Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Sosial / EKM Global Consulting GmbH: Azərbaycana ciddi sərmayə gətirə bilərik

EKM Global Consulting GmbH: Azərbaycana ciddi sərmayə gətirə bilərik

12.05.2022 [12:23]

Müşfiqə BAYRAMLI

Geoməkan məlumatlarından necə istifadə olunur?

Qlobal inkişaf yeni texnoloji imkanların genişləndirilməsi ilə sıx bağlıdır. Texnoloji tərəqqi artıq cəmiyyətin bütün gözləntilərini üstələyib. Bu gün dünyanın idarəedici güclərindən biri olan "Rəqəmsal əkiz" (Digital Twin) də bu prosesin elementlərindən birinə çevrilməyi bacarıb. Mütəxəssislərin fikrincə, çoxlarına yad olan bu termin növbəti illərdə insanlar tərəfindən daha anlaşıqlı olacaq və onun istifadəçilərinin sayı artacaq. Həm zamana, həm də büdcəyə bu yolla qənaət ediləcək. Araşdırmalarımıza görə, 2018-ci ildə onun dünya bazarında 3,76 milyard dollar qiyməti vardısa, 2027-ci ildə bu rəqəmin 57,38 milyarda qədər çatacağı gözlənilir. Belə çıxır ki, gələcək zaman "Rəqəmsal əkiz" ilə eyni cərgədə addımlayacaq.

Zaman "Rəqəmsal əkiz"in zamanıdır!

Əvvəla, aydınlaşdıraq görək, "Rəqəmsal əkiz" nədir? "Rəqəmsal əkiz" – real fiziki obyektin, məhsulun və ya prosesin virtual prototipidir. Yəni canlı və ya cansız fiziki obyektin rəqəmsal surətidir. Onun əsas mahiyyəti rəqəmsal verilənlərin toplanması və fiziki obyektin monitorinqi, idarə edilməsi və qəbul edilmiş qərarların optimallaşdırılması üçün istifadəsindən ibarətdir. Bir sözlə, gələcəkdə olacaqları əvvəlcədən xəbər verən texnologiyadır.

"Rəqəmsal əkiz" modelinin tarixi 1950-ci illərə gedib çıxsa da, bu termin 2002-ci ildə Michael Grieves tərəfindən elmə gətirilib. Dünyanın rəqəmsallaşma layihələrinə liderlik edən Accenture şirkəti tərəfindən isə 2021-ci ilin "TOP 5 texnoloji trendi" siyahısına daxil edilib.

Bu konsepsiyanı sənayedə tətbiq edən ilk şirkət isə GE-dir. Şirkət onu öz külək turbinlərinin və aviasiya mühərriklərinin effektivliyini analiz etmək və yaxşılaşdırmaq üçün istifadə etmişdi. Bu günə qədər GE geniş çeşidli məhsullar, proseslər və sistemlər üçün yarım milyondan çox rəqəmsal əkiz hazırlayıb.

Faydaları nələrdir və hansı sahələrdə tətbiq edilir?

Uzaqdan zondlama yolu ilə geoməkan məlumatları əldə etmək üçün təyyarələrə, helikopterlərə və dronlara ötürücülər quraşdırılır. Onların köməyi ilə Yer səthindən məlumatlar toplanır. Daşqınlar, yanğınlar, zəlzələlər kimi fövqəladə vəziyyətlərdə konkret şəhərin və ya hər hansı digər yaşayış məntəqəsinin və onun spesifik ərazisinin 3D modeli xilasetmə qüvvələrinin daha səmərəli fəaliyyət göstərməsinə imkan verir ki, bu da daha çox insan həyatının xilas edilməsinə səbəb olur.

Hazırda bu sahədə ən qabaqcıl texnologiyalara malik olan İsveçrənin "Leica Geosystems" şirkətinin Leica TerrainMapper2 və City Terrain Mapper2 hibrid ötürücüləri şəhərlərin və istənilən ərazinin yüksək dəqiqliklə 3D vizuallaşdırılmasını əldə etməyə imkan verir. "Leica Geosystems" təyyarələrə quraşdırılan ötürücülərdən 2D və 3D məlumat toplayır. Bunlar fotoqrammetriya və LiDAR texnologiyalarıdır.

