Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropadakı seçki “ekstrasensləri”

Avropadakı seçki “ekstrasensləri”

09.02.2024 [10:30]

Mübariz ABDULLAYEV

Kəskin qütbləşmə, oxşar məzmunlu hadisələrə və geosiyasi proseslərə beynəlxalq təşkilatlar tərəfindən selektiv yanaşılması müasir dünyanın arzuolunmaz mənzərəsini səciyyələndirən cəhətlərdən birinə çevrilib. Biz müşahidə edirik: Bir halda təcavüzkar dövlətlərə qarşı dərhal sərt tədbirlər görülür, iqtisadi və siyasi sanksiyalara əl atılır, digər hallarda isə belə operativlik heç yada da düşmür. Bu cür ikili standartlardan yanaşma isə təhlükəli presedentlərə yol açır. Azərbaycan da son 30 ildə - müstəqillik tarixinin lap əvvəlindən ayrı-ayrı güc mərkəzlərinin və bəzi beynəlxalq təşkilatların selektiv yanaşmalarına məruz qalan ölkələr sırasında yer alır.

Deyə bilərik ki, Qərbdə güclü erməni lobbisinin təsir dairəsində olan müxtəlif azərbaycanafob və islamofob dairələr formalaşıb. Həmin dairələr eməni lobbisinin maliyyə qaynaqları ilə fəaliyyət göstərirlər və Azərbaycana münasibətdə onların buyruqçuları qismində çxış edirlər. Açıq-aydın görünür ki, azərbaycanafob və islamafob dairələr ölkəmizin uğurlarını sinirə bilmirlər. Son üç ildə Azərbaycanın Ermənistanı kapitulyasiyaya uğradaraq ərazi bütövlüyünü və suverenliyini təmin etməsi isə həmin dairələri əməlli-başlı şoka salıb. Bəhs olunan dairələr və onların bağlı olduqları qüvvələr qarşılarında güclü və milli maraqlarını təmin edən Azərbaycan görmək istəmirlər. Onlar zəif, müstəqilliyini və suverenliyini qoruya bilməyən Azərbaycan arzulayırlar. Respublikamızın öz gücünə 2020-ci ildə ərazi bütövlüyünü, 2023-cü ildə isə suverenliyini təmin etməsi bəlli dairələrin ssenarilərinin pozulması deməkdir. Onları əndişələndirən də elə Azərbaycanın məqsədlərinə qətiyyətlə çatmasıdır.

Ümumavropa dəyərlərini və maraqlarını erməni lobbisinin maraqlarına qurban verən Fransa kimi ölkələr, Avropa Şurası Parlament Assambleyası kimi təşkilatlar sözün əsil mənasında qisasçılıq mövqeyindən çıxış edirlər. Azərbaycanın ötən ilin sentyabr ayında antiterror tədbirləri keçirərək Qarabağda separatizm yuvasını dağıtmasından və suverenliyini bərpa etməsindən sonra Fransa erməni əhalinin guya etnik təmizləməyə məruz qaldığını bütün Avropa qurumlarının, hətta BMT-nin gündəliyinə daşımağa çalışır. Qeyd edək ki, bir qədər bundan əvvəl Fransanın Senatı Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsini özündə əks etdirən bədnam bir qətnamə qəbul edib. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan ölkədir. Bu gün Azərbaycanın Avropaya deyil, Avropanın respublikamıza ehtiyacı var. Bütövlükdə Avropa İttifaqı ölkəmizlə enerji dialoqunu genişləndirməyə çalışır. Azərbaycanın fəaliyyəti Avropanın mənafeyinə uyğundur. Bəs Senatın qətnaməsi Avropaya hansı faydanı verə bilər? Sualın cavabı yoxdur.

Yenə də Fransanın təhriki ilə Avropa Şurası Parlament Assambleyası da Senatın yolu ilə gedərək ölkəmiz əleyhinə qətnamə qəbul edib. Qətnamədə təzə heç nə yoxdur. Sadəcə avropalı parlamentarilər bağlı olduqları dairələrin xoşuna gəlməkdən ötrü özlərini Qarabağdan könüllü şəkildə çıxan erməni əhalinin “təəssübkeşləri” qiyafəsində təqdim etməyə çalışırlar.

