Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Konrad Adenauer Fondunun layihəsində iştirak çərçivəsində Berlin təəssüratları

Konrad Adenauer Fondunun layihəsində iştirak çərçivəsində Berlin təəssüratları

26.10.2016 [09:58]

Azərbaycan dövlətinin uğurlu xarici siyasəti, diplomatiyası özünü Almaniyada da göstərir
Bu günlərdə Almaniyanın hakim Xristian Demokrat İttifaqı Partiyasının nəzdində fəaliyyət göstərən Konrad Adenauer Fondunun həyata keçirdiyi təlim və dialoq proqramı çərçivəsində Cənubi Qafqaz respublikalarından bir qrup gəncin Almaniyaya səfəri gerçəkləşib. 16-21 oktyabr tarixlərində baş tutan səfər siyasi partiyaların gənc üzvləri üçün bir tərəfdən maraqlı təcrübə, yeni biliklərin əldə olunması imkanı, digər tərəfdən isə mövcud bacarıqların tətbiqi, eləcə də partiya ideyalarına və milli maraqlara bağlılığın əməli sübutu baxımından əhəmiyyətli idi.
Qeyd edək ki, Konrad Adenauer Fondu İkinci dünya müharibəsindən sonra iki hissəyə bölünmüş Almaniyanın qərb hissəsinin - Almaniya Federativ Respublikasının ilk kansleri, Xristian Demokrat İttifaqının ilk sədri olmuş, 14 illik rəhbərliyi dövründə müharibənin ağır dağıntılarına məruz qalmış ölkənin dirçəlməsində böyük xidmətləri olmuş Konrad Adenauerin adını daşıyır. Fond 120-dən artıq ölkədə 200-dən çox layihə həyata keçirir.
Azərbaycan nümayəndə heyətinin tərkibində Yeni Azərbaycan Partiyası (YAP) və Demokratik İslahatlar Partiyasından (DİP) gənc üzvlərin təmsil olunduğu sözügedən layihə isə üç hissədən ibarətdir. Gürcüstanda gerçəkləşən ilk iki - yay və qış mərhələlərində iştirakçılara siyasi, nəzəri mövzularda təlimlər keçilir, fikir mübadilələri aparılır, praktik məşğələlər və simulyasiya oyunları təşkil olunur, müəyyən mövzular üzrə layihələr hazırlanır. Üçüncü və yekun mərhələdə isə iştirakçıların Almaniyaya ekskursiya və yerində tanışlıq xarakterli səfəri təşkil olunur.
Tarixin ziddiyyətli səhifələrini yaşadan Berlin və Vittenberq şəhərləri
Bu baxımdan, iştirakçısı olduğum layihənin son səfəri bir sıra maraqlı və yaddaqalan məqamlarla zəngin oldu. Səfər bir tərəfdən Berlin və Vittenberq şəhərləri ilə tanışlıq, digər tərəfdən isə ölkənin siyasi, ictimai strukturları, onların fəaliyyəti, Cənubi Qafqaz regionu ilə bağlı siyasəti və s. barədə məlumatların yerindəcə, elə həmin strukturların nümayəndələrindən alınması xarakteri daşıyırdı.
Berlinlə bağlı təəssüratlara gəldikdə, 3,6 milyon nəfər əhalisi olan şəhər ilk baxışdan sakit təəssürat bağışlayır. Maraqlıdır ki, dünyada avtomobilləri ilə tanınan bir ölkənin paytaxt yollarında sanki avtomobildən çox velosipedlərə rast gəlinir. Burada velosiped sürmək sadəcə idman növü deyil, velosiped müxtəlif yaşlı və statuslu qadın və kişilər arasında geniş yayılmış nəqliyyat vasitəsidir.
Diqqəti çəkən digər bir məqam tarixi yaddaşın qorunub saxlanmasına verilən önəmdir. İkinci Dünya müharibəsindən sonra 1990-cı ilədək bütün Almaniya kimi, paytaxt Berlin də kapitalist və sosialist olmaqla iki hissəyə bölünmüşdü. Həmin tarixin qalıqları olan Berlin divarlarının bir hissəsinin, şəhərin şərq və qərb hissələri arasındakı yoxlama məntəqələrinin, yaxud onları bildirən izlərin, qalib sovet əsgərlərinin Bundestaqın divarlarına yazdıqları yazıların, soyuq müharibə dövrünə aid bəzi tikililərin saxlanması, Avropada qətlə yetirilmiş yəhudilərin xatirəsinə həsr olunmuş abidə kompleksi və muzey, eləcə də digər xatirə abidələri tarixi canlı saxlayır, sanki şəhər sakinlərinə keçmişi hər addımda xatırladır.
50 min nəfər əhalisi olan Vittenberq şəhəri də tarixiliyi ilə diqqəti cəlb edir. Lakin burada əsasən daha qədim dövrlərin, orta əsrlərin ruhu hiss olunur. Avropada reformasiya hərəkatının əsas simalarından olan Martin Lüterin həyatının bir hissəsinin bu şəhərlə bağlı olması səbəbindən yerli idarəetmə orqanları şəhəri reformasiya hərəkatının və protestantlığın mədəni-mənəvi mərkəzlərindən biri kimi tanıtmağa çalışır. 2017-ci ildə reformasiya hərəkatının 500 illiyini qeyd etməyə hazırlaşan şəhərdə bayram ab-havası hökm sürür.
Azərbaycan diplomatiyasının gücü Almaniyada da hiss olunur
