Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Naxçıvanın hərtərəfli inkişafı Azərbaycanın strateji hədəflərinin mühüm istiqamətidir

Naxçıvanın hərtərəfli inkişafı Azərbaycanın strateji hədəflərinin mühüm istiqamətidir

13.08.2026 [18:46]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar
Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək
inkişaf perspektivləri, regionun təhlükəsizliyi, enerji təminatı, nəqliyyat imkanları, iqtisadi potensialı
və tarixi-mədəni irsinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı
müsahibəsində Naxçıvanın inkişafının artıq real nəticələr verdiyini və qarşıdakı dövrdə bu istiqamətdə
daha böyük layihələrin həyata keçiriləcəyini vurğulayıb. Prezidentin Naxçıvana 17-ci səfəri
çərçivəsində keçirilən tədbirlər də bu inkişafın sistemli xarakter daşıdığını nümayiş etdirib.
Müsahibədə xüsusi diqqət yetirilən məsələlərdən biri Naxçıvanın təhlükəsizliyinin təmin olunmasıdır.
Prezident İlham Əliyev Naxçıvanın coğrafi xüsusiyyətlərini nəzərə alaraq onun müdafiə potensialının
gücləndirilməsinin daim prioritet olduğunu bildirib. Əlahiddə Ordunun yaradılması, müasir hərbi
texnika ilə təchizat və yeni komando qüvvələrinin formalaşdırılması Naxçıvanın müdafiə
qabiliyyətinin daha da yüksəldilməsinə xidmət edir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın
Silahlı Qüvvələri regionda söz sahibidir və Naxçıvanda hərbi potensialın bundan sonra da
gücləndirilməsi davam etdiriləcək.
Prezident müsahibəsində Naxçıvanın iqtisadi inkişafı üçün mühüm layihələrdən biri kimi Naxçıvan
Sənaye Parkının yaradılmasını xüsusi qeyd edib. Sənaye Parkının təməlinin qoyulması regionda yeni
istehsal sahələrinin, müasir sənaye müəssisələrinin və yeni iş yerlərinin yaradılması baxımından
mühüm addımdır. Parkın tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının
nəzərdə tutulması isə həm sənaye müəssisələrinin enerji təminatına, həm də Naxçıvanın enerji
potensialının artırılmasına mühüm töhfə verəcək.
Enerji təhlükəsizliyi müsahibənin əsas istiqamətlərindən biri olub. Prezident İlham Əliyev Naxçıvanın
enerji təminatının artıq etibarlı əsaslar üzərində qurulduğunu bildirib. Regionda müxtəlif su və Günəş
elektrik stansiyalarının yaradılması, yeni enerji layihələrinin həyata keçirilməsi Naxçıvanın enerji
imkanlarını genişləndirir. Xüsusilə Günəş enerjisi sahəsində Naxçıvanın böyük potensiala malik
olması qeyd edilib. Müəyyən edilmiş ərazilərdə yüzlərlə meqavat gücündə Günəş elektrik
stansiyalarının yaradılması planlaşdırılır. Bu layihələr gələcəkdə Naxçıvanın yalnız öz enerji tələbatını
ödəməsinə deyil, həm də elektrik enerjisi ixrac edən regiona çevrilməsinə imkan yaradacaq.
Naxçıvanın enerji potensialının artırılması Azərbaycanın ümumi enerji strategiyası baxımından da
əhəmiyyətlidir. Dövlət başçısı Naxçıvanda Günəş enerjisi istehsalının ən azı 500 meqavat,
perspektivdə isə daha yüksək həcmdə ola biləcəyini bildirib. Türkiyə və İran istiqamətində mövcud
elektrik xətlərinin imkanlarının genişləndirilməsi, gələcəkdə isə digər istiqamətlər üzrə ixrac
imkanlarının yaradılması nəzərdə tutulur. Beləliklə, Naxçıvanın enerji potensialı regionun iqtisadi
inkişafının əsas dayaqlarından birinə çevrilə bilər.
Müsahibənin ən mühüm mövzularından biri də Zəngəzur dəhlizi və Naxçıvanın nəqliyyat imkanları
olub. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat
əlaqələrinin yaradılmasının ölkənin çoxdankı hədəfi olduğunu vurğulayıb. Naxçıvan dəmir yolunun
bərpası və Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat xəritəsində mühüm dəyişikliklər
yaradacaq. Naxçıvan ərazisində yeni texniki-iqtisadi əsaslandırma əsasında 194 kilometrlik dəmir yolu
layihəsinin nəzərdə tutulması bu istiqamətdə görülən işlərin miqyasını göstərir.
Zəngəzur dəhlizinin reallaşması yalnız Azərbaycan və Naxçıvan üçün deyil, daha geniş coğrafiya üçün
mühüm iqtisadi və strateji imkanlar yaradacaq. Prezidentin sözlərinə görə, bu yol Şərq-Qərb nəqliyyat
dəhlizinin bir qolu olmaqla yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizi ilə də əlaqələnə bilər. Belə bir
bağlantı Naxçıvanı mühüm regional nəqliyyat mərkəzinə çevirə, yükdaşımaların artmasına, yeni iş
yerlərinin açılmasına və iqtisadi fəallığın yüksəlməsinə şərait yarada bilər.

