Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi

Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi

21.02.2017 [10:28]

XXI əsrin qlobalmiqyaslı və həll olunması vacib məsələlərindən biri də şirin su ehtiyatı məsələsidir. Bilindiyi kimi, dünyanın su ehtiyatlarının yalnız 2 faizdən bir az çoxu şirin su ehtiyatlarının payına düşür. Yer kürəsinin su ehtiyatının 97 faizdən də çox hissəsi şor sudan ibarətdir. Beynəlxalq təşkilatların hesabatlarına əsasən, 2025-ci ildən sonra qlobal şirin su çatışmazlığı problemi dünyanın bir sıra ölkələri üçün siyasi və sosial-iqtisadi təzyiq vasitəsinə çevriləcək.
Yeri gəlmişkən, ölkəmizdə içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. 27 kubkilometr təşkil edən yerüstü su ehtiyatlarımız çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Azərbaycanın yerüstü su ehtiyatlarının 19-20,6 kubkilometri transsərhəd çayların, 9,5-10 kubkilometri isə yerli çay axımı hesabına formalaşır. Respublika ərazisindəki irili-xırdalı 8359 çaydan yalnız 171-nin uzunluğu 25 kilometrdən artıqdır. 327 çayın uzunluğu 25 kilometrdən, 7861 çayın uzunluğu isə 10 kilometrdən azdır. Bununla yanaşı, çayların yerüstü axınının hidroloji ildən və mövsümlərdən asılı olması ilə əlaqədar bir sıra çayların üzərində su anbarları yaradılıb, eləcə də su kəmərləri çəkilib. Respublikamızda Mingəçevir, Şəmkir, Araz, Sərsəng su anbarları, Şollar, Oğuz-Qəbələ-Bakı və başqa su kəmərləri mövcuddur.
Şollar su kəməri paytaxt Bakının uzaqda yerləşən su mənbələrindən asılılığının aradan qaldırılmasında vacib rol oynadı
Qeyd etmək gərəkdir ki, Abşeron yarımadasının, paytaxtımız Bakının içməli su təchizatı ilə bağlı hələ XVIII əsrdən başlayaraq addımlar atılıb. XVIII əsrin sonlarında şəhərə Bakı xanlarının adı ilə bağlı 3 su kəməri çəkilmişdi. 1791-1792-ci illərdə tikilmiş “Məmmədquluxan” su kəməri isə Şəhidlər xiyabanı yaxınlığında yerləşən iki bulaqdan qidalanırmış. Bu kəmər indiki Filarmoniya binasının aşağı hissəsindən İçərişəhərə daxil olur və əsasən qalanın qərb və cənub hissəsini su ilə təmin edirmiş. 1859-cu ildə baş vermiş Şamaxı zəlzələsinin ardından quberniya mərkəzinin Bakıya köçürülməsi içməli su məsələsini yenidən gündəmə gətirdi.
Qeyd edilməlidir ki, iqlim şəraiti ilə bağlı Bakı uzaqda yerləşən su mənbələrindən asılı vəziyyətdə idi. Yeni mərkəzləşdirilmiş su kəmərinin çəkilməsi zərurəti yaranmışdı. Bu işin təşkilində əsas rolu məşhur sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyev oynadı. 1879-cu il yanvarın 11-də şəhər Dumasının iclasında şəhərdə su çatışmazlığının ən yüksək həddə çatdığı bildirilir. Hacı Zeynalabdin Tağıyev belə bir fikir irəli sürür: “Dumanın lazım olan məbləği ayırması üçün yeni su kəmərinin ilkin layihəsi və təxmini smetası lazımdır”. O, bunun üçün 1000 manat ayrılmasını təklif edir. Duma səs çoxluğu ilə Tağıyevin təklifini qəbul edir. Məşhur mesenat tədqiqat işləri üçün lazım olan məbləği ayırır və bu məqsədlə mütəxəssislər dəvət edilir. Bu dəvətə cavab verənlərdən biri də ingilis mühəndisi Uilyam Qarleyn Lindley idi.
