Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Zəfər gününə saatlar qalmışdı...

Zəfər gününə saatlar qalmışdı...

17.11.2021 [11:15]

Azərbaycan şanlı Zəfərini qeyd edir. Zəfəri isə bizə şəhid və qazilərimiz bəxş ediblər. Bu gün bu böyük Zəfərin memarlarından olan şəhidlərdən biri haqqında danışacağıq. “Vətən uğrunda, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunan şəhid Nicat Tarıverdiyev haqqında... 17 noyabr şəhidimizin 23-cü yaş günüdür. Qələbəyə saatlar qalmış şəhadətə qovuşan qəhrəmanımız ailənin yeganə övladı olub. Kiçik yaşlarından boksla məşğul olub, dəfələrlə Azərbaycan bayrağını yüksəklərə ucaldıb. Ali məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanan Nicat Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. Murovdağ yüksəkliyi, Suqovuşan və bir sıra rayonların azad olunmasında şücaət göstərib. Noyabrın 9-unda  Zəfərə saatlar qalmış Ağdərə istiqamətində gedən döyüşlərdə şəhadətə yüksəlib. Öz ad günündə torpağa tapşırılıb.

II Vətən müharibəsinin qəhrəman övladları 90-cı illərdəki şəhidlərimizin də qisasını aldılar

Şəhidin anası Şükran xanımın sözlərinə görə, Nicat müharibədə olduğunu ailəsindən gizlədib, hər dəfə zəng edəndə ona “Qorxusu yoxdu, darıxma. Hər şey yaxşı olacaq” deyib. Elə şəhidin bu sözləri də məzar daşına yazılıb: “Nicat 3 ayın əsgəri olub. Müharibə başlayanda ön cəbhədə vuruşduğunu məndən gizlədirdi. Hər gün telefonla danışanda yaxşı olduğunu və arxa cəbhədə maşın düzəldilən yerdə işlədiyini deyirdi. Halbuki, ön cəbhədə sərrast atıcı, artilleriyaçı və tank sürücüsü imiş. Həmişə hədəfi düzgün nişan alarmış. Müharibə başlayandan 5 gün ərzində əlaqəmiz olmadı. Çox narahat qalmışdım. 5 gün sonra dostuna yazdı ki, “Anama de, narahat olmasın. Hər şey yaxşıdır”. Sən demə, Murovdağ yüksəkliyində qızğın döyüşlərdə imiş. Mənim oğlum qələbəni bizə yaşadanlardan oldu. Nicat isti evdən çıxmayan, səliqəsinə, təmizliyinə diqqət yetirən biri idi. Orada isə döyüşçülər uzun müddət hamam görməyiblər. Ağlıma belə gətirə bilmirəm ki, bu cür təmizkar uşaq 21 gün necə hamamsız qala bilib. Ətirlənmədən evdən çıxmayan uşaq idi. “Uşaq” sözünü də heç xoşlamırdı. Hər zaman deyirəm ki, müharibədə 1 gün də, 44 gün də döyüşən qəhrəmandır. Bu oğullar ölümün gözünə dik baxdılar, canları bahasına ata-babalarımızdan miras qalan torpaqlarımızı bizə qaytardılar. Onlar heç vaxt uşaq ola bilməzlər. Onlar doğrudan da əsl qəhrəmandırlar. 90-cı illər???? şəhidlərimizin də qisasını aldılar”.

Son zəng: “Ana, gözün aydın olsun, Şuşa artıq azaddır”

“Mənə heç nə olmayacaq, məni Allah qoruyacaq” deyib ön cəbhədə vuruşdu, sinəsini sipər etdi. Şuşanın sevinci bütün ölkəni bürümüşdü, bu xəbəri isə Nicat özü anasına muştuluqlamışdı. Hamı qələbə gününə hazırlaşırdı ki,  o “qara xəbər” gəldi. Qələbəyə saatlar qalmış  Nicat şəhid oldu: “Axırıncı gün - 8 noyabr da mənimlə əlaqə saxlayanda Şuşanın işğaldan azad edilməsinə görə göz-aydınlığı vermişdi. “Hər şey bitdi, sondu. Darıxma, hər şey yaxşı olacaq” deyirdi. Elə bu sözlərini də baş-daşına yazdırdıq. Bəlkə də o indi yaxşı bir məqamdadır, yüksək zirvədədir. Amma mən onsuz çox əziyyət çəkirəm. Biz heç vaxt Nicatla ayrı qalmamışdıq. Tətil üçün bir neçə həftəlik harasa gedərdi, amma bu qədər uzun ayrılığımız olmamışdı. Yeganə övladımı Vətənə fəda etdim. O, mənim hər şeyim idi”.

