Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 14 min vakant yer kimi gözləyir?

14 min vakant yer kimi gözləyir?

11.12.2021 [10:56]

Nicat Dilqəmli

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı bildirib ki, altsistemdə 110 min vakansiya qeydiyyata alınıb: “Hazırda 14 min aktiv vakansiya var. Əsas hədəflər olaraq “Əmək Münasibətləri” Alt Sisteminin (ƏMAS), ölkənin məşğulluq xəritəsinin, məşğul şəxslərin reyestrinin, qeyri-formal məşğulluğa nəzarət və monitorinq-səyyar yoxlama sistemlərinin, elektron əmək birjasının, Mərkəzləşdirilmiş Karyera Portalının yaradılması və s. işlərdir”.

Ölkəmizdə ixtisaslı işçi qüvvəsinə tələbatın əsasən yerli ehtiyatlar hesabına təmin edildiyini vurğulayan S.Babayev qeyd edib ki, hər il olduğu kimi növbəti il üçün əmək miqrasiyası kvotası üzrə təkliflər hazırlanıb. Bu təkliflərin hazırlanması zamanı ölkəmizdə işçi qüvvəsinə dair ehtiyacların yerli əmək ehtiyatları hesabına təmin edilməsi, müvafiq iş sahələrinə yüksəkixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi kimi amillər əsas götürülür.

Məşğulluğun artırılması məqsədilə tədbirlər planının ardıcıl və sürətli şəkildə həyata keçirilməsinə baxmayaraq, cəmiyyətdə işsizlikdən şikayətlənən şəxslərin sayı heç də az deyil. Amma 14 min yer boşdur. Maraqlıdır, 14 min vakant yerə namizəd tapılmır, yoxsa problem vakansiyadadır? Yoxsa təklif olunan vakansiyalar və şərtlər kadrları qane etmir?

Hansı ixtisaslara tələbat olduğunu araşdırmaq lazımdır

Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bir çox hallarda vətəndaşın diplomu olsa da, digər göstəriciləri həmin vakansiyaya uyğun gəlmir: “Mən də rəhbər işçi olmuşam, vətəndaşları işə qəbul etmişəm. Vətəndaş gəlir, diplomunu təqdim edir, amma görürsən ki, o, bu işə uyğun deyil. Təəssüflər olsun ki, bir çox diplomlar sadəcə təhsil ödənişi qəbzləridir. Bütün təşkilatlar, şirkətlər də yaxşı işçi axtarışındadır”.

Sosioloq deyib ki, indiki dövrdə müxtəlif işlərdə mütəxəssisə tələbat sürətlə dəyişir: “Universitetlər isə kadrları 10 il bundan öncəki tələblərə uyğun hazırlayır. Bu sahədə plansızlıq var. Sovet dönəmində tələbələr universiteti bitirdikdən sonra təyinat alırdılar. Bu isə onlara yaxşı oxumaq üçün stimul verirdi. İndi isə bu, yalnız bir neçə universitetdə var. Amma təyinat olmayan universitetlərdə tələbələrin bir çoxu yalnız qiymət xatirinə oxuyurlar, bu da təhsilin səviyyəsinə mənfi təsir edir”.

Ə.Qəşəmoğlu çıxış yolunu tələb olunan ixtisaslarla təhsil ocaqlarında olan ixtisaslaşmaların uyğun planlaşdırılmasında görür. “Elmi mərkəz bu məsələni təhlil etməlidir. Hansı ixtisaslara tələbat olduğunu araşdırmaq və o sahələr üzrə yüksək bilik və bacarıqlara uyğun kadrlar hazırlamaq lazımdır”, - deyə sosioloq bildirib.

