, faktiki olaraq Avropa ölkələrinin emissarlarından ibarətdir. Onun tərkibinin artırılması isə Cənubi Qafqaz üçün riskləri də artırır. Təsadüfi deyil ki, bugünlərdə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də jurnalistlərə açıqlamasında Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyasının genişləndirilməsinin Ermənistan-Azərbaycan nizamlanmasına kömək etməyəcəyini bildirib. Onun sözlərinə görə, Aİ missiyasının genişləndirilməsi Cənubi Qafqazda gərginliyi artıracaq: “Müşahidə missiyasının Ermənistanda peyda olması Ermənistan-Azərbaycan nizamlanmasının təşviqi baxımından tamamilə faydasız addımdır. Biz əminik ki, Aİ missiyasının genişləndirilməsi tamamilə faydasız olacaq və heç bir nəticə verməyəcək”.

Rəsmi Bakı: Mandat özbaşına genişləndirilib

Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da dekabrın 11-də Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı Aİ-nin Ermənistandakı monitorinq missiyasının iki ölkə arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərə nail olmadığını bildirib: “Aİ-nin Ermənistandakı monitorinq missiyasına gəlincə, ilkin vədlərə əməl olunmayıb, anlaşma pozulub və mandat özbaşına genişləndirilib. Bu missiya, regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərinə nail ola bilmədi. Əksinə, bu missiya Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunur. Ermənistanı, o cümlədən Aİ vasitəsilə silahlandırmaq kimi sabitliyi daha da pozan təşəbbüslər irəli sürülür. Bu cür təşəbbüslərin Aİ-nin “tərəfsiz vasitəçi” kimi etibarı və ümumilikdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması səyləri üçün mənfi nəticələri qaçılmazdır”.

Görünən odur ki, Ermənistan hakimiyyəti öz havadarlarının dəstəyi ilə regionda prosesləri öz xeyrinə dəyişməyə çalışır. Ermənistan hələ də bölgədə sülhün əldə edilməsinə mane olmaqda davam edir. Bu baxımdan, Aİ missiyasının Ermənistanda gücləndirilməsi Fransanın və Avropadakı digər ermənipərəst qüvvələrin növbəti siyasi oyunudur. Görünən odur ki, dünyada baş verən proseslər fonunda Ermənistan “manevrlər” etməyə çalışır. Paşinyan hakimiyyəti Aİ-yə sığınmaqla Fransanın regionda tam yerləşdirilməsinə cəhd edir. Bütün bunlar isə region üçün müsbət heç nə vəd etmir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 555 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31