Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İnternet üzərindən alver

İnternet üzərindən alver

08.01.2022 [00:06]

Görmədiyin mala bir ətək pul vermək təhlükəlidirmi?

 İlhamə Rəsulova

30-40 il öncə moda jurnallarındakı dəbli, gözəl geyimləri görən xanımlar ən yaxşı halda onların şəklini kəsib dərziyə apara, həmin geyimdən tikdirə bilirdi. İnternetin dünyamıza qədəm basmasıyla uzaqlar yaxın, hər şey əlçatan oldu. İndi dünyanın o biri başındakı istənilən mağazanın məhsulunu sayılı günlər içərisində evinə sifariş edə bilərsən. Dünya ovcunun içindədir. Karqo şirkətləri istənilən arzumuzun reallaşmasına vasitəçilik edir. Karqo şirkətləri çətin və ya uzaq bölgədən sürətli çatdırılma üçün yeganə həll yoludur.

Xaricdən məhsulların alınmasına maraq artdığından daşınma ilə məşğul olan şirkətlərin sayı da günbəgün artır. Pandemiya, bəzi dövlətlərin valyutalarının ucuzlaşması kimi səbəblərlə xaricdən məhsul sifariş etmək daha sərfəli olub və bu da insanları sifariş etməyə bir az da həvəsləndirib. Hazırda Azərbaycan ərazisində 20-dən çox karqo şirkəti fəaliyyət göstərir. Onlardan ən məşhurları “Starex”, “Mover”, “Kango”, “Colibri”, “Canex” və “Limak” şirkətləridir. “Hansı ən yaxşıdır?” sualının cavabı yoxdur. Hər birinin özünə xas şərtləri var. Hər birinin hansısa ölkədəki filialı yarıtmaz fəaliyyət göstərə bilər. Seçim etməzdən öncə şirkətin fəaliyyətini yaxşı təhlil etməli, şəbəkə izləyicilərinin rəylərini diqqətə almalı, hansı şərt sizə daha çox uyğun gəlirsə, onu seçməlisiniz.

Bir çoxları, xüsusən, internetlə alış-verişi dərindən bilməyən orta yaşlı nəslin nümayəndələri “xaricdən necə sifariş edə bilərik ?” sualını verirlər. Ona görə xaricdən məhsul sifariş etməyin mənfi və müsbət cəhətləri barədə danışaq.

Xaricdən sifariş etmək üçün bir neçə mərhələdən keçmək lazımdır. Öncə, sifariş etmək istədiyiniz məhsulun yerləşdiyi sayt və ya tətbiqdən qeydiyyatdan keçmək, özünüzə uyğun karqo şirkəti seçmək və oradan qeydiyyatdan keçmək, mütləq şəkildə Dövlət Gömrük Komitəsinin rəsmi saytında sadələşdirilmiş elektron ticarət bəyannaməsində aldığınız məhsulu bəyan etmək üçün qeydiyyatdan keçmək lazımdır. Xatırladaq ki, əvvəllər Dövlət Gömrük Komitəsinin rəsmi saytında qeydiyyatdan keçmək lazım gəlmirdi, başqa sözlə, gömrük vergisi verilmirdi deyə məhsul daha ucuz başa gəlirdi.

Seçdiyimiz karqo şirkəti gömrükdə və sənədlərin doldurulmasında çətinlikləri öz üzərinə götürür. Bu, müsbət addımdır, çünki dil bilgisi, sənədlərin hazırlığı, başqa ölkədə anbardakı yükü çatdıracaq təchizatçı tapmaq kimi çətinliklər aradan qalxmış olur.

Azərbaycan bazarında Türkiyədən çatdırma edən karqo firmalarının sayı daha çoxdur. Onlar da çatdırma zamanına görə iki qismə bölünürlər. Yüksək qiymətə sifarişi tez zamanda çatdıranlar və ucuz qiymətə sifarişi gec yerinə yetirənlər.

Karqo şirkətləri hansı xidmətləri yerinə yetirirlər?

Karqo şirkətlərinin hər birinin müxtəlif ölkələrdə ofisləri olur. Həmin ofisdəki nümayəndələr göndərilən ölkədəki anbarda yükün təchizatçıdan götürülməsinə, malların daşınma qaydalarına uyğun qablaşdırılmasına, yükün təyinat yerinə çatdırılmasına, gömrük ödənişlərinin rəsmiləşdirilməsinə, yükün sığortalanmasına cavabdehdirlər.

Yük çatdırılma qiyməti yükün çəkisindən və ölçüsündən, təyinat yerindən (ucqar kənddirsə, qiymət artır) hansı mal qrupuna aid olmasından və nəqliyyat növündən (məsələn, mebeldirsə, yük maşınında gətirilirsə, qiymət artır), sığorta məsələsindən asılıdır. Türkiyədən məhsul çatdırılmasına görə tariflər 200 qrama qədər 1 dollar, 500 qrama qədər 2-3, 700 qrama qədər 4 və 1 kiloqrama qədər 4-5 dollar civarındadır. ABŞ-dan daşımalarda bu məbləğ müvafiq olaraq təxminən 0,5-1 dollar artıqdır.

