Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Gözəgörünməz düşmən”ə qarşı mübarizə davam edir

“Gözəgörünməz düşmən”ə qarşı mübarizə davam edir

28.11.2020 [00:58]

Hər kəs özünün və cəmiyyətin sağlamlığı naminə tam məsuliyyətli olmalı, bütün qaydalara ciddi riayət etməlidir

Hazırda bütün dünyada pandemiyanın kulminasiya dövrü yaşanır. Bir çox ölkədə yenidən qapanmalar, sərt məhdudiyyətlər və qadağalar tətbiq olunur. Bütün dünyada olduğu kimi, Azərbaycanda da COVID-19 xəstəliyinə yoluxma halları davam etməkdədir. Ekspertlər qeyd edirlər ki, hər kəs özünün və cəmiyyətin sağlamlığı naminə tam məsuliyyətli olmalı, bütün qaydalara ciddi riayət etməlidir.

Məsələ ilə bağlı TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirib ki, havaların soyuması da yoluxmanın artmasına təsir edir. Onun sözlərinə görə, havalar soyuyarkən təkcə koronavirus deyil, bütün respirator infeksiyalar üçün münbit şərait yaranır. Buna səbəb insanların daha çox qapalı məkanlara üz tutmasıdır. Bu zaman təmaslar artır, sosial məsafə gözlənilmir: “Təbii ki, nəticədə xəstə insandan sağlam insana virusun yoluxması daha da asanlaşır. Bütün dünyada da koronavirusa yoluxmada qeydə alınan artımı bununla izah etmək olar. Sevindiricidir ki, müharibəni qələbə ilə başa vurduq. Buna görə də vətəndaşlar həm qələbə sevincini paylaşmaq məqsədilə, həm də şəhidlərimizin dəfnində kütləvi toplaşırlar. Bu zaman maskadan istifadə olunmaması və ya maskanın düzgün taxılmaması müşahidə olunur. Həmçinin ara məsafə də gözlənilmir. Bu da virusun yayılma riskini artırır. Bizə müraciət edən xəstələr arasında da ən çox yoluxma halı yas mərasimlərində iştirakdan sonra qeydə alınıb. Ona görə də məsafə saxlanılması, xüsusilə qapalı məkanlarda və sıx toplaşma yerlərində maskadan istifadə etmək vacibdir. Kimin virus daşıyıcısı olduğunu bilmirik. İnsan virus daşıyıcısı olub, xəstəliyi erkən dönəmdə simptomsuz da keçirə və ya assimptomatik ola bilər. Ona görə də hər bir insana potensial virus daşıyıcısı kimi yanaşmalı və özümüzü ondan qorumalıyıq”.

Həkim-infeksionist bildirib ki, koronavirusa xas olan xarakterik simptomlar çoxdur: “Əlamətləri bir xəstənin üzərində də görə bilərik. Hətta fərqli simptomlar müxtəlif xəstələrdə də müşahidə oluna bilər. Bunlar hərarətin yüksəlməsi, öskürək, təngnəfəslik, ishal, əzələ ağrısı, halsızlıq, dadbilmə və iybilmənin itməsi, başağrısıdır. Bəzi vətəndaşlar virusun mutasiyaya uğradığını deyir. Lakin yay dönəmi ilə indiki dövr arasında çox ciddi bir fərq müşahidə olunmur. Yenə də xəstəliyi ağır və yüngül formada keçirənlər var. Hətta cavanlar arasında xəstəliyi ağır keçirənlər kifayət qədərdir. Bu baxımdan kimin virusu necə keçirəcəyini öncədən demək qeyri-mümkündür”.

Bildirilib ki, koronavirusa yoluxanların təxminən 80 faizi xəstəliyi yüngül formada keçirir. Lakin xəstəliyi ağır formada keçirənlərdə də əvvəlcə yüngül forma müşahidə olunur. Həmin şəxslərin xəstəliyin təxminən 7-ci, 10-cu günündə ağırlaşdığını görə bilirik. Ona görə də koronavirusa yoluxan xəstə həkim nəzarətində olmalıdır: “Evdə müalicə alan xəstəyə nəzarət edən sahə həkimi ehtiyac görərsə, xəstə sonradan xəstəxanaya yatırıla bilər. Yoluxmuş xəstəyə həkim nəzarəti olmalı, günlük hərarəti ölçülməli, ağciyəri dinlənməlidir, ağciyərin oksigen saturasiyası müayinə olunmalıdır. Buna əsasən xəstənin xəstəxanaya yatışına qərar verilməlidir. Yəni test nəticəsi pozitiv olan xəstənin ilk gündən xəstəxanaya yatışı üçün göstəriş yoxdur”.

Əgər kimdəsə virusun hər hansı simptomları varsa, ilk olaraq onun xəstə insanla təmasda olması müəyyənləşdirilməlidir: “Bundan əlavə, hərarət, ishal, başağrısı, boğaz ağrısı, təngnəfəslik, iybilmə və dadbilmənin itməsi olduqda mütləq test verilməlidir. Təbii ki, bu simptomlara fərqli xəstəliklərdə də rast gəlinə bilər. Lakin pandemiya dönəmində ilk olaraq şübhələndiyimiz xəstəlik koronavirus infeksiyasıdır.

Əgər əvvəllər günlük test sayının təxminən 10 faizində müsbət nəticə olurdusa, hazırda bu göstərici daha yüksəkdir. Hələ ki, kritik günlər davam edir. Ona görə də, xüsusilə ara məsafəsinə, tibbi maskanın düzgün istifadəsinə, gigiyena qaydalarına əməl etməliyik. Onu da qeyd edim ki, parça maskaların qoruyuculuğu yoxdur. Onlar virusu özündən keçirir və vətəndaşlar onu görünüş xətrinə, cərimədən qaçmaq üçün istifadə edirlər”.

MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 630 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31