Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanın humanitar diplomatiya və qlobal həmrəylik doktrinası

Azərbaycanın humanitar diplomatiya və qlobal həmrəylik doktrinası

18.09.2026 [14:54]

Tarixi təcrübə göstərir ki, ümumiləşdirilmiş şəkildə desək, hər bir xalqın intellektual yaddaşı, milli-mənəvi kökləri və dövlətçilik əzmi onun əbədiyyət təminatıdır. Bu baxımdan həmin üç amili özünün mövcudiyyət pasportuna uğurla çevirmiş Azərbaycan bu gün yalnız regional miqyasda deyil, həm də Türk dünyası və İslam aləmində birləşdirici, sülhsevər və qətiyyətli mərkəzlərdən birinə çevrilmişdir. Bakıda keçirilən möhtəşəm tədbirlər və dövlət başçısının səsləndirdiyi strateji fikirlər bir daha sübut edir ki, milli birlik və tarixi yaddaş qlobal çağırışların mənfi təsirlərinə qarşı ən güclü qalxandır.

Ölkəmiz dünyada özünün multikultural dəyərləri, tolerant mühiti, sülhpərvər siyasi mövqeyi və humanitar təşəbbüskarlığı ilə tanınır. 2011-ci ildən etibarən Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə keçirilən, dövlət və hökumət rəhbərlərinin, Nobel mükafatı laureatlarının, dünyada tanınmış alimlərin, politoloqların və media rəhbərlərinin iştirakı ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu qlobal xarakterli humanitar problemlərin müzakirə edildiyi ən nüfuzlu platforma kimi yaddaşlara həkk olunub. 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi” çərçivəsində 2011-ci ildən başlayaraq mütəmadi təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT (YUNESCO), Ümumdünya Turizm Təşkilatı və İSESKO-nun tərəfdaşlığı ilə keçirilir. Şərq və Qərb, İslam və Xristian dünyası arasında mədəniyyətlərarası və dinlərarası körpü rolunu oynayan bu Forumda ənənəvi olaraq mədəni müxtəliflik, radikallaşmaya qarşı mübarizə, sülh şəraitində birgəyaşayış və inklüziv cəmiyyətlərin qurulması mövzuları müzakirə edilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı Forumu isə artıq dünyada “Kiçik Davos” kimi xarakterizə olunur – onlarla sabiq və hazırkı dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların (BMT, Aİ və s.) rəhbərlərinin və beynəlxalq ekspertlərin iştirakı etdiyi bu platformada daha çox qlobal idarəetmə krizisi, yeni dünya nizamı, pandemiyadan sonrakı bərpa, geostrateji münaqişələrin humanitar fəsadları və yaşıl keçid məsələlərinə maraq göstərilir.  

Bundan başqa Azərbaycan paytaxtı 2010-cu, 2019-cu və 2024-cü illərdə dünya dini konfessiya rəhbərlərinin sammitlərinə ev sahibliyi edib. Dünya Dini Liderlərinin Bakı Sammiti adalanan bu tədbirlər islam, xristian, yəhudi, buddist və digər ənənəvi dinlərin ali nümayəndələrini bir araya gətirərək dini dözümlülük, ksenofobiya və islamofobiya ilə mübarizə çağırışlarının səsləndirildiyi platforma kimi əhəmiyyətini sübut edib. BMT Cəmiyyətlər Alyansının (UNAOC) 2016-cı ildə Bakıda baş tutan 7-ci Qlobal Forumu isə ölkəmizdə keçirilən ən genişmiqyaslı BMT tədbirlərindən biri olub – 140-dan çox ölkədən minlərlə nümayəndənin iştirakı ilə sülh şəraitində birgəyaşayış, ekstremizmin qarşısının alınması və gənclərin humanitar layihələrə cəlb olunması kimi məsələlər qlobal səviyyədə müzakirə edilib.

Beləliklə, bu forumlar Azərbaycanın təkcə enerji və nəqliyyat qovşağı deyil, həm də “humanitar diplomatiya” mərkəzi kimi qlobal səviyyədə qəbul olunmasını təmin edib.

