Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Rəşadətli Ordumuz şərəfli missiyasını uğurla yerinə yetirir

Rəşadətli Ordumuz şərəfli missiyasını uğurla yerinə yetirir

24.06.2024 [14:22]

30 illik işğala son qoyub ərazi bütövlüyümüzü təmin edən rəşadətli Ordumuz dünyanın ən güclü ordusu olduğunu təsdiqlədi. Dünya hərb tarixində yeni səhifə yazan Silahlı Qüvvələrimiz bir çox məqamlara aydınlıq gətirdi. Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan edirdi ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz. Eyni zamanda, bu bəyanat da səsləndirilirdi ki, torpaqlarımızı istənilən yolla azad etməyə hazırıq.

Təbii ki, bu əminlik ordumuzun gücünə, qüdrətinə əsaslanırdı. Ordu quruculuğu dövlətimizin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Müstəqilliyin ilk illərində Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu ildə Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci ildə imzalanan Fərmana əsasən Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.

1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

Azərbaycan Ordusu nəyə qadir olduğunu 44 günlük İkinci Qarabağ müharibəsində sübut etdi. Ermənistan silahlı qüvvələrinin mütəmadi törətdikləri hərbi təxribatlar, itkilərimiz dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Ordumuz 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin “Günnüt” əməliyyatında qarşı tərəfə lazım olan dərsi vermişdi. Lakin bu dərsləri unudan erməni silahlı qüvvələri növbəti təxribatı törətsələr də belə ağır, tarixdə unuda bilməyəcəkləri dərsi gözləmirdilər. Azərbaycan Ordusunun qarşısında diz çökən Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. 44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin illərdir yaratdıqları mifləri dağıtdı. “Məğlubedilməz ordu” mifi dağıdıldı və dünya gördü ki, ən güclü ordu Azərbaycan Ordusu, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. 

Müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli ordunun olması vacibdir. Bu fakt da hər kəsə məlumdur ki, Azərbaycanın 30 illik dövründə ordu qurculuğuna xüsusi diqqət göstərməsi, müdafiə xərclərini artırması işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər tərəfindən hər zaman maraqlarına uyğun şəkildə şərh edilirdi. Təcavüzkar Ermənistan dünyaya çatdırmaq istəyirdi ki, Azərbaycan sülh danışıqlarının davam etdirilməsində maraqlı deyil. Eyni zamanda, özlərində belə təsəlli yaratmaq istəyirdilər ki, guya Azərbaycan hərb yolunu seçərsə məğlub olan tərəf ölkəmiz olacaq. Reallıqlar aparılan təbliğatların nə qədər əsassız olduğunu sübut etdi. Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə bildirdi ki, münaqişənin diplomatik yolla həlli mümkün deyil. Ermənilərin havadarlarının dəstəyi ilə işğal etdikləri torpaqlarımızda qurduqları istehkamlar, güclü hərbi texnika ilə təchiz olunmaları da bu ərazilərimizi sülh danışıqları əsasında geri vermək fikrində olmadıqlarını nümayiş etdirdi. Ən əsası Ermənistan yeni ərazilər uğrunda müharibə planı hazırladığını törətdiyi təxribatla sübut etdi. Azərbaycanı əks-hücum əməliyyatı aparmağa məcbur edən Ermənisan silahlı qüvvələri oldu. Mənfur düşmən ölkəmizə qarşı müharibə aparmaq fikrini reallıqda nümayiş etdirdi və layiqli cavabını aldı. Rəşadətli Azərbaycan Ordusunun şücaəti dünyaya səs saldı, 30 ildə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların edə bilmədiklərini etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu, işğala son qoyularaq ölkəmizin həyatında yeni dövr başladı.

Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbə ilə kifayətlənməyərək daha da möhkəmlənməyə, qüdrətlənməyə, döyüş qabilyyətini artırmağa, maddi-texniki bazasını gücləndirməyə səy göstərir. Son dörd ildə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarından irəli gələn öhdəlikləri pozaraq ölkəmizə qarşı təxribatlar törədən Ermənistan silahlı qüvvələrinə rəşadətli ordumuzun verdiyi “Qisas” və “Qətiyyətli cavab” dərsi də artan imkanlarının, gücünün təqdmatı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda qarşıda dayanan hədəfləri açıqlayarkən ordumuzun daha da gücləndirilməsini, maddi-texniki bazasının möhkəmləndirilməsini xüsusi qeyd etdi və bu istiqamətdə atılan addımlar davamlılığı ilə diqqətdədir. Ötən il Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ordumuzun bir daha nəyə qadir olduğunu nümayiş etdirdi. Bu gün böyük qürur hissi ilə Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrilməsindən bəhs edirik.   

Samir Qocayev,

YAP Goranboy rayon təşkilatının sədri.

Paylaş:
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Makronun yalanı...

20 İyul 10:50

Xarici siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31