Türk xalqı 15 iyulda tarix yazdı
25.07.2018 [09:35]
Azərbaycanlı jurnalistlər 15 iyul hadisələrinin ikinci ildönümü ilə bağlı Türkiyədə səfərdə olublar
Xəbər verildiyi kimi, 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin ikinci ildönümü ilə əlaqədar qardaş ölkədə silsilə tədbirlər keçirilib. Həmin tarixdə ölkənin bütün ərazisində 15 İyul - Demokratiya və Milli Birlik Gününə həsr olunan mərasimlər təşkil olunub, məscidlərdə, Şəhidlər xiyabanlarında, konfrans və toplantılarda şəhidlərin ruhuna dualar oxunub, ailələrinə səbir və dözüm, qazilərə Allahdan şəfa dilənib.
Həmin mərasimlərdə qeyd olunub ki, iki il əvvəl iyulun 15-də FETÖ terror təşkilatının qanlı çevriliş planına qarşı bir yumruq kimi dirəniş göstərən türk milləti kiminsə onun əvəzinə qərar verməsini qəbul etmədiyini bütün dünyaya bəyan etdi. Bir daha bütün dünyaya bəlli oldu ki, heç bir qüvvə türk millətini öz yolundan döndərə bilməz və bu millət hər zaman dövlətinə, Vətəninə sahib çıxacaq.
Beləliklə, tarixin daha bir ağır sınağından üzüağ çıxan qardaş Türkiyə xalqı 2016-cı il iyulun 15-də böyük qəhrəmanlıq göstərərək ölkədə hərbi çevriliş cəhdinin qarşısını aldı. Türkiyə cəmiyyəti seçilmiş hökumətini və prezidentini, Konstitusiyasını, demokratiyanı qorumaq üçün ayağa qalxdı və daha böyük fəlakətlərin yaşanmasına imkan vermədi. Bir sözlə, qardaş ölkədə demokratiya qələbə qazandı.
Vurğulamaq yerinə düşər ki, iki il əvvəl iyulun 15-də Türkiyədə baş verən hadisələr Azərbaycanda da çox həyəcanla izlənildi. O gərgin günlərdə Türkiyə xalqına və onun qanuni hakimiyyətinə öz dəstəyini ifadə edən ilk dövlət məhz Azərbaycan oldu. Türkiyədə baş verənlərə rəsmi Bakı əsl qardaşlıq, müttəfiqlik və strateji tərəfdaşlıq mövqeyindən yanaşdı.
Məlumat üçün bildirək ki, həmin hadisələrin ikinci ildönümünə həsr olunmuş mərasimdə iştirak etmək üçün Azərbaycan da daxil olmaqla, dünyanın 37 ölkəsindən dəvət olunan jurnalistlər Türkiyədə səfərdə oldular. Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsinin (BYEGM) təşkilatçılığı ilə baş tutan və “Yeni Azərbaycan” qəzetinin əməkdaşının da iştirak etdiyi səfər İstanbul şəhərindən başladı. Bir həftə davam edən səfər zamanı öncə İstanbulun tarixi-mədəni memarlıq abidələrini ziyarət edən jurnalistlər Bosfor boğazında və şəhərin digər müxtəlif görməli yerlərində gəzintilərdə oldu, həmçinin Türkiyənin milli mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə etdi.
