Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Əməkdaşlığın gücləndirilməsinə böyük töhfə

Əməkdaşlığın gücləndirilməsinə böyük töhfə

11.06.2024 [11:17]

Azərbaycanla Misir arasında sosial, siyasi və iqtisadi əlaqələrin tarixi qədimdir. Dünya ölkələri ilə sıx əməkdaşlığa daim töhfə verən ölkəmiz Misirlə də qarşılıqlı hörmətə və etibara əsaslanan əlaqələr qurub. Xüsusilə, Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin sentyabrında Qahirəyə səfəri və bu çərçivədə Misir Prezidenti Hüsnü Mübarəklə müzakirələr iki ölkə arasındakı əlaqələri yeni mərhələyə çıxardı. Həmin dövrdən başlayaraq Azərbaycan və Misirin müxtəlif dövlət qurumları arasında əlaqələri daha da inkişaf etdi, qarşılıqlı səfərlərin həyata keçirilməsinə başlanıldı.

Cari ilin iyun ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfərə gəlib. İki ölkə arasındakı münasibətlərin növbəti mərhələsi kimi qiymətləndirilən səfər müəyyən məqamlarla yadda qaldı. Belə ki, ölkə başçımız cənab İlham Əliyevin Qahirədə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək və geniş tərkibdə görüşü oldu. Görüşdən sonra hər iki ölkə lideri mətbuata bəyanatlarla çıxış etdi. Azərbaycan-Misir arasındakı səmərəli əlaqələrin sıx bağlılığı vurğulanaraq, gələcəkdə də etibarlı əməkdaşlığın davam etdiriləcəyi qeyd edildi. Azərbaycan-Misir əlaqələrini dəyərləndirərən ökə başçımız deyib: "Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Əslində, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk. Bildiyiniz kimi, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur".

İki ölkə arasındakı iqtisadi əlaqələr də öz səmərəliliyi ilə seçilir. Məhz 2022-ci il fevralın 25-də Bakıda keçirilən Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası ikitərəfli əməkdaşlığın möhkəmlənməsində əsaslı rol oynayır. Xatırladaq ki, iclasın sonunda Azərbaycan ilə Misir arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclasının Protokolu və bir sıra sənədlər imzalanıb. Sənədlərə "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Misir Ərəb Respublikasının Mikro, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi arasında anlaşma memorandumu", "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında Azərbaycan - Misir Biznes Şurasının yaradılması haqqında anlaşma memorandumu", "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Misirli İş Adamları Assosiasiyası arasında anlaşma memorandumu" və "Azərbaycan Respublikasının "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə Misir Ərəb Respublikasının İsgəndəriyyə limanı arasında anlaşma memorandumu" daxildir. Onu da qeyd etmək lazımdır ki, son 24 ildə Misirin Azərbaycana ixracının həcmi 21,7 faiz artaraq 10 milyard dollara çatıb. Eyni zamanda Süveyş Kanalı Azad İqtisadi Zonası ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq, kiçik və orta sahibkarların əlaqələrinin möhkəmləndirilməsi də nəzərdə tutulur.

COP29-a Azərbaycanın ev sahibliyi etməsi Misirdə də rəğbətlə qarşılanır. Bu gün Misirdə Azərbaycanın yekdilliklə BMT-nin İqlim Dəyişmələri Konfransına ev sahibliyi edəcək ölkə kimi seçilməsini, Prezident İlham Əliyev siyasətinin növbəti parlaq qələbəsini yüksək sevinc hissi ilə qarşılayırlar. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi mətbuata bəyanatlarla çıxışı zamanı bu məsələyə bir daha toxunublar. Ölkə başçımız qeyd edib ki, Prezident əs-Sisi Bakıda keçiriləcək COP29 konfransında iştirak edəcək: "Mən Prezident əs-Sisini Bakıda keçiriləcək COP29 konfransına dəvət etdim və şadam ki, mənim dəvətim qəbul edilmişdir. Eyni zamanda bildirdim ki, Misirin COP27 sədrliyi və ev sahibliyi böyük uğurlarla nəticələndi. Bu münasibətlə həmkarımı təbrik etdim və eyni zamanda Misirin bu sahədəki təcrübəsini öyrənmək üçün müraciət etdim və bizim nümayəndələrimiz daim təmasdadırlar".

Beləliklə, Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinə böyük töhfələr verəcək.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri.

Paylaş:
Baxılıb: 91 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30