Cari ilin ötən dövrü ərzində Agentlik tərəfindən neçə nəfər işlə təmin edilib?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin direktoru Mayıs Musayev məsələ ilə əlaqədar “Yeni Azərbaycan”a bildirib ki, ƏƏSMN-in tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlərin icrası davam etdirilir: “Cari ilin ötən dövrü ərzində Agentlik tərəfindən 74 203 nəfər işlə təmin edilib. Həmin şəxslərin hər biri üçün elektron göndəriş formalaşdırılıb və əmək fəaliyyətlərinə başlamaları təmin edilib. Onlardan 434 nəfəri sosial iş yerlərində əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə işlə təmin edilən şəxslərdir. Eyni zamanda, mühüm məşğulluq istiqamətlərindən biri olan özünüməşğulluq proqramının icrası da bu müddət ərzində davam etdirilib. 13 402 nəfər işsiz şəxs proqrama cəlb edilib və onlardan bir qismi üçün artıq kiçik təsərrüfatlar yaradılıb. 1 ay ərzində Agentlik tərəfindən 413 nəfər peşə hazırlığı kursuna, 1410 nəfər peşəyönümü məsləhət xidmətinə cəlb edilib, 3 367 nəfər üçün işsizlikdən sığorta ödənişi təyin edilib”.

M.Musayev vakansiyaların müxtəlif sahələri əhatə etdiyini deyib: “Hazırda “Məşğulluq” altsistemində yaradılan vakansiya bankında 14 min aktiv vakansiya mövcuddur. İstənilən şəxs öz bilik və bacarığına uyğun vakansiya seçib göndəriş formalaşdıra bilər. Göndərişlərin işsiz şəxsə uyğunluğu məşğulluq mərkəzləri tərəfindən təsdiq edilərək işəgötürənlərə yönləndirilir. Buraya həm dövlət, həm özəl sektordan olan işəgötürənlər tərəfindən daxil edilən vakansiyalar daxildir. Fəaliyyət istiqamətlərinə isə əsasən xidmət, istehsal, sosial xidmətlər sahələri daxildir”.

“Əmək bazarı anlayışı “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanununda da öz əksini tapdığı kimi, tələb və təklifin əsasında formalaşır. Vətəndaşların iş yerləri ilə tanış olması üçün e-sosial, e-gov və mygov portalları vasitəsilə qeydiyyatdan keçməklə həmin boş iş yerləri ilə tanış olmaq imkanı yaradılıb, eyni zamanda, əmək yarmarkaları, karyera sərgiləri keçirilməklə işsiz və işaxtaran şəxslər bu barədə məlumatlandırılır”,- deyə M.Musayev əlavə edib.

Qurum rəsmisinin sözlərinə görə, hazırda Agentlik tərəfindən əmək münasibətlərini, məşğulluq, əmək və məşğulluğa nəzarət, hesabatlılıq və təhlil funksional istiqamətlərini özündə birləşdirəcək, ölkə üzrə bütün işəgötürənlər üçün funksional bir “ERP” formatına gələcək “Əmək münasibətləri və məşğulluq” altsistemi (ƏMAS) hazırlanır: “ƏMAS ölkədaxili bütün işəgötürənlər və işə qəbul olanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də digər dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolunda çıxış edəcək, əmək müqaviləsinin elektron formada bağlanılması, rəqəmsal kadr uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsində önəmli rol oynayacaq. Bu altsistem istifadəyə verilib bütün funksiyaları işə düşdükdən sonra müəssisələrdə yaranan vakansiyalar avtomatik olaraq ƏMAS-a düşəcək. Bu da bütün vakansiyaların bir platformada cəmlənməsinə, maraq və əlçatanlığın daha da artmasına səbəb olacaq”.

Gənclərin təcrübə proqramlarına qoşulmaları hansı üstünlüklər yaradır?