Sual verə bilərsiniz ki, xaricdə nə gördümsə alıb gətirmək imkanım varmı? Yoxdur. Azərbaycan Respublikasına gətirilməsi qadağan olunan məhsullar siyahısına əsasən, ət və süd, bitkilər, toxumlar, dərmanlar, qızıl nəzarət cihazları, müəyyən mayelər, hətta balıq torları daxildir.

Neçə dəfə gömrük ödənişi etmədən mal gətirmək olar?

Fiziki şəxs ay ərzində beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ödənişi etmədən bir dəfə məhsul ala bilər. Bunun üçün “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsi mövcuddur. Xaricdən alınan malları bəyan etmək üçün ilk öncə mobil telefon və ya kompyuterə yüklədiyiniz “Smart customs” tətbiqi vasitəsilə “ASAN Login”lə qeydiyyatdan keçərək, şəxsi kabinet yaratmalısınız. Bunu, həmçinin Dövlət Gömrük Komitəsinin saytında da həyata keçirmək mümkündür.

Karqo şirkətləri ilə problem yaşanırmı?

Mümkündür. Bəzi karqo şirkətləri əlavə qazanc əldə etmək məqsədilə məhsulun çəkisini süni şəkildə artırmaq üçün bir neçə paketə bükürlər. Məhsulun gətirilməməsi, itirilməsi, istehlakçının müraciətinə baxılmaması, müqavilə bağladığı və yükünü daşıdığı şirkətlə müştərinin əlaqələndirilməməsi və ya məhsula zərər vurulması kimi mənfi hallar baş verir. Hətta məhsul gələrkən telefon əvəzinə qutudan daş da çıxa bilər. Günahkar kimdir? Burada səlahiyyətin və məsuliyyətin bölüşdürülməsi məsələsi problem yaradır. Karqo şirkətləri çatdırılmanı təmin etsə də, paketləməni satıcı şirkət də edə bilər. Bütün məsuliyyəti karqo şirkətlərinin üstünə atmaq da olmur. Məhsulun kimin tərəfindən qablaşdırılmasını dəqiq araşdırmaq lazım gəlir. Bu da çox zaman imkansız olur.

Karqo şirkətinin məsuliyyətsizliyinə görə istehlakçılar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və ya Azad İstehlakçılar Birliyinə şikayət edə bilərlər. Müştəri belə hallarla qarşılaşarkən, karqo şirkətini dəyişməsi qaçılmazdır. Rəqib daşıyıcıya keçməklə və sosial şəbəkələrdə mənfi rəy verməklə həmin karqo şirkətini cəzalandırmaq olar.

Malı təhvil alarkən diqqətli olmaq lazımdır

 Ödəmə də iki üsulla aparılır. Bəyəndiyin malın ödənişini dərhal kartınla ödəyirsən və ya mal gələrkən karqo şirkətinə ödəyirsən. Ən yaxşısı məhsul əlinə çatdıqdan sonra ödəniş etməkdir. Məşədi İbad demiş, bir ətək pul verirsən bir baxmalısan axı, aldığın mal nə maldır. Verdiyin pula dəyər ya yox. Ümumiyyətlə, qutudan nə çıxacaq, sifariş etdiyin məhsul orada varmı, yoxsa sənə boş qutu gətirilib?

Bağlamanı təhvil alarkən qutunu yoxlayın. Xarici qutuda zədələnmə varsa, yük məmuruna göstərin və qəbzi imzalamayacağınızı, qutunu açmadan məhsulu almayacağınızı bildirin. Bu vəziyyətdə, kuryer çox güman ki, qutunu açmağa icazə verir. Yük daşıyanlar adətən zədələri gizlədirlər. Kuryer getmədən yükü açıb yoxlamaq lazımdır. Ziyan varsa, bu barədə karqo şirkətinə məlumat verilməlidir. Adətən məhsulu aldığınız şirkət karqo şirkətinə müraciət edərək problemi həll etməyə çalışır. Amma bunu da hər şirkət etmir. Baxır hansı mağazadan alış-veriş etmi?iniz. Adını çox eşitdiyimiz “Trendyol”, “Amazon” sadə dillə desək sadəcə univermaqdır və bu univermaqda minlərlə kiçik mağazalar var. Buna görə də, yalnız sosial şəbəkələrdəki rəylərə, alış-veriş etdiyiniz mağazanın nə dərəcədə öz nüfuzunu qorumağa maraqlı olduğuna diqqət etməlisiniz. Unutmaq olmaz ki, virtual dünyada alış-veriş bir qədər qaranlıq otaqda qara cücəni tutmağa bənzəyir.

Paylaş
Baxılıb: 162 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31