Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanın qəhrəmanlıq tarixinin 20 Yanvar səhifəsi

Azərbaycanın qəhrəmanlıq tarixinin 20 Yanvar səhifəsi

19.01.2022 [14:09]

 Milli Məclisin Sədr müavini, professor Fəzail İbrahimli

- Fəzail müəllim, Azərbaycan tarixində xüsusi yeri və rolu olan 20 Yanvar faciəsinin 32-ci ildönümünü qeyd edirik.  Zaman hadisələrin düzgün dəyərləndirilməsində zəngin mənbə rolunu oynayır. Bu nöqteyi-nəzərdən yanaşsaq həmin dövrün ictimai-siyasi vəziyyətini necə xarakterizə edərdiniz?

  - 20 Yanvar hadisələrinə doğru yolun əsas məqamlarına diqqət yönəltmək istərdim. Məlumdur ki, 80-cı illərin ikinci yarısında Mixail Qorbaçovun Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi vəzifəsinə gəlməsindən sonra həyata keçirdiyi “demokratiya”, “aşkarlıq” siyasəti SSRİ-də siyasi vəziyyəti kifayət qədər mürəkkəbləşdirməyə başladı. Tamamilə Kommunist Partiyasının diktəsi ilə davam edən həyat öz ahəngini dəyişdi və bu dəyişiklik ciddi fəsadlar verməyə başladı. Bundan istifadə edən ermənilər bütün tarixi dönəmlərdə özlərinin çirkin niyyətlərini həyata keçirmək üçün çox məhərətli addımlar atıblar.

Hadisələrin gedişinə diqqət yetirək. 1980-ci illərin ikinci yarısında Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərən təxribatçı “Krunk” erməni ekstremist təşkilatı SSRİ-dəki və xaricdəki erməni “Milli müqəddəratın müstəqil təyin edilməsi birliyi” və “Siyasi məhbusların müdafiəsi erməni komitəsi”nin himayəsindən istifadə edərək fəaliyyətini gücləndirdi. “55-lər komitəsi” adlanan orqanın göstərişləri əsasında “Krunk” vilayətin erməni əhalisini Dağlıq Qarabağın Ermənistana verilməsini tələb etməyə çağırırdı.

1988-ci ilin yanvarından etibarən “Türksüz Ermənistan” və Dağlıq Qarabağ uğrunda millətçi hərəkatın planlı fəaliyyəti başlandı. 1988-ci il yanvarın 25-də Ermənistanda yaşayan azərbaycanlıların ilk qrupu öz torpaqlarından didərgin salındı. Bu hadisə bir tərəfdən Ermənistanda yaşayan azərbaycanlılar arasında vahimə yaradır, digər tərəfdən isə Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirir, nəhayət, erməni-azərbaycanlı münaqişəsinin törədilməsinə rəvac verirdi. Moskva və dünya dövlətlərinin gözü qarşısında baş verən bu hadisələrə heç bir reaksiya verilmirdi. 1988-ci il fevralın 19-da Muxtar Vilayətin Ali Sovetinin sessiyasının keçirilməsi, DQMV-nin statusu məsələsinə baxılması haqqında SSRİ Ali Sovetinə müraciət qəbul edilməsi çağırışları altında kütləvi antiazərbaycan mitinqləri keçirildi. Elə həmin gün Bakıda da bu hadisələrə etiraz edən kütləvi mitinq təşkil olundu.

Baş verə biləcək milli toqquşmaların qarşısının vaxtında alınmaması və SSRİ rəhbərliyinin ermənipərəst mövqedə dayanması erməniləri daha da şirnikləşdirdi. 1988-ci il fevralın 28-də Sumqayıt hadisəsi baş verdi.

Həmin ilin noyabrında Topxana meşəsinin qırılmasına etiraz əlaməti olaraq Azərbaycan xalqı ayağa qalxmaq məcburiyyətində qalmışdır. Bütün Azərbaycan xalqı, yaşından asılı olmayaraq hər kəs Azadlıq meydanına toplaşdı. Beləliklə, hadisələrin belə gərgin məqamında öz torpağını, Vətənini müdafiə etmək istəyində olan bu millətə ermənilərin təkidi ilə divan tutmaq planı hazırlandı. Bu proqram çox rahat həyata keçirildi. Belə ki, yanvarın 3-dən 6-na qədər Bakıda olmuş Moskva nümayəndələri Barannikov, Babkov və başqaları məxfi olaraq Gəncəyə gəlmiş SSRİ müdafiə naziri Yazov tərəfindən orada qəbul edilmiş, xüsusi tapşırıqlar almış və Bakıda “Tayfun”, yəni “Qasırğa” əməliyyatının planı hazırlanmışdı. Azərbaycan rəhbərliyinin müstəqil siyasi xəttinin və dəqiq, sabit mövqeyinin olmaması Moskvanın respublikada həyata keçirmək istədiyi “siyasətin” reallaşmasına şərait yaradırdı. Yanvarın 13-də Bakıda bir erməni tərəfindən iki azərbaycanlının öldürülməsinə cavab olaraq yanvarın 13-14-də Bakının bəzi yerlərində ermənilərin təqib olunması mərkəz tərəfindən bütün təfsilatına qədər düşünülmüş, taktiki baxımdan hərtərəfli hazırlanmış təxribatın həyata keçirilməsi üçün zəmin yaratdı. İnzibati orqanların, hərbi hissələrin tam hazır vəziyyətdə olmasına baxmayaraq, ətrafda baş verənlərə qarşı heç bir tədbir görülmədi. Azərbaycan xalqına “dərs vermək”, milli-azadlıq hərəkatını boğmaq məqsədilə 1990-cı il yanvarın 19-da SSRİ Ali Sovetinin “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərmanı qəbul edildi. Lakin bu Fərmanın qəbulu ilə əlaqədar əhaliyə heç bir məlumat verilmədi. Hərbi hakimiyyət orqanları Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edildiyini və qadağan saatı qoyulduğunu yalnız yanvarın 20-də səhər saat 7-də elan etdilər.

