Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan – yeni investisiya imkanlarının etibarlı ünvanı

Azərbaycan – yeni investisiya imkanlarının etibarlı ünvanı

28.09.2026 [10:17]


II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə Prezident İlham Əliyevin çıxışı ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini, Azərbaycanın beynəlxalq investisiya məkanı kimi imkanlarını və qarşıdakı dövr üçün prioritetlərini aydın şəkildə ortaya qoydu.

Sentyabrın 26-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub. Dövlətimizin başçısı tədbirdə iştirak edib və “Global Infrastructure Partners” şirkətinin sədri və baş icraçı direktoru Adebayo Oqunlesinin suallarını cavablandırıb.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın son illərdə keçdiyi inkişaf yoluna diqqət çəkərək ölkənin gələcək iqtisadi inkişafı üçün möhkəm təməl formalaşdırıldığını bildirib. Dövlətimizin başçısının sözlərinə görə, “görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı”. Bu fikir Azərbaycanın iqtisadi siyasətində dayanıqlılığın və uzunmüddətli inkişaf üçün yaradılmış imkanların xüsusi əhəmiyyət daşıdığını göstərir.
Ölkəmizin investisiya potensialından danışan Prezident mühüm bir göstəricini diqqətə çatdırıb. Bildirib ki, əlverişli investisiya mühiti sayəsində Azərbaycan son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb edib. Bu göstərici ölkənin beynəlxalq investorlar üçün yaratdığı imkanların miqyasını nümayiş etdirən mühüm faktlardan biridir. Dövlətimizin başçısı qarşıdakı dövrdə də müsbət dinamikanın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Çıxışın mühüm istiqamətlərindən biri Azərbaycanın rəqabət üstünlükləri və yeni investisiya imkanları ilə bağlı olub. Prezident İlham Əliyev xüsusilə siyasi və iqtisadi sabitliyin investorlar üçün əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda bu sabitlik artıq 30 ildən çoxdur davam edir. Bununla yanaşı, ölkənin coğrafi mövqeyi, inkişaf etmiş infrastrukturu, insan kapitalı və digər imkanları investisiya baxımından mühüm üstünlüklər kimi qeyd olunub.
Dövlətimizin başçısı investorların Azərbaycanın imkanlarını yalnız kənardan deyil, ölkəyə gələrək öz gözləri ilə görmələrinin vacibliyini də xüsusi vurğulayıb. Prezident qeyd edib ki, belə tədbirlərin üstünlüklərindən biri iştirakçıların ölkədə gedən prosesləri bilavasitə müşahidə edə bilməsidir. “Ən yaxşı təəssürat insanın özünün gördüyü və hiss etdiyi təəssüratdır”, – deyən Prezident investorları Azərbaycanla daha yaxından tanış olmağa çağırıb.

Çıxışda Azərbaycanın gələcək üçün ən mühüm investisiya istiqamətlərindən biri kimi neft-qaz sektoru da xüsusi qeyd olunub. Prezident İlham Əliyev bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm işlər görülsə də, neft və qaz sahəsi hələ uzun müddət ölkə iqtisadiyyatında əhəmiyyətli yer tutacaq. O, yeni yataqların işlənilməsi və qaz hasilatının artırılması ilə bağlı beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığın davam etdirildiyini diqqətə çatdırıb.
Bununla yanaşı, dövlətimizin başçısı ərzaq təhlükəsizliyini də gələcək investisiyalar üçün perspektivli sahələrdən biri kimi göstərib. Dünyada quraqlıq, yanacaq çatışmazlığı və təchizat zəncirlərində yaranan problemlərin ərzaq təhlükəsizliyi ilə bağlı riskləri artırdığını qeyd edən Prezident Azərbaycanın bu sahədə mövcud imkanlarından daha səmərəli istifadə etməsinin vacibliyini vurğulayıb. Bu baxımdan kənd təsərrüfatı və ərzaq istehsalı həm daxili tələbatın təmin edilməsi, həm də investorlar üçün yeni imkanların yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın nəqliyyat və logistika imkanları da Prezidentin çıxışında geniş yer tutub. Dövlətimizin başçısı bildirib ki, gələcəkdə xüsusilə çoxmillətli maraqlara xidmət edən infrastruktur, nəqliyyat, logistika, fiziki və rəqəmsal infrastruktur istiqamətləri investorlar üçün maraq doğura bilər. Azərbaycanın Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşaqlarından birinə çevrilməsi bu sahənin strateji əhəmiyyətini daha da artırır.

Prezident İlham Əliyev rəqəmsallaşmanın və müasir texnologiyaların əhəmiyyətini də xüsusi vurğulayıb. O bildirib ki, nəqliyyat və logistika sahəsində yalnız fiziki infrastrukturun inkişafı kifayət deyil. Yüklərin idarə olunmasının sürətləndirilməsi, gömrük inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsal texnologiyaların tətbiqi rəqabət qabiliyyətinin qorunması baxımından vacibdir. Dövlətimizin başçısının sözləri ilə desək, “rəqəmsallaşma və gömrük inzibatçılığı sahələrində mövcud müasir tendensiyaları lazımi səviyyədə nəzərə almasaq, yüklərin idarə olunması prosesini daha asan və sürətli etməsək, rəqabətdə uduzacağıq”.

Çıxışın diqqətçəkən məqamlarından biri də qeyri-neft sektorunun inkişafı ilə bağlı səsləndirilən fikirlər olub. Prezident qeyd edib ki, Azərbaycanın ümumi daxili məhsulunun 70 faizindən çoxu qeyri-neft sektorunun payına düşür. Bununla belə, ixracda neft və qazın payı 90 faizdən çoxdur. “Biz bu göstəricini yaxşılaşdırmalıyıq”, – deyə Prezident vurğulayıb və bu istiqamətdə beynəlxalq tərəfdaşların dəstəyinin əhəmiyyətini qeyd edib.

Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın iqtisadi inkişafının yeni mərhələsinə dair mühüm mesajlarla yadda qaldı. Çıxışda investisiya mühitinin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, enerji sektorunun inkişafı, ərzaq təhlükəsizliyi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, rəqəmsallaşma və insan kapitalının gücləndirilməsi kimi prioritetlər ön plana çəkildi.

Prezidentin investorlar üçün səsləndirdiyi əsas mesajlardan biri Azərbaycanın əməkdaşlığa və yeni investisiyalara açıq olmasıdır. Dövlətimizin başçısının fikrincə, ölkənin qarşısında duran əsas vəzifə əlverişli mühit yaratmaq və investorlar üçün lazımi imkanları təmin etməkdir. Prezident forum iştirakçılarına müraciət edərək Azərbaycanın yeni inkişaf yolunda tərəfdaşlarla birlikdə irəliləmək niyyətini ifadə edib.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun məhz Bakıda keçirilməsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Forum Azərbaycanın iqtisadi potensialının, investisiya imkanlarının və regional bağlantı rolunun beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi baxımından geniş platforma yaradıb. Dövlətimizin başçısının çıxışı isə bir daha göstərdi ki, Azərbaycan öz iqtisadi inkişafını yeni investisiyalar, müasir texnologiyalar və beynəlxalq tərəfdaşlıq əsasında davam etdirmək niyyətindədir.

Sevda Quluyeva

YAP Kəngərli rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 152 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30