Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda Prezident İlham Əliyevdən mühüm mesajlar

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda Prezident İlham Əliyevdən mühüm mesajlar

25.05.2026 [09:36]

Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun, sürətli inkişafının və müasir şəhərsalma siyasətinin təqdim olunduğu mühüm platformalardan biri kimi yadda qaldı. Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək ölkəmizin şəhərsalma sahəsində həyata keçirdiyi layihələr, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri və gələcək inkişaf strategiyası barədə geniş məlumat verdi. Prezidentin çıxışı həm regional, həm də qlobal səviyyədə mühüm mesajlarla yadda qaldı.

Dövlət başçısı çıxışında vurğuladı ki, Azərbaycan bu gün yalnız iqtisadi baxımdan deyil, eyni zamanda müasir şəhərsalma və memarlıq sahəsində də nümunəvi ölkələrdən birinə çevrilməkdədir. Təsadüfi deyil ki, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması dövlətin bu sahəyə verdiyi xüsusi önəmin göstəricisidir. Bu qərar Azərbaycanın müasir şəhərsalma konsepsiyasına əsaslanan inkişaf siyasətinin davamı kimi qiymətləndirilir. Son illər ərzində Bakı şəhərində və regionlarda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, yeni yaşayış kompleksləri, yollar, parklar və sosial obyektlər ölkəmizin simasını tamamilə dəyişmişdir.

Prezident İlham Əliyev çıxışında bildirdi ki, müasir şəhərsalma yalnız binaların tikilməsi ilə məhdudlaşmır. Burada əsas məqsəd insanların rahat, təhlükəsiz və sağlam mühitdə yaşamasını təmin etməkdir. Bu baxımdan ekoloji tarazlığın qorunması, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan artıq regionda innovativ şəhərsalma modelini tətbiq edən qabaqcıl dövlətlərdən biri hesab olunur.

Çıxış zamanı xüsusi diqqət ayrılan əsas məsələlərdən biri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidən qurulması prosesi oldu. Prezident qeyd etdi ki, hazırda hökumətin qarşısında duran ən mühüm vəzifələrdən biri məhz bu ərazilərin bərpası və yenidən qurulmasıdır. Uzun illər işğal altında qalmış şəhər və kəndlərimiz tamamilə dağıdılmış, tarixi və mədəni abidələrimiz məhv edilmişdir. Lakin Vətən müharibəsində əldə olunan tarixi Qələbədən sonra Azərbaycan həmin torpaqlarda geniş quruculuq işlərinə start verib.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda böyük infrastruktur layihələri həyata keçirilir. Yeni yollar salınır, hava limanları tikilir, elektrik stansiyaları yaradılır, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri inşa olunur. Ağdam, Füzuli, Şuşa, Zəngilan və digər şəhərlərin baş planları hazırlanaraq müasir standartlara uyğun şəkildə yenidən qurulur. Burada tətbiq edilən şəhərsalma modeli dünyanın ən qabaqcıl təcrübələrinə əsaslanır.

Prezident İlham Əliyev vurğuladı ki, Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası” elan edilmişdir. Bu bölgələrdə alternativ enerji mənbələrindən istifadə genişləndirilir, ekoloji cəhətdən təmiz və dayanıqlı yaşayış məntəqələri yaradılır. Bu yanaşma həm ətraf mühitin qorunmasına, həm də gələcək nəsillər üçün sağlam yaşayış şəraitinin təmin edilməsinə xidmət edir.

Forum iştirakçıları Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı yenidənqurma layihələrini yüksək qiymətləndirdilər. Qeyd olundu ki, qısa müddət ərzində dağıdılmış ərazilərdə aparılan tikinti və bərpa işləri dünya miqyasında nadir nümunələrdən biridir. Azərbaycan həm iqtisadi gücünü, həm də siyasi iradəsini nümayiş etdirərək işğaldan azad olunmuş torpaqları yenidən həyatla doldurur.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın inkişaf strategiyasını və gələcək baxışını beynəlxalq ictimaiyyətə təqdim edən mühüm tədbir oldu. Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan müasir şəhərsalma, dayanıqlı inkişaf və innovativ memarlıq sahəsində böyük hədəflərə doğru inamla irəliləyir. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması isə ölkəmizin gücünün, xalqımızın iradəsinin və dövlətimizin gələcəyə hesablanmış siyasətinin ən parlaq nümunəsidir.

Anar Alışov

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri 

Paylaş:
Baxılıb: 176 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31