Bundan əlavə, şirkət Leica Pegasus: Backpack portativ mobil xəritəçəkmə qurğusunu da tətbiq edir. Bu cihaz açıq havada və ya binaların içərisində mobil xəritəçəkmə üçün 3D və 2D məkanı tutmağa imkan verir. İstifadəçi cihazı çiynində daşıyır və küçə ilə və ya istənilən qapalı məkanda hərəkət edərək ətrafın tam təsvirlərini real vaxt rejimində planşetində qəbul edir.

Dünyanın bir sıra ölkələrində, eləcə də Türkiyədə də bu model tətbiq edilir. Belə ki, "Şəhərlər və Yaşayış Yerlərində 3D Topoqrafiya və Tikinti Modelinin Yaradılması" layihəsi ilə bütün şəhərlərin 3D rəqəmsal əkizi yaradılıb. Bununla da baş verə biləcək zəlzələnin fəsadlarının qarşısını almaq və yararsız binaları tətbiq etmək mümkün olub.

Sinqapurda da urbanizasiya prosesi rəqəmsal əkiz texnologiyası ilə tətbiq olunur. Məqsəd vətəndaşların rifahını yaxşılaşdırmaqdır.

Bundan başqa, Formula 1 avtomobil yarışlarında da performansı yaxşılaşdırmaq üçün bu texnologiyadan istifadə edilir. Sürücü və heyət simulyasiya sayəsində hansı düzəlişlərin performansı artıra biləcəyini əvvəlcədən bilir.

Neft-qaz sənayesində rəqəmsal əkiz modeli necə tətbiq olunur?

Neft-qaz sənayesində də "rəqəmsal əkiz" geniş istifadə edilən termindir, lakin az sayda insan bunun əslində nə olduğunu hərtərəfli dərk edir. Rəqəmsal əkizlər qazma zamanı sürətli və keyfiyyətli qərarlar qəbul etməyə, əməliyyatları optimallaşdırmağa, boşdayanma müddətini proqnozlaşdırmağa imkan verir. Modelləşdirmə nəticələri 2D və 3D vizuallaşdırma formatlarında təsvir olunur. Bu sahədə istismar zamanı avtomatik diaqnostika siqnalları təhlükəli insidentləri vaxtından əvvəl aşkarlayaraq qarşısı alınır. Rəqəmsal əkizlərin bir sıra sənaye sahələrində uğurla tətbiq edilməsinə baxmayaraq, neft-qaz sənayesi bu texnologiyanı yalnız indi mənimsəməyə başlayır. Hazırda dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması və xaotik dəyişkənliyi, yüngül neft ehtiyatlarının tükənməsi, ağır neft mərhələsinin genişlənməsi transmilli və milli neft şirkətləri arasında rəqabətin dərinləşməsinə səbəb olur. Bu çətin şəraitdə rəqabətə davam gətirmək üçün texnoloji gücün köməyinə ehtiyac yaranır. Transmilli və milli neft-qaz şirkətlərinin ağıllı mədən texnologiyaları ilə məşğul olan xüsusi bölmələri var. Shell, BP, Chevron, Saudi Aramco, Petrobras, Kuwait Oil, eləcə də SOCAR rəqabət imkanlarını artırmaq üçün öz rəqəmsallaşma strategiyasını həyata keçirir.

