Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanın dostu Çak Norris

Azərbaycanın dostu Çak Norris

19.07.2022 [10:39]

Murad KÖHNƏQALA

Heç unutmaram, II Qarabağ müharibəsi zamanı bəzi  qərəzli Qərb media mənsubları əleyhimizə təbliğat aparanda dünya şöhrətli aktyor, ssenarist, döyüş sənətləri ustası əfsanəvi Çak Norris gözlənilmədən Azərbaycana dəstək videosu paylaşmışdı. Gəncliyimizin kumiri ərazilərimizin erməni işğalından ildırım sürətilə azad edilməsindən vəcdə gələrək belə demişdi:

“Qarabağ, sən artıq öz həqiqi ailənlə xoşbəxtsən! Sizə  həmişəlik təhlükəsizlik şəraitində yaşamağı və hər şeyin ən yaxşısını arzulayıram!”

Bir vaxtlar favoritim olan Çak Norris döyüş filmlərinin ya gənc, ya da orta yaşlı qəhrəmanı idi. Sən demə, tarixə bizim qələbə ilimiz kimi düşən 2020-ci il Çak Norrisin də 80 yaşının tamam olduğu il imiş.

Azərbaycanın haqlı mövqeyini müdafiə elədiyinə görə daha artıq rəğbət bəslədiyim aktyorun hazırkı yaşam hekayəsini vərəqləmək üçün internetə baş vurdum. Qarşıma çıxan bir xəbərdən bildim ki, sən demə, dünya şöhrətli aktyorun Azərbaycana sevgisi çoxdan varmış. 7 il bundan öncənin, 2015-ci ilin may ayının xəbəridir: “Azərbaycan Peşəkar Karate Federasiyasının baş katibi, dünya çempionu Vüsal Abdullazadənin verdiyi məlumata görə, dünyanın məhşur aktyor və idmançısı Çak Norris milli komandamıza Amerika Açıq Çempionatında iştirak üçün dəvət göndərib. Və bütün xərcləri öz üzərinə götürüb”.

Çak Norris uzun illər ərzində onlarla məşhur filmdə rol alıb, lakin “Əyilməz Uoker” serialındakı Kordell Uoker obrazı ona böyük şöhrət qazandırıb. Bu obrazına görə Norris  Hollivudun ən güclü kişisi statusunu qazanıb.

Aktyorun pərəstişkarları və tələbələri sosial şəbəkələrdə onun barəsində çoxlu pozitiv, yumorlu deyimlər dövriyyəyə buraxırlar. Məsələn, “Əyilməz Uoker” serialını izləyənlər internet fenomeni olan aktyor haqda belə bir zarafat yazırlar: “Çak Norris trenajorda məşq edən zaman trenajor daha çox əzələ yığır”. Onun 80 illik yubileyi ərəfəsində yayılmış ən məşhur zarafatlardan biri isə belə olub: “Çak Norris 80 yaşa yox, 80 yaş Çak Norrisə çatıb”.

Çak Norris necə idmançı oldu?

Karlos Ray Norris (Çakın əsl adı belə olub) 1940-cı ildə Oklahomada kasıb bir ailədə dünyaya gəlib. Onun şəxsiyyət kimi formalaşmasında ordudakı fəaliyyəti mühüm rol oynayıb. Gələcək idmançı Hərbi Hava Qüvvələrinin sıralarında Cənubi Koreyada xidmət çəkərkən döyüş sənətləri ilə dərindən məşğul olub və ilk qara kəmərini də orada qazanıb.

Ordudan tərxis edildikdən sonra Norris özünün idman məktəbini açıb, yeniyetmə və gənclərə karate dərsləri keçir. Onun tələbələri arasında Elvis Preslinin həyat yoldaşı Prisilla, aktyor Stiv Makkuin kimi məşhur şəxslər də olub. Yeri gəlmişkən, Çak taekvondo üzrə səkkizinci dərəcəli qara kəmər alan ilk amerikalılardandır.

Norrisin döyüş sənətləri üzrə fövqəladə qabiliyyəti Hollivudun qapılarını onun üzünə açır. O, Hollivudda bütün zamanların ən yaxşı döyüşçüsü Brüs Li ilə tanış olur. “Əjdahanın qayıtması” filminin çəkiliş meydançasında Çak Norris Brüs Li ilə döyüş səhnələri yaradır. Filmdə iki nəhəngin döyüşü savaş filmlərinin şedevr səhnələrindən sayılır. Çak həmin filmin çəkilişi zamanı aktyor dostu Brüs Li ilə necə zarafatlaşdığını müsahibələrinin birində belə xatırlayır:

“Həmin vaxt mən dünya çempionu idim. Brüsdən zarafatla soruşdum:

- Səncə, bu döyüşdə hansımız qalib gələcəyik?