Şəhid analarının toysuz balaları

Nicatın idmanla yanaşı, musiqiyə də çox böyük həvəsi vardı. O, mahnı oxumağı, meyxana deməyi çox sevərdi. Cəbhə yoldaşlarının dediyinə görə, sonuncu döyüşə də dostlarını ruhlandırmaq üçün mahnı oxuya-oxuya gedibmiş. Nicatı çox az müddət birlikdə olsalar da, bu gün dostları onu fəxrlə yad edirlər. Səngər yoldaşları deyirlər ki, Nicat nə zaman döyüşdən öncə dua etsə, qələbə ilə qayıdardıq. Dua edən zaman anasını da unutmazmış. Allahdan anası üçün səbr və dözüm arzulayan Nicat özündən çox onu düşünərmiş: “Həmişə deyirdim ki, səni əsgər getməyə qoymaram. Əsgərlik mənim üçün qorxulu bir yuxu idi. Doğrudan da, mənə bu yuxunu yaşatdı. (red-susur) Mənim evimin ocağı sönüb. Bir ildir ki, hər gün qəbri üstünə gedirəm. Heç vaxt bu vəziyyətdə məni qoyub getməzdi. Çünki özündən çox mənə görə narahat idi. Bizim aramızda heç vaxt küsülülük olmayıb. Bircə əsgər gedəndə ondan incimişdim. O da ikicə saat çəkdi. Sənsiz qala bilmərəm, deyirdim. Deyirdi, yox mən gedəcəyəm, məni saxlaya bilməzsən. Nicat əsgər olanda çox qayğılı idim. İşə gedirdim, özümü-sözümü bilmirdim. İndi isə elə bil ayrı bir mühitə düşmüşəm. Quru bir nəfəsim qalıb. Şəhid məclislərində otururam, görürəm ki, bütün şəhid anaları da mənim kimidir. Balalarımız toysuz getdilər. İşıqlarımız sönülü qaldı. Bilirəm, hər bir övlad anası üçün əzizdir. Mən həm də dostumu, sirdaşımı itirmişəm axı. Hər yerə birlikdə gedərdik. İşdən gələndə hər dəqiqə halımı soruşardı, onunla hər şeyi məsləhətləşərdim. Çox qayğıma qalırdı. Mənim balam qədirbilən övlad  idi. Kaş...kaş... deyirəm. Bilirəm ki, bu yazıdır. Allah, niyə belə yazdın yazımı? Bəs mən yazıq deyildimmi?”.

- Nicat Tarıverdiyev!

- Məni çağırırlar. Yaxşı, mən getdim. Sağ olun.

(oradaca vidalaşdılar)

Şükran ana danışa-danışa bizə telefonunda olan şəkilləri, videoları, səs yazılarını göstərib ağlayır. Deyir, balamı toy edirmiş kimi əsgərlik xidmətinə yolladıq. Söz vermişdi ki, qayıdanda yenə dostları ilə yığılıb məclis keçirəcək.

Adını Nicat qoydum ki, nicatına çatsın. Belə oldu...

Nicat yeganə övlad idi. Nə bacısı, nə də qardaşı vardı. Amma əhatəsi çox böyük idi. Dostcanlı idi və dostlarını özünə qardaş bilmişdi. Dar günlərində yanlarında olmağa çalışardı. Elə dostları da onu unutmur, daim Şükran analarını yad edirlər: “Dostlarını, məktəb və tələbə yoldaşlarını, idman dostlarını, məhəllə yoldaşlarını bu gün Nicat arxasında qoşun edib. Təsəvvür edin ki, bu saat zəng etsəm, hamısı yığılıb gələr. Kikboks, basketbol, qaydasız döyüş, üzgüçülük idman növləri ilə prof?s?ional məşğul olduğu üçün əhatəsi çox geniş idi. Ağır xasiyyəti olduğu qədər də gülərüz, mehriban idi. Özündən yaşca böyük dostları belə onun yanında artıq hərəkət edə bilməz, ondan çəkinərdilər. Səhv hərəkət edənləri əyri yoldan çəkindirməyə, ailəsi ilə münaqişəsi yaranan dostlarını barışdırmağa çalışardı. Halbuki, hamıdan yaşca kiçik idi. Dostları “elə bil böyük qardaşımızı, sirdaşımızı itirmişik” deyirdilər. Həm də yardımsevər idi. Ehtiyacı olan dostlarına əl tutmağa çalışardı. Ayaqqabısı köhnə olan dostunun o formada gəzməsinə ürəyi dözməzdi. İdmanla məşğul olsa da, dalaşmağı heç sevməzdi. Mənə danışırlar, həmişə dava etməyə Nicatı da çağırarlarmış. Nicat isə gedib o davanı sakitləşdirərmiş. Uşaqlar deyirlər ki, Nicat hər şeyin öhdəsindən məharətlə gələn dost olub. Görürəm ki, oğlumu tanıyan çox imiş. Bu gün məni yaşadan Fərəh, Fərid (qohumları), əzizlərim, onun dostlarıdır. Hamısı bugünkü günə kimi məni axtarırlar. Hamısı sözünün üstündə durdu. Bircə Nicat dura bilmədi. Bəzən elə bilirəm, gələcək. Deyirəm, kaş Nicatım şikəst gələydi, quruca nəfəsi olaydı. Amma sağ olaydı. Ona özüm baxardım”.

