Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Çadradan səmaya

Çadradan səmaya

21.05.2022 [12:21]

İlk təyyarəçi qadınlarımız: Leyla Məmmədbəyova və Züleyxa Seyidməmmədova

MÜŞFİQƏ

20-ci illərdə Odlar yurdunun qızları minillik əsarətin qara kölgəsindən qurtulurdu. 1928-ci ildə KP-nin iclaslarında çadranı həmişəlik atan 12 min 573 azərbaycanlı qadın sırasında ilk qadın təyyarəçimiz Leyla Məmmədbəyova da var idi. Odlar qızı çadradan sıyrılır, işığa can atırdı. Sözün əsl mənasında, uçmağa qanad istəyirdi...

On dörd yaşı tamam olmamış ailə quran Leylanı oxumağa, işləməyə, ictimai həyatda fəal olmağa həvəsləndirən də elə həyat yoldaşı oldu. Ən nəhayət, tarixə düşdü. Azərbaycanda, Qafqazda, Cənubi Avropada, eləcə də Yaxın Şərqdə ilk qadın təyyarəçi statusunu qazandı. Bakı təyyarəçilər məktəbinə qəbul olunan 22 nəfər arasında Leyla yeganə qadın idi.

Leyla xanım o günləri xatırlayarkən belə demişdi: “1929-cu ildə mən xəbər tutdum ki, bizim evimizin yanında təyyarə məktəbi açılıb. Gəldim, ora yazıldım. Məni çox yaxşı qarşıladılar və sevindilər ki, Azərbaycan qadını təyyarə sürmək istəyir. Məni aerodroma aparıb, təyyarəyə mindirdilər. İlk uçuşumu etdikdən sonra müəllimim məndən razı qaldığını və çox yaxşı təyyarəçi olacağımı söylədi”.

Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü oldu. Paraşütlə ilkin tullanan 100 təyyarəçi xüsusi döş nişanı ilə təltif edildi. 84 nömrəli döş nişanı isə Leylaya verildi.

U-2 təyyarəsində Azərbaycanın ən ucqar bölgələrinə uçuş edən bu zərif, bəstəboy, təvazökar qadın bir növ səmalara ağalıq edirdi. Yetkinlik yaşına çatmamış dörd uşaq anası (uşaqlarının sayı isə ümumən altı nəfər idi) mayor Məmmədbəyovanın Böyük Vətən müharibəsində iştirakına imkan verilmədi. Buna baxmayaraq, müharibədə misilsiz xidmətləri oldu. O, müharibə illəri ərzində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yolladı.

Bu nəcib, zərif insan haqqında şeirlər yazılır, film­lər çəkilirdi. Şöhrəti eldən-elə yayılırdı. O vaxt Mikayıl Mikayılov “İsmət” filmini, Səməd Vurğun isə “Leyla” adlı şeirini ilk pilot qıza həsr etmişdilər. “Havadır oylağın, yerdir Vətənin. Qoca Şərq boylanır dalınca sənin...” deyən S.Vurğun yazırdı:

Sən göylər yolçusu bir azad quşsan,

Aylı gecələrdə görürəm səni.

Zöhrə ulduzuna məftun olmuşsan, -

Sürürsən üstünə öz təyyarəni!

Bəzən bu səfərdə ağır dumanlar,

Gəlib quldur kimi kəsir yolunu,

Sənin qüdrətinə inanmayanlar

Tutur xəyalında qız olduğunu...

Vətənimizin səmasını qoruyan  

Züleyxa Seyidməmmədova

Faşizm üzərində qələbədə bütün qoşun növləri ilə yanaşı, aviasiyanın da igidləri hava döyüşlərində iştirak edərək şücaət göstərirdilər. Cəsur qızımız Leyla məlum səbəblərə görə  Böyük Vətən Müharibəsində iştirak edə bilməsə də, layiqli davamçısı Züleyxa Seyidməmmədova işinin öhdəsindən məharətlə gəlir, öz təyyarəsi ilə qırırdı.

Atası Mirhəbib ağa Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin sağ əli sayılırdı. Hacının vəsaitini nə qədər və necə xərclədiyini qəpiyinədək hesablayır, hər ayın sonunda Tağıyevə məlumat verirdi. Milyonçunun bağında qollarını təyyarə kimi açıb dövrə vurur, sanki quş kimi süzürdü. Beləcə boya-başa çatan Züleyxa qırıcı təyyarəçi kimi tarixə düşür.

“Müharibə başlananda Moskvada idim. N.Y.Jukovski adına Hərbi Hava Akademiyasını lap  müharibə ərəfəsində bitirmişdim. Məni akademiyanın qırıcı aviasiya polkuna müavin təyin etmişdilər. Yadımdadır, 1941-ci il oktybarın 20-də dedilər ki, məni axtarırlar. Dedilər ki, qadınlardan ibarət 3 aviasiya polku yaratmaq istəyirlər. Qırıcı aviasiya polkunda sənin də olmağını istəyirik. Əlbəttə, canla-başla razılıq verdim. Mənim üçün uçmaq, döyüşmək əsl xoşbəxtlik idi. Böyük fəxrlə Vətənimizin səmasını qorumuşam. Müharibə zamanı ölüm bir göz qırpımında idi. Birdən qərargah rəisinin səsini eşitdim: “Şahin 2! Şahin 2! Sizdən şimalda 4 min metrlik hündürlükdə düşmən təyyarəsi uçur”. Bu zaman tam düşmənin arxasınca şığıyırıq. Budur düşmən maşını nişangahın mərkəzindədir. Tətiyi sıxıram. Düşmən təyyarəsinin sağ qanadından qara tüstü zolağı uzanır. Matoru alışan təyyarə yerə millənir”, - deyə Züleyxa demişdi.

Göstərdiyi misilsiz xidmətlərinə görə Lenin ordeni, 2-ci dərəcəli “Vətən müharibəsi”, 2 “Qırmızı Əmək Bayrağı” və 2 “Şərəf nişanı” ordenləri və bir çox medallarla təltif edildi.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qadınlar həmişə irəli çəkilib və məsul vəzifələrdə şərəflə işləyiblər. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qadınlar haqqında söylədikləri fikirlər onların əməyinə verilən ən böyük qiymətdir: “Mən dünyanın çox yerini gəzmişəm, qadınlarını görmüşəm. Fikrim belədir ki, Azərbaycan qadını bütün dünyadakı qadınlardan gözəldir. Bu mənim həqiqi fikrimdir və mən Azərbaycan kişilərinə məsləhət verirəm: qadınları qiymətləndirin, qadınları sevin, heç bir yerdə, heç bir ölkədə, heç bir millətdə Azərbaycan qadını kimi gözəl qadın tapa bilməyəcəksiniz”.

Fəxrlə deyə bilərik ki, Leyla və Züleyxa Azərbaycan qadınının qəhrəmanlıq, fədakarlıq örnəkləridir. Buna görə biz qadınlarımıza minnətdarıq. İstər müharibə illərində, istərsə də dinc quruculuq dövründə qadınlarımızın nəyə qadir olduqlarını bir daha bütün dünyaya nümayiş etdirdilər. Əsrlər, qərinələr keçsə də, bu qadınların xidmətləri unudulmayacaq, adları dillər əzbəri olacaqdır.

Paylaş:
Baxılıb: 190 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Avropa imtina edir

02 İyul 12:09

Xarici siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31