Müsahibədə Naxçıvanın kənd təsərrüfatı potensialının inkişaf etdirilməsi də diqqət mərkəzində olub.
Dövlət Proqramı çərçivəsində suvarma layihələrinin həyata keçirilməsi, yeni artezian quyularının
qazılması və müasir suvarma sistemlərinin quraşdırılması nəzərdə tutulur. Suvarılmayan torpaqların
əkin dövriyyəsinə cəlb olunması kənd təsərrüfatının inkişafına, məhsuldarlığın artırılmasına və
regionda məşğulluğun genişləndirilməsinə mühüm təsir göstərəcək.
Naxçıvanın tarixi-mədəni irsinin qorunması da dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi
təqdim olunub. Prezident İlham Əliyev Naxçıvanın qədim tarixə, zəngin mədəniyyətə və böyük
memarlıq irsinə malik olduğunu bildirib. Möminə xatun məqbərəsinin bərpası, digər tarixi-mədəni
abidələrin konservasiyası və qorunması ilə bağlı görülən işlər Azərbaycanın milli-mədəni irsə
göstərdiyi diqqətin növbəti nümunəsidir. Naxçıvanın tarixi abidələrinin qorunması həm milli yaddaşın
yaşadılması, həm də regionun turizm potensialının artırılması baxımından böyük əhəmiyyət daşıyır.
Dövlət başçısı Naxçıvanın sosial inkişafına da xüsusi diqqət yetirib. DOST Mərkəzinin açılması,
ASAN xidmət sisteminin fəaliyyəti, sosial infrastrukturun yenilənməsi, uşaq bağçalarının tikintisi və
təmiri ilə bağlı planlar insanların gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Naxçıvan
şəhərində müasir elektrik avtobuslarının istifadəyə verilməsi və rayonlararası nəqliyyatın
yaxşılaşdırılması üçün 217 yeni avtobusun alınmasının nəzərdə tutulması da sosial yönümlü
layihələrin miqyasını göstərir.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlərdən aydın görünür ki, Naxçıvanın
inkişafı ayrı-ayrı layihələrin həyata keçirilməsi ilə məhdudlaşmır. Burada təhlükəsizlik, enerji, sənaye,
kənd təsərrüfatı, nəqliyyat, sosial infrastruktur, turizm və mədəni irsin qorunması bir-birini
tamamlayan vahid inkişaf strategiyasının tərkib hissəsidir. Dövlət başçısı Naxçıvanın inkişafını
Azərbaycanın ümumi inkişaf strategiyasının mühüm istiqaməti kimi təqdim edib.
Müsahibənin mühüm mesajlarından biri də Naxçıvanın idarəetmə sisteminin müasir tələblərə uyğun
təkmilləşdirilməsi ilə bağlıdır. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının muxtar
statusunun saxlanılması şərtilə idarəetmə qaydalarının təkmilləşdirilməsinin vacibliyini bildirib.
Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yeni idarəetmə modelinin üstünlüklərindən istifadə
edilməsi Naxçıvanın daha sürətli inkişafına və dövlət xidmətlərinin səmərəliliyinin artırılmasına
xidmət edə bilər.
Ümumilikdə, 11 avqust 2026-cı ildə Naxçıvanda Azərbaycan Televiziyasına verilən müsahibə
regionun gələcək inkişafına dair geniş və aydın strateji baxış ortaya qoydu. Təhlükəsizlikdən enerji
müstəqilliyinə, sənayeləşmədən nəqliyyat bağlantılarına, kənd təsərrüfatından sosial rifaha, tarixi-
mədəni irsin qorunmasından müasir idarəetməyə qədər bütün istiqamətlər üzrə konkret hədəflərin
müəyyənləşdirilməsi Naxçıvanın qarşıdakı illərdə daha böyük inkişaf mərhələsinə qədəm qoyacağına
əsas verir.
Bu baxımdan Prezident İlham Əliyevin Naxçıvan səfəri və müsahibəsi yalnız görülən işlərin təqdimatı
deyil, həm də regionun gələcək inkişaf kursunun müəyyənləşdirilməsi baxımından mühüm siyasi və
strateji əhəmiyyət daşıyır. Naxçıvanın güclənməsi Azərbaycanın iqtisadi və nəqliyyat imkanlarının
genişlənməsi, regionda yeni əməkdaşlıq imkanlarının yaranması və ölkənin bütövlükdə dayanıqlı
inkişafının təmin olunması deməkdir. Dövlət başçısının müsahibəsində ifadə etdiyi kimi, qarşıda
böyük planlar dayanır və onların həyata keçirilməsi üçün həm siyasi iradə, həm də maliyyə imkanları
mövcuddur.
Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Paylaş:
Baxılıb: 212 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31