Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Bizim dünya miqyasında çox müsbət imicimiz var

Bizim dünya miqyasında çox müsbət imicimiz var

01.06.2026 [11:31]

Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən çağırışlar hazırda ölkə mətbuatında geniş müzakirə edilir. Bugünümüzün iqtisadi uğurlarından bəhs edərkən qeyri-neft sektorunun uğurlu inkişafını, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin  həyata keçirilməsini xüsusi qeyd edirik. Bu məqam da xüsusi vurğulanır ki, ölkə iqtisadiyyatına 350 milyard dollardan artıq  investisiya yatırılıb ki, onun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, statistik rəqəm bir daha təsdiqləyir ki, Azərbaycan yalnız neft-qaz deyil, həmçinin qeyri-neft sektorunda mövcud imkanları ilə dünyanın diqqətindədir.

Azərbaycan investisiya cəlbediciliyini qoruyan ölkələr sırasındadır. Təbii ki, xarici investorların ölkə iqtisadiyyatına yatırımlarının həcminin artırması ilə bağlı çağırışlar bütün dövrlər üçün aktuallığını qoruyur. Cənab İlham Əliyev müşavirədə də bu məsələlərə diqqəti yönəltdi. “Son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq, əlbəttə ki, bizi düşündürür və bu məqsədlə Dövlət Proqramı hazırlanıb və qəbul ediləcək. Bununla əlaqədar bəzi rəqəmləri səsləndirmək istərdim” deyən Prezident İlham Əliyev vurğuladı ki, bu, xüsusilə özəl sektora göndərilən siqnal və mesaj olacaq. Çünki dövlət qurumları bu rəqəmləri bilirlər. Özəl sektor nümayəndələrinin də Dövlət Proqramının icrasında xüsusi rolu olmalıdır. Burada biznes nümayəndələrinin, əlbəttə ki, məsuliyyəti ön planda olmalıdır. Öz ölkələrinə olan bağlılıq və sərmayə qoyuluşu üçün daha münbit şərait olmalıdır. Əlbəttə ki,  müxtəlif mexanizmlərdən də istifadə edəcəyik. Həm güzəştli kreditlər, həm digər alətlərdən istifadə etməliyik ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına sərmayə qoymasına daha böyük həcmdə nail olaq. Eyni zamanda, biz xarici investorları da həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik. Çünki bu gün beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Bizim dünya miqyasında çox yüksək reputasiyamız, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər: “Biz, əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq, eyni zamanda, biz xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik. Ona görə burada səsləndirəcəyim rəqəmlər həm yerli, həm xarici investorlara bir mesajdır”.

Dövlətimizin başçısının çıxışında qeyd edilən məsələlərdən biri də kənd təsərrüfatının inkişafı üçün subsidiyaların verilməsi oldu. Bu mühüm addımın böyük əhəmiyyəti var.  Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Müxtəlif güzəştlər, o cümlədən gübrə, yanacaq güzəştləri verilir. Bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir. Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir. Cənab İlham Əliyev statistik rəqəmlərə diqqəti yönəltdi. Bildirdi ki, məsələn, əgər pambıqçılığı götürsək, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Həm məhsuldarlıq çox aşağı səviyyədə idi, təqribən hektardan maksimum bir ton, köhnə dillə desək 10 sentner.  Azərbaycanda pambıq istehsalı 20 min tona düşmüşdü. Görülmüş tədbirlər, ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb. Bu gün son nəticələrə görə 360 min tondan çox pambıq istehsal edilmişdi və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur. Baramaçılıq faktiki olaraq əldən getmişdi. Görülmüş tədbirlər və dövlət dəstəyi nəticəsində  baramaçılıq da bərpa edildi. Bununla bağlı olan ipəkçilik də inkişaf etməyə başlamışdı. Bir çox istiqamətlər üzrə nəzərdə tutduğumuz vəzifələr icra edildi: “Ancaq buna baxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun. Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir”.

Prezident İlham Əliyev torpaqların səmərəli istifadəsindən, kənd təsərrüfatı texnikası ilə təminatdan, gübrə istehsalının artırılmasından, su təchizatından, kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişləndirilməsindən bəhs etdi. O da vurğulandı ki, yeni Dövlət Proqramı qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa böyük töhfələr verəcək. Qeyd edək ki, cənab İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” təsdiqləndi. Məqsəd kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması, yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi tədbirləri hesabına Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsidir.

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30