Təəssüf doğuran haldır ki, Fransanın baş drijor rolunda çıxış etdiyi xora Almaniyadan, digər Avropa ölkələrindən olan siyasətçilər, jurnalistlər də qoşulurlar. Bu sırada AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı müzakirələrin təşəbbüskarı olan almaniyalı deputat Frank Şvabenin çıxışını yada salmaq kifayətdir. Şvabe seçkilər bitməmiş onun üzərinə kölgə salaraq, bu siyasi kampaniyanı “saxta” adlandırıb. Halbuki, proses başa çatmadan ona qiymət vermək məntiqə sığmır, bu, açıq-aşkar qərəzdən xəbər verir.

İsveçrəli jurnalist Rasmus Kanbekin Azərbaycanda keçirilən seçkilərlə bağlı mülahizələr söyləməsi də Avropanın tarixi ənənələri və demokratik dəyərəri ilə bir araya sığmır. Rasmus Kanbekin imzası Azərbaycan cəmiyyətinə tanışdır. O, bir vaxtlar “Dağlıq Qarabağdan ötrü yavaş-yavaş ölürəm” yazmaqla ölkəmizə qarşı təbliğat aparırdı. İndi isə o, necə deyərlər, seçkişünas qiyavəsində çıxış edir. Rasmus Kanbekin Azərbaycanda keçirilən seçkilərlə bağlı verdiyi “rəy”, yumşaq desək, qərəzdən yoğrulub.

ABŞ-dan olan jurnalist Lindsi Snell də qələmini Azərbaycanda keçirilən seçkilərdən yazmaq üçün itiləyib. Ancaq onun da yazdıqları sadəcə, kağız üzərində qara ləkələrə bənzəyir. Bu yazarın keçmişinə nəzər saldıqda onun da qərəzinin motivləri barədə aydın təsəvvür formalaşır. Bəhs olunan jurnalist Yaxın Şərqə dair yazıları ilə tanınır. Suriya-Türkiyə sərhədini pozduğu üçün 2021-ci ilin aprelindən 67 gün Türkiyədə həbsdə saxlanılıb. Bu ölkənin KİV-i onu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olmaqda ittiham edirdi. Lindsi Snell indiki Ermənistan ərazisində vaxtı ilə Azərbaycan türklərinin yaşadığına və o torpaqların onlara məxsus olduğuna ironiya ilə yanaşanlardandır. 

Lindsi Snell kimi digərləri də falabaxanlıq edərək Azərbaycanda keçirilən seçkilər başa çatmamış “nəticələr” barədə danışıblar. Belələrinin sırasında Tatevik Hayrspetyan, Açren Verdiyan kimi erməni etnik qruplarının nümayəndələrinin də adları keçir. Əlbəttə ki, harada eməni varsa, orada Azərbaycana qarşı qərəz də yox deyil. 

Ümumiyyətlə, ölkəmizdə keçirilən 7 fevral seçkiləri ilə bağlı Avropada öncəgörənlik edənlərin siyahısı çox uzundur. Sual isə başqadır. Bu gün Avropada vəziyyət heç də avropalıların arzuladıqları kimi deyil. Ayrı-ayrı ölkələri fermer üsyanları bürüyüb. Hazırda Fransada hökumət dairələri fermerlərin çağırışlarını eşitmək istəmirlər və onlar çıxış yolunu magistralları bağlamaqda, yerli idarəetmə orqanlarının qarşısına peyin tökməkdə görürlər. Ətrafı üfunət, traktorların tüstüsü bürüyüb. Zəif iqtisadiyyata, büdcə böhranına və ifrat sağçılar tərəfindən seçkilərdə təhdidlərə baxmayaraq, Almaniyanın kansleri uzun müddət ərzində özünü hər şeyə nəzarət edən lider kimi göstərirdi. Bu gün isə o, hər şey “plana uyğun getmir”,- deyə etiraf edir. “Almaniyanın sənaye ilə bağlı perspektivləri yoxdur. İş yerləri üçün perspektivləri yoxdur”, - deyə o, Bundestaqdakı çıxışı zamanı bildirib.

Bütün bu utanverici məqamlar dəyərlərindən uzaqlaşan, deqradasiyaya uğrayan bugünkü Avropanın real məzəərsini səciyyələndirir. Bəs yeri gəldi-gəlmədi Azərbaycana iradlar bildirən avropalı siyasətçilər və yazarlar görəsən nə üçün öz problemlərini unudub Azərbaycana dil uzadırlar? Həmin siyasətçilər və yazarlar eşidib qulaqlarında sırğa etsinlər ki, Azərbaycan ölkəmizə dil uzadanları susdurmağı da yaxşı bacarır.

Paylaş:
Baxılıb: 201 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31