Baş nazirin müşaviri Mehmet Akarca: 15 iyul ikinci Qurtuluş savaşıdır
Səfər çərçivəsində BYEGM-in rəhbəri, Baş nazirin müşaviri Mehmet Akarca xaricdən gələn KİV təmsilçiləri ilə görüşdü. 2016-cı il iyulun 15-də FETÖ terror təşkilatı tərəfindən Türkiyədə dövlət çevrilişinə cəhd edildiyini deyən Mehmet Akarca Türk xalqının bu ağır sınaqdan da üzüağ çıxdığını bildirdi. O, həmin hadisələr zamanı yaşından asılı olmayaraq vətəndaşların küçə və meydanlara axışaraq Vətənə, millətə, dövlətçiliyə və demokratiyaya sadiqliyini nümayiş etdirdiyini dedi. Terrorçuların bütün cəhdlərinin iflasa uğradığını qeyd edən M.Akarca dedi ki, Türkiyədə dövlət çevrilişi cəhdi zamanı 251 insanın ölümünə səbəb olan cinayətkarlar öz layiqli cəzalarını alıblar: “Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak edən bəzi FETÖ-çülər ömürlük həbs cəzasına məhkum ediliblər. Hazırda bu istiqamətdə məhkəmə prosesləri davam edir. Günahı olanlar mütləq cəzalarına çatacaqlar”.
Həmin günlərin Türk xalqının qəhrəmanlıq tarixinə yazıldığını deyən Akarca “Türkiyə xalqı demokratiyaya sahib çıxmaq üçün Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində 2016-cı ilin 15 iyulunda ikinci Qurtuluş savaşını aparıb. Çanaqqalada Qurtuluş savaşında tarix yazan bu millət eyni ruhla iyulun 15-də də tarix yazdı. 15 iyul ikinci Qurtuluş savaşıdır. Bu savaşda 251 şəhid vermişik. Əgər bu xain plan baş tutsaydı, həmin qüvvələr Türkiyəni parçalamaq üçün fəaliyyətə başlayacaqdılar. Ancaq türk xalqı demokratiyaya sahib çıxaraq, bu planların həyata keçirilməsinin qarşısını aldı”, - sözlərini də əlavə etdi.
“Azərbaycanın FETÖ ilə mübarizəsi bizi çox qürurlandırdı”
BYEGM-in rəhbəri görüşdə Azərbaycan dövlətinin və xalqının 15 iyul hadisələri zamanı Türkiyə ilə həmrəylik nümayiş etdirdiyini xüsusi olaraq vurğuladı. O bildirdi ki, Azərbaycan FETÖ ilə mübarizəyə ilk başlayan ölkələrdən biridir: “Hesab edirəm ki, qardaş Azərbaycanda artıq FETÖ təşkilatlanması tamamilə sıradan çıxarılıb. Dost Azərbaycanın FETÖ terror təşkilatı ilə mübarizəsi yetərli qədər effektiv olub. Yaşadığımız hadisələrdə Azərbaycanı hər zaman yanımızda gördük. Azərbaycanın FETÖ ilə mübarizəsi bizi çox qürurlandırdı. Təbii ki, başqa cür də ola bilməzdi. Çünki biz dost və qardaş ölkəyik. Türkiyə və Azərbaycanın dostları və düşmənləri eynidir”.
Brifinqdən dərhal sonra Mehmet Akarcanın müşayiəti ilə Qaçqın və Köçkünlərlə Həmrəylik Dərnəyini (Sığınmacılar ve Göçmenlerle Dayanışma Derneği) ziyarət etdik. Mətbuat nümayəndələri təhsildən səhiyyəyə, hüquqdan psixoloji dəstəyə bir çox istiqamətlərdə işlər görən dərnəklə yaxından tanış oldular. O cümlədən biz orada türk və suriyalı uşaqlardan ibarət olan “Rənglər və Səslər” qrupunun konsertini izlədik.