Faktlardan da göründüyü kimi, burada biri-birini tamamlayan məqamlar var idi. Hakimiyyəti ələ keçirmək istəyi də bu məqamlar sırasında idi.  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-dan etibarən xalqa divan tutulmağa başlandı. Azərbaycan xalqının taleyində Yanvar faciəsi adlanan faciə baş verdi. Təqvimizə diqqət yetirək. Sanki 20 rəqəmi bizim üçün faciəyə çevrilir. 1991-ci noyabrın 20-də hərbi helikopter hadisəsi baş verdi. Yenə təqvimə nəzər salaq. Yanvar, fevral, mart, aprel...., noyabradək olan aylar sanki faciə ilə yoğrulub. 20 Yanvar faciəsi baş verən hadisələrə qiymət vermək üçün bütün proseslərə aydınlıq gətirir. Məlum oldu ki, imperiyanın mahiyyəti nədir. Sovet hökuməti xaraktercə nədən ibarətdir.  Xalq SSRİ-yə qarşı nifrətini tam formalaşdırdı. Bundan sonrakı proseslər ancaq və ancaq Azərbaycan xalqının öz müstəqilliyi uğrunda mübarizəsi fonunda getdi.  Çünki Qara Yanvar Sovet hakimiyyətinin qara üzünü bütün millətə tanıtdırdı.

- Sovet imperiyasının süqutunda 20 Yanvar hadisəsinin, o cümlədən Azərbaycan xalqının mübarizliyinin rolunu necə şərh edərdiniz? Həmin dövrdə Moskvada yaşayan ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsi ilə bağlı çıxış edərək sovet rejiminin xalqımıza qarşı törətdiyi cinayəti bütün dünyaya bəyan etdi. Bu bəyanatın tarixi əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik...

- Bu məsələyə iki müstəvidə yanaşmaq olar. Birinci, imperiyanın çürüklüyü üzə çıxırdı. Bu imperiyanın ən zəif nöqtəsi milli münasibətlər idi. Ona görə Tiflisdə, Pribaltikada baş verən hadisələr bir daha bu imperiyanın süqut etmək ərəfəsində olduğunu göstərdi və sübut etdi. Sadəcə Azərbaycan xalqı da bu prosesin iştirakçısı oldu. Yanvar faciəsinin təsiri altında müəyyən qüvvələrin mane olmasına baxmayaraq milli azadlıq uğrunda mübarizə aparıldı. İmperiya özünün ən zəif həlqəsindən qırıldı. Bu, milli münaibətlər həlqəsi idi. Xalqın tarixi taleyində həmişə bu xalqın iradəsini öz ruhunda ifadə edən və tarixdə həmişə xalqına sahib olan, bütün tarixi məqamlarda böyük liderlər, tarixi şəxsiyyətlər üzə çıxıb. Məhz 20 Yanvar hadisələrinin səhərisi günü Azərbaycanın ümummilli lideri Heydər Əliyevin faciəyə Moskvada verdiyi qiymət imperiyanın xarakterini təkcə müəyyən etmədi, həm də Azərbaycan xalqına gələcəkdə hansı yolu seçmək bu bəyanatın əsas mahiyyətini əks etdirdi. Deyildi ki, imperiya çürüyüb. Bu imperiya Azərbaycan xalqının dostu deyil. Baxmayaraq ki, onun tərkibində böyük tarixi qələbələrdə, Böyük Vətən müharibəsində, İkinci Dünya müharibəsində bu xalqın iştirakı, bu günləri imperiyanın bu xalqa münasibəti həqiqətləri açıqlayır. Bu xalq   imperiyanın ancaq əzablarından “bəhrələnib.” Azərbaycan xalqı öz düşmənini tanıdı. Başa düşdü ki, bu imperiya xalqlar dostluğu deyilən bir ideologiyanı təbliğ etsə də müəyyən qüvvələrin təsiri altındadır və artıq Azərbaycan xalqı üçün bir dövlət ola bilməz. Ona görə də verilən mesajda diqqət çəkən məqam bu idi ki, düşünün, diqqət yetirin, gələcəkdə öz siyasi tarixinizi yazmaq üçün yeni siyasi addımlar atmaq məqamı gəlib çatıb. Elə də oldu. Ən böyük hökmü verən tarix özüdür.

