Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qaş düzəldərkən göz çıxardanlar

Qaş düzəldərkən göz çıxardanlar

26.11.2021 [11:01]

Plastik əməliyyatlar nəticəsində yaranmış  “əkizlər”

Avtobusa bir dəstə qız daxil olur. Təxminən on nəfərdirlər. Eyni anadan doğulmuş kimi bir-birlərinə bənzəyirlər. Hamısı gözəl,  fındıqburunlu, tatu qaşlı, böyük dodaqlı, almayanaqlı. Adama bir az da geni dəyişdirilmiş meyvələri xatırladırlar, hamar, sığallı və bir-birlərinin eynisi. Bu, son illərdə gözümüzün artıq alışdığı mənzərədir. Plastik əməliyyatlar dəbə düşəndən o qədər bir-birinin təkrarı olan üzləri görmüşük  ki, artıq öz təbii görkəmində olan, iriburunlu, əyridişli, xülasə, plastik cərrah əli dəymədən, Tanrının yaratdığı  kimi qalmış üz görəndə təəccüblənməyə başlayırıq. Həm də təkcə qadınlarda yox. İndi sığallı-tumarlı, xınalı, estetik əməliyyatdan keçmiş kişilərin sayı qadınlardan az deyil. Bir zamanlar hərənin öz şarmı vardı. İnsan, hətta üzündəki hansısa bir qüsuruyla da başqalarından seçilə, daha xoş görünə bilərdi. Bilərdi deyirəm, çünki getdikcə orijinal simasını saxlayanların sayı barmaqla sayılacaq qədər azalıb. Həkim əli dəyməyən qadınları, kişiləri də gözəllik salonlarının təqdim etdiyi formatdakı makiyaj “əkizləşdirir”.

Gözəllik industriyası var gücü ilə təbliğat maşınını işə salandan sonra “qonşudan qalma dala” deyib, hər kəs  müxtəlif yollarla gözəlləşməyə üz tutdu. Pulu olanlar özlərini  peşəkarlara həvalə etdilər, olmayanlar da...

 Hə bax əsas problem, pulu az olanların gözəlləşmək istəyi əsasında adi gözəllik salonlarında “həkim-kosmetoloq” adı altında fəaliyyət göstərən, müştərilər üzərində hər cür əməliyyatı etməkdən çəkinməyən saxta həkimlərlə bağlıdır. Bu gün istənilən gözəllik salonunun qapısını açıb xidmətləri ilə maraqlansan, “botoks vururuq, üzə qızıl saplar yeritməklə, üzgərmə əməliyyatları keçiririk, gel doldururuq, qaş çəkirik, dodaq şişirdirik, qalıcı kosmetika çəkirik, lazerlə arıqladırıq, piy çəkirik”  kimi cavablar ala bilərsiniz. Peşəkar həkimlərin illərlə zəhmət çəkərək oxuduqları bu sahəyə göydəndüşmə qonan kosmetoloqlar haralardasa keçdikləri bir-iki aylıq kurslardan, aldıqları yalançı sertifikat və diplomlardan sonra özlərini “uzman doktor” elan edirlər. Əməliyyatdan sonra da ya xəstəyə verər Allah, ya da  kosmetoloqa. Və buna nəzarət edən bir qurum yoxdur. Qurbanlar da ki, cəlladlarının hüzuruna özləri öz ayaqları ilə gedirlər.

Üzü gərmək,  dəri altına, əzələyə  qiymətli metal saplar yeritmək üçün öncə üzün anatomiyasını yaxşı öyrənmək lazımdır. Hər kəsin üz cizgiləri fərqlidir, bu işi “burundan 2 sm yana ölçüb, sonra deşik açırsan” metodu ilə (əksər kosmetoloqların işlətdiyi ifadədir) görmək  hədsiz  dərəcədə təhlükəlidir. Heç bir analiz götürmədən, pasiyentin allergik reaksiyalarının olub-olmadığını bilmədən, yanaşı xəstəliklər barədə məlumatlı olmadan üzərində əməliyyat aparmağa cəhd etmək cahilliyin ən yüksək səviyyəsidir. Bu cəsarətin də adı, sadəcə, cahil cəsarətidir.

 Yeri gəlmişkən, insanların ağlına gənc və gözəl görünmək ideyasını zorla soxanlar  belə “gözəllik uzmanlarıdır”. Bir dəfə onlardan biri ilə azca söhbət etsəniz, özünüz şahid olacaqsınız. “Qaşların sallanıb, bura botoks vursaq, qaşları  ucundan kiçik bir əməliyyatla dartsaq, əla olacaq. Mütləq lazımdır. Yaşınızdan çox qoca   görünürsünüz. Oyy, bu nədir, nə gündəsiniz siz, gözətrafı qırışlarınız nə pis görünür....”