Türkiyədə 15 İyul - Demokratiya və Milli Birlik Günü təntənəli şəkildə qeyd edildi
Nəhayət ki, böyük gün gəlib yetişdi. Qardaş ölkənin bütün ərazisində 15 İyul - Demokratiya və Milli Birlik Gününə həsr olunan mərasimlər təşkil olundu. Ən böyük izdihamlı mitinq isə İstanbuldakı 15 Temmuz (iyul) - Şəhidlər Körpüsündə keçirildi. Həmin gün şəhər bayramsayağı bəzədilmiş, şəhərin küçələrində çoxsaylı bayraqlar asılmış, “Millətimiz qazandı, Türkiyə qazandı”, “15 Temmuzu unutmadıq, 15 Temmuzu unutdurmayacağıq” kimi şüar və plakatlar şəhərin ən uca yerlərinə vurulmuşdu. Zəfər nəğmələri və coşqu içərisində davam edən gecədə yüz minlərlə mitinq iştirakçısı bir nəfər kimi 251 şəhidin adlarını fəxrlə “burada” deyə yad etdilər. Heç şübhəsiz, tükürpərdici bu məqam gecəyə xüsusi damğa vurdu.
Prezident Rəcəb Tayyib Ərdoğan: 15 iyul Türkiyənin yıxılmayacağını göstərdi
Aralarında bir çox ölkələrdən dəvət olunan mətbuat işçilərinin də olduğu mitinqçilər qarşısında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınmasında Türkiyə xalqının göstərdiyi fədakarlıqdan danışdı. Prezident əminliklə bildirdi ki, fətullahçı terror təşkilatının (FETÖ) bütün üzvləri qanun qarşısında cavab verəcəklər. Bu millətin bir fərdi olmaqdan qürur duyduğunu söyləyən prezident “millət olaraq ölkəmizdə artıq hərbi çevriliş dəftərini açmamaq üzrə bağladıq”, - deyə vurğuladı. “Tarix boyunca qazandığımız hər bir zəfərin arxasında cəsarət, iradə və qətiyyət var. 15 iyul Türkiyənin yıxılmayacağını göstərdi. 15 iyul zəfəri tanklara və qırıcı təyyarələrə meydan oxuyan şəhid və qazilərimizin şərəfli qələbəsidir. Dövlət çevrilişinə cəhd edən terrorçu qüvvələr qarşısında millətimiz canından və canından daha dəyərli olan övladlarından keçdi, amma Vətənindən keçmədi. “Gün Vətənə sahib çıxma günüdür” deyib xainlərə bu körpünü dar etdiniz. Zəfərimiz mübarək olsun”, - deyə Ərdoğan söylədi.
Bu məqamda qeyd edim ki, həmin izdihamlı mitinqdə insanların başı üzərindəki bayraqlar içərisində Azərbaycanın şanlı bayrağının dalğalandığını, Ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevin portretlərinin ucaldığını görmək biz azərbaycanlı heyətə qürur hissi yaşatdı. O cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı Azərbaycanın dəstəyini xatırlatması və öz təşəkkürünü bildirməsi ən yaddaqalan məqamlardan biri oldu.
Övliyalar şəhəri Kastamonu 2018-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib
3 günlük İstanbul səfəri başa çatdıqdan sonra isə KİV təmsilçiləri Türkiyənin Kastamonu şəhərinə baş çəkdilər. Qonaqlarını öz qədimiliyi və əsrarəngiz təbiəti ilə qarşılayan Kastamonuya Övliyalar şəhəri də deyilir. Məlumat üçün bildirək ki, Kastamonu şəhəri 2018-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Şurasının iclasında elan olunan qərar çərçivəsində qardaş ölkədə il boyu bir sıra tədbirlər keçiriləcək. Azərbaycanlı jurnalistlərin, o cümlədən türk dünyasının müxtəlif ölkələrindən gələn jurnalistlərin Kastamonu şəhərinə səfəri də bu məqsədlə təşkil olunmuşdu. Bu məqsədlə şəhərin girişindən başlayaraq yollar Azərbaycan da daxil olmaqla, türkdilli ölkələrin bayraqları ilə bəzədilmişdi. Xatırladaq ki, 2016-cı ildən bu yana Azərbaycanın Şəki şəhəri də daxil olmaqla, 6 şəhər türk dünyasının mədəniyyət paytaxtı elan olunub.