Bu baxımdan Bakıda eyni vaxtda iki mühüm beynəlxalq tədbirin – Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və XV əsrdə yaşayıb-yaratmış dahi mütəfəkkirimiz, şair, ilahiyyatçı filosof, Xəlvətiyyə təriqətinin banisi Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi dərin rəmzi məna daşıyır. Seyid Yəhya Bakuvi irsi və TDT-yə üzv ölkələrlə yanaşı, Gürcüstan, Suriya və Şimali Qafqaz respublikalarından (Dağıstan, Çeçenistan) dini liderlərin Bakıda bir araya gəlməsi coğrafi sərhədləri aşan mənəvi qardaşlığın və həmrəyliyin canlı nümunəsidir. Bu həm də onun göstəricisidir ki, Azərbaycan həm Türk dünyasının ayrılmaz parçası, həm də qədim Qafqaz coğrafiyasının tərkib hissəsi olaraq sülhü və əməkdaşlığı öz dövlət siyasətinin prioritet istiqamətlərinə çevirmişdir.

Sentyabrın 15-də hər iki beynəlxalq tədbirin iştirakçıları ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın yetişdirdiyi böyük şəxsiyyətləri bəşəriyyətə məxsus dahilər kimi xarakterizə edərək deyib: “Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir – XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir”.

Elə bu iradənin nəticəsidir ki, Azərbaycan xalqı ölkəmizin ərazisinin 20 faizinin hərbi yolla işğalına, soydaşlarımıza qarşı törədilən qanlı cinayətlərə, kütləvi qətllərə baxmayaraq 30 il ərzində düşmənlə danışıqlar yolu ilə torpaqlarımızın işğalına son qoyulmasını razılaşdırmağa çalışdı. Bu zaman xalqımızın sülhpərvər xarakteri, dövlətimizin dinç qonşuluq siyasəti ilə yanaşı, beynəlxalq hüquq normaları bizim mövqeyimizi dəstəkləsə də, erməniləri və onların havadarlarını dinc sülhə razı salmaq mümkün olmadı. Nəticədə ölkəmiz uzunmüddətli erməni işğalı dövrünün bütün ədalətsizliklərinə son qoyaraq dünya tarixində nadir presedent yaratdı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Qarabağ iqtisadi rayonunda erməni terrorçu hərbi qüvvələrinə qarşı həyata keçirilən bir günlük lokal antiterror əməliyyatı nəticəsində ölkəmizdə bir əsrlik separatçılığın kökü kəsildi, dövlət suverenliyimiz tam bərpa olundu.

Lakin bu qələbənin arxasında erməni vandallığının heç vaxt unudulmayacaq məşum izləri dayanır. İşğal edilmiş torpaqlarımızda 65 məscidin, demək olar ki, hamısı ermənilər tərəfindən dağıdılmış, həmin dini məbədlərdə heyvanlar saxlanılaraq bütün İslam dünyasına qarşı təhqirlərə yol verilmişdir. Buna baxmayaraq, II Qarabağ müharibəsi dövründə Azərbaycan humanistlik nümayiş etdirərək yalnız hərbi hədəfləri məhv etmiş, qısa müddətdə – müharibədən dərhal sonra bərpa işlərinə başlayaraq Ağdam məscidi başda olmaqla 12 məscidi yenidən qurmuşdur. Bu gün “Böyük Qayıdış” Proqramının uğurla həyata keçirilməsi çərçivəsində 48 şəhər və kənddə 90 mindən çox soydaşımız yaşayır, Füzuli, Cəbrayıl, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər, Ağdam, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə azad nəfəs alır. Bütün bu faktları beynəlxalq tədbir iştirakçılarının nəzərinə çatdıran Prezident ilham Əliyev xalqımızın düşmənə müharibə meydanında layiqli dərs verdiyini və onunla beynəlxalq hüquq müstəvisində danışdığını xüsusi vurğulamışdır: “Azərbaycan xalqı qan tökərək, döyüşərək bu torpaqları azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, qəhrəman övladlarımızın fədakarlığı hesabına biz öz ədalətimizi, hüququmuzu və milli ləyaqətimizi bərpa etdik. İşğalçıları torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qaldırdıq, separatçılığa son qoyduq. Separatçı liderlər, hərbi cinayətkarlar, uşaq qatilləri bu gün Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər. Bu da ədalətin təntənəsidir. Yəni ədalət tam zəfər çalmışdır və Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir”.

Prezident İlham Əliyev sentyabrın 15-də beynəlxalq tədbirlərin nümayəndə heyətinin qəbulu zamanı çıxışında beynəlxalq təşkilatların, xüsusilə Qərb institutlarının Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqeni kəskin şəkildə ifşa etmişdir. 30 il ərzində Ermənistanın törətdiyi işğala, vandalizmə və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə göz yumanlar, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra çirkin qarayaxma kampaniyalarına başladılar. Halbuki münaqişənin bütün tarixi ərzində, hətta Vətən müharibəsi günlərindən və ondan sonra da, Azərbaycan Prezidentinin sözləri ilə desək: “Ermənistanı dəstəkləyən böyük sayılan dövlətlər isə məsələni həll etmək yox, uzatmaq və bu işğalı əbədi etmək istəyirdi. Bu dövlətlər Ermənistana hərbi, iqtisadi, siyasi dəstək verərək faktiki olaraq işğalçını mükafatlandırırdı”.