Sizi bu cür depressiyaya salandan sonra oturub ovunun ayağına gəlməsini gözləyəcək. Qarşısındakı xanımı gözəlləşməyə həvəsləndirdikdən sonra isə başlayacaq onun üzərində öz “qabiliyyət”ini göstərməyə. Eyni metodu tətbiq edən peşəkar həkimlər də az deyillər. Nəzərə çatdırım ki, plastik əməliyyatlar heç də ucuz başa gəlmir və bu sahəylə məşğul olan mütəxəssislər onu VİP sahə kimi təqdim edirlər. “Vacib deyil ki, məcbur olub xəstəni ya havayı, ya da ucuz əməliyyat edəsən. Gözəlləşmək istəyənin mütləq pulu olmalıdır”. Həkimlər belə deyirlər.

 Bu gün qadınlı-kişili, qocalı-cavanlı bir çoxlarının, əslində əməliyyat hesab etmədikləri, qırışlara qarşı vasitə kimi istifadə edilən bir iynənin - botoks barədə məlumatı var. Amma botoksun, əslində zəhər olması barədə adətən həkimlər, kosmetoloqlar müştərilərinə məlumat vermirlər. Botoks Clostridum Botulinum bakteriyalarından hasil olunan təbii protein tərkibli dərmandır. Bir çoxları onun tətbiqinə lap gənc yaşlarda başlayır. 20-25 yaşlı qızlar baxışları daha aydın, ifadəli olsun deyə qaşlarını qaldırmaq üçün  bu iynələrdən istifadə edirlər. Botoksu bir neçə ildən sonra effektiv olsun deyə, daha böyük dozalarda tətbiq etmək lazım gəlir. Lakin nə qədər tətbiq edilsə də, təxminən 10 il sonra o eyni nöqtəyə eyni təsir gücünü itirir. Bu gün botoksdan istifadəyə başlamış xanımlar 45-50 yaşlarında nə edəcəklər? Üzdəki mimikaları dondurduğuna görə, bu gün aramızda hissiz, duyğusuz üz görünüşünə sahib olan çoxlu sayda “kukla” gəzir. Söhbət zamanı verdikləri reaksiyanı belə anlamaq olmur - ağlayırlarmı, gülürlərmi, üzülürlərmi?

Bir az da xalqımızın yarıdan çoxunun kəmərli burnunu slavyan burnuna döndərmiş rinoplastika barədə danışmaq istərdim. Rinoplastika cərrahların incə burun konturları yaratmasına və sümükləri sındırmağa ehtiyac olmadan kəsməsinə şərait yaradan tibb aləmində çox tanınan yeni texnologiyadır. Ölkəmizdə demək olar ki, 10 adamdan 3-nün üzərində bu əməliyyat həyata  keçirilib. Ucuz deyil. Bakının müxtəlif klinikalarında rinoplastika əməliyyatları 1000-6000 manat arasında dəyişir. Bəzi klinikalarda analiz və digər tibbi prosedurlar üçün nəzərdə tutulan qiymətlər əməliyyat qiymətlərinə daxil edilmir. Burunun rinoplastikalı olduğu ətrafdakı insanlar tərəfindən hiss edilməməlidir. Burun təbii, gözəl və üz ilə ahəng içində olmalıdır. Burunun əsas funksiyası nəfəs almaq olduğu üçün əməliyyatdan sonra rahat nəfəs alma təmin edilməlidir. Bəziləri burunlarını bir deyil, hətta bir neçə dəfə kəsdirirlər. Çünki əməliyyatdan sonra  rahat nəfəs ala bilmədiklərini deyənlər də var, nəticədən razı qalmayanlar da, əməliyyat nəticəsində burnu çürüməyə başlayanlar da.

Plastik əməliyyatı çoxları olduqca asan bir iş, digər əməliyyatlar kimi ağrılı olmayan prosedur hesab edir. Halbuki, hər şey əksinədir. “Əməliyyat olunduqdan dərhal sonra evə buraxılacaqsınız, 2 gün içində normal həyata başlayacaqsınız” kimi yalanlara inanmaq lazım deyil. Orqanzimin özünü bərpa etmək müddəti var. Ümumiyyətlə, heç bir xəstəlik,  anadangəlmə fiziki qüsur yoxdursa,  sağlam orqanizmi kəsib doğratmaq lazımdırmı? Həkim əli möcüzələr yaratsa da, cərrah bıçağı dəymiş orqanizmin özünü hansı müddətdə bərpa edə biləcəyini dəqiq demək mümkün deyil.

