Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Müstəqil dövlətçiliyimizi yaradan və yaşadan Lider

Müstəqil dövlətçiliyimizi yaradan və yaşadan Lider

08.05.2024 [11:25]

Bəşəri kamilliyin ən yüksək zirvəsini fəth etmiş Ümummill Liderimiz Heydər Əliyev müasir dünya tarixinə, parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka və fitri istedad sahibi, müdrik dövlət xadimi və beynəlxalq siyasət korifeyi kimi düşmüşdür. Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları daim xalqımızın firavan həyatının təmin olunmasına, dövlətimizin güclənməsinə və qüdrətlənməsinə misilsiz töhfələr vermişdir.

Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan, müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz milli sərvətimizdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

      Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Dahi şəxsiyyətin xarakterində və fəaliyyətində, doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Sadə, zəhmətkeş bir ailədə dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.

       Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi. Ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi.

      Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Hər il yüzlərlə gənc müxtəlif, mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi. Azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.

      1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi məhz ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindəndir.

       Sonralar, Heydər Əliyevin SSRİ kimi nəhəng dövlətin rəhbərliyində Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək mövqe və vəzifə tutması, siyasi elitanın zirvəsinə yüksəlməsi, qürurverici hadisə olmaqla,  Azərbaycan üçün xüsusilə böyük önəm kəsb etdi. Heydər Əliyev artan nüfuzundan və yüksək vəzifənin açdığı imkanlardan istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu və nəticədə Azərbaycan keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrildi.

      1990-cı illərin əvvəllərində Sovet İmperiyası çökdükdən sonra ölkəmizi bürümüş xaosdan yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Burada məşhur fransız mütəfəkkiri Volterin “dövlətin xilası üçün bir dahi insan kifayətdir” kəlamı yada düşür. Bəli, Heydər Əliyev də Tanrının Azərbaycan xalqına bəxş etdiyi, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi  idi.

       Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Məhz, Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqın iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq Müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etdi. Bu, sözün əsil mənasında, «ömrümün qalan hissəsini də xalqıma bağışlayıram» deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.

      Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına Müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi. Təsadüfi deyil ki, məhz Heydər Əliyevin sayəsində ilk dəfə Naxçıvanda üçrəngli bayrağımız rəsmi şəkildə ucaldıldı, sovet dəyərlərindən tamamilə imtina edildi.

     Böyük strateq Heydər Əliyevin siyasi uzaqgörənliyinin və qətiyyətinin nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına yeni təkan verdi. “Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bugünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür.

      “Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır” deyən Ümummilli Lider bütün ömrünü Azərbaycan xalqına xidmətə həsr etmiş, xalqın xoşbəxt gələcəyi üçün canından keçməyə belə hazır olmuşdur. Azərbaycanlı olmağı ilə fəxr edən dahi, misilsiz fəaliyyəti ilə “Nə qədər ki Azərbaycan var, mən də varam” kəlamını reallığa çevirdi, özünün Azərbaycanda əbədi olmasını təmin etdi.

        Ulu Öndər "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri sizin  dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyərək, xalqa, müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi  və zaman Heydər Əliyevin bu inamını təsdiq etdi.

       Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək, ölkəmizin dinamik inkişafı təmin edildi, qarşıya qoyulan əsas məqsəd və hədəflərə nail olundu.

   Yüksək inkişafın nəticəsidir ki, qarşıya qoyulan əsas hədəflərdən biri və birincisi olan torpaqlarımız işğaldan azad  olundu.  Ata nəsihəti Lider övladın Dəmir yumruğu sayəsində gerçəkləşdi. Torpaqlarımız tör-töküntülərdən, separatçılardan təmizləndi. 30 il düşmən tapdağında qalmış  torpaqlarımız azad olundu. Ulu Öndərin “Biz Fizuliyə, Cəbrayıla, Laçına, Kəlbəcərə, Şuşaya, Xankəndinə qayıdacağıq” ifadəsi reallaşdı. Xocalının qisası alındı. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır. Yüksək sürətlə, geniş bərpa-quruculuq və abadlıq işləri görülür. Soydaşlarımızın öz ata-baba torpaqlarına Böyük Qayıdışı təmin edilir.  Bəli, budur Heydər Əliyev irsinin möhtəşəmliyi- budur əbədi irsin yaşaması.

