Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və hüquqi dövlət quruculuğu xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və hüquqi dövlət quruculuğu xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır

11.07.2017 [09:38]

Azərbaycanda insan hüquqlarının müdafiəsi və hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar davamlı xarakter daşıyır
Yaşadığımız mürəkkəb, gərgin olaylarla zəngin olan dünyada proseslər sürətlə bir-birini əvəzləyir. Heç şübhəsiz, bu əvəzləmələr fonunda bəşəriyyətin müasir düzəninə uyğun olaraq yeni meyarlar, dəyərlər və prinsiplər ortaya çıxır. Və istər fərdlər, istərsə də dövlətlər az qala hər gün dəyişən yeni dünyanın tələblərinə uyğunlaşmaq üçün çabalar göstərir. Lakin bütün bu sadalananlara rəğmən həm insanlar, həm də dövlətlər üçün vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu öz aktuallığını hər zaman qoruyub saxlayır. Bəs, ölkəmizdə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesi necə inkişaf edib?
Bu suala cavab verməzdən öncə bildirək ki, vətəndaş cəmiyyəti - cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyi olub özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Vətəndaş cəmiyyəti haqqında təsəvvürlər uzun tarixi təkamül yolu keçib. Onun əlamətləri haqqında ilkin fikirləri Platonun, Aristotelin, Siseronun və digər yunan-Roma mütəfəkkirlərinin əsərlərində görmək olar. Bu ideyaların inkişafı intibah dövründə də davam edib və H.Qrotsinin, T.Hobbun, C.Lokkun, Ş.Monteskyenin əsərlərində öz əksini tapıb. Lakin “vətəndaş cəmiyyəti” termini yalnız XVIII əsrdən indiki mənada istifadə edilməyə başlanıb.
Əksər ekspertlərin də vurğuladıqları kimi, vətəndaş cəmiyyəti açıq, demokratik, müstəqil inkişaf edən cəmiyyətdir ki, burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. Burada humanizm prinsiplərinə, qanunlara və əxlaqa hörmət edilir.
Eyni zamanda, vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğu ilə birbaşa bağlıdır desək, heç də yanılmarıq. Məlumat üçün bildirək ki, hüquqi dövlət - dövlətin təşkilinin və fəaliyyətinin elə bir formasıdır ki, burada insan və vətəndaşın hüquqları və azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər və onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur. Konkret olaraq ölkəmizə gəlincə, birmənalı olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və hüquqi dövlət quruculuğu xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Daha doğrusu, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə vətəndaş cəmiyyətinin əsasını təşkil edən qeyri-hökumət təşkilatları (QHT) yaranmağa başlasa da, ilk illər ciddi çətinliklər mövcud olub. Və yalnız Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəldikdən sonra bu sektora münasibət müsbət istiqamətə dəyişməyə başlayıb. Həmin məqama toxunan Milli QHT Forumunun prezidenti Rauf Zeyni “Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsindən sonra dövlət tərəfindən QHT-lərə göstərilən xoş münasibət vətəndaş cəmiyyətinin inkişafına bir təkan oldu”, - deyib.
Onun sözlərinə görə, Ulu öndərin göstəriş və tapşırıqlarına əsasən QHT sektorunun, ümumiyyətlə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm addımlar atıldı, qanunvericilik bazası formalaşdırıldı ki, bu istiqamətdə 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulunu xüsusi vurğulamaq lazımdır: “Çünki Azərbaycan QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən əsas qanun məhz 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasıdır. Sonrakı dövrlərdə bu sektorla bağlı müxtəlif qanunların qəbul edilməsi ölkədə QHT hərəkatının daha geniş vüsət almasına imkan yaratdı. Qəbul edilən qanunlar vətəndaş cəmiyyətinin inkişafı üçün vacib bir platforma, qanunvericilik bazası yaratdı”.
Vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin ötən müddət ərzində uğurlu inkişaf yolu keçdiyini bildirən R.Zeyni əlavə edib ki, bu gün Azərbaycanda ümumilikdə 3000-dən çox QHT dövlət qeydiyyatından keçib. Eyni zamanda, Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin də QHT sektoruna xüsusi diqqət və qayğı ilə yanaşdığını deyən R.Zeyni Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən QHT-lərin layihələrinin maliyyələşdirilməsini bunun bariz nümunəsi adlandırıb: “Vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq üçün Azərbaycan hökumətinin atdığı addımlar göz qabağındadır. Yerli və xarici QHT-lərə qrantların ayrılması və informasiya dəstəyinin verilməsi məqsədilə Azərbaycan hökuməti 2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurasını təsis edib və Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası təsdiq edilib. Dövlət orqanları nəzdində yaradılmış ictimai nəzarət şuralarını, QHT və hökumət təmsilçilərindən formalaşan şəbəkələri və işçi qruplarını da hökumətin vətəndaş cəmiyyəti ilə əməkdaşlığına nümunə göstərmək olar. Digər tərəfdən, ötən müddət ərzində Milli Məclis QHT-lərin fəaliyyəti ilə bağlı bir sıra qanunlar qəbul edib. Hansı ki, bütün bu qanunlar QHT-lərin fəaliyyətində hesabatlılığın və şəffaflığın artırılmasına xidmət edir, onların inkişafına təkan verir”.
Hüquqi dövlət quruculuğuna gəlincə, ölkəmizdə bu məsələdə də Ümummilli lider Heydər Əliyevin əməyi danılmazdır. Belə ki, 1993-cü ildə Ulu öndərimiz qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.
Həmin vaxt ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Ulu öndər yaxşı dərk edirdi ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməlidir. Beləliklə, ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün Ulu öndərin 1994-cü ildə imzaladığı xüsusi Fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Eyni zamanda, milli dövlətçiliyin inkişafında korrupsiyanın aradan qaldırılmasının əhəmiyyəti nəzərə alınaraq bu ümumbəşəri sosial bəla ilə mübarizəyə başlanıldı.
Hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən qəti tədbirlər nəticəsində cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoyuldu. Demokratik hüquqi dövlət quruculuğu prosesi də tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirildi. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi.
Bu sənəd dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub, insan hüquqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib, Konstitusiyamızın üçdəbir hissəsi məhz bu məsələyə həsr edilib.
Beləliklə, bu yeni, mütərəqqi Konstitusiyamıza əsaslanaraq mükəmməl hüquq sistemi formalaşdırmaq üçün Ulu öndər qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutmaqla, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar aparmağa başladı və bu məqsədlə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaratdı. Gərgin fəaliyyət nəticəsində “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və bütün əsas məcəllələrin layihələri hazırlandı və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi. 1995-ci ildə Konstitusiyamızın qəbulu ilə ölkəmizdə məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin müstəqil qolunun bütün atributlarını, o cümlədən hüquqi dövlətin prinsip və vəzifələrinə uyğun olaraq qanunverici və icra hakimiyyəti ilə eyni statusu əldə etdi.
Öz növbəsində “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib ki, Azərbaycanda plüralizmin təmin edilməsi ilə bağlı çoxpartiyalı sistemin və üçpilləli məhkəmə sisteminin yaradılması, konstitusiyaya nəzarəti həyata keçirən Konstitusiya Məhkəməsinin mövcudluğu, inzibati icraat haqqında qanunvericiliyin qəbul edilməsi, dərin sosial müdafiə sisteminin yaradılması hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişafına yönələn addımlardır: “Bu, davam edən prosesdir. Azərbaycan dövlət müstəqilliyinin inkişafına baxsaq, biz bunu hər addımda görə bilərik. Bütövlükdə dəyişən mənzərə - huquqi, siyasi, iqtisadi və etibarlı sosial müdafiə sisteminin qurulması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yönələn addımlardır. Bu proses daima təkmilləşir”.
Onu da qeyd edək ki, məhz Ümummilli liderimizin təməlini qoyduğu hüquqi islahatlar demokratik hüquqi dövlət quruculuğu prosesi bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. 2004-cü ilin dekabr ayından etibarən məhkəmə-hüquq islahatlarının ikinci mərhələsi başlanıb. Hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvericilik və institusional islahatlar daha da dərinləşdirilir.
Onu da vurğulamaq lazımdır ki, məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi ötən illər ərzində ölkəmiz insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirib, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxıb və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib. Bir sözlə, Azərbaycanda insan hüquqlarının müdafiəsi və hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar davamlı xarakter daşıyır.
Nadir AZƏRİ
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 713 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31