Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Gürcüstan hədəfdə...

Gürcüstan hədəfdə...

31.05.2024 [10:51]

Bu dəfə Vaşinqton sanksiya anonsu verdi  

Gürcüstanda baş verən son hadisələr səngimək bilmir. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təqdim və parlamentin də qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ətrafında baş verənlər birmənalı qarşılanmır. Sirr deyil ki, bu sənəd rəsmi Tbilisi üçün yeni siyasi mənzərə formalaşdırır. Siyasi ekspertlərin də bildirdiyi kimi, bu qanun Gürcüstanda dövlətin təhlükəsizlik amilinin güclənməsinə, dövlətə qarşı hər hansı bir təhdididn yaranmasına maneə olacaq akt kimi meydana çıxıb. Beləliklə, qanunun qəbulu Gürcüstan dövlətinin mənafeyinə uyğun sayılır. Bəs onda qanunun qəbul edilməsinə qarşı bu “dirənişin” arxasında hansı amillər dayanır?

Qanun kimə və nə üçün “sərf etmir”?

Diqqət yetirsək, Gürcüstanda etirazlar başlanan gündən Qərbin bu sənədə qarşı “allergik münasibəti” açıq şəkildə ortadadır. Təsadüfi deyil ki, etirazların körükləməsində, daha geniş vüsət alması üçün şəraitin yaradılmasında ilk növbədə Qərbin canfəşanlığı gözə dəyir. Hətta bəzi məqamlarda ayrı-ayrı Avropa dövlətlərinin parlamentlərinin üzvlərini, rəsmi strukturlarının nümayəndələrini absurd sayılsa da etiraz mitinqlərində çıxış etdiyinin şahidi olmuşuq - qanunun mahiyyətindən çox onun “tətbiqi” məsələsi təftiş edilir. Qərbin bu qədər əl-ayağa düşməsi xüsusi maraqdan irəli gəlirmi?

Qanuna əsasən, bir il ərzində xarici mənbələrdən nağd pul və ya köçürmələr şəklində “qeyri-kommersiya gəlirinin” 20 faizindən çoxunu əldə etmiş istənilən QHT “xarici gücün maraqlarını güdən təşkilat” kimi qeydiyyata alınır. Qanunda konkret olaraq qeyd edilir ki, buraya 20 faizə müqavilələr üzrə əldə edilən kommersiya gəlirləri daxil deyil. Bu kimi qanunların ayrı-ayrı ölkələrdə analogiyaları var - hansı ki, onlarda da “xarici agent” sayılan şəxslərin fəaliyyəti  bütün səviyyələrdə hakimiyyət orqanlarında vəzifə tutmaq üçün namizəd olmaq, dövlət vəzifələrində işləmək, seçki komissiyalarının üzvü olmaq və seçki kampaniyalarında iştirak etmək, hətta dövlət sirri tələb edən sahədə fəaliyyət göstərmək, kütləvi tədbirlər təşkil etmək kimi və başqa qadağalarla məhdudlaşdırılıb. Gürcüstanda qəbul edilən qanunun izahat bölümündə isə açıq şəkildə bildirilir ki, bu aktın məqsədi xarici təsirin şəffaflığını təmin etməkdir.

Aİ-dən sui - qəsd xəbərdarlığı...

Vurğulandığı kimi, qanunun qəbulu ilə paralel olaraq rəsmi Tbilisiyə qarşı mövqelər daha da sərtləşir. Məsələn, artıq terrora, şantaja, açıq hədələməyə, hətta silahlı hücum təhdidinə belə əl atılır. Bu açıq faktlarla ortadadır. Belə ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bir müddət öncə bildirmişdi ki, onunla söhbətində Avropa komissarlarından biri onu Slovakiyanın baş nazirinin həyatına qəsd nümunəsi ilə qorxudub. Kobaxidze deyib ki, ölkəsində qəbul olunan “xarici təsir” qanununa görə verilən bu mesajı şəxsən özünə təhdid kimi qiymətləndirir.  “Əminəm ki, həmin qüvvələrin Gürcüstanla bağlı planı bu dəfə də iflasa uğrayacaq. Ölkəmiz mövcud sabitliyi qoruyub saxlaya biləcək və inkişafa doğru addımlamaqda davam edəcək”,-deyə baş nazir bildirib.

Göründüyü kimi, təhdid artıq açıq kontekstdə səsləndirilir. Nümunə kimi isə Slovakiya baş naziri Fitsoya edilən sui-qəsd göstərilir - demək ki, artıq dövlətləri milli maraqlardan döndərmək üçün bütün yollara əl atılır...

ABŞ məhdudiyyətlərlə qorxudur

Bu arada, rəsmi Vaşinqton da Gürcüstanda qəbul edilmiş qanunla bağlı öz mövqeyini açıqlayıb. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller mətbuat konfransında ABŞ-ın mövqeyini səsləndirib. Amerika hakimiyyəti hesab edir ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ölkənin Avropaya inteqrasiyasına mane olacaq. Onun sözlərinə görə, ABŞ bu addımı pisləyir. Millerin fikrincə, sənədin qəbulu Gürcüstanı Avropaya inteqrasiya yolundan uzaqlaşdırıb. O, hakim “Gürcü arzusu” partiyasının “gürcü xalqının Avro-Atlantik istəklərinə” məhəl qoymadığını vurğulayıb.

O qeyd edib ki, bütün bu hərəkətlər ABŞ və Gürcüstan arasında münasibətləri təhlükə altına qoyur. Xatırladıb ki, ABŞ dövlət katibi Antoni Blinken “Gürcüstanda demokratik prosedurlara və institutlara xələl gətirənlərə” qarşı viza məhdudiyyətləri tətbiq etmək niyyətindədir.

Sanksiya məsələsinin müstəvisi isə hələ də məlum deyil - məsələn, mayın 15-də Tbilisidə səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn mətbuata açıqlamasında ölkəsinin Gürcüstana maliyyə və səyahət sanksiyaları tətbiq edə biləcəyini dilə gətirmişdi. O demişdi ki, Avropa standartlarına uyğun gəlməyən qanun layihəsi olduğu kimi saxlanılacağı təqdirdə, həmçinin dinc nümayişçilərə qarşı zorakılıq göstəriləcəyi təqdirdə ABŞ tərəfindən Gürcüstana birinci mərhələdə maliyyə məhdudiyyətləri tətbiq ediləcək. “İkinci mərhələdə isə bu məhdudiyyətlər bütün bunlara görə məsuliyyət daşıyan şəxslərə qarşı səyahət sanksiyaları olacaq”, - O’Brayn deyib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə qeyd etmişdi ki, ABŞ-nin mümkün sanksiyaları tətbiq etməsi barədə söhbətlər qeyri-ciddidir.

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 182 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

24 İyun 10:29

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30