Qeyd etdiyimiz kimi, səfərin mühüm bir hissəsi Almaniyanın hökumət və ictimaiyyət nümayəndələri ilə görüşlərdən ibarət oldu. Belə ki, Almaniyanın bir sıra hökumət və parlament üzvləri, eləcə də Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin rəhbəri Maykl Zibert, Bundestaqın Xarici İşlər Komitəsi və Avropa İttifaqı Məsələləri Komitəsinin üzvü Kristof Berqner, Bundestaqın Xristian Demokrat İttifaqı və Xristian Sosialistlər İttifaqının (CDU/CSU) gənclər fraksiyasının üzvü Mark Hauptman, Federal Kansler Aparatının Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə ikitərəfli əlaqələr şöbəsinin rəhbəri Knut Abraham, habelə digər partiya, yerli idarəetmə orqanları, QHT və gənclər təşkilatları nümayəndələri ilə təlim iştirakçılarının görüşləri təşkil olundu.
Görüşlərdə Almaniyanın müvafiq qurumlarının strukturu və fəaliyyəti barədə iştirakçılara məlumatlar verildi və dünyada aktual olan mövzular, eləcə də Cənubi Qafqaz regionu ilə bağlı fikir mübadilələri aparıldı. Görüşlər zamanı bizim üçün əsas sevindirici hal Azərbaycan dövlətinin uğurlu xarici siyasətinin, diplomatik münasibətlərinin özünü hiss etdirməsi oldu. Belə ki, bəzi hökumət və parlament üzvləri Azərbaycan hökuməti ilə xoş münasibətlərini vurğulayır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edir, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı əhəmiyyətindən bəhs edir, Azərbaycandakı etnik və dini müxtəlifliyin birgəyaşayış modelini dünya üçün tolerantlıq nümunəsi adlandırır, Bakıda keçirilən ilk Avropa Oyunlarının möhtəşəmliyini qeyd edirdilər.
Öz növbəmizdə, Azərbaycan nümayəndə heyəti olaraq, iştirak etdiyimiz bütün görüşlərdə ölkəmizlə bağlı müsbət təsəvvürlərin möhkəmlənməsinə öz töhfəmizi verməyə çalışırdıq. Diqqət yetirdiyimiz məqamlardan biri isə görüşlər zamanı Ermənistan təmsilçilərinin dezinformasiya cəhdlərinin qarşısının alınması idi. Belə epizodlardan biri kimi, Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə departamentinin rəhbəri Maykl Zibert Azərbaycanın ərazi bütövlüyünə açıq dəstəyini bildirdi. Erməni nümayəndə heyətinin üzvü Dağlıq Qarabağın danışıqlarda iştirakı və müqəddəratın həlli məsələsini qaldıranda, cavab olaraq Dağlıq Qarabağın heç də yalnız erməni əhalidən ibarət olmadığını, onun hazırda məcburi köçkün vəziyyətində yaşayan azərbaycanlı icmasının da istəyinin nəzərə alınmalı olduğunu, həmçinin erməni xalqının artıq bir dəfə öz müqəddəratını həll edərək Ermənistan dövlətini yaratdığını və Azərbaycanın ərazi bütövlüyünə hörmət etməli olduğunu, yalnız bundan sonra iki ölkənin sülh içərisində yaşaya biləcəyini, Ermənistanın isə həqiqi müstəqillik və inkişaf yoluna qədəm qoya biləcəyini bildirdim. Görüş erməni nümayəndə heyəti üzərindəki psixoloji üstünlüyümüzü daha da gücləndirdi.
Başqa bir epizodda isə Avropada qətlə yetirilmiş yəhudilərin xatirəsinə həsr olunmuş muzeydə bələdçi ilə aparılan diskussiya zamanı qondarma “erməni soyqırımı” yalanının səsləndirilməsinə qarşı çıxaraq, bu iddiaların holokostla müqayisəsinin düzgün olmadığını, Osmanlı hökuməti tərəfindən ermənilərə qarşı heç bir zaman etnik təmizləmə siyasəti yürüdülmədiyini bildirdim. Əvəzində isə ermənilərin başqalarını günahlandırmazdan əvvəl Qarabağda, Xocalıda azərbaycanlı əhaliyə qarşı törətdikləri soyqırımını tanımalı olduqlarını vurğuladım. Ermənipərəst mövqeyinə baxmayaraq, muzey bələdçisi ermənilərin başqa xalqa ittiham irəli sürməzdən əvvəl öz keçmişinə nəzər yetirməli olduqları qənaətinə gəldi.
Aparılan diskussiyalar və bəzi hallarda mübahisələr bir daha təsdiq etdi ki, ermənilərin ən gur səslənən yalanları belə tarixi həqiqət və faktlar qarşısında acizdir. Ümumiyyətlə, Azərbaycan nümayəndə heyəti olaraq, görüşlərdə diskussiyalarda fəal iştirakdan tutmuş, işgüzar nahar stolunda qonaqlarla ünsiyyət üçün ən münasib yerlərdə oturmağadək hər bir kiçik detala önəm verirdik. Məqsədimiz görüş üçün ayrılan 1-1,5 saat müddətində söhbətin gedişatını idarə edərək, Azərbaycan həqiqətləri, ölkəmizin inkişafı, modernliyi barədə iştirakçılara mümkün qədər çox məlumat vermək idi. Görüşlərin ümumi ab-havası, iştirakçılarda yaranan xoş təəssüratlar məqsədimizə nail olduğumuzdan xəbər verirdi.
Beləliklə, Konrad Adenauer Fondunun layihəsi çərçivəsində gerçəkləşən səfərlər bizə yeni təcrübə və siyasi biliklər qazandırmaqla yanaşı, Azərbaycan gəncliyi olaraq, olduğumuz hər yerdə ölkənin haqq səsini ucaltmaq və Azərbaycan həqiqətlərini təbliğ etmək işinin əhəmiyyətini bir daha sübuta yetirdi.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 709 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31