Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Səbirsizliklə gözlənilən Bakı görüşü

Səbirsizliklə gözlənilən Bakı görüşü

20.12.2023 [10:45]

COP29 Azərbaycana nə vəd  edir?

Son illərdə bir sıra mötəbər beynəlxalq tədbirlərin uğurla keçirildiyi əlverişli məkan kimi tanınan Azərbaycanda gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyası keçirələcək. Bununla bağlı qərar dekabrın birinci ongünlüyündə Birləşmiş Ərəb Əmirliklərində baş tutan COP28 çərçivəsində qəbul olunub. Dekabrın 11-də isə Dubayda Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi edəcəyi münasibətilə tədbir təşkil olunub. Sessiyanın keçirilməsinə 11 aydan da az vaxt qalır. Məsuliyyətli dövlət olan Azərbaycan artıq hazırlıqlara start verib. Xatırladaq ki, dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Müşavirədə çıxış edən dövlətimizin başçısı məmnunluq hissi ilə bildirib ki, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Bəs COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə nə vəd edir?

Azərbaycan reallıqlarının təsdiqlənməsi

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı- COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın bütün yerlərindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər.

COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində baş tutub.

Sonuncu COP28 cari il dekabrın əvvəlində Dubayda keçirilib. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir kimi yadda qalıb. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Bütövlükdə, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir, hətta ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır.

Belə bir qlobal miqyaslı tədbirin Azərbaycanda keçirilməsinin önəmindən bəhs edərkən məlum qərarın verilmə tarixinə xüsusi nəzər salmaq lazımdır. Azərbaycan COP29-a ev sahibliyi etmək hüququnu özünün suveren ərazisində sentyabrın 19-da başladığı və cəmi 23 saat ərzində uğurla tamamladığı lokal xarakterli antiterror tədbirlərindən sonra qazanıb. Bu, ölkəmiz üçün çox həssas və vacib bir məqamdır. Yada salaq ki, antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürərək müəyyən qınaqlar ünvanlayıblar. Halbuki belə ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin edib. Xüsusilə vurğulanmalıdır ki, respublikamız suvereniliyini bütün humanitar normaları gözləməklə, mülki əhaliyə və infrastruktura ziyan vurmamaqla bərpa edib. Bütün bunların müqabilində bəzi Qərb ölkələri - onların arasında ənənəvi olaraq Fransa da yer alır - Azərbaycanın Qələbəsi ilə barışmaq istəmirlər. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistanın özü də vəziyyətlə barışıb.

Beləliklə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti kifayət qədər böyükdür. Bu, bütün dünya ictimaiyyətinin Azərbaycana öz dəstəyini ifadə etdiyini bir daha təsdiqləyir. Bakıda COP29 konfransının keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub, yəni, burada yekdil mövqe ortaya qoyulub. Bütün bunlar o anlama gəlir ki, Azərbaycanın ölkə daxilində və regionda yaratdığı yeni reallıqlar BMT səviyyəsində qəbul olunur ki, bu da ölkəmiz üçün son dərəcə vacibdir. Dost Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dubayda qəbul olunan qərar Prezident İlham Əliyev siyasətinin təntənəsi, antiterror tədbirlərinə görə ölkəmizin ünvanına ittihamlar səsləndirən bədxahlara tutarlı cavabdır. Bu onu göstərir ki, Fransanın ciddi-cəhdi yenə də bir nəticə verməyib və BMT səviyyəsində növbəti dəfə iflasa uğrayıb.

Ölkəmizə beynəlxalq inamın güclənməsi

Qeyd olunduğu kimi, indiyədək Azərbaycan bir sıra mötəbər beynəlxalq tədbirlərə böyük uğurla ev sahibliyi edib. Bu sırada “Eurovision - 2012”ni, Birinci Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını xatırlaya bilərik. Cari ildə ölkəmizdə Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə baş tutub. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir 50 ildən sonra ikinci dəfə Bakı şəhərində keçirilib.