İnsan və onun rəqəmsal əkizi

Fiziki məhsulların, proseslərin, insanların, sistem və qurğuların rəqəmsal əkizini qurmaq və müxtəlif məqsədlər üçün istifadə etmək olar. Külək turbinləri, təyyarə mühərrikləri, lokomotivlər, böyük strukturlar üçün rəqəmsal əkizlər tətbiq edilir. Maraqlı tətbiqlərdən biri də insan üçün rəqəmsal əkizin qurulmasıdır. "Qulaq gündə bir söz eşitməsə, kar olar" deyiblər. Sən demə, insanın da rəqəmsal əkizini yaratmaq mümkündür. Bu vasitə ilə şəxsin anatomiyası, fizioloji xüsusiyyətləri, həyat tərzi modelləşdirilir. İnsanın səhhəti ilə bağlı bütün məlumatı rəqəmsal əkizdə toplanılır. Bununla da, yarana biləcək xəstəliyin qarşısı alınır. Məsələn, Yaponiyada tətbiq olunan "ağıllı şəhər" layihəsində uzunömürlülük problemi həll olunur. Gün ərzində insanların həyat tərzi, qida rasionu, hətta qəbul etdiyi dərmanlar belə xüsusi texnologiyalar vasitəsilə nəzarət altında saxlanılır. Toplanan informasiya bazası ilə digər insanlara uzun ömürlü olmağın sirrləri satılır. Bunun üçün ortho-xəritələr və mobil xəritələrdən istifadə edilir.

Bəs, ortho-xəritələr nədir? Xüsusi hava kameraları ilə təchiz edilmiş təyyarələr vasitəsi ilə çəkilmiş yerin səthinin fotosudur. Coğrafi məkanın çoxsaylı problemlərinin həllində ortho-xəritələr köməyə çatır. Bu xəritələrədən şəhərsalma, kənd təsərüfatı sahəsi, yaşıllaşdırma, ictimai təhlükəsizlik və s. işlərində geniş istifadə olunur.

Azərbaycanda hansı sahədə gərəklidir?

Bu gün inkişaf etmiş ölkələrdə dövlət və özəl sektorda idarəetmə qərarlarının təqribən 80%-i geoməkan məlumatları əsasında qəbul edilir. Bir çox ölkələrdə havadan xəritələmə ildə bir neçə dəfə aparılır, məlumat bazası müntəzəm olaraq yenilənir. Elə şəhərlər var ki, hətta hər ay havadan xəritələmə üçün çəkilişlər aparılır. Ortho-xəritələr, geoməkan məlumatları bazasının hazırlanması Azərbaycan üçün də çox vacibdir. Azərbaycanda ortho-xəritə axırıncı dəfə 2015-2016-cı illərdə Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə təyyarələrdən aparılan çəkilişlərin köməyi ilə hazırlanıb, ondan sonra bir daha belə çəkilişlər olmayıb. Görəsən, bu xəritənin olması niyə vacibdir? Mövzu ilə bağlı "EKM Global Consulting GmbH" şirkətinin rəhbəri Elşən Musayevlə həmsöhbət olduq. Şirkət rəhbəri deyir ki, bu gün kənd təsərrüfatı sahəsində geoməkan məlumatları bazasına çox böyük ehtiyac var. Bu bazalar sayəsində ölkəyə yatırılan investisiyanın sayını artıra bilərik: "Ortho-xəritələr kordinat sistemlərinin bazaya oturulması zamanı lazım olur. Bu sistem əsasında investorların cəlb olunması daha rahat bir formaya keçəcək. Kənd təsərrüfatı bəlli olduğu kimi, dövlət tərəfindən subsidiyalaşdırılır, verilən subsidiyaların nə dərəcədə düzgün istifadə edilməsi, kənd təsərrüfatının inkişafı, əkinlərin planlaşdırılması və digər məsələlərin həlli üçün  yüksək dəqiqlikli geoməkan məlumatları bazası olmalıdır. Yerli və yaxud xarici investor, ilk növbədə, ərazidə gəlirin əldə olunma forması ilə maraqlanır. Bunun üçün də həmin infrastrukturu dəqiq bilməlidir. O zonaya xəritədə düzgün kordinasiya sistemi ilə baxsaq, bu zaman Azərbaycana ciddi sərmayə gətirə bilərik. Bu investorun da gəlməsi üçün o ərazini xəritə formasında görməlidir".

