Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Üstünə qan çilənmiş formasını yuyanda...

Üstünə qan çilənmiş formasını yuyanda...

14.12.2021 [11:04]

Polis anasının dilindən

İlhamə Rəsulova

Bir müddət öncə Milli Məclisdə deputatlardan bir nəfər polislərin maaşlarının qaldırılmasını təklif etdi. Düzdür, təklif nə müzakirəyə çıxarıldı, nə də səsə qoyuldu, eləcə səsləndi və üstündən sükutla keçildi. Bu fikrin səslənməsi hər nə qədər polis ordusunun sevincinə səbəb oldusa, bir sıra cəmiyyət üzvlərinin də qəzəbi ilə qarşılandı. Bəziləri sosial şəbəkələrdə “Polisin maaş nəyinə lazımdır?”, “polis ayda 2000 manat maaş alır, “onların maaşının artırılmasına nə ehtiyac var?” deyib başladılar hücumlara...

Evimdə bir polis var, bu işin nə qədər çətin olduğunu öz gözlərimlə görürəm. Mən polis anasıyam. Oğlum uşaqlıqdan polis olmağı arzulayırdı. Arzusunu dilə gətirən kimi ətrafdakı hər kəs - bilən də, bilməyən də bu işə elə-belə girmək olmaz deyib, qol-qanadını sındırırdı. Mən, əlbəttə, inanmırdım, çünki həyatım boyu kimlərinsə söylədiklərinə yox, öz cəhdlərimin nəticələrinə inanmışdım, onu da belə öyrətmişdim. Hərbi xidmətdən gələn kimi polis sıralarına əməkdaş qəbulu elanı əsasında seçim turlarına ərizə verdi, bütün sınaqlardan bir-bir uğurla keçdi və seçildi. Bəzilərinin dediyi kimi, nə tanış lazım gəldi, nə də “şirinlik”. Son imtahanı uğurla verib gələrkən gözlərindəki inamı, sevinci görmək nəyə desən deyərdi. Bir gəncin ömrünə bu şəffaf imtahanlar işıq tutmuş, ən əsası da, o gəncin dövlətə olan güvənini min qat artırmışdı. Mən əminəm ki, bu, təkcə mənim oğlum üçün deyil. Onun kimi ümidləri yalan-yanlış söhbətlərlə səksəkələrə bürünmüş yüzlərlə gəncin ürəyinə işıq səpilmişdi və bu, çox gözəldir. Dövlət belə gənclərin çiyinləri üzərində dayanır. İnsan inanmasa, sevməsə, güvənməsə, gördüyü işin də keyfiyyəti olmaz.

Pandemiya günlərində başlayan xidmət bir ana olaraq mənim narahatlığımla müşayiət olunurdu. Hər yerdə virus barədə qorxunc xəbərlər yayılarkən, evdən çıxmaq məhdudiyyəti tətbiq edilərkən o, digər həmkarları kimi dan yeri sökülmədən işə gedir, çox zaman  gecə 11-12-yə qədər  evə gəlib çıxa bilmirdi.  Küçələrdə narkoman qovala, dələduzla, fırıldaqçıyla baş et və hələ daha nə qədər cinayət işləri. Neçə dəfə olub ki, formasını hansısa icazəsiz aksiyalarda kimlərsə dartıb cırıb. Neçə dəfə olub ki, hansısa narkomanı saxlamaq istəyəndə o, bıçaq çəkib özünü yaralayıb, damarlarını doğrayıb... Onu xilas etmək üçün ilk tibbi yardımı da göstərib, üstəlik, onların hücumuna da məruz qalıb.  Üstünə qan çilənmiş formasını yuyanda həyəcanımı görüb “heç nə olmayıb, narahat olma, bizim işimiz budur, alışmalısan” deyib. Yardıma ehtiyacı olan yaşlıların evinə köməyə getdiyi də olub, müharibə günlərində çiyinlərində şəhid tabutları daşıdığı da. Bir polisin tək-tək hallarda xidmət günü sakit keçir, olaysız başa çatır. 

Polis həm də o adamdır ki, bəzən günlərlə ailəsindən xəbər tuta bilmir. Nə öz xəstəliyini bilir, nə ailəsindəkilərin. Nə bayramları var, nə doğru-dürüst istirahətləri. Bizi bizdən, bilmədiyimiz yüzlərlə hadisələrdən qoruyurlar. Gün ərzində hamıdan fərqli və çox çalışırlar. Amma “sağ ol” sözünü deməyə o qədər xəsisik ki... Dinəndə bəziləri onları qınayır, ittiham edir.  Hər işin öz spesifikası var. Polis və hərbçilərin işi daha sərt reaksiyalar verməyi tələb edir.