Səfər əsnasında ilk olaraq, Kastamonunun tarixi yerləri, infrastrukturu, turizm və sənaye həyatı haqqında media nümayəndələrinə ətraflı məlumat verildi. Bildirildi ki, Kastamonu 7 min illik tarixi və mədəniyyəti olan qədim şəhərdir. Müsəlmanların - türklərin bura gəlib məskunlaşması isə 900 il əvvəl olub. Bu şəhər ürfan məktəbinin böyük nümayəndələrindən biri olan Şeyx Şaban Vəlinin vətənidir. Kastamonu Anadoludakı ən qədim şəhərlərdən biridir. Şəhərdə antik və türk-islam dövrünə aid bir çox tarixi əsər var. Kastamonu Qalası, Atabəy Məscidi, Şeyx Şaban Vəli Türbəsi, Yanıq Sultan Türbəsi, Nasrullah Məscidi, saat qülləsi və buna bənzər bir çox tarixi eksponat mövcuddur. Kastamonu şəhər mərkəzində Türkiyədə açılan ilk “Şəhər Tarixi Muzeyi” də var. Kastamonuda hazırlanan çəkmə halvası bütün ölkə içində məşhurdur. Şəhərin 114 min, kəndləri ilə bərabər isə vilayətin 370 mindən çox əhalisi var. Qara dəniz bölgəsində yerləşən şəhərin mərkəz ilə birlikdə 20 ilçəsi (kəndi) var.
Bir sözlə, Türkiyənin cənnət məkanlarından biri olan Kastamonu şəhərin səs-küyündən, işin stressindən qaçmaq istəyənlərin üz tuta biləcəyi hüzurlu bir bölgədir. Nəfis panoramik dağlara, yamyaşıl ovalara, zümrüd sahillərə, zəngin mədəni irsə sahib bir tətil yeridir. Osmanlı imperiyası dövründə əhəmiyyətli və strateji yerə sahib olan Kastamonu Qurtuluş savaşı ərəfəsində önəmli missiyanı öz üzərinə götürmüş və müharibənin qazanılmasında misilsiz rolu olmuşdu. Qurtuluş savaşında Kastamonu ən çox şəhid və qazisi olan rayonlardan biri olub. Həmin cəbhədə kişilərlə yanaşı, qəhrəman türk qadınları da xidmət etmişdi. Həmin qadın qəhrəmanlarının simgəsi isə hər zaman fəxrlə yad edilən şəhid Şərifə bacıdır. Tarix qoxan Kastamonu küçələrinə nəzər yetirsək, ağbirçəkləri hələ də öz milli geyimlərində görə bilərik. Kastamonuya gəlib “Kurşunlu Han”da milli təamların dadına baxmamaq olmaz. Adətə görə, kastamonulular öz əziz qonaqlarını buraya gətirər, dillərə dastan ətli köy ekmeği, ecevit çorbası, banduma, quyu kababı və süfrədə olmazsa olmaz turş anlamına gələn “eyşi” içəcəyi ilə tanış edərlər.
Çanaqqala savaşında 138 şəhid verən ilçə - İnebolu
25 min nüfuzu olan İnebolu ilçəsinin tarixinin lidiyalılara qədər gedib çıxdığı deyilir. Kastamonunun ən səfalı guşələrindən biri olan və Kürə dağlarının ətəklərində yerləşən İnebolu zəngin meşə örtüyü ilə seçilir. Hətta Dünya Təbiəti Mühafizə Fondu (WWF) tərəfindən mühafizə edilməli olan meşələr sırasında da yer alıb. Verilən məlumata görə, Çanaqqala savaşında 138 şəhid verən və işğal edilməyən yeganə ilçədir. Dəniz sahilində yerləşən ilçənin qayıqçıları savaşda nümayiş etdirdikləri hünər sayəsində 1924-cü ildə “İstiqlal” medalına layiq görülüblər. Xatırladaq ki, tarixə həkk olunmuş şapka və geyim inqilabı da ilk dəfə İnebolu ilçəsində baş vermişdi. Belə ki, Osmanlı geyim tərzindən ilk dəfə bu ilçədə imtina edilmiş, yeni geyim stilinə keçilmişdi. Tarixləri və zəfərləri ilə qürur duyan bu kiçik ilçənin insanları qonaqpərvərlikləri və gülər üzləri ilə seçilirlər. Öz mətbəxlərinə xas olan tahin helvası ilə bizi qarşılayan inebolulularla sağollaşıb üz tutduq Daday ilçəsinə...
