“Xəzər-Qara dəniz-Avropa Yaşıl enerji dəhlizi”nin yekun investisiya qərarı veriləcək
“Xəzər-Qara dəniz-Avropa Yaşıl enerji dəhlizi”nin (Caspian-Black Sea-Europe Green Energy Corridor) yaradılması təşəbbüsü tender sənədlərinin formalaşdırılması və yekun investisiya qərarının qəbul edilməsi üzrə yekun mərhələyə daxil olub. “Green Energy Corridor Power Company”nin yaydığı bəyanata əsasən, layihə üzrə yekun Yol Xəritəsi hazırlanmaqdadır. Qeyd edək ki, ötən həftə Bakıda keçirilən beynəlxalq forumda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının nəticələri ilk dəfə beynəlxalq investorlar, maliyyə institutları və biznes tərəfdaşlarına təqdim edilib. Layihənin investisiya cəlbediciliyi, biznes modeli, maliyyələşdirmə imkanları və yeni tərəfdaşlıqların qurulması müzakirə olunub, 2029-cu ildə yekun investisiya qərarının qəbuluna hazırlığın sürətləndirilməsi diqqət mərkəzində olub.
Bakıda imzalanan “Sadiqlik haqqında Birgə Məktub”
Xatırladaq ki, 2026-cı ilin iyul ayında Bakıda keçirilən “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” nazirlərin 12-ci görüşündə layihənin iştirakçıları və maliyyə təşkilatları arasında yeni anlaşmalar əldə olunub. Enerji Dəhlizi üzrə Birgə Müəssisəsinin təsisçi ölkələri - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın müvafiq qurumlarının rəhbərləri və Avropa İttifaqının nümayəndə heyəti, eləcə də tərəfdaş şirkətlər arasında layihənin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) yekun nəticələrinə dair saziş imzalanıb. TİƏ sənədi enerji sisteminin inteqrasiyası, marşrut tədqiqatları, biznes modelinin qiymətləndirilməsi, eləcə də layihənin konseptual dizaynı, icra planı və satınalma strategiyasını nəzərdə tutur ki, bu da artıq layihənin maliyyələşdirilməsi mərhələsinə daxil olmasını hüquqi cəhətdən tam əsaslandırır. “Yaşıl Enerji Dəhlizi” layihəsinin Avropa İttifaqının Qarşılıqlı Maraq Kəsb edən Layihələr və Ümumi Maraq Kəsb edən Layihələr üzrə 3-cü siyahısına daxil edilməsi məqsədilə dəstək və sadiqlik haqqında Birgə Məktub”un imzalanması isə ən mühüm hadisə sayıla bilər.
2040-cı ilə qədər Avropa İttifaqına bərpaolunan enerjinin illik nəql gücü 20 TVt/saata çatacaq
“Xəzər-Qara dəniz-Avropa Yaşıl enerji dəhlizi” layihəsi Azərbaycan və Gürcüstanın bərpa olunan enerji mənbələrindən - külək, günəş və su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin Avropa İttifaqı dövlətlərinə ötürülməsinə yönəlib. Təsdiq edilmiş plana əsasən, enerji dəhlizi ümumi gücü 3,9 QVt olan çoxterminallı yüksək gərginlikli sabit cərəyan ötürmə sistemindən ibarət olacaq və hər birinin gücü 1,3 QVt olan üç xətti əhatə edəcək. Hər bir xətt üçün Qara dənizdən keçən sualtı kabelin uzunluğu təxminən 1 124 km, kabelin çəkilmə dərinliyi isə 2 200 metr təşkil edəcək. Enerji körpüsünün marşrutu Bakıdan başlayaraq Gürcüstan ərazisindən keçməklə Anakliya və Poti rayonlarında quruya çıxışa malik olacaq, həmçinin Tbilisi və Tskaltubodan keçəcək, daha sonra Konstansa və Buxarest vasitəsilə Rumıniyadan keçərək Macarıstanın Albertirsa qovşağına qədər uzanacaq.
Ümumi investisiya məbləğindən təxminən 7,8 milyard avronun generasiya güclərinin yaradılmasına yönəldilməsi planlaşdırılır. Layihənin proqnozlaşdırılan daxili gəlirlilik norması (IRR) 11,7 faiz, xalis cari dəyər isə 26,6 milyard avro olaraq qiymətləndirilir. Layihə mərhələli şəkildə həyata keçiriləcək. 1,3 QVt gücündə olan birinci xəttin 2032-ci ildə istifadəyə verilməsi planlaşdırılıb. Bu xətt hər il 8 TVt/saata qədər bərpa olunan elektrik enerjisini ixrac etməyə imkan verəcək. Elektrik enerjisinin Buxarestdə qəbulunu nəzərdə tutan ikinci xətt 2036-cı ildə, Konstansada qəbulu həyata keçirəcək üçüncü xətt isə 2040-cı ildə fəaliyyətə başlamalıdır. 2040-cı ilə qədər Xəzər regionundan Avropa İttifaqına bərpaolunan enerjinin illik tədarükü 20 TVt/saata çatmalıdır.
Hədəf: 8 QVt gücündə günəş və külək enerjisi istehsalı
Azərbaycanın müəyyən etdiyi strateji baxışa uyğun olaraq ölkəmizdə enerji təhlükəsizliyi ilə “yaşıl keçid”inin uzlaşdırılması təmin olunmaqdadır. Hazırda təxminən 8 QVt gücündə günəş və külək enerjisi layihələrinin icrası ilə paralel elektrik şəbəkələri gücləndirilir, enerji saxlanc sistemləri tətbiq edilir və yeni interkonnektorlar yaradılır. Bu ilin sonunadək külək enerjisi istehsalının təxminən 6 dəfə, günəş enerjisi istehsalının isə 26 faizdən çox artacağı gözlənilir. Gələn ilin sonunadək təxminən 2 QVt günəş və külək enerjisi gücünün şəbəkəyə inteqrasiyası emissiyaların ildə 2,4 milyon ton azalmasına imkan verəcək. Qarşıdakı illərdə bu potensialın bir neçə dəfə artacağı proqnozlaşdırılır.
Qara dəniz kabeli üzrə Azərbaycanın resurs bazası yaxın on ildə Xəzər dənizindəki külək enerjisi potensialı üzrə təxminən ildə təqribən 96 TVt/saat istehsal təşkil edəcək. Günəş və qurudakı külək gücləri əlavə mənbə kimi çıxış edəcək. 2040-cı ilə qədər layihənin icrasının karbon qazı tullantılarını hər il 3,6 milyon ton azaltmağa imkan verəcəyi gözlənilir. Ötürücü infrastrukturun maliyyələşdirilməsi üçün dövlət və özəl kapitalın vəhdətini nəzərdə tutan hibrid model hazırlanıb. 1,3 QVt gücündəki hər bir xətt 500 MVt gücündə tənzimlənən seqmentə və 800 MVt gücündə kommersiya seqmentinə ayrılacaq.
“Yaşıl enerji dəhlizi”nə ümumi investisiyalar təxminən 22,1 milyard avro məbləğində qiymətləndirilir ki, bunun da 14,3 milyard avrosu ötürücü infrastrukturun yaradılması üçün tələb olunacaq. Maliyyələşdirmə mənbələri qismində beynəlxalq maliyyə institutlarının, ixrac-kredit agentliklərinin və kommersiya banklarının uzunmüddətli kreditlərindən, eləcə də Avropa İttifaqının Connecting Europe Facility mexanizmləri çərçivəsində ayıracağı qrantlarından istifadə edilməsi planlaşdırılır.
E.CƏFƏRLİ