Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan və Türkmənistan münasibətləri yeni strateji mərhələyə qədəm qoyur

Azərbaycan və Türkmənistan münasibətləri yeni strateji mərhələyə qədəm qoyur

23.06.2026 [13:51]

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı xüsusi yer tutur. Bu baxımdan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iyunun 22-də Azərbaycana etdiyi ilk dövlət səfəri Bakı ilə Aşqabad arasında əlaqələrin inkişafında mühüm hadisə kimi dəyərləndirilir. Yüksək səviyyəli görüşlər, imzalanan çoxsaylı sənədlər və verilən mesajlar göstərdi ki, iki qardaş ölkə münasibətlərini daha yüksək strateji mərhələyə yüksəltmək əzmindədir.

Azərbaycan və Türkmənistanı ortaq tarixi köklər, dil, din və mədəni dəyərlər birləşdirir. Oğuz mənşəli xalqların nümayəndələri olan azərbaycanlılar və türkmənlər əsrlər boyu formalaşmış mənəvi bağları bu gün dövlətlərarası münasibətlərdə də uğurla davam etdirirlər. 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” iki ölkə arasında əlaqələri keyfiyyətcə yeni mərhələyə çıxarıb. Məhz bu möhkəm təməl üzərində qurulan əməkdaşlıq bu gün regional əhəmiyyət daşıyan mühüm layihələrlə daha da zənginləşir.

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Türk dünyasının birliyinin möhkəmləndirilməsi, Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi ölkəmizin strateji məqsədləri sırasında mühüm yer tutur. Bu kontekstdə Azərbaycan-Türkmənistan münasibətləri yalnız ikitərəfli xarakter daşımır, həm də bütövlükdə Türk dünyasının inteqrasiyasına töhfə verir.

İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Sonrakı dövrdə qarşılıqlı etimada əsaslanan siyasi dialoq davamlı inkişaf edib. Prezident İlham Əliyevin Türkmənistana çoxsaylı rəsmi və işgüzar səfərləri, Türkmənistan rəhbərliyinin Azərbaycana səfərləri əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini təsdiqləyir. Qarşılıqlı etimad və liderlərin siyasi iradəsi bu münasibətlərin əsas hərəkətverici qüvvəsinə çevrilib.

Bakıda keçirilən təkbətək və geniş tərkibli görüşlərdə siyasi əlaqələr, ticarət-iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı, humanitar sahələr və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Dövlət başçıları mətbuata bəyanatlarında münasibətlərin möhkəm tarixi və mənəvi əsaslar üzərində qurulduğunu vurğulayaraq, əməkdaşlığın gələcək perspektivlərinə xüsusi diqqət çəkdilər.

Azərbaycan və Türkmənistan Xəzər hövzəsinin mühüm nəqliyyat və logistika mərkəzləri kimi Avrasiya məkanında strateji əhəmiyyətə malikdir. Şərq-Qərb nəqliyyat dəhlizinin səmərəli fəaliyyəti, Xəzər dənizi vasitəsilə yükdaşımaların artırılması, Orta Dəhlizin imkanlarından daha effektiv istifadə olunması hər iki ölkənin qarşılıqlı maraqlarına cavab verir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, siyasi qarşılıqlı fəaliyyət olmasaydı, nəqliyyat və logistika layihələrinin uğurlu icrası mümkün olmazdı. Bu gün Bakı və Aşqabad təkcə öz regionları üçün deyil, geniş coğrafiyada tranzit əlaqələrinin etibarlı halqaları kimi çıxış edirlər.

Enerji əməkdaşlığı da Azərbaycan-Türkmənistan münasibətlərinin strateji istiqamətlərindən birini təşkil edir. Hər iki ölkə zəngin karbohidrogen ehtiyatlarına malik olmaqla qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır. 2021-ci ildə Xəzərdə yerləşən “Dostluq” yatağının birgə işlənməsi barədə Anlaşma Memorandumunun imzalanması bu istiqamətdə yeni perspektivlər açıb. Türkmənistanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında Azərbaycanın nəqliyyat və enerji infrastrukturu mühüm rol oynayır.

Səfər çərçivəsində diqqət çəkən məqamlardan biri də Bakı Gəmiqayırma Zavodunda inşa olunmuş “Dostluq” neftdaşıyan tankerinin Türkmənistana təqdim edilməsi oldu. Bu addım iki ölkə arasında dostluğun, iqtisadi tərəfdaşlığın və sənaye əməkdaşlığının rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, səfər zamanı ondan artıq sənədin imzalanması münasibətlərin hüquqi bazasının daha da genişlənməsinə xidmət edir. Sənaye əməkdaşlığı üzrə proqramlar, xarici işlər nazirlikləri arasında əməkdaşlıq planları və digər sənədlər qarşılıqlı əlaqələrin sistemli şəkildə inkişaf etdirilməsinə zəmin yaradır.

Azərbaycan-Türkmənistan münasibətləri yalnız iqtisadi və siyasi sahələrlə məhdudlaşmır. Humanitar və mədəni əməkdaşlıq da iki xalq arasında mənəvi bağların möhkəmlənməsinə xidmət edir. Türkmənistan Mədəniyyət Günlərinin Azərbaycanda, Azərbaycan Mədəniyyət Günlərinin isə Aşqabad və Arxadağ şəhərlərində keçirilməsi xalqların ortaq irsinin təbliğinə və qarşılıqlı yaxınlaşmanın güclənməsinə mühüm töhfə verir. Bakı, Aşqabad, Arxadağ və Füzuli şəhərləri arasında qurulan qardaşlaşma münasibətləri də bu əməkdaşlığın dərinləşməsinin göstəricisidir.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma prosesində Türkmənistanın fəal iştirakı da qardaşlıq münasibətlərinin növbəti təzahürüdür. Füzuli şəhərində Türkmənistan tərəfindən məscid kompleksinin inşa olunması iki xalq arasında səmimi münasibətlərin və qarşılıqlı hörmətin bariz nümunəsi kimi dəyərləndirilir.

Azərbaycan və Türkmənistan BMT, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və TÜRKSOY çərçivəsində də qarşılıqlı dəstək nümayiş etdirərək beynəlxalq müstəvidə ortaq mövqedən çıxış edirlər. Bu həmrəyliyin əsasını ortaq dəyərlər, qarşılıqlı etimad və strateji maraqlar təşkil edir.

Bütün bunlar göstərir ki, Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin tarixində yeni mərhələnin başlanğıcıdır. Azərbaycan və Türkmənistanın formalaşdırdığı strateji tərəfdaşlıq təkcə iki dövlətin milli maraqlarına xidmət etmir, eyni zamanda, Trans-Xəzər regionunda sabitliyin, enerji təhlükəsizliyinin və nəqliyyat əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verir. Mövcud dinamika göstərir ki, Bakı ilə Aşqabad arasında əməkdaşlıq gələcəkdə daha da genişlənəcək və Türk dünyasının birliyinin möhkəmlənməsinə xidmət edən mühüm amillərdən biri olacaq.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri 

Paylaş:
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30