Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanlılara qarşı amansız soyqırımın tarixi həqiqətləri və faciənin miqyası

Azərbaycanlılara qarşı amansız soyqırımın tarixi həqiqətləri və faciənin miqyası

30.03.2026 [19:47]

XX əsrin əvvəlləri Cənubi Qafqaz üçün mürəkkəb və ziddiyyətli siyasi proseslər cərəyan etməkdə idi. Xüsusilə 1917-ci ildə Rusiya Fevral inqilabı və ardından baş verən Oktyabr inqilabı nəticəsində regionda hakimiyyət boşluğu yaranmış, müxtəlif siyasi qüvvələr arasında kəskin mübarizə başlamışdır. Bu mürəkkəb şəraitdə Azərbaycan torpaqları ağır sınaqlarla üz-üzə qalmış, xalqımız tarixinin ən faciəli səhifələrindən birini yaşamışdır. Bu faciə 1918-ci ilin mart-aprel aylarında baş verən və tarixə 31 Mart soyqırımı kimi düşən kütləvi qırğınlardır.

1918-ci ilin əvvəllərində Bakı şəhərində hakimiyyət əsasən bolşeviklərin nəzarətində idi. Stepan Şaumyan başçılıq etdiyi Bakı Soveti erməni daşnak silahlı dəstələri ilə ittifaq quraraq bölgədə öz mövqelərini gücləndirməyə çalışırdı. Digər tərəfdən, müsəlman əhali – azərbaycanlılar siyasi baxımdan təşkilatlanmağa və öz milli hüquqlarını müdafiə etməyə çalışırdılar. Bu qarşıdurma təkcə siyasi mübarizə deyil, etnik və dini zəmində qızışdırılan nifrət nəticəsində dinc əhaliyə qarşı məqsədli zorakılıq planları hazırlanmışdı. Bolşevik-daşnak qüvvələri Bakı və ətraf ərazilərdə azərbaycanlılara qarşı genişmiqyaslı hücumlara hazırlaşırdılar.

1918-ci il martın son günlərində Bakı şəhərində baş verən gərginlik silahlı toqquşmaya çevrildi. Əslində bu hücumlar əvvəlcədən planlaşdırılmışdı. 30 martdan etibarən bolşevik və daşnak silahlı dəstələri şəhərin müsəlman məhəllələrinə hücum etdilər. Yaşayış binaları vəhşicəsinə dağıdıldı, insanlar amansızcasına qətlə yetirildi. Qadınlar, uşaqlar və qocalar belə bu vəhşilikdən kənarda qalmadı. Məscidlər, məktəblər və tarixi abidələr yandırıldı.

Təkcə Bakı ilə məhdudlaşmayan bu qırğınlar qısa müddətdə Azərbaycanın digər bölgələrinə də yayıldı. Şamaxı, Quba, Xaçmaz, Salyan, Naxçıvan, Lənkəran, Qarabağ, Zəngəzur və digər bölgələrimiz də geniş dağıntılara məruz qaldı və amansız qətliamlar baş verdi.

Tarixi mənbələrə görə, bu hadisələr zamanı on minlərlə azərbaycanlı yalnız milli və dini mənsubiyyətinə görə qətlə yetirilmişdir. İnsanlar diri-diri yandırılmış, xüsusi qəddarlıqla öldürülmüş, bütöv kəndlər xəritədən silinmişdir.

Azərbaycan tarixi üçün çox əhəmiyyətli olan 2007-ci ildə Quba şəhərində aşkar olunan kütləvi məzarlıq bu soyqırımın real və dəhşətli nəticələrini bir daha dünyaya göstərdi. Bu məzarlıqda müxtəlif yaş qruplarına aid insanların qalıqları tapılmış, onların zorakılıqla qətlə yetirildiyi sübuta yetirilmişdir.

1918-ci ilin mart-aprel hadisələri təsadüfi qarşıdurma deyildi. Bu qırğınların əsas məqsədi Azərbaycanlı əhalini fiziki cəhətdən məhv etmək, bölgədə demoqrafik vəziyyəti dəyişdirmək və gələcəkdə siyasi nəzarəti ələ keçirmək idi. Bu baxımdan, 31 Mart hadisələri amansız soyqırım siyasətinin bütün çirkin xüsusiyyətlərini özündə ehtiva edir.

Uzun illər bu faciə barədə həqiqətlər gizlədilmiş, sovet dövründə isə bu hadisələrə obyektiv qiymət verilməmiş, daim ermənilər tərəfindən təkzib edilmişdir.  Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu tarix yenidən araşdırılmış və hüquqi-siyasi qiymətini almışdır. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış fərmanla 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Ulu Öndərin bu tarixi fərmanı erməni vəhşiliklərini hüquqi müstəviyə daşıdı və milli şüurmuza həkk etdi. ”Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Ermənilərin Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-ci illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi.” – fərmanın olduqca qısa bir hissəsindən də çox yaxşı aydın olur ki, bu mühüm qərar tariximizin bu qanlı səhifəsinin unudulmaması və dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

31 Mart 1918-ci il hadisələri Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Bu faciə təkcə bir tarixi hadisə deyil, həm də milli yaddaşımızın ayrılmaz hissəsidir. Bu hadisələrin öyrənilməsi, gələcək nəsillərə çatdırılması və beynəlxalq aləmdə tanıdılması hər bir azərbaycanlının borcu və milli vəzifəsidir.

David Həsənov

YAP Naxçıvan şəhər təşkilatının əməkdaşı

Paylaş:
Baxılıb: 150 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31