Qarabağda geoməkan məlumatlarının bazası

Bu gün bizə "ağıllı şəhər" nəyə görə lazımdır? BMT-nin Əhali Fondunun (UNFPA, 2007) statistikasına əsasən, dünya əhalisinin yarısından çoxu şəhərlərdə yaşayır. Bu rəqəmin 2050-ci ilə qədər 70%-ə çatması gözlənilir. Sürətli artım bir sıra texniki və infrastruktur əsaslı problemləri, məsələn, tullantıların idarə olunmasında çətinlik, resursların çatışmazlığı, hava çirklənməsi, insan sağlamlığı ilə bağlı narahatlıqlar, nəqliyyat sıxlığı, zəifləyən infrastruktur kimi problemləri tətikləyir. Şəhərlərin təcili şəkildə ortaya çıxan texniki, fiziki, sosial problemlərin həlli üçün təşkilati və institusional tənzimləmələrə də ehtiyacı var. Belə olan halda, "ağıllı şəhər" ərazinin yaxşılaşdırılması üçün xidmət edə bilər. Azərbaycan "ağıllı şəhər-kənd" yanaşmasını istifadə etməyə çalışan ölkələr siyahısında yer alıb. Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə yüzlərlə kənd və qəsəbə, eləcə də şəhər bərpa edilməlidir. Prezident İlham Əliyev "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasının hazırlanması üçün müvafiq Sərəncam imzalayıb və müxtəlif nazirlikləri təmsil edən işçi qrupu yaradılıb.

"Rəqəmsal əkiz" "ağıllı şəhərlər" və "ağıllı kəndlər" anlayışının ən mühüm təməl elementidir. Geoməkan məlumat bazalarının istifadəsi genişləndikcə, bu texnologiyadan istifadə Azərbaycanın iqtisadi inkişafında yeni mərhələyə təkan verə bilər. Məhz geoməkan məlumatlarının köməyi ilə çoxlu sayda mütəxəssislərin əraziyə gedib minalardan hələ tam təmizlənməmiş ərazilərdə tədqiqat aparmasına ehtiyac olmadan bu yaşayış məntəqələrinin planlaşdırılmasını ən səmərəli, ən az xərclə həyata keçirmək mümkündür.

"İşğaldan azad edilmiş ərazilərin bərpasında geoməkan məlumatları bazasının çox böyük tətbiqi əhəmiyyəti var. Nəzərə alsaq ki, bu ərazilərdə hər şey sıfırdan qurulur və çoxsaylı infrastruktur layihələri, şəhərsalma, o cümlədən "ağıllı şəhər"lərin, kəndlərin salınması üçün dəqiq geoməkan məlumat bazası olmalıdır. Dünyanın bir çox inkişaf etmiş ölkələrində xəriətələr ildə 4-5 dəfə çəkilir. Çünki infrastruktur dəyişir. Bu gün azad olunmuş ərazilərdə ildə 2-3 dəfə orto-xəritələr çəkilməlidir. Digər tərəfdən əldə edilən bu dataların emalı da mühümdür, hesab edirəm ki, gələcəkdə Azərbaycanda da bu cür məlumat bazalarını emal edən ayrıca qurum yaradıla bilər. "Leica Geosystems" şirkətindən olan tərəfdaşlarımızla birlikdə Azərbaycanda bununla bağlı bir çox görüşlərimiz olub", - deyə mütəxəssis vurğulayıb.

Qeyd edək ki, "EKM Global Consulting" şirkəti Azərbaycanda ilk dəfə "Azərişıq" ASC-nin sifarişi ilə elektrik şəbəkələri infrastrukturunun 3D mobil xəritəsini işləyib hazırlayıb. "Azərişıq" ASC-də tətbiq edilən həmin 3D mobil xəritə ortho-xəritə datası ilə birləşib superdata yarada bilər. Bu isə iqtisadiyyatın müxtəlif sahələrinin planlaşdırılması, inkişafı üçün  əvəzolunmaz məlumat bazası olardı.

 

 

Paylaş:
Baxılıb: 182 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

28 May 10:15

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31