Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rəsmi Berlin niyə neytrallığı seçdi?

Rəsmi Berlin niyə neytrallığı seçdi?

02.03.2024 [10:21]

Qərbin Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmlənməsi istiqamətində təşəbbüsləri yalnız Azərbaycanla əməkdaşlıq çərçivəsində baş tuta bilər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayində heyətini qəbul edib. Prezident Almaniyanın rəsmisi ilə görüşündə Rusiya, ABŞ, Fransa və Almaniyanın Cənubi Qafqazdakı hazırki proseslərlə bağlı mövqeyi barədə öz fikirlərini bölüşüb.

Almaniyanın XİN rəhbəri Annalena Berbokun təşkilatçılığı ilə fevralın 28-29 - da Berlində Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında keçirilən görüşün əhəmiyyətinə toxunan dövlət başçısı qeyd edib ki, Fransadan fərqli olaraq Almaniya sülh prosesində neytral mövqe sərgiləyir.  

“Almaniya qonşuluğunda yerləşən necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir”.  

Prezident İlham Əliyev Cənubi Qafqazda mövcud vəziyyət barədə söz açarkən Qərbin regionda hazırki reallıqları qəbul etməsinin zəruriliyini vurğulayıb.

“Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər”.

Sözsüz ki, dövlətimizin başçısı öz mövqeyində tamamilə haqlıdır. Heç vaxt yaddan çıxarmaq olmaz ki, məhz prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və ordumuzun iradəsi hesabına torpaqlarımızda otuz illik erməni işğalına son qoyulub və ərazi bütövlüyümüz tam olaraq bərqərar olunub.  Dövlət rəhbərimizin regionda sülh və sabitliyin təmin olunması istiqamətində böyük nailiyyəti barədə beynəlxalq münasibətlər tarixində hər zaman geniş söhbət açılacaq.

Bu baxımdan regional və beynəlxalq güc mərkəzləri Cənubi Qafqazda yeni siyasi reallıqları qəbul etmək məcburiyyətindədirlər.

Xüsusilə vurğulamaq lazımdır ki, ordumuzun 2023-cü ilin 19 sentyabrında Qarabağda uğurlu antiterror əməliyyatlarından sonra Rusiya Azərbaycanın regionda lider dövlət olduğunu qəbul etməyə başlayıb. Məhz buna görə də Rusiyanın dövlət rəsmiləri öz açıqlamalarında bəyan edirlər ki, Moskva Azərbaycanla birgə regionda sülh, sabitlik və təhlükəsizliyin möhkəmlənməsi istiqamətində əməkdaşlıq etməyə hazırdır. Doğrusunu desək, Azərbaycan-Rusiya əməkdaşlığı, hətta Türkiyə-Rusiya əməkdaşlığı, həqiqətən Cənubi Qafqazın sabit və təhlükəsiz bir regiona çevrilməsində mühüm və əhəmiyyətli rol oynaya bilər. Həm Azərbaycan, həm Türkiyə, həm də Rusiya bu regionda istənilən təhlükənin qarşısının alınmasında kifayət qədər təsir imkanlarına malikdir.

ABŞ və Fransa, habelə Avropa İttifaqına gəlincə, Qərbin son zamanlar yürütdüyü siyasət Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin pozulmasına və regionda vəziyyətin gərginləşməsinə xidmət edir. Nəticə etibarı ilə Azərbaycanın Qərblə münasibətləri korlanır.

Amma Fransadan fərqli olaraq, ABŞ və Avropa İttifaqı öz mövqeyində dəyişiklik edə bilər. Çünki hər iki tərəfdə müəyyən dairələr çox yaxşı anlayırlar ki, Azərbaycana qarşı qərəzli, riyakar və avantürist siyasət Qərbin Cənubi Qafqazda geosiyasi maraqlarını fiaskoya uğrada bilər. Həmçinin başa düşürlər ki, Ermənistan Qərbin regionda maraqlarını təmin etmək iqtidarında deyil.

Azərbaycan ABŞ və Avropa İttifaqı, eləcə də bir çox Avropa ölkələri tərəfindən  önəmli strateji, enerji və iqtisadi tərəfdaş kimi qəbul edilir.  Qərbin bir çox şirkətləri Azərbaycanda neft və qeyri-neft sektoru üzrə genişmiqyaslı investisiya layihələri həyata keçirirlər. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığını heç kəs inkar edə bilməz.

Bununla bərabər, ABŞ və Avropada bir sıra dairələr Qərbin Cənubi Qafqazda geosiyasi maraqlarını yalnız Azərbaycan üzərindən təmin etmək mümkün olduğunu hesab edirlər.

O ki qaldı Fransaya, rəsmi Paris öz ambisiyalarının dalınca qaçsa belə, regionda öz istəyinə nail ola bilməyəcək. Əksinə Fransa Ermənistanı öz ambisiyalarının qurbanına çevirəcək.

Almaniya isə Azərbaycanın önəmli iqtisadi tərəfdaşı olaraq qalır. Azərbaycan ilə Almaniya arasında münasibətlərin inkişafı daha çox özünü iqtisadi, ticari və biznes sahələrində göstərir. İqtisadi cəhətdən Almaniya Azərbaycan, enerji cəhətdən isə Azərbaycan Almaniya üçün vacib ölkədir.

Almaniyanın təşəbbüsü ilə Berlində Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında keçirilən görüşə gəlincə, hesab edirəm ki, Berlinin sülh prosesində təşəbbüsləri Azərbaycan tərəfindən yüksək qiymətləndirilə bilər. Amma gərəkir ki, Almaniya öz mövqeyindən dönməsin.

Yaddan çıxarmaq olmaz ki, müxtəlif zamanlarda Almaniya Azərbaycana qarşı qərəzli və riyakar münasibət də nümayiş etdirib. Elə zaman olub ki, Avropa institutlarında, xüsusilə Avropa Şurası Parlament Assambleyasında və Avropa Parlamentində anti-Azərbaycan kampaniyasına Fransa ilə yanaşı Almaniya da təşəbbüskeşlik edib.

İşğal dövründə Almaniya parlamentinin bir sıra deputatlarının işğal altında olmuş ərazilərə səfərləri və qondarma qurumun ünsürləri ilə görüşlərini, o cümlədən həm İkinci Qarabağ müharibəsi, həm də post-münaqişə dövründə Almaniya mətbuatında Azərbaycanla bağlı reallığı və həqiqəti əks etdirməyən məqalələrin dərc olunduğunu çox yaxşı xatırlayırıq.

Əgər Almaniya Azərbaycan-Ermənistan sülh prosesində vasitəçi və ya təşkilatçı qismində iştirak etmək istəyirsə, bundan sonra bu cür hərəkətlərə yol verməməlidir.

Rəsmi Berlin Azərbaycanın regionda lider dövlət olduğunu qəbul etməli, özünü həqiqi sülh təşəbbüskeşi olduğunu göstərməli, ən əsası da Fransa kimi öz ambisiyalarının dalınca qaçmamalıdır. Bu cür münasibətin sərgilənəcəyi halda Almaniyanın sülh prosesində rolu daha münasib olacaq.  

İstənilən halda Rusiyada, Almaniyada, Böyük Britaniyada və ABŞ-da Azərbaycan Prezidenti İlham Əliyevin rasional, praqmatik və beynəlxalq hüququn normalarına uyğun xarici siyasət yürütdüyünü çox yaxşı görürlər.

Yunis Abdullayev

Paylaş:
Baxılıb: 226 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30