1889-cu il oktyabrın 6-da Quba qəzasına və Samur dairəsinə gələn və Bakının 185 kilometrliyində Şahdağ ətrafında yeraltı bulaq sularının axtarışı məqsədilə quyular qazılmasını təklif edən mühəndis bu suyun yüksək keyfiyyətli olduğunu iddia edir və kəmərin çəkilməsinin vacibliyini göstərir.
Bakı şəhər Dumasında Lindleyin təklifini yalnız H.Z.Tağıyev müdafiə edir. Bundan sonra xüsusi komissiya Dumaya Bakı şəhərinin, Balaxanı, Sabunçu və Bibiheybət mədənlərinin, habelə Ağ şəhərin su ilə təchizatı üçün mühəndis U.Q.Lindleyin tərtib etdiyi Bakı quberniyası Quba qəzasının Şollar və Fərzəlioba mənbələrindən Şollar su kəmərinin çəkilməsi layihəsini qəbul etməyi və su kəmərinin tikintisi üçün 23,500 min manat məbləğində istiqrazın buraxılmasını tövsiyə edir.
Bakının su təchizatı tarixində ilk və əhəmiyyətli dövr - Şollar su kəmərinin layihələşdirilməsi və tikintisi başlanır (1899-1917-ci illər). 1916-cı il yanvarın 22-də mühəndis Lindley Şollar suyunun ilk şırnağını bu kəmərə buraxır. Bəzi kiçik əyər-əskiklər düzələndən sonra su kəməri 1917-ci ilin yanvarında təhvil verilir. Bakı-Şollar su kəmərinin təntənəli açılışı 1917-ci il fevral ayının 18-də “Naxır” bulağının üstündə baş verir. İlk kranı açmaq şərəfi Hacı Zeynalabdin Tağıyevə nəsib olur. O vaxtdan çəkilmiş borulara və su anbarlarına kiçik təmirdən başqa əl dəyməyib.
Azərbaycan vətəndaşlarının ekoloji təmiz içməli su ilə təmin olunması istiqamətində mühüm işlər görülüb
Bu məqamda vurğulamaq lazımdır ki, ölkəmizin su təsərrüfatının inkişafı istiqamətində artıq uzun illərdir ki, mühüm addımlar atılır. Paytaxt Bakının və ətrafındakı qəsəbələrin su təchizatının yaxşılaşdırılması ilə bağlı bir neçə Dövlət Proqramı qəbul edilib. Bu gün Azərbaycan vətəndaşlarının ekoloji təmiz içməli su ilə təmin olunması istiqamətində əsaslı işlər görülüb, bəzi kəmərlər yenidən qurulub, təmir olunub. Eləcə də ölkəmizdə yeni içməli su kəmərləri vətəndaşların ixtiyarına verilib. Məsələn, Oğuz-Qəbələ-Bakı su kəməri Abşeron yarımadasının içməli su təchizatı sahəsində həyata keçirilən sonuncu və ən iri layihədir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2005-ci il tarixli 972 saylı Sərəncamı ilə Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin icrasına başlanılıb. 2005-ci il sentyabrın 1-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirədə layihənin parametrləri müzakirə edilib və 2 il sonra - 2007-ci ilin martında tikinti işlərinə start verilib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin rəsmi açılış mərasimi 2010-cu il dekabrin 28-də keçirilib.
Şollar su kəməri XX əsrin əvvəlində içməli su təminatında yeni mərhələnin başlanğıcını qoydu
Azərbaycanda əhalinin ekoloji təmiz su ilə təmini məsələsi ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov bildirib ki, ölkəmizdə əhalinin ekoloji təmiz içməli su ilə təchiz olunması ilə bağlı mühüm addımlar atılıb. Paytaxtımızın və ətraf qəsəbələrin içməli su problemlərinin həlli istiqamətində “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramının icra edildiyini söyləyən millət vəkili 2004-cü ildən 3 mərhələdə reallaşan “Regionların sosial iqtisadi inkişafına dair” Dövlət proqramlarının da bu problemin həllində əsaslı rol oynadığını bildirib: “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramının uğurlu icrası, Oğuz-Qəbələ-Bakı su kəmərənin çəkilməsi bu gün Bakının fasiləsiz su ilə təminatına imkan yaradıb. Digər tərəfdən, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramında su ehtiyatlarının davamlı idarə olunması, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün kənd yerlərində içməli su mənbələrinin qeydiyyata alınması, onların sanitar-mühafizə zonalarının müəyyən edilməsi, kənd yerlərində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, yerli bulaqlardan və yeraltı su mənbələrindən istifadə etməklə rayon mərkəzlərində və kəndlərdə etibarlı su təchizatı sistemlərinin yaradılması və mərkəzləşdirilmiş su təchizatı sistemləri vasitəsilə bütün əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi kimi məsələlər öz əksini tapıb və uğurla icra olunub”.