Anti-Azərbaycan mövqeyindən geri çəkilmək üçün özündə ədalətə söykənən iradə tapa bilməyən Avropa Parlamentinin fəaliyyətini Azərbaycan lideri növbəti dəfə haqlı olaraq sərt şəkildə tənqid edərək vurğuladı: “Avropa Şurasında Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Amma biz ki, 2023-cü ilin sentyabrında Qarabağı tam azad etdik, separatçılığın kökünü kəsdik və separatçıları həbs etdik, deməli, ondan dörd ay sonra Avropa Şurası bizə qarşı sanksiya tətbiq etdi. Bax, onların əsl siması budur. Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm – rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər”. Üstəlik, həmin bədnam Avropa strukturları Azərbaycan əleyhinə olan kampaniyanı həm də bütövlükdə İslam dünyasına qarşı elan olunmamış müharibə və islamofobiya müstəvisində aparırlar. Prezident İlham Əliyevin bu elan olunmamış müharibənin səl səbəbini də aydın ifadə etdi: “Çünki biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik, öz sözümüzü deyirik, öz milli mənliyimizi qoruyuruq, öz həyat tərzimizi qoruyuruq. İmkan vermirik ki, xalqımıza və dinimizə yad olan bəzi meyillər Azərbaycanda kök salsın. Mənəviyyat keşikçiləriyik. Bax, buna görə bizə qarşı bu kampaniyalar aparılır”.

Ölkəmizin təşəbbüskar və təşkilatçı dövlət kimi daim fəallıq göstərdiyi qlobal həmrəylik və mənəvi yaxınlaşma prosesində daim dini liderlərin, nüfuzlu din xadimlərinin əhəmiyyətini düzgün qiymətləndirmişdir. Görüş zamanı Azərbaycan Prezidentin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin bu prosesdə rolunu yüksək qiymətləndirməsi bir tərəfdən onun şəxsiyyətinə verilən qiymət idisə, digər tərəfdən Şeyx həzrətlərinin Qafqazda, Türk və İslam dünyasında, eləcə də beynəlxalq müstəvidə nüfuzlu din xadimi kimi göstərdiyi fəaliyyətin Azərbaycanda dövlət səviyyəsində dəstəkləndiyini ifadə edən mövqe idi. Burada yada 2001-ci il avqustun 13-də Ümummilli Lider Heydər Əliyevin məşhur bəyanatı düşür. Həmin bəyanatla Ulu Öndər Şeyxülislamı ləyaqətsiz hücumlardan qoruyaraq bildirmişdi ki: “Bizim məqsədimiz xalqımızın mənəviyyatını qorumaq və zənginləşdirməkdir”. Bu baxımdan Azərbaycan dövləti dinlə bağlı mövqeyində də hazırda öz qurucu lideri Heydər Əliyevin ölməz ideyalarına sadiqliyini nümayiş etdirir.

Ümumiyyətlə, görüşdə də yüksək səviyyədə vurğulandığı kimi, bugünkü mürəkkəb geosiyasi proseslər fonunda Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq və təhlükəsizliyi qorumaq üçün hər birimiz böyük səylər göstərməliyik. Azərbaycan dövləti hər zaman birləşdirici, barışdırıcı və əməkdaşlığa təkan verən siyasət yürüdir. Gələn il Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü də məhz hazırda uğurla davam etdirilən bu missiyanın davamıdır.

Zaman sübut etdi ki, xalqımızın suverenliyinin, təhlükəsizliyinin və tərəqqisinin yeganə zəmanəti milli iradəmiz, qətiyyətimiz, hərbi gücümüz və dəmir yumruq kimi birləşən xalq-iqtidar birliyidir. Hələ tarixin müxtəlif dövrlərindən başlayaraq günümüzədək boy göstərən mütərəqqi din xadimlərimizin və mütəfəkkirlərimizin ideyaları əsasında qurulan bu həmrəylik gələcək nəsillərə ötürüləcək ən böyük milli sərvətdir.

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri,

tarix üzrə fəlsəfə doktoru, dosent

Paylaş:
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

İqtisadiyyat

Analitik

11 sentyabrın kölgəsi

18 Sentyabr 09:17  

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30