      Bu bir həqiqətdir ki, Ulu Öndər Heydər Əliyev ölkəmizi müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək tənəzzüldən-inkişaf yoluna çıxardı. Onun layiqli davamçısı Prezident İlham Əliyev isə  Azərbaycanın daha da  inkişafı üçün geniş imkanlar yaratdı, torpaqlarımızı işğaldan azad etdi, ölkəmizi inkişafdan-tərəqqiyə, tərəqqidən-zəfərə çatdırdı.

Məhz, bu Böyük Zəfər qürur mənbəyimiz olmaqla, Ata vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imici qazanmasını, beynəlxalq aləmdə əsil söz sahibi olan ölkə rəhbəri olduğunu təsdiq etdi.

     Son illərin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Azərbaycanın sürətlə inkişaf etməsi, beynəlxalq aləmdə layiqli yer tutması, Ulu Öndər Heydər Əliyevin  və  Prezident İlham Əliyevin misilsiz fəaliyyətinin, eyni zamanda Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yolun əsas nəticəsi kimi qeyd edilir. Həyatın mənasını xalqına xidmətdə görən, “Yeni Azərbaycan Partiyasına xidmət etmək, millətə, xalqa və dövlətə xidmət etməkdir” deyən  Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyası  cəmiyyətin aparıcı qüvvəsi olmaqla,  xalqın xoşbəxt gələcəyinə hədəflənən Heydər Əliyev ideyalarının həyata keçirilməsində əvəzsiz rola malikdir.  Xalqımız  “Dünənin, bu günün və gələcəyin” partiyası olan Yeni Azərbaycan Partiyasının dünəninə minnətdarlıqla, bu gününə qürur və iftixarla, gələcəyinə isə böyük ümidlərlə baxır.

         Azərbaycanda elə bir sahə yoxdur ki, orada islahatlar aparılmasın və yüksək inkişaf müşahidə edilməsin. Bu gün ölkəmiz dünyada etibarlı tərəfdaşa və regionun lider dövlətinə çevrilib. Respublikamızın ən mötəbər tədbirlərə, o cümlədən humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi, dörd ildir ki,  120 ölkənin iştirak etdiyi Qoşulamama Hərəkatına rəhbərlik etməsi, bu il isə COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi dövlətimizin dünyada yüksək nüfuzunu təcəssüm etdirir. 

      Qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni müasir inkişaf dövrünü yaşayır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir. 2003-cü ildən bu günədək keçirilən,  xüsusilə də 7 fevral 2024-cü il tarixdə keçirilən Prezident seçkilərində seçicilərin tam əksəriyyətinin cənab İlham Əliyevə səs verməsi bunun əyani sübutudur və bunu  bütün beynəlxalq aləm qəbul edir.

     Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu da öz növbəsində xeyirxahlıq, sülh, insanpərvərlik kimi bəşəri amallar uğrunda nəcib fəaliyyəti ilə ölkədə həyata keçirilən çoxşaxəli islahatlara dəyərli töhfələr verir. Daim yeniliyə, təkmilləşməyə, Azərbaycanın ən yüksək səviyyədə təqdimatına xüsusi önəm verən  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP sədrinin birinci müavini Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməklə xalqımızın Heydər Əliyev irsinə olan sevgisini daha da gücləndirir.

      Adı tarixə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyev, Müstəqil Azərbaycanın memarı, inkişaf etmiş Qüdrətli Azərbaycan isə onun şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini qəlbində və tarixdə əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu qoşa çəkiləcəkdir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. 

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31