- Fəzail müəllim, ölümdən qorxmayan millətlər əbədi yaşam haqqını qazanırlar. 20 Yanvar faciəsini Azərbaycanın müstəqillik uğrunda mübarizəsində dönüş nöqtəsi kimi dəyərləndirmək olarmı? 20 Yanvar faciəsindən tarixi Zəfərimizədək dövr Azərbaycan xalqının məğrurluğunun, yenilməzliyinin təqdimatı olan hadisələrlə zəngindir… 

- 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etsə də yenə başının üstünü qara buludlar aldı. Parçalanmaq, dağılmaq, ayrı-ayrı dövlətlərin istyinə uyğun olaraq çəki almaq yenə Azərbaycan xalqını tarixi imtahan qarşısında qoydu. Bu dəfə tarixin Azərbaycan xalqına bəxş etdiyi ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı. Bütün bu problemləri özünün çiyninə götürdü və qısa zaman kəsiyində onları həll etdi. Xalqı bölünməkdən, milləti məhv olmaqdan, dövləti torpaqlarımızın hissələrə bölünməsi təhlükəsindən xilas etdi. Və nəticədə Azərbaycan dirçəldi, özünün bütün qüvvələrini səfərbər edib müstəqillik addımlarını davam etdirməyə başladı.

Azərbaycan vaxtilə Yanvar qırğınının ağrı-acılarını özündə yaşadan bir torpaq itkisinə məruz qalmışdır. Dağlıq Qarabağ və ona yaxın olan ərazilərimiz Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Yenə də icraçıların, onların arxasında dayananların kim olduğu məlum idi.

2003-cü ildə Azərbaycan rəhbərliyinə bu gün torpaqlarımızın xilakarı kimi tarixə yazılan cənab İlham Əliyev gəldi. Bu tarix yeni bir tarix, yeni bir dövrün başlanğıcı oldu. Ölkədə iqtisadiyyatın inkişafına şərait yaradıldı. Regionların sosial-iqtisadi inkişafı, qüdrətli iqtisadiyyat, güclü ordu, bu orduda böyük vətənpərvərlik hissi, ölkə daxilində xalq-iqtidar birliyi təmin olundu. Artıq zamanın hökm, dövlət başçısının xalqa arxalanıb əmr vermək imkanları yarananda yenidən təxribat törədən ermənilərə tutarlı cavab verildi.  200 ildən artıq tariximizdə zədə yaradan, xristian ağuşuna sığışıb orda başımıza güllə və qumbara yağdıran erməninin “ocağı” darmadağın edildi. O ocağın darmadağın edilməsi ilə dünyaya bugünədək təqdim edilən “böyük Ermənistan” mifinin məhv edilməsi nəticəsində dəfn etməkdə olduğumuz bu ideologiyanın tabutuna sonuncu mismar vuruldu. Bununla da Azərbaycan özünün yeni bir tarixi səhifəsinə daxil oldu. 

Bu gün Yanvar hadisələrində şəhid olanların ruhları şaddır. Vətən azad olunub. Millət azaddır. Millətimiz dünya millətlərinin arasında başını uca tuta bilir. Bu tarixi şansı bizə verən Azərbaycan Prezidenti, onun həyata keçirdiyi diplomatiya, onun qətiyyəti və uğurlu addımları oldu. Bu gün dünya dövlətlərinin boy sırasında yeri olan bir Liderimiz, yeri görünən bir millətimiz var. Vaxtilə “Yox millətimin imzası imzalar içində” - deyə fəryad edib dünyasını dəyişən babalarımızın da ruhu şaddır. İndi dünyanın ən uca bayrağının dalğalandığı Azərbaycanın hər bir vətəndaşı “Var millətimin imzası imzalar içində!” sözünü qürurla deyə bilər.

 Bu imza Prezident İlham Əliyevin imzasıdır, Heydər Əliyev ideologiyasıdır, millətin bu imzaya hörmətlə yanaşması və bu imzanı qəbul etməsinin nəticəsidir. Allah Yanvar hadisələrində şəhid olanların ruhunu şad etsin, qazilərimizə şəfa versin, əhval-ruhiyyələri yüksək olsun.

Paylaş:
Baxılıb: 177 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

16 May 10:15

Xəbər lenti

Xəbər lenti

Gündəm

Gündəm

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31