Bu arada danışarkən gözləri akvariumdakı balıqlara zillənir. Xeyli fikrə gedən ana sözlərinə davam edir: “Baxın, bu da onun balıqlarıdır. Gözü kimi qoruyub saxladığı balıqları bu gün böyüyüb. Özü isə yoxdur”.

Qarabağı bizim kimi gənclər alacaq. Mən alacağam!

“Qarabağı bizim kimi gənclər alacaq. Mən alacağam!” bu sözləri ilə müəllimlərinin yaddaşına həkk olunmuşdu Nicat. Dediyini də etdi. Tarix fənnini sevməyən Nicat özü tarix yazdı. Məzunu olduğu 132-134 saylı orta məktəbin ən sarışın oğlanı, tədbirlərdə öndə bayraq daşıyan bu boylu-buxunlu igid şa?irdlər üçün nümunə oldu. Partasını özündən sonra yetişən vətənpərvər şagirdlərə təhvil verdi. Qəhrəmanlıq dərsi keçdi. Xatirəsi bir an belə unudulmadı. Onun üçün məktəbdə guşə də yaradıldı, ad günü üçün barelyef hazırlandı. Şəhid anasının aidiyyəti qurumlardan bir xahişi də var: “Nicatın adını daşıyacaq bir küçə, yaxud məktəbin olmasını çox istərdim. Onun övladı yoxdur ki, adını yaşatsın. Biz ancaq bu yolla şəhidlərimizin adını qoruyub saxlaya bilərik”.

Nicat bulağı həmişə axarlı olsun

Valideynləri öz şəxsi vəsaitləri ilə Nicatın adına Şamaxıda və Hacıqabulda bulaq inşa ediblər. Bulağın açılışında anası “Nicatın bulağı həmişə axarlı olsun, onun suyundan içənlər nicatına çatsınlar, şəhidlərimizi unutmasınlar” deyib. Nicatın vaxtilə at çapdığı, gəzib-dolaşdığı bu yerlər heç də təsadüfi seçilməyib. Qəhrəmanımızın yolu buraya düşdüyü zaman dua edib rahatlıq taparmış. Nicatın öz ifasında səslənən nəğmənin sədaları altında bulağın açılışı sanki Nicatsevərlərin yanğısına sərinlik gətirmişdi.

“Tək təknənin tək çörəyi idi mənim balam”

Şəhidimizin nənəsi Məmmədova Şükufə isə deyir ki, övladlarından görmədiyi diqqət və qayğını Nicat ona göstəribmiş. Bir oğul övladını itirmiş Şükufə nənə bu dərdi heç kəsə arzulamır: “Nicat bir evin tək balası idi. Tək təknənin tək çörəyi idi mənim balam. Şəhidlər ölməz, Vətən bölünməz. Amma dözülməzdir dözülməz... Nicat mənim qızımın oğlu, tək oğlan nəvəm idi. Mehriban və diqqətcil uşaq idi. Hər ad günümdə, müəllimlər günündə məni təbrik edərdi. Övladlarımdan görmədiyim diqqəti ondan görərdim. Özümün də bir oğlum illər öncə xarici ölkələrin birinə gedib itkin düşüb. Nicat mənə oğul əvəzi idi. Bir çox ölkələrdə yarışlarda qalib gəlib Azərbaycanın bayrağını yüksəklərə qaldırırdı, indi şəhid kimi bayrağa bürünüb gəldi. 23 yaşını qara torpaq altında keçirdi”.

Haqqında bəhs etdiyimiz şəhid Nicat Tarıverdiyev Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun adını daşıyan küçədə yaşayıb. Vaxtilə bu küçələrdən, bu döngələrdən keçən şəhidimizin yolunu Nicat davam etdirib. İki qonşu, oxşar tale, Vətən uğrunda iki şəhid... bir tale.

Müşfiqə BAYRAMLI

Paylaş
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30