Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Füzulinin azadlıq və qürur tarixi

Füzulinin azadlıq və qürur tarixi

19.10.2026 [15:35]

17 oktyabr 2020-ci il Azərbaycanın qəhrəmanlıq salnaməsində mühüm səhifələrdən biridir. Altı il bundan öncə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tariximizə torpaqlarımızın işğaldan azad edildiyi günləri yazdı. 17 oktyabr Füzuli şəhərinin mənfur düşməndən azad edildiyi tarixdir. Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncamına əsasən 17 oktyabr Füzuli Şəhəri Günüdür.

44 günlük Vətən müharibəsində Füzuli uğrunda döyüşlər ən çətin və ağır döyüşlərdən olub. Düşmənin qurmuş olduğu möhkəm istehkam xətləri qısa müddətdə yarılıb. Füzuli istiqamətindəki müdafiə xəttinin yarılması müharibənin gedişatında dönüş nöqtəsi oldu. Bu xətt keçildikdən sonra Azərbaycan Ordusunun Xocavənd, Şuşa və digər ərazilərə doğru irəliləməsi sürətləndi. Azərbaycan Silahlı Qüvvələri düşmənin gözləmədiyi istiqamətlərdən zərbələr endirərək və canlı qüvvəni minimum itki ilə qoruyaraq bu möhkəm istehkamları qısa müddətdə darmadağın etdi.  Gərgin və qanlı döyüşlərin nəticəsində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edildi. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad olunub.

Hər gün xalqımız cəbhədən gələn xəbərlərin sevinci ilə yaşayırdı. Rayonların, şəhərlərin, kəndlərin işğaldan azad olunması xalqımızda qələbəyə olan inamı daha da möhkəmləndirirdi.  Cəbrayıldan sonra Füzuli şəhərinin azad olunması Ordumuza əlavə mənəvi güc verdi.

Füzulinin azad olunması uğrunda aparılan döyüşlərdə Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıq dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalının təsis olunması bu tarixi döyüşlərdə iştirak etmiş qəhrəmanların şücaətinin əbədiləşdirilməsi baxımından mühüm qərar idi. Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəxsi igidlik və şücaət göstərmiş minlərlə hərbi qulluqçumuz həmin medalla təltif olunub. Füzuli əməliyyatında əldə olunan qələbənin ən böyük nəticələrindən biri isə bu gün həmin torpaqlarda həyatın yenidən bərpa olunmasıdır. Uzun illər işğal altında qalan, dağıdılan və viran qoyulan Füzuli artıq genişmiqyaslı quruculuq işlərinin aparıldığı mühüm məkana çevrilib. Bütün bu işlər sistemli və planlı şəkildə aparılır. Prezident İlham Əliyevin ötən dövr ərzində Füzuli rayonuna 25 səfəri görülən bərpa-quruculuq işlərinin aydın mənzərəsini yaradır. Çünki hər bir səfər qayıdışın sürətlənməsinə xidmət edən addımlarla zəngindir. Dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizdən sonra ilk səfəri də Füzuli və Cəbrayıl rayonlarına, həmçinin şəhərlərinə oldu. Azərbaycan Bayrağının ucaldılması, bunun ardınca rayonun bərpası və yenidən qurulması ilə bağlı işlərə start verilməsi xalqımızın sevincini daha da artırdı. Azərbaycan dünya hərb tarixində bu ilkə də imza atdı ki, müharibə başa çatan kimi dərhal bu torpaqlarda bərpa-quruculuq işlərinə başladı. Bu, Azərbaycan xalqının necə qurucu xalq olduğunu, torpaqlarına qovuşmasının sevincini yaşadığını və qısa zamanda bu ərazilərə qayıdıb onlara əvvəlki nəfəsi vermək istəyini nümayiş etdirdi. Eyni zamanda, Azərbaycanın 30 il müharibə şəraitində yaşasa da hər bir sahədə, xüsusilə iqtisadi sahədə atdığı addımlar və əldə etdiyi uğurlar postmünaqişə dövrünün mühüm reallığı olan işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinə hazırlığın göstəricisi oldu.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 18 martda “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Dövlət başçısı İlham Əliyevin xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılmışdır. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilmişdir. Bununla yanaşı, qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Görülən işlərin miqyası olduqca genişdir. Bu gün Füzuli şəhərinin sakinlərinə qovuşan 10 şəhərdən biri olması özündə bütün məqamları ehtiva edir.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 66 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31