Millət vəkili bildirib ki, Şollar su kəmərinin çəkilişi XX əsr Azərbaycan tarixinin mühüm məqamlarındandır. A.Badamov bildirib ki, Şollar su kəmərinin çəkilişi Bakının su təminatını əsaslı dərəcədə yaxşılaşdırmaqla yanaşı, həmin dövr üçün bu su kəmərinin keçdiyi ərazilərdə də mühüm “izlər” buraxıb. Bu, həm də kəmərin çəkildiyi regionların su təchizatında, yeniləşməsində rol oynadı: “Həmin dövrdə Şollar su kəmərinin çəkilişi regionun adi gözlə görülə biləcək özəlliklərinin daha yaxından müşahidə olunmasına imkan yaratdı. Bununla yanaşı, gələcək illərdə çəkiləcək su kəmərləri üçün əsas təməl rolunu oynadı. Şollar suyu bu gün də sevilir, insanlarımız tərəfindən istifadə olunur. Hətta bu gün Şollar suyu qablaşdırılır və xarici ölkələrə ixrac olunur. Mən inanıram ki, çəkilişinin 100 illiyi qeyd edilən Şollar kəmərindən axan bu saf su markası ölkəmizin sərhədlərindən kənarda çox böyük məşhurluq qazanıb”.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Mirzəcan Xəlilov da Şollar su kəmərinin çəkilişinin həmin dövr üçün inqilabi xarakter daşıdığını söyləyib. Onun sözlərinə görə, bu gün də özüaxımlı kəmər sistemi üçün ideal bir nümunə sayılan Şollar su kəməri ölkəmizin içməli su təchizatındakı mühüm yerini qorumaqdadır: “Şollar suyu XX əsrin əvvəllərində paytaxtımızın əsas su təchizatçısı qismində çıxış edib. Sonrakı dövrdə, sovet hakimiyyəti illərində yeni kəmərlər çəkilsə də Şollar suyunun keyfiyyəti və ekoloji təmizliyi öz sözünü deyib. 100 il keçməsinə baxmayaraq Şollar suyu öz aktuallığını itirməyib. Bu gün əhalinin ekoloji təmiz su təminatı məsələsi ölkəmizin əsas prioritetlərindəndir. Bilindiyi kimi, mühüm layihələrdən sayılan Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi məhz bu istiqamətdə atılan bir addımdır. Bu kəmər Abşeron yarımadası ilə yanaşı, su çatışmazlığı müşahidə olunan bəzi regionların problemlərinin həllinə də imkan verib. Möhtərəm Prezidentimiz İlham Əliyevin açılışını etdiyi bu kəmər paytaxtımızın fasiləsiz su təminatında böyük rola malikdir”.
Millət vəkili bildirib ki, 2007-2014-cü illərdə ölkəmizin 20 rayonunda 272 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb, daha 48 yaşayış məntəqəsində belə qurğuların quraşdırılması işləri aparılıb. Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncam, eləcə də müvafiq Dövlət proqramları, bu istiqamətdə xüsusi layihələr su təchizatının inkişafında yeni mərhələ açıb: “Əsası Ulu öndərimiz tərəfindən qoyulan siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Artıq dünyanın əksər regionlarında içməli su problemi özünü göstərməkdədir. Azərbaycan dövləti belə bir problemlə üzləşməmək üçün böyük işlər görür. İnanıram ki, 100 il öncə Şollar suyunun çəkilişi ilə içməli su təminatında başlanan yeni mərhələ qarşıdakı illərdə də davam edəcək və əhalimizin rifahına xidmət göstərəcək”.
Pərviz SADAYOĞLU
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 602 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31