Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru inamla irəliləyir

YAP Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru inamla irəliləyir

15.11.2022 [11:11]

30 yaşı tamam olan Yeni Azərbaycan Partiyasının təsis edilməsini dövlətçilik tariximizin ən əlamətdar hadisələrindən biri kimi qiymətləndirmək olar

Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan xalqı mühüm əlamətdar hadisələrin şahidi olub. Onlardan biri də ictimai-siyasi və tarixi xarakterinə görə cəmiyyətimizdə önəmli yeri olan Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsidir. Heç şübhəsiz, demək olar ki, müstəqilliyini təzəcə əldə etmiş və ciddi siyasi böhran, iqtisadi tənəzzül təhlükəsi ilə üzləşmiş Azərbaycanda görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının qurulması zərurətdən qaynaqlanırdı. Buna görə də 1992-ci ilin oktyabrında 91 nəfər Azərbaycan ziyalısı Yeni Azərbaycan Partiyasının yaradılması təklifi ilə Ulu Öndərə müraciət etdi. Ümummilli Lider Heydər Əliyev bu müraciətə cavab olaraq yazdığı 1992-ci il 24 oktyabr tarixli məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və siyasi partiyaya liderlik etməyə razılıq verdi. Beləliklə, 21 noyabr 1992-ci il tarixində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi müstəqilliyini yenicə bərpa etmiş dövlətin gələcəyində mühüm rol oynayacaq önəmli addım oldu.

Lakin heç kimiə sirr deyil ki, həmin dövrdə ölkədə vəziyyət olduqca təhlükəli məcraya doğru gedirdi. Bir tərəfdən Ermənistan-Azərbaycan münaqişəsi, digər tərəfdən xarici və daxili qüvvələrin hakimiyyət uğrunda mübarizəsi müstəqilliyimizi təhdid edirdi. 1993-cü ilin ilk aylarında həm cəbhə bölgələrində hərbi vəziyyətin, həm də ölkə daxilində ictimai-siyasi durumun daha da pisləşməsi, aprel ayının əvvəllərində Kəlbəcər kimi böyük strateji önəmə sahib rayonun düşmənin əlinə keçməsi xalqın səbir kasasını daşırdı. Azərbaycanı bəlalardan xilas etməsi üçün Ulu Öndərə müraciətlər ünvanlayan xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Ulu Öndərin hakimiyyətə qayıdışı ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı.

Birmənalı olaraq deyə bilərik ki, Yeni Azərbaycan Patiyası (YAP) zamanın tələbindən yarandı. Həmin dövrdə baş verənləri yada salanda, bu fikrin həqiqəti əks etdirdiyini görə bilirik. Belə ki, YAP yaranandan təxminən yarım il sonra partiyanın yaradıcısı və Sədri Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı məhv olmaqdan xilas etdi. Bu böyük tarixi hadisənin Yeni Azərbaycan Partiyasının yaranması kimi ciddi siyasi aktdan sonra baş verməsi YAP-ın tarixi zərurətdən yarandığını sübut etdi. Buna görə də, 30 il bundan əvvəl Yeni Azərbaycan Partiyasının təsis olunmasını Azərbaycanda Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışının başlanğıcı hesab emək olar.

Yeni Azərbaycan Partiyasının qısa müddətdə kütləviləşməsinin əsas səbəbi xalqın öz liderinə inamı idi. Bu minvalla, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etdi. Belə ki, 1993-2003-cü illərdə ölkədə Ümummilli Lider ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı. Eyni zamanda bütün dövlətlərin və beynəlxalq təşkilatların rəhbərləri Ulu Öndərin siyasi nüfuzuna görə müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar, “Əsrin müqaviləsi” imzalandı, Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı, bir sıra iri iqtisadi layihələr həyata keçirildi, ordu quruculuğu sahəsində ciddi işlər görüldü.

Əldə edilən bu uğurlar Yeni Azərbaycan Partiyasının xalq qarşısında üzərinə götürdüyü öhdəlikləri və tarixi missiyanı layiqincə yerinə yetirdiyinin göstəricisidir. Çünki Yeni Azərbaycan Partiyası hakim partiyaya çevrildiyi gündən Ulu Öndərin rəhbərliyi altında dövlətçiliyin möhkəmləndirilməsi, milli birliyin formalaşdırılması, dünya azərbaycanlılarının vahid ideologiya ətrafında birləşdirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması yönündə mühüm addımlar atdı.

Bununla belə, Azərbaycanın gələcək inkişafını sürətləndirmək və dövlət müstəqilliyini möhkəmləndirmək üçün qarşıya yeni vəzifə və hədəflər də qoyuldu. Eyni zamanda, Ümummilli Lider Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən siyasi kursu müəyyənləşdirdi, onu həyata keçirməyə başladı, estafeti özünün layiqli davamçısı İlham Əliyevə həvalə etdi. 2003-cü ildən sonra yürüdülən siyasətin nəticəsi olaraq ictimai-siyasi nailiyyətlər, habelə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi kimi iqtisadi sahədə qazanılan tarixi uğurlar ölkəni daha yüksək mövqeyə gətirib çıxardı. Bütün bu reallıqlar Azərbaycanı regionun ən qüdrətli dövlətinə çevririb, belə ki, dünyada böyük nüfuza malik olan  Azərbaycanın razılığı olmadan bölgəmizdə heç bir layihə icra olunmur.

