Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Milli Qurtuluş – xalqımızın xilası, dövlətimizin yüksəlişi

Milli Qurtuluş – xalqımızın xilası, dövlətimizin yüksəlişi

13.06.2022 [10:51]

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Tarixi təcrübə göstərir ki, hər bir xalqın siyasi taleyində mühüm dönüş nöqtələri – həlledici anlar və məqamlar var. Çoxəsrlik dövlətçilik tarixinə, zəngin milli-mənəvi dəyərlərə, ləyaqətli inkişaf yoluna malik olan Azərbaycan xalqı da bu baxımdan istisna deyil. Bir əsrdə iki dəfə müstəqillik qazanaraq yeni ənənələr və dəyərlər yaradan, yaşadan xalqımız XX yüzilliyin 90-cı illərində daha bir çətin və mürəkkəb sınaqla üzləşdi, tarixi-siyasi missiya və məsuliyyətini şərəflə yerinə yetirdi. Bu reallığı təmin və mümkün edən amil isə lider amili, yaxud liderlik fenomeni oldu.

Söhbət konkret olaraq 1990-cı illərin əvvəlində Azərbaycanın qarşılaşdığı vəziyyətdən, taleyüklü məsələlərin həllindən və gələcək taleyinin müəyyənləşdirilməsindən gedir. Bəllidir ki, həmin dövrdə respublikamız ciddi siyasi böhran, iqtisadi tənəzzül ilə üzləşmişdi, yarıtmaz siyasət ölkənin regionda geosiyasi təcrid vəziyyətinə düşməsinə, beynəlxalq proseslərdən kənarda qalmasına səbəb olmuşdu.   1992-ci ildə zorla – siyasi qəsb vasitəsilə hakimiyyəti ələ keçirmiş AXC-Müsavat cütlüyünün səriştəsiz və milli maraqlara zidd siyasəti sayəsində xarici kəşfiyyat orqanlarının qarşıdurma meydanına çevrilən Azərbaycan, belə demək mümkünsə, xaosa təslim olmuşdu. Adı müstəqil dövlətlər sırasında olsa da, ölkənin nisbi suverenliyindən belə danışmaq olmazdı, çünki hakimiyyətdə olan qüvvələrin öz funksiya və səlahiyyətlərini yerinə yetirə bilməmələri hakimiyyət böhranı və anarxiyanın meydana çıxmasına səbəb olmuşdu. Paralel olaraq ölkədə separatizm meyilləri baş qaldırmağa başlamışdı. Artıq respublikanın bir sıra ərazilərində - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş vermişdi. Təfərrüata varsaq, qeyd edə bilərik ki, o zaman Gəncədə korpus komandiri və AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərarın imzalanması hakimiyyət böhranının şiddətlənməsinə, toqquşmanın meydana çıxmasına rəvac verdi. 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında qaşıdurmanın yaşanması Azərbaycanı vətəndaş müharibəsinə bir və bir neçə addım daha yaxınlaşdırdı. Bu isə Azərbaycanı parçalamaq, ölkənin təbii sərvətlərini mənimsəmək, xalqı və dövləti öz itaəti altına salmaq istəyən xarici qüvvələrin planlarına uyğun idi.

Xalqımız böhran vəziyyətindən, müstəqilliyi itirmək təhlükəsindən xilas olmaq üçün vətənpərvər, qətiyyətli, dövlətçilik təcrübəsinə malik olan, dövlətin maraqlarını hər şeydən üstün tutan liderə ümid bəsləyirdi. Bu lider - şəxsiyyət, inam, etibar və etimad ünvanı məhz Heydər Əliyev idi. Hətta o zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər.  

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi əsasında bir daha tarixi-siyasi məsuliyyəti öz üzərinə götürdü, Azərbaycan dövlətinin və dövlətçiliyinin xilası, ölkəni tənəzzüldən qurtararaq tərəqqi yoluna çıxarmaq missiyasını yerinə yetirməyə başladı. Həmin ilin iyunun 9-da Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi xalq tərəfindən sevinclə qarşılandı, Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu.  Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı – dövlətçilik tariximizin mühüm dönüş nöqtəsi oldu. Bu qayıdış xalqımızı fəlakətdən, müasir Azərbaycanı isə Xalq Cümhuruyyətinin taleyini yaşamaq – müstəqilliyi itirmək təhlükəsindən xilas etdi.

