Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ulu Öndərin səyləri ilə Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib

Ulu Öndərin səyləri ilə Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib

21.04.2022 [16:18]

Ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq, imperiya ambisiyaları getdikcə güclənən SSRİ-də Ölkə Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi getdikcə daha böyük vüsət almağa başladı. Yaranmış belə bir gərgin şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox böyük cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdən çəkinirdilər. Lakin bütün bunlara baxmayaraq, 1969-cu ildən Azərbaycan Respublikasının rəhbərliyinə gəlmiş Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə və qətiyyətlə ortaya qoymuşdu. Ümummilli Lider Heydər Əliyevin ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində gördüyü işlər birmənalı olaraq Ulu Öndərin Azərbaycan qarşısında olan misilsiz xidmətlərindəndir. 1978-ci ilin aprel ayının 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına dair VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyev həmin dövrdə heç kəsin cəsarət edə bilməyəcəyi bir təklif irəli sürdü. Bu təklif Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada verməyi nəzərdə tuturdu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri oldu. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən biri olan ana dilimizi qorudu və onun sonrakı inkişafının bazasını yaratdı.

Ümummilli lider Heydər Əliyev deyirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Həqiqətən də Ulu Öndər bütün çətinliklərə sinə gərərək keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini bütünlüklə unudulmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Məhz ümummilli liderimizin zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması və bağlılığı sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata keçirilən dil siyasəti doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı.

Ulu Öndər Heydər Əliyev Azərbaycan respublikasının rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Tarix üçün o qədər də böyük olmayan, təxminən onillik bir müddətdə görkəmli dövlət xadimi həqiqətən tarixi əhəmiyyət kəsb edən vacib məsələlərin həllinə nail olub. İlk növbədə az öncə də qeyd etdiyimiz kimi, məhz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan dilinin artıq sovet dönəmində dövlət dili statusu Azərbaycan SSR-in Konstitusiyasında və digər müvafiq qanunlarında öz əksini tapıb. Bununla da Moskvanın kəskin etirazlarına baxmayaraq, respublikamızda rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. Həmçinin Ulu Öndərin səyləri ilə həmin dövrdə respublikada Azərbaycandilli təhsilin və maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Azərbaycan dilində mətbuatın, elm və mədəniyyətin tərəqqisi üçün mühüm tədbirlər həyata keçirilib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları – “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilib. Həmçinin qeyd olunmalıdır ki, məhz Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş dəqiqlik və ardıcıllıqla araşdırılıb, almi-maarifləndirici kitablar, dərsliklər nəşr olunub, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, Azərbaycan dilinin nüfuzu bir daha təsdiq edilib. Nəhayət ən əsası, ümummilli liderimiz bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində danışmaqdan çəkinməyərək, ana dilimizə verdiyi yüksək dəyəri vurğulayıb, dilimizin ictimai-siyasi mövqeyinin yüksəlməsinə zəmin yaradıb. Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, onun beynəlxalq münasibətlər sisteminə - diplomatiya aləminə yol alması, yüksək nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi Ulu Öndər Heydər Əliyevin yorulmaq bilməyən fəaliyyətinin və yürütdüyü müdrik, uzaqgörən dil siyasətinin məntiqi nəticəsidir.

Həmçinin Ulu Öndər müstəqillik illərində imzaladığı bir sıra mühüm sənədlərlə Azərbaycan dilinin inkişafını və qorunmasını təmin edib. Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr -11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi. Bütün bunlarla yanaşı, Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirdi. Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu fərmanlardan irəli gələn tələblərə uyğun olaraq ölkə ərazisində yaşayan hər kəs, bütün Azərbaycan vətəndaşları doğma dilimizi öyrənməli, bütün dövlət sənədləri bu dildə aparılmalıdır. Bundan başqa, 2 yanvar 2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunu”nun qəbul edilməsi dilimizin inkişaf etdirilməsi istiqamətində Ümummilli Liderin atdığı mühüm tarixi addımlardan biri oldu. Beləliklə, Ulu Öndər Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi kimi tarixi missiyasını da ən yüksək səviyyədə həyata keçirmiş oldu.

Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, onun beynəlxalq münasibətlər sisteminə - diplomatiya aləminə yol alması, yüksək nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi Ulu Öndər Heydər Əliyevin yorulmaq bilməyən fəaliyyətinin və yürütdüyü müdrik, uzaqgörən dil siyasətinin məntiqi nəticəsidir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 104 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

28 May 10:15

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31