Polis dövlətin qoruyucu gücüdür. Onu parçalamaq, mənəvi deqradasiyaya uğratmaq, davamlı psixoloji pressinq vasitəsilə xalqla üz- üzə qoymaq cəhdləri var. Güclənmiş Azərbaycan dövlətini “vurmaq”, parçalamaq üçün polis hədəflərdən biridir.

Düşmən dəyirmanına su tökdüyümüzü anlamadan çox zaman hay-küy salırıq. Halbuki, aysberqin görünməyən tərəfi daha böyükdür, qorxuncdur.  Xaricdən güc alan daxili xainlər hesabına iş aparmaq daha əlverişlidir. Ağacı qurd içindən gəmirir. Əvvəlcə feministləri saldılar ortaya. “Bədən mənimdir, kimə istəsəm verərəm” deyib polisin üstünə cuman qadının polisdən istəyi nə idi əcəba? O feministlər ki, nə istədiklərini özləri də bilmir. Tanınmaq üçün xalqın milli qəhrəmanlarını belə təhqir etməkdən çəkinmirdilər. Sonra “rəngli kişiləri” və s.

Səbirli, təmkinli, qətiyyətli olmaq, məntiqlə düşünmək polisin işinin bir parçasıdır. İçimizdə xarici qüvvələrin təsiri altında özünə bir çırtma vurdurub, sonra dünyaya haray salmaq istəyən, “qoymayın, məni polis döydü” deyib şüvən salmağa ac olan o qədər məxluq var ki. Polisin psixoloji olaraq güclü olmaqdan başqa yolu qalmır. Təxribatla məşğul olan qaragüruhçu qüvvələr çox ağıllı bir şəkildə xalqın içindən qoparılmış kütlələr yarada bilirlər və ilanı Seyid Əhmədin əliylə tutub, özləri sudan quru çıxırlar.

Zaman-zaman şəhərin müxtəlif yerlərində təxribatçıların icazəsiz aksiyalarına şahidlik edirik. Görüntülərə nəzər saldıqda nə görürük? Polis icazəsiz aksiya iştirakçısını avtomobilə qoyub apararkən ona qarşı hərəkətə keçirlər. Qanunla polis əməkdaşına toxunmaq olmaz. Əsasən xanımlardan ibarət bir dəstə mütləq şəkildə şərbəndəliyə çalışır, qaşınmayan yerdən qan çıxarmaq üçün əlləşir. Polisin qanunsuz aksiyanın iştirakçılarına qarşı görə biləcəyi məcburetmə tədbirləri qanunvericilikdə müəyyən olunub. Polis asayişə görə cavabdehdir, hətta qanunsuz hərəkətlərin qarşısını alarkən sağlamlığı hədəfə çevrilir, xəsarət ala bilir. Az olmayıb ki... Elə oğlum da hansısa jurnalisti qorumaq üçün qalxanını ona sipər edib, atılan daş ona dəyib, kimisə azğınlaşmış dəstənin arasından çıxarmaq üçün itələməli də olub, itələnib də, zərbə də alıb. Amma sonra elə o qoruduqları “jurnalistlər” gedib sifariş əsasında polis zorakılığından, polisin güc tətbiq etməsindən yazıb, dolayıb bizi düşmənlərimizin dilinə.

Hər kəs təhlükəsiz yaşamaq istəyir və bu işi öhdəsinə polis götürüb. O polis ki, bizim içimizdəndir, sadə bir vətəndaşın, mənim, sənin, onun balasıdır. Bu gün polisi hədəfə çevirənlər kimlərin tütəyinə üfürür, kimin havasına oynayırlar? Bəziləri bilərəkdən oynayır, bəzilərinin nə çalandan xəbəri var, nə oynadandan. Elə küyə düşüb qışqırana qoşulub qışqırır. Yalan, ya doğru olduğunu bilib bilmədən ehkam kəsirlər. Necə deyərlər, at görəndə axsayır, su görəndə susayırlar.

İstər sıravi olsun, istər zabit, polis yenə gündəlik xidmət başındadır. Dünən olanları bu gün unutmuş, vətən və vətəndaşlar asayişdə olsun deyə hər sabah günəşlə birlikdə oyanır, hər kəs yatarkən o, keşikdə dayanır. Vətən sağ olsun deyə sən var ol, mənim polisim.

 

 

Paylaş
Baxılıb: 213 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31