Eyni zamanda, ölkəmiz beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan - 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi Qoşulmama Hərəkatına (“Non-Aligned Movement - NAM”) sədirliyi 2023-cü ilin sonunda başa çatır. 2019-cu ildə Qoşulmama Hərəkatı (QH) ölkələrinin yekdil qərarı ilə Hərəkata sədrliyi başlayan Azərbaycan qısa zaman ərzində beynəlxalq münasibətlərdə mühüm aktorlardan birinə çevrilib və bununla da əldə edilən uğurlar bütün üzv dövlətlər tərəfindən təqdir edilib. Azərbaycanın Hərəkata 3 il müddətinə nəzərdə tutulan sədrliyi yekdilliklə əlavə 1 il müddətinə - 2023-cü ilə qədər artırılıb. Azərbaycanın QH-na uğurlu sədrliyi BMT səviyyəsində etiraf olunub. O cümlədən Hərəkatın Sədri statusunda Prezident İlham Əliyevin irəli sürdüyü qlobal həmrəylik təşəbbüsləri qurum tərəfindən dəstəklənib. Ölkəmizin QH-na uğurlu sədrliyindən məmnunluqla söhbət açan  BMT Baş katibinin sözçüsü Stefan Dujarrik bildirib: “Hesab edirəm ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini alqışlamaq vacibdir. COVID-19 pandemiyası zamanı çox çətin bir dövr idi və Azərbaycan Qoşulmama Hərəkatı sədrliyi dövründə COVID-lə mübarizədə aparıcı rol oynadı”

Qurum rəsmisinin KİV-ə müsahibəsində diqqət çəkdiyi mühüm məqamlardan biri də Azərbaycanla BMT arasında formalaşan əməkdaşlıqdır. “Azərbaycan həqiqətən də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində lider ölkədir. Azərbaycan DİM Sammiti öncəsində öz Könüllü Milli Planını təqdim edən ilk 32 ölkədən biri idi. Azərbaycan xüsusilə bu il yerli layihələrə xeyli sərmayə qoydu. Yenidən vurğulamaq yerinə düşər ki, əslində, bu, BMT-nin ölkə ofisinin Azərbaycandakı Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsini görmək üçün hökumətlə əməkdaşlıqda necə işləyə biləcəyinin bariz nümunəsi oldu”, - deyə Stefan Dujarrik vurğulayıb.

Bütün bu kimi faktlar qlobal miqyasda Azərbaycana inamın artdığını təsdiqləyir. Şübhə yoxdur ki, gələn il ölkəmizdə COP29-un keçirilməsi Azərbaycanın dünya miqyasında müsbət imicinin möhkəmlənməsinə, ölkəmizə inam və etimadın artmasına daha güclü impuls verəcək.

Qonaqlar arasında BMT-nin Baş katibi də olacaq

COP29-un Azərbaycanda keçirilməsini əlamətdar hadisə kimi səciyyələndirən qurum rəsmisi  bunun həm ölkəmiz, həm də BMT üçün çox böyük əhəmiyyət daşıdığına diqqət çəkib. “Biz ötən həftələrdə Azərbaycanın Ermənistanla razılaşma əldə etməsini, əsirlərin mübadiləsinin şahidi olduq ki, bu da müəyyən mənada münasibətlərin normallaşması və gərginliyin azalmasına gətirib çıxardı və eyni zamanda Azərbaycanın səriştəli və aydın bir ölkə kimi COP29-a ev sahibliyi etmək üçün rəsmi namizəd olmasına imkan verdi”, -deyə Stefan Dujarrik bildirib. Onun sözlərinə görə, Ermənistanın COP29-un ev sahibliyinə namizədlikdə Azərbaycanı dəstəkləməsi gərginliyin azalmasının əlamətidir. Fikirlərinə davam edən Stefan Dujarrik vurğulayıb: “İqlim dəyişikliyi hamımızın üzləşdiyi əsas qlobal problemdir. Qafqaz və Mərkəzi Asiya ölkələri də iqlim dəyişikliyindən əziyyət çəkib və əziyyət çəkməkdə davam edir. Ona görə də biz Azərbaycanın COP29-a sədrliyini çox səbirsizliklə gözləyirik. İqlim dəyişikliyi ilə mübarizə Baş katibin həqiqətən ürəkdən davam etdirdiyi mübarizədir və düşünürəm ki, heç bir dünya lideri bu məsələdə onun qədər daha açıq və tutarlı olmayıb. Baş katib bu mübarizəni davam etdirəcək və o növbəti dəfə Azərbaycan Prezidenti ilə əməkdaşlığı səbirsizliklə gözləyir. Bəli, heç şübhəsiz ki, Baş katib COP29-da Azərbaycanda olacaq və ümid edirəm ki, mən də onunla gedəcəm və Azərbaycanı görəcəm. Mən bunu səbirsizliklə gözləyirəm”.

M.ABDULLAYEV

Paylaş:
Baxılıb: 535 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31