Daday ilçəsinin mərkəzində yerləşən qədim “Mahmut bəy Cami” məscidi öz orijinal memarlıq üslubuna və yaşına görə seçilir. 1366-cı ildə inşa edilən taxta konstruksiyalı bu məscidin tikilişi zamanı bircə ədəd də olsa mismardan istifadə edilməyib. Dadaylılar üçün bu abidə olduqca dəyərlidir.
Tarixi İpək yolu üzərində yerləşən Tosya
İqtisadi və mədəni zənginlikləri özündə cəmləşdirən Tosya adət-ənənələrinə ən çox sadiq qalan ilçədir. Bu gün də öz toylarına milli geyimləri ilə qatılan tosyalıların öz tekstil firmaları da var. Yalnız Tosyada bitən və sadəcə, Türkiyə əhalisi üçün istehsal olunan sarı düyüləri vardır ki, bu da insan sağlamlığı üçün çox faydalıdır. Tarixi İpək yolu üzərində yerləşən Tosya Osmanlı imperiyası dövründə ticarət mərkəzi olub. Kastamonunun nüfuzuna görə ən böyük ilçəsi olan Tosyanın 42 min əhalisi var. Verilən məlumata görə, 54 kənd və 23 məhəllədən ibarət olan Tosyada işsizlik sıfır səviyyəsindədir. Zəngin meşə örtüyünə sahib olan Tosya əsas gəliri ağac emalı sənayesindən əldə edir. Bu balaca ilçə Türkiyənin 30 faiz qapı istehsalını qarşılayır. Bununla yanaşı, “Tosya Açıq söz” qəzeti və “Tosya Xəbər 37” olmaqla iki gündəlik qəzeti və “Tosya Cihan fm” tezlikli radiosu da var.
UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Pamukkale
Səfərimizin sonuncu ünvanı isə Ekoturizm Mərkəzi olan “Bəyaz cənnət” Pamukkalesi, Ilıca şəlaləsi və Kanyonu ilə məşhur Pınarbaşı ilçəsi oldu. Təbiət bu yerlərdən özünün heç bir nemətini əsirgəməyib. Əzəmətli dağlara, büllur kimi saf sulu çaylar və şəlalərə, təmiz hava və bərəkətli torpaqlara sahib Pınarbaşı bənzərsiz təbiəti ilə yanaşı, özünəməxsus mədəniyyəti və qədim tarixi ilə də dünyaca məşhurdur. Belə ki, “Bəyaz cənnət” Pamukkale UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bu irs ölmədən qabaq görülməli abidələr sırasında öz yerini alıb.
Sonda qeyd edim ki, səfər zamanı Kastamonu valisi Yaşar Qaradəniz, bələdiyyə sədri Tahsin Babaş, İnebolu kaymakamı Abdullah Atakan Atasoy, Daday kaymakamı Abdullah Hüzeyfe Çakmak, Tosya bələdiyyə sədri Kazım Şahin və kaymakamı Dəniz Pişkin, o cümlədən Pınarbaşı kaymakamı Nəbi Çanqa ilə də görüşlər keçirildi. Həmin görüşlərdə jurnalistləri maraqlandıran suallar cavablandırıldı.
Müşfiqə BAYRAMLI
Bakı-İstanbul-Kastamonu-Bakı
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