Ümummilli Liderin qayıdışından sonra atılan addımlar Azərbaycan dövlətinin dirçəlişini təmin edir, gələcəyə optimist baxmağa imkan və əsas verirdi. Təsadüfi deyil ki, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkiləri nəticəsində Heydər Əliyev xalqın böyük etimadı və dəstəyi ilə Azərbaycan Prezidenti seçildi. 10 oktyabr 1993-cü il tarixində keçirilmiş andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - deyə qeyd etmişdi. Məhz bu cür oldu, Ulu Öndər milli maraqlara, milli-mənəvi dəyərlərə, zamanın tələblərinə, reallıqlarına və çağırışlarına əsaslanan fəaliyyəti, uğurlu daxili və xarici siyasət kursu ilə ona bəslənilən ümidləri doğrultdu. Azərbaycanda sabitlik və təhlükəsizlik mühiti yaradıldı, iqtisadi, siyasi, hüquqi islahatlara başlandı, nizami ordu quruculuğu həyata keçirildi, ölkənin ikitərəfli əlaqələrinin inkişafı, beynəlxalq mövqeyinin möhkəmlənməsi istiqamətində çox mühüm addımlar atıldı. Ən əsası, Heydər Əliyev Azərbaycanın əsl müstəqilliyini təmin etdi, 1993-2003-cü illər tariximizə sabitlik və inkişaf dönəmi kimi yazıldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Müstəqillik 1993-cü ildə də əldən gedirdi, əgər Heydər Əliyev gəlməsəydi. O, müstəqilliyi qorudu, saxladı, gücləndirdi, bizi düz yola gətirdi. Biz də Onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik”.

Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında ən mühüm, tarixi və misilsiz xidmətlərindən biri siyasi varisliyin təmin edilməsi oldu. O, özündən sonra ölkəni şərəflə, ləyaqətlə və uğurla idarə edə biləcək lider yetişdirməklə Azərbaycanın gələcək inkişafının, parlaq perspektivlərinin möhkəm təməlini yaratdı. 2003-cü ildə Azərbaycan xalqının Heydər Əliyev siyasətinin davamına “HƏ” deməsi, cənab İlham Əliyevə etimad göstərməsi bizi möhtəşəm nailiyyətlərə və böyük Qələbəyə aparan amil oldu. Dövlət başçısı kimi fəaliyyətə başladığı gündən həyata keçirəcəyi siyasətin prioritetlərini açıqlayan, “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm”,- söyləyən cənab İlham Əliyev atdığı addımlarla xalqa verdiyi vədlərə sadiqliyini, Heydər Əliyev yoluna sədaqətini nümayiş etdirdi.

Ən əsası, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpasına – doğma Qarabağın, əziz Şuşanın işğaldan azad olunmasına nail olmaqla ata vəsiyyətini, xalq qarşısında müqəddəs missiyanı yerinə yetirmiş oldu.

Tarixi ədaləti bərpa edən, dünyaya öz gücünü, qüdrətini nümayiş etdirən, Qələbə zirvəsinə çatan Azərbaycan indi Zəfər yolu ilə daha möhtəşəm nailiyyətlərə doğru irəliləyir, tarix yazmağa davam edir. Məhz Qurtuluş Günündə - 15 iyun 2021-ci il tarixində dost, qardaş və tərəfdaş ölkə olan, İkinci Qarabağ müharibəsində Azərbaycana qətiyyətli mənəvi-siyasi  dəstəyi ilə böyük Zəfərin qazanılmasında vacib rol oynayan Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanması da bu möhtəşəm tarixin mühüm tərkib hissəsi, daha bir parlaq səhifəsidir. Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi, “Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir - siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində”. Əlbəttə, Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinə yeni məzmun verməklə yanaşı, ölkələrimizin birliyinin, ortaq iradəsinin, gücünün ifadəsi və yeni uğurlarının qarantıdır.

Nəticə etibarilə, Milli Qurtuluş xalqımızın xilası, dövlətimizin yüksəlişi və tərəqqisidir. Ulu Öndərin Qayıdışından, Qurtuluşdan başlanan tarix Azərbaycanı dünyada söz sahibinə çevirib, Zəfər zirvəsinə yüksəldib. Və üçrəngli bayrağı ən yüksək zirvələrdə dalğalanan Azərbaycan tərəqqi yolunda yeni uğurlara doğru əmin addımlarla irəliləyir. 

Paylaş:
Baxılıb: 81 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31