Əldə edilən nailiyyətlər miqyasına görə nəhəng və bənzərsiz olsa da, Yeni Azərbaycan Partiyasının rəhbəri İlham Əliyev 2018-ci ildə keçirilən prezident seçkilərində yenidən dövlət başçısı seçiləndən sonra ölkənin inkişafı üçün mühüm addımlarını davam etdirdi. Bu məqsədlə yeni çağırışlara uyğun olaraq müasir dövlət idarəçilik sisteminin formalaşdırılması üçün ölkədə geniş islahatlar həyata keçirildi,  hakimiyyətin bütün qollarında aparılan bu proses bu gün də davam etməkdədir.

Yeni Azərbaycan Partiyası 2020-ci ilin sonuna kimi qarşısına qoyduğu bütün hədəflərə çatsa da, ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələri əhatə etdiyindən, həmin islahatlara uyğun olaraq partiyada da mühüm yeniliklərə imza atdı. Yeni Azərbaycan Partiyasının 2021-ci ilin martında keçirilən VII Qurultayında Prezident İlham Əliyev YAP-ın yeni strukturunun formalaşması, yaranmış yeni reallıqlar fonunda partiyanın fəaliyyətinin yenidən qurulmasının vacibliyini qeyd edərək yeni vəzifə və hədəfləri müəyyənləşdirdi. Qurultayda təşkilati məsələlər də həll edildi, o cümlədən partiya sədri, birinci müavini və müavinləri seçildi, İdarə Heyəti, Təftiş Komissiyası yenidən formalaşdırıldı, Mərkəzi Aparat, Veteranlar Şurası və digər strukturlar yaradıldı. YAP-ın Sədri İdarə Heyətinin qarşısında qısa bir zamanda partiyanın yeni nizamnaməsinin və proqramının hazırlanması tapşırığını qoydu. VII qurultayın keçirilməsindən ötən ilyarım ərzində YAP-ın İdarə Heyəti partiya həmin tapşırıq əsasında mühüm işlər gördü, yerli təşkilatların rəhbərlərini təsdiq etdi.

Onu da qeyd etmək yerinə düşər ki, YAP-ın fəaliyyətinin növbəti strateji hədəfləri partiyanın yeni Proqramında əks olunub və onların arasında Ümummilli Liderin irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat, cəmiyyətdə şəffaflığın artırılması, ədalətli sosial təminat və vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, vətəndaş həmrəyliyinin təminatı, xarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış və digər mühüm məsələlər də yer almaqdadır.

Yuxarıda qeyd edildiyi kimi, bu 30 il ərzində dövlətimizin Yeni Azərbaycan Partiyasının xüsusi töhfə verdiyi uğurlarının say-hesabı yoxdur. Onlardan ən möhtəşəmi, təbii ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən işğal altında  olan torpaqlarımızın 44 günlük Vətən müharibəsi nəticəsində azad olunmasıdır. Belə ki, əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti öz müsbət nəticəsini verdi. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı. Necə ki, xalqın və dövlətin çətin günlərində, 1993-1994-cü illərdə Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin ətrafında yum­ruq kimi birləşərək, ölkəmizin parlaq gələcəyi üçün ən doğru seçimi etdi, eləcə də Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında “Dəmir yumruq” oldu və torpaqlarımızı işğaldan azad etdi. Sözsüz ki, 1993-cü ildən yürüdülən xarici və daxili siyasət, dövlət və ordu quruculuğunda atılan addımlar Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün mühüm rol oynadı.

Buna görə də, şübhəsiz demək olar ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə ilə Yeni Azərbaycan Partiyası qarşısında qoyulmuş bütün hədəflərə nail oldu. Eyni zamanda, qazanılan Zəfər Yeni Azərbaycan Partiyasının qarşısında da yeni vəzifələr müəyyənləşdirdi.

Beləliklə, 30 yaşı tamam olan Yeni Azərbaycan Partiyasının təsis edilməsini dövlətçilik tariximizin ən əlamətdar hadisələrindən biri kimi qiymətləndirmək olar. Belə ki, Ulu Öndər partiyanın müasir Azərbaycanın inkişafı üçün mühüm uğurlara imza atacağına əmin idi. Məsələn, Ümummilli Lider Heydər Əliyev partiyanın yaradılmasının 10-cu ildönümü ilə bağlı tədbirdə demişdi: “Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”.

Ümummilli Liderin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu parlaq gələcəyə daşımağa qadir partiyadır. Çünki YAP bu illər ərzində özünü ümumxalq partiyası olduğunu təsdiq etdi və 30 il ərzində ölkəmizin inkişafı yönündə daim dövlətimizə və xalqımıza xidmət yolu tutdu. Heç bir şübhə yoxdur ki, YAP gələcəkdə də xalqa xidmət etmək missiyasını rəhbər tutaraq öz proqramında müəyyən edilmiş yeni hədəflərə doğru dönmədən irəliləyəcək. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Pre­zidenti İlham Əliyev YAP-ın fəaliyyəti ilə bağlı danışarkən dəfələrlə qeyd edir ki, bu partiya təkcə Azərbaycanın deyil, ümumilikdə bütün Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir.

Ümummilli Liderin ideyaları əsasında böyük uğurlara imza atan Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP hazırda ölkədə 800 minə yaxın üzvü olan böyük siyasi qüvvəyə çevrilib. Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideyaları davamlı olaraq həyata keçirilir, Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar fonunda ölkəmiz partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru daha böyük inamla irəliləyir.

    

       Zamir Hüseynov,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 158 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30