Bu günlərdə paytaxtımız daha bir beynəlxalq tədbirə - İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünə ev sahibliyi edib. Müzakirələrdə korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasında beynəlxalq əməkdaşlığın, dövlətlər arasında operativ məlumat mübadiləsinin və hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş fəaliyyətinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Tədbirə 46 üzv dövlətin və müşahidəçi ölkələrin, eləcə də, 8 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 250-dən çox şəxs qatılıb. İştirakçılar arasında müstəqil antikorrupsiya qurumlarının rəhbərləri və nazirlər olmaqla 40-dan çox yüksəkvəzifəli şəxs yer alıb. Prezident İlham Əliyev tədbir iştirakçılarına müraciət ünvanlayıb. Dövlət başçısı müraciətində ölkəmizdə korrupsiyaya qarşı həyata keçirilən siyasətin kifayət qədər geniş əhatə dairəsinə malik olduğuna diqqət çəkib və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu bildirib. “Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, sosial ədalətə, sağlam rəqabətə və iqtisadi inkişafa xələl gətirən cinayətdir. Bəzi hallarda bu növ cinayətlərin transsərhəd xarakteri müvafiq tədbirlərin həm milli, həm də beynəlxalq müstəvidə görülməsini zəruri edir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkəmiz İƏT çərçivəsində əməkdaşlığa xüsusi önəm verir
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünə ev sahibliyi hüququnun Azərbaycana verilməsi ölkəmizlə İƏT arasında mövcud olan səx əməkdaşlığın və yaranan qarşılıqlı etimadın göstəricisidir. Respublikamız öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət ünvanlayıb və 1991-ci il dekabrın 8-də qurumun Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilib.
Azərbaycan həmin dövrdən etibarən İslam dünyası ilə münasibətlərini ardıcıl şəkildə inkişaf etdirib. 2026-cı ildə üzvlüyümüzün 35-ci ildönümünün tamamlanması gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirmək baxımından xüsusi məna daşıyır. Prezident İlham Əliyev müraciətində bildirib ki, Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə daim səylər göstərir.
Azərbaycanla İƏT arasında müxtəlif istiqamətlər üzrə genişlənən əlaqələr hər iki tərəf üçün faydalıdır. Respublikamız İƏT-in mütərəqqi məqsədlərinin həyata keçirilməsinə, üzv dövlətlər arasında əlaqələrin genişləndirilməsinə və İslam dünyasının ümumi problemlərinin həlli istiqamətində birgə fəaliyyətə davamlı töhfə verməkdədir. Ölkəmiz İƏT-in ən fəal üzvlərindən biridir. İndiyədək İslam dünyasını bir çətir altında birləşdirən qurumun ayrı-ayrı tədbirləri Azərbaycanda uğurla baş tutub. Gələn il isə respublikamız təşkilatın Zirvə görüşünə ev sahibliyi edəcək.
Eyni zamanda, İƏT tərəfindən də Azərbaycana hər zaman xoş məram nümayiş etdirilir. Qurumun Azərbaycan üçün əhəmiyyəti təşkilatın beynəlxalq münasibətlər sistemindəki mövqeyi ilə yanaşı, ölkəmizin suverenliyi və ərazi bütövlüyü məsələlərində nümayiş etdirdiyi dəstəklə də bağlıdır. İƏT Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini həmişə birmənalı şəkildə pisləyib. Təşkilat ötən dövr ərzində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edib. 2016-cı ildə Təmas Qrupunun təsis edilməsi İƏT-in Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə necə böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir. Dünyada nüfuzu getdikcə artan İƏT Azərbaycana növbəti birmənalı dəstəyini 44 günlük Vətən müharibəsində göstərdi.
Azərbaycanın Məkkə əl-Mükərrəmə Konvensiyasına qoşulması beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük önəm daşıyır
Korrupsiya cinayətlərinin bir sıra hallarda transmilli səciyyə daşıması bu sahədə beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinin aktuallığını daha da artırıb. Azərbaycan da o mövqedən çıxış edir ki, qlobal təhdidləri, yaranan çağırışları yalnız sıx beynəlxalq əməkdaşlıq çərçivəsində önləmək mümkündür. Bu siyasi iradəyə uyğun olaraq ölkəmiz müvafiq beynəlxalq platformalarda uğurla təmsil olunur və əməkdaşlığın möhkəmlənməsinə davamlı töhfələr verir. Qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində ölkəmizin mərkəzi orqanlarından olan Baş Prokurorluğun təşkilatçılığı ilə ötən illər ərzində Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı, COP29 çərçivəsində hüquq-mühafizə orqanlarının iqlim dəyişmələri ilə mübarizədə roluna həsr olunmuş yüksəksəviyyəli sessiya, 2025-ci ilin mayında isə BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Şəbəkəsi) Altıncı Plenar İclası və İdarəetmə Komitəsinin Onuncu Görüşünün keçirilməsi ölkəmizin qlobal və regional antikorrupsiya təşəbbüslərinə verdiyi dəstəyin mühüm göstəriciləridir.