Brüs Li burnunu çəkərək məzəli bir ciddiyyətlə dedi:

- Əlbəttə, mən! Axı filmin ulduzu mənəm! 

Mən də elə həmin məzəli tövrlə dedim:

- Görürəm ki, sən artıq dünya çempionunu məğlub etmək istəyirsən.

Brüs Li yenidən öz məzəli intonasiyasına qayıdaraq:

- Xeyr, mən dünya çempionunu məğlub etmək yox, öldürmək istəyirəm! - söylədi”.

Norrisin peşəkar aktyorluq karyerası

1990-cı illərdə Çak Norrisin baş rolda oynadığı “Əyilməz Uoker” serialı aktyora dünya şöhrəti qazandırır. Doqquz mövsümü əhatə edən hit serial 1993-cü ildən 2001-ci ilə qədər yayımlanır.

2000-ci illərin əvvəllərində də Norris bir çox filmlərdə rol alır, “Fövqəltəbii”, “Prezidentin adamı” və “Prezidentin adamı: Qumdakı xətt” filmlərində xüsusilə yaddaqalan obrazlar yaradır. Hətta “Şeytan yuvası” adlı dəhşət filmində belə rol alan Çak daim idman məşqlərinə gedir, heç vaxt formadan düşmür.

2012-ci ildə aktyor altı illik fasilədən sonra ilk dəfə “Ələkeçməzlər - 2” filmində çıxış edir. Həmkarı Silvestr Stallonenin sözlərinə görə, Norrisin bu layihədə iştirakı son dərəcə müəmmalı idi, çünki qocaman aktyor yeni filmə çəkilib-çəkilməməklə bağlı uzun müddət düşünməli olmuşdu. Nəhayət, o, bir şərtlə - yalnız dava-qırğınsız macəra filmində iştirak edəcəyinə əmin olduqdan sonra filmdə rol almağa razılaşır. Çak həmin filmdə Yalquzaq ləqəbli Con Bukeri çox təsirli oynadığına görə tamaşaçılar filmi çox vaxt “Tənha Canavar”, yaxud “Yalquzaq” adlandırırlar.

O həm də ssenarist və prodüser kimi fəaliyyət göstərir. Məsələn, “Loqanın savaşı” filminin prodüseri Çak Norris, ssenari müəllifi isə Çakın qardaşı Aron Norrisdir. Çak Norris “Əyilməz Uoker” teleserialının da ssenari müəlliflərindən biridir.

Hazırkı fəaliyyəti

Aktyorluq karyerası artıq onun üçün arxa plana keçib. Norris xeyli müddətdir bir çox dini xeyriyyə cəmiyyətlərinin, fondların fəal üzvüdür. Aktyor “World Net Daily” saytının ABŞ-da xristianlığın təbliğinə həsr olunan müvafiq bölümünə rəhbərlik edir.

1990-cı ildə Çak xanımı ilə birlikdə “Kick the Drugs Out of America” Fondunu yaradır. Təşkilat uşaq və yeniyetmələri müxtəlif döyüş sənətlərinə yönləndirməklə onları zərərli vərdişlərdən yayındırır. İndiyədək həmin məktəbdən 80 mindən çox insan yararlanıb.

Çak Norris aktiv siyasi mövqeyi ilə də seçilir. Ustad idmançı ABŞ-ın Respublikaçılar Partiyasının fəal dəstəkçilərindəndir. 2012-ci ildə Amerika xalqına videomüraciətində o, prezident Barak Obamanın ikinci müddətə seçilməsinin ABŞ üçün fəlakət olacağını söyləmişdi.

Hollivud ulduzu özünü ədəbiyyatda da sınayıb. Onun “Qara kəmər” bestselleri dünyada ən çox satılan kitablardandır. Siyasi mövzuda yazdığı “Vətənpərvərlik: Amerikanı problemlərdən necə xilas etməli”, elmi - fantastik janrda qələmə aldığı “Ədalət atlıları” və “Ədalətə təhdidlər” kitabları oxucular arasında populyardır.

Şəxsi həyatı

Çak Norris beş uşaq atasıdır. Deyilənə görə, iyirmi il sonra ona məlum olub ki, sən demə, nikahdankənar altıncı övladı da varmış. Sosial mediada paylaşdığı fotolara əsaslansaq, Çak bu illər ərzində çox dəyişməyib. O, idman zalına tez-tez baş çəkir, sosial platformalarda sağlam həyat tərzini təbliğ edir. Özünün “Facebook” səhifəsində aktyor hələlik qocalmaq fikrindən uzaq olduğunu bildirərək yazır: “Qocalığı qovmaq üçün bundan yaxşı fürsət yoxdur”. 

Bu yazını Vətənimiz üçün dost-düşməni sınadığımız bir məqamda uzaqdan da olsa Azərbaycanın yanında olduğunu bildirən sevimli aktyora vəfa borcu kimi yazdım.

Paylaş:
Baxılıb: 452 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30