Mövcud problemlərə baxmayaraq, gənclər gələcəkdə perspektivli iş tapmaları üçün müəyyən təcrübə proqramlarına qoşulmaqda maraqlıdırlar. Məhz bu səbəbdən də tələbatın olduğunu görən Şahin Sərdarlı bu ilin noyabrında Təcrübə və Təqaüd Proqramları şirkətini təsis edib. Təsisçi “Yeni Azərbaycan”a bildirib ki, yaratdığı şirkətin əsas məqsədi gənclərin, məzunların müxtəlif sahələr üzrə təcrübə keçməsinə dəstək olmaqdır: “Mən özüm universitetin (Azərbaycan Dillər Universiteti-red.) Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, tələbələrlə iş tədbirlərin təşkili şöbəsinin müdiri olmuşam. Biz tələbələrlə layihələr üzərində, onların işlə təmin olunması istiqamətində mütəmadi işləyirdik. Universitetlər nəzəri bilik verir, amma tələbələr məzun olduqdan sonra onlarda praktik vərdiş olmur və belə olduğu halda, hansısa quruma işə qəbulla bağlı müraciət etdikdə onlardan təcrübələrinin olub-olmaması soruşulur. Təəssüf ki, gənclərin əksəriyyəti bu səbəbdən işlə təmin olunmurlar. Hamının hansısa qurumda təcrübə keçmək imkanı olmur. Elə bu səbəbdən də yeni bir layihə üzərində işlədik və ödənişli təcrübə proqramı şirkətini yaratdıq”.

Şahin Sərdarlı bildirib ki, təcrübə proqramı keçmək istəyən gənc şirkətə müraciət edir, rəsmi qaydada ödəniş edir və o, uyğun istiqamət üzrə şirkət və ya müəssisəyə göndərilir: “Bizim işimiz təcrübəçini yalnız hansısa şirkətə göndərməklə bitmir. Mütəmadi olaraq menecerlərimiz həmin təcrübəçinin iş prosesi ilə maraqlanır, mövcud olan problemləri aradan qaldırmaq üçün dərhal tədbirlər görürlər”.

Şirkətin direktoru söyləyib ki, bəzən vətəndaşlar bu şirkəti işədüzəltmə agentlikləri ilə səhv salırlar: “Biz işədüzəltmə şirkəti deyilik. Şirkətimiz dövlət qurumları və şirkətlərlə əməkdaşlıq edir, onlarda mövcud olan vakansiyaların sayına uyğun təcrübəçi göndərir. Əgər həmin təcrübə müddəti ərzində şirkət həmin təcrübəçini işçi kimi görürsə, bəyənirsə onu işlə təmin edir”.

Ş.Sərdarlı yenicə başladıqları layihəni həyata keçirmək məqsədilə dövlət qurumlarına rəsmi müraciət etdiklərini, lakin cavab almadıqlarını da vurğulayıb: “Biz maliyyə üçün yox, sadəcə əməkdaşlıq və koordinasiyalı fəaliyyət üçün bir neçə müvafiq dövlət qurumuna müraciət etmişik. Amma əfsuslar olsun ki, hələ ki, bir cavab ala bilməmişik”.

Yeri gəlmişkən, yenicə yaranmış şirkətin bəzi təcrübəçiləri artıq işlə təminolunma mərhələsindədirlər.

Deyilənlərdən belə qənaətə gəlmək olar ki, ölkəmizdə yüksək potensiala sahib kadrlar yetərincədir, lakin onların tam yetişməsi üçün Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə layihələr həyata keçirməsi ehtiyacı zəruridir. Belə olduğu halda, universiteti yenicə bitirən və yaxud hərbi xidmətdən qayıdıb iş axtarana “harada işləmisən, təcrübən varmı” sualı verilməyəcək. Çünki həmin gənc elə universitetdə təhsil aldığı müddətdə praktik bilik və bacarıqlara yiyələnəcək. Belə olduğu halda, yüksəkixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsinə də xüsusi ehtiyac yaranmayacaq.

 

 

Paylaş
Baxılıb: 202 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

YAP xəbərləri

Xəbər lenti

Sabah qar yağacaq

26 Yanvar 13:40

Sosial

İqtisadiyyat

Neft ucuzlaşıb

26 Yanvar 10:24

Müsahibə

MEDİA

Gündəm

Sosial

Müsahibə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31