Rinoplastikadan və digər plastik əməliyyatlardan öncə mütləq şəkildə psixoloqa müraciət etmək məsləhətdir. Xarici klinikalarda əməliyyata qərar vermiş şəxslərin psixoloqla söhbəti mütləq şərt kimi götürülür. Çünki, geridönüşü olmayan bir dəyişiklik baş verəcək, insan özünü yeni simasında qəbul edə bilməyib, ruhi sarsıntı keçirə bilər. Eyni zamanda əməliyyata gərək olmadan  davamlı əməliyyat olunmaq arzusuna düşənlər də var. Bir insanın heç bir funksional və estetik qüsur olmadan tamamilə normal  görünüşü olduğu halda, dəyişmək, daha da gözəl görünmək istəyi fəsadlarla nəticələnə bilər. Ardı-arası kəsilməyən əməliyyatlar nəticəsində təbii sima itir, ortaya həkimin çəkdiyi portret çıxır. Belə pasiyentlərin qarşısını psixoloji dəstəklə almaq lazım gəlir.

Bir zamanlar  yalnız səhnə adamları, məşhurlar plastik əməliyyatlar etməyə can atırdılar. Onlara haradasa haqq vermək olardı, çünki gözəl görünmək məcburiyyətindədirlər, tamaşaçıya öz simalarını “sataraq” qazanırlar. Lakin sonralar onlar bu məsələdə ifrata varmağa başladılar və bu axına sadə vətəndaşlar da qoşuldular. Bu yöndə aparılan  təbliğatın, reklam işlərinin də böyük rolu oldu. Səhnəyə çıxan aktrisa, müğənni sənət nümayiş etdirmək əvəzinə xüsusi üsullarla böyütdürdüyü müxtəlif “əzalarını” sərgiləyir, ətrafındakılar da bəh-bəhlə əl çalır, tərif yağdırırlar. Onun bu “şahanə” həyatını seyr edən sadə “tükəzbanlar” da  “özümü bu formaya saldırsam, mənim də həyatım dəyişər, daha çox sevilərəm” xəyalına qapılırlar.

 Başqa bir dərd də budur ki, plastik əməliyyatlar son dövrlərdə yalnız gözəlləşməyə xidmət etmir. Sosial şəbəkələr hər kəsə populyarlıq qazanmaq üçün meydan verəndən sonra, gözəl olmağı bacarmayanlar fövqəladə çirkinlikləri ilə tamaşaçı yığmağa başladılar. Bütün bədənlərini, hətta gözünün içini belə, döymə etdirənlər, ağız  içinə , başdan-başa bütün bədənə pirsinq düzdürənlər, dəri altına müxtəlif plastik maddələr yeritməklə başında buynuz bitirənlər, özlərini şeytana, Cinə, ifritəyə bənzədənlər...

Şöhrət, pul  naminə daha hansı dəlilikləri etmək olardı ki, insan etmədi? Ərinin pişiklərə olan sevgisini qısqanıb özünü pişiyə oxşadan milyonçu qadınımı deyək, dünyanın ən böyük sinəsinə malik olmaq üçün bədəninə piy, gel, yad cisimlər dolduranımı deyək, rekordlar qırmaq  üçün dayanmadan yeyib 400 kiloqrama çatanımı deyək, ya onun əksinə, zərif görünmək üçün hətta qabırğalarını çıxartdıranlarımı, ən böyük dodaqlara sahib olmağa çalışıb dodaqları ilə ördəkləri belə qorxudanlarımı?

Hər şeydən öncə bilmək vacibdir ki, bədənə yeridilən bu yad  cisimlər müəyyən zamandan sonra orqanizmdə müxtəlif qorxulu xəstəliklərin yaranmasına səbəb olur. Necə deyərlər, “Artıq içiləndə dərd verər su da”. Hər şey həddində, qədərində gözəldir. Elə gözəllik də.

Ən gözəl insan, ilk növbədə sağlam insandır, sağlam düşünən insandır. Sanki hər şey görüntüdə bitir, xarakter, düşüncə arxa plana keçib. Gözəllik dalınca qaça-qaça biz üzərimizə düşən bütün  mənəvi yükümüzü  unutmuşuq. Elm və texnika inkişaf etdikcə, robotların yerimizi tutacağından  ehtiyatlanırdıq, lakin o dövrə çatmadan biz özümüz robotlaşmağa başlamışıq. Gözəl üzlü, az düşünən, fikri-zikri gəncləşmək, gözəlləşmək, fərqlənmək və qazanmaq olan, duyğusuz varlıqlara çevrilmişik. 

Bu sərsəm, sərsəm dünya hara gedir belə?

 İlhamə

Paylaş
Baxılıb: 72 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30