Azərbaycan həmçinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları ilə əməkdaşlığı genişləndirir. İndiyədək Azərbaycan Respublikası Prokurorluğu İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin hüquq-mühafizə orqanları ilə çoxsaylı saziş və memorandumlar imzalayıb, həmçinin müxtəlif vaxtlarda qarşılıqlı-təlim səfərləri reallaşıb. Bütövlükdə, qurumun antikorrupsiya gündəliyində respublikamızın rolu getdikcə artır.
İƏT çərçivəsində hər iki ildən bir korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının yüksəksəviyyəli görüşlərinin keçirilməsi üzv dövlətlərin bu sahədə əməkdaşlığını dərinləşdirmək məqsədinə xidmət edir. İlk belə görüş 2022-ci il dekabrın 20-21-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. Həmin görüşdə Məkkə əl-Mükərrəmə Konvensiyasının qəbul edilməsi təşkilatın antikorrupsiya gündəliyinin müsbət mənada dönüş nöqtəsinə çevrilib.
2022-ci il Ciddə, 2024-cü ildə Doha şəhərlərində keçirilmiş hər iki yüksəksəviyyəli görüşdə ölkəmizi təmsil etmiş Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev respublikamız adından Məkkə əl-Mükərrəmə Konvensiyasının qəbul edilməsi təşəbbüsünü ilkin mərhələdən dəstəkləndiyini ifadə edib. Bu yanaşmanın davamı olaraq Azərbaycan Bakıda keçirilən tədbir çərçivəsində “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə əməkdaşlığı haqqında Məkkə əl-Mükərrəmə Konvensiyası”na qoşulub. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın bu Konvensiyaya qoşulması beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük önəm daşıyır.
Respublikamızda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı korrupsiyanın, cinayətkarlığın da, necə deyərlər, zamana uyğun yeni transmilli növlərinin yaranmasını şərtləndirib. Müraciətdə qeyd edildiyi kimi, rəqəmsal inkişaf, xüsusilə də süni intellektin sürətli yayılması korrupsiya ilə mübarizə imkanlarını genişləndirməklə yanaşı, korrupsiyanın yeni təzahürlərinin meydana gəlməsinə, rəqəmsal maliyyə alətlərindən sui-istifadəyə şərait yaradır.
Bu kimi reallıqlar fonunda da milli dövlətlərin məsuliyyəti və qlobal təhdidlərə qarşı birgə səylərin gücləndirlməsi zərurəti ortaya çıxıb. Beynəxalq miqyasda korrupsiyaya qarşı mübarizədə hədəflənən nəticələri əldə etməkdən ötrü ilk növbədə milli səviyyələrdə səmərəli antikorrupsiya mexanizmləri işə salınmalıdır. Ölkəmizizin müsbət təcrübəsinə diqqət çəkən Prezident İlham Əliyev “Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əlçatanlığının təmin edilməsi, ictimai nəzarətin gücləndirilməsi korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır”, - deyə vurğulayıb.
Respublikamızda korrupsiyaya qarşı mübarizə ardıcıl və sistemli xarakter daşıyır. Son illərdə aparılan islahatlar çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə mexanizmləri ardıcıl olaraq təkmilləşdirilib, qanunvericilik bazası daha da genişəndirilib. Respublikamızda neqativ hallara qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədilə müxtəlif dövlət proqramları, milli strategiyalar qəbul olunub və uğurla reallaşdırılıb. Dövlətin, şəxsən Prezident İlham Əliyevin göstərdiyi qətiyyətli siyasi iradəyə uyğun olaraq Azərbaycanda şəffaf münasibətlər sistemi formalaşıb. Dövlət orqanlarında göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən aparılan icraatların paralel olaraq elektron formada təşkili, “ASAN xidmət”, “DOST” modellərinin tətbiqi vətəndaşların dövlət qurumlarına əlçatanlıq səviyyəsinin artmasına, həmin qurumların fəaliyyətində şəffaflıq səviyyəsinin yüksəlməsinə səbəb olub.
Ölkənin mövcud inkişaf səviyyəsi bütün sahələrdə olduğu kimi, korrupsiyaya qarşı mübarizədə də yeni baxış tələb edir. Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Eyni zamanda, dövlətimizin başçısı “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi haqqında Fərman imzalayıb. Bu sənədlərin təsdiqlənməsi Azərbaycanın özünün inkişafının indiki mərhələsində korrupsiyaya qarşı mübarizəyə yeni baxışını və niyyətini ifadə edir.
Əldə olunan nəticələr ölkəmizdə korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artdığını təsdiqləyir. 2026-cı ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 1593 yazılı ərizə və şikayətə, eləcə də “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 4062 məlumata baxılmaqla, ümumilikdə 5655 vətəndaş müraciəti araşdırılıb. O cümlədən həyata keçirilmiş prosessual tədbirlər nəticəsində ibtidai istintaqı başa çatdırılmış və maddi ziyanla əlaqədar olan cinayət işləri üzrə özgə əmlakına vurulmuş 3 milyon 836 min 191 manat ziyanın ödənilməsi təmin